Məhkəmə qərarları › İş №e-2-2(121)-3124/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-3124/2025

09.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-3124/2025 09.12.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4 oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi tələbi”nə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Tələb:

1. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixli, S119/22 saylı Alqı-Satqı Müqaviləsi əsasında 564,09 manat əsas, 56,41 manat dəbbə pulu və 30 manat ödənilən dövlət rüsumu olmaqla cəmi, 650,50 manatın cavabdeh tərəfindən "xxxx" MMC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə İddiaçı MMC ilə cavabdeh arasında S119/22 saylı “Alqı-Satqı” müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı MMC, yəni Satıcı bu müqavilədə nəzərdə tutulmuş mallarıalıcıya sataraq onun mülkiyyətinə verməyi, Alıcı isə həmin malları qəbul edərək, müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini Təchizatçıya ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilənin “hesablaşma qaydaları” başlıqlı 4-cü maddəsinə əsasən Bu “Müqavilə”nin 2.4-cü bəndinə uyğun olaraq “Mal”ların “Satıcı” qüvvələr tərəfindən çatdırılması hallarda, təhvil verilmiş “Mal”ın ödənişi onun satıldığı tarixdən etibarən 30 (otuz) təqvim günü müddətində “Satıcı”nın ödəniş hesabına vəsait köçürülməklə, qaimə və (və ya) qaimə-fakturalarda göstərilən qiymətlərlə həyata keçirilir. “Mal”ların müvafiq partiyasının bir hissəsinin realizasiyası zamanı, “Alıcı” satılan “Mal”ın bir hissəsini bu bənddə müəyyən edilmiş müddətdə ödəməlidir. Lakin istənilən halda, təhvil verilmiş hər bir mal partiyası üçün ümumi ödəniş müddəti hesab-fakturada göstərilən çatdırılma tarixindən 90 (doxsan) təqvim günündən gec olmamalıdır. “Mal”ların qablaşdırılması və etiketləşdirilməsi dəyəri bu “Müqavilə”yə əsasən onun dəyərinə daxildir. “Satıcı”nın ödəniş hesabına vəsait daxil olduğu andan təhvil verilmiş “Mal”lar ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının mövcud qanunvericiliyin tələblərinə uyğun nağd ödənişlərin həyata keçirilməsini tənzimləyən qaydalara əsasən, çatdırılmış “Mal”ların nağd şəkildə ödənişi mümkündür. Lakin həmin müqavilə əsasında baş tutmuş alqı-satqı proseslərini təsdiq edən müştəri sifarişləri və iddia ərizəsinə əlavə edilən elektron-qaimə fakturaları əsasında mallar təchizatçı tərəfindən alıcının mülkiyyətinə verilməsinə baxmayaraq,alıcı elektron-qaimələrə əsasən ƏDV daxil olmaqla 564.09 manat malın dəyərini, tərəflərin müqavilə üzrə razılaşdırdıqları, eləcə də, alıcının üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq təchizatçıya, yəni"xxxx" MMC-yə ödəməmişdir. Mübahisələrin həlli ilə bağlı müddəaları nəzərdə tutan 6-cı maddəsinin tələbinə görə “Tərəflər” arasında bütün mübahisələr Azərbaycan Respublikasının mövcud qanunvericiliyi ilə məhkəma qaydasında həll olunur. Müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı alıcıya pretenziya məktubu gödəndilmiş, lakin borcun ödənilməsi ilə bağlı heç bir tədbir görülməmişdir.

Tərəflərin izahatları:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, onun nümayəndəsi-vəkili məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir.

5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.

6. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

7. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İddia ərizəsinə etiraz:

8. Cavabdeh tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.

Əsaslandırıcı hissə:

a) İş materialları və sübutların tədqiqi:

9. İş materiallarında olan İddiaçı MMC (Təchizatçı) ilə Cavabdeh (Alıcı) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, S119/22 nömrəli “Təchizat Müqaviləsi”nin: - 1.1-ci bəndinə əsasən “Təchizatçı” “Alıcı”ya “mal” satır. “Alıcı” isə həmin “Mal”ı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada “Mal”ın dəyərini “Təchizatçı”ya ödəyir. Bu müqavilə çərçivəsində “Mal” termini dedikdə spirtli məhsullar nəzərdə tutulur. -1.2-ci bəndinə əsasən, Marların miqdarı, çeşidi, qiyməti və dəyəri, ƏDV daxil, aksizlər, eləcə də bütün digər məcburi ödənişlər “Malara əlavə edilən qaimələrlə və hesab fakturalarla “Tərəflərin razılaşdığı və hazırkı “Müqavilə”nin ayrılmaz hissəsi sayılan “Əlavələrdə əks olunur. -2.1-ci bəndinə əsasən, Malların təchizatı bu “Müqavilə”nin bütün müddəti ərzində bu “Müqavilə”yə “Əlavə”lər və onun ayrılmaz hissəsi olan “Spesifıkasiya”lar əsasında ayrı-ayrı partiyalarda hissə-hissə həyata keçirilir. -2.4-cü bəndinə əsasən, Mallar “Təchizatçı” və ya onun cəlb etdiyi daşıyıcı tərəfindən “Alıcı”nın müvafiq lisenziyaya malik olduğu bilavasitə “Alıcı"nın anbarına (mağazaya, digər binalara) çatdırılır. “Mal”ların “Alıcı”ya faktiki təhvil verildiyi və “Mal”lar üçün əlavə hesabfakturaların imzalandığı andan çatdırılma öhdəliyi yerinə yetirilmiş hesab olunur, həmin andan etibarən “Mal”lara qulluq yükü və “Mal”ların təsadüfən itirilməsi riski “Alıcı”nın üzərinə düşür. - 4.1-ci bəndinə əsasən, Bu “Müqavilə”nin 2.4-cü bəndinə uyğun olaraq “Mal”ların “Təchizatçı" qüvvələr tərəfindən çatdırılması hallarda, təhvil verilmiş “Mal”ın ödənişi onun satıldığı tarixdən etibarən 30 (otuz) təqvim günü müddətində “Təchizatçı"nın ödəniş hesabına vəsait köçürülməklə, qaimə və (və ya) qaimə-fakturalarda göstərilən qiymətlərlə həyata keçirilir. “Mal”ların müvafiq partiyasının bir hissəsinin realizasiyası zamanı. “Alıcı” satılan “Mal’ın bir hissəsini bu bənddə müəyyən edilmiş müddətdə ödəməlidir. Lakin istənilən halda, təhvil verilmiş hər bir mal partiyası üçün ümumi ödəniş müddəti hesabfakturada göstərilən çatdırılma tarixindən 90 (doxsan) təqvim günündən gec olmamalıdır. “Mal”ların qablaşdırılması və etiketləşdirilməsi dəyəri bu “Müqavilə”yə əsasən onun dəyərinə daxildir. “Təchizatçı"nın ödəniş hesabına vəsait daxil olduğu andan təhvil verilmiş “Mal”lar ödənilmiş hesab olunur. -4.2-ci yarımbəndinə əsasən, “Alıcı” realizasiya tarixindən etibarən hər 30 (otuz) təqvim günündən bir, lakin istənilən halda növbəti hesabat tarixinin 20-dən gec olmayaraq, satılan/satılmamış “Mal”ların qalıqları barədə məlumatı “Təchizatçı"ya təqdim etməyi öhdəsinə götürür. “Alıcı” tərəfindən bu cür məlumatların təqdim edilməməsi, satılmayan malllar olduğu halda belə “Təchizatçı” qarşısında “Mal"lar üçün tam ödəniş, öhdəliyi yaradır. Bununla belə təchiz olunmuş “Mal”lara görə tam həcmdə ödəniş tələbinə əsasən “Alıcı” “Təchizatçı” tərəfindən təqdim edilmiş yazılı tələb alındığı andan 3 (üç) iş günündən gec olmayaraq ödəniş etməyə borcludur. -5.1-ci yarımbəndinə əsasən, “Alıcı” tərəfindən bu “Müqavilə”nin şərtlərinə əsasən ödəniş/satış hesabatları qaydalarına riayət olunmadıqda “Alıcı” “Təchizatçı"ya hər gecikən gün üçün 0.3% dəbbə pulu (cərimə) ödəyir. 4.2.-ci bəndə əsasən hesabatların vaxtında təqdim edilmədiyi halda “Alıcı” razılaşır ki, “Təchizatçı” təhvil verilmiş bütün “Mal”lara görə penya hesablayır. Hesabatlar 4.2-ci bənddə göstərilən müddətdə təqdim edilmədikdə, “Alıcı” Razılaşır ki, “Təchizatçı” bütün çatdırılmış “Mal”ın dəyərinə görə cərimələri hesablayır və onu satılmış hesab edir. Cərimənin ödənilməsi “Alıcı”nı bu “Müqavilə” üzrə öhdəliklərin yerinə yetirilməsindən azad etmir.

10. İş materiallarında olan EBCM 301044 nömrəli, xx.xx.2022-ci il tarixli (236,82 manat), EBDA 283173 nömrəli, xx.xx.2023-cü il tarixli (599,11 manat), EBDJ 006852 nömrəli, xx.xx.2023-ci il tarixli (50,16 manat) malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalardan və cavabdehin sifariş etdiyi malların siyahısından görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 886,09 manat məbləğində mallar təqdim edilmişdir.

11. İş materiallarında olan xx.xx.2025-ci il tarixli №112/25 saylı maliyyə arayışından görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, S119/22 nömrəli “Təchizat” müqaviləsinə əsasən Cavabdeh həmin müqavilə üzrə 886,09 manat yazılan qaimələrin ümumi məbləği, 320 manat ödənilən məbləğ, 564,09 manat qalıq borc və 56,41 manat cərimə olmaqla, ümumilikdə 620,50 manat borcu vardır.

12. İş materiallarında olan xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, idiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixli, S119/22 saylı Alqı-Satqı Müqaviləsi əsasında Şirkətə olan 564,09 manat borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir.

13. İş materiallarında olan **********46 ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi verilməsi üçün ümumilikdə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

b) Tətbiq edilən hüquq:

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 425.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 567-ci maddəsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

- 217.5-ci maddəsinə əsasən Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

16. Məhkəmə baxışının hədləri:

- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi:

17. Məhkəmə iddiaçın nümayəndəsinin izahatını dinləyərək, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir.

18. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin müəyyən olunan hallarına əsasən hesab edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış müqavilə “Təchizat Müqaviləsi” kimi adlandırılsa da, tərəflər arasında faktiki olaraq alqısatqı müqaviləsindən irəli gələn münasibətlər mövcuddur. Ona görə ki, tərəflər arasında bağlanmış müqavilədən göründüyü kimi “X6 Company” MMC, yəni “Təchizatçı” “Alıcı”ya “mal” satmağı, “Alıcı” isə həmin “Mal”ı qəbul edib müqavilə ilə razılaşdırılmış qaydada “Mal”ın dəyərini “Təchizatçı”ya ödəməyi öhdəsinə götürmüşdür.

19. Məhkəmə qeyd edir ki, müqavilənin şərtlərinə müvafiq olaraq malların verilməsini sübut etmək vəzifəsi iddiaçının, alınan malların dəyərinin ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdeh tərəfin üzərinə düşür. İddiaçının cavabdehə iddia ərizəsində göstərilən malları verməsi iddia ərizəsinə əlavə edilmiş sənədlərlə təsdiq olunur.

20. Məhkəmə hesab edir ki, işin müəyyən edilən hallarından cavabdehin iddiaçıya 886,09 manat borcunun olması, 320 manat ödəniş edilməsi və qalıq borcun 564,09 manat təşkil etməsi öz təsdiqini tapdığından, həmçinin cavabdeh tərəfindən həmin borcun olmamasına və ya daha az olmasına dair hər-hansı mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən iddia tələbi əsas borca münasibətdə əsaslı olduğuna görə təmin edilməlidir.

21. Məhkəmə, iddia tələbini 56,41 manat cərimənin tutulması hissəsində qismən əsaslı hesab edərək qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 5.1-ci bəndinə əsasən, cavabdeh tərəfindən müqavilədə göstərilən müddətdə ödənilməsi gecikdirildikdə, iddiaçının gecikdirilən hər gün üçün cərimə hesablamaq hüququ vardır. İşin halları ilə cavabdeh tərəfindən öhdəlik götürdüyü müddətdə ödənişin gecikdirildiyi müəyyən olunduğuna görə, onun iddiaçıya cərimə ödəmək öhdəliyi yaranmışdır.

22. Qeyd edilən maddi hüquq normalarının tələblərinə görə borclu pul vəsaitinin qaytarılmasına dair öhdəliyini pozduqda və ya lazımınca icra etmədikdə kreditorun əsas borcun qaytarılmasını tələb etməklə yanaşı, gecikmə nəticəsində cavabdehin vurduğu zərərin də ödənilməsini tələb etmək hüququ vardır. Mülki qanunvercilik belə vəziyyətlərdə müqavilə şərtlərindən asılı olaraq kreditora dəymiş zərərin əvəzi olaraq borcun məbləğindən faiz tələb etmək və ya dəbbə (cərimə, penya) tələb etmək kimi alternativ tələb imkanları tanımışdır. Hazırki işdə tərəflər arasında bağlanmış müqavilə üzrə gecikdirmə nəticəsində dəyən ziyanı qarşılamaq üçün cərimənin ödənilməsi nəzərdə tutulmuşdur, yəni Mülki Məcəllənin 466.2.1-ci maddəsinə əsasən müqavilə üzrə zərərin deyil, yalnız dəbbə pulunun tutulması barədə tərəflər razılaşmışlar. Buna görə də iddiaçının cərimə tələbi mahiyyət etibarı ilə əsaslıdır.

23. Lakin məhkəmə, tərəflərin həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri, həmçinin iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman əsas borcun 56,41 manat təşkil etməsini nəzərə alaraq hesab edir ki, cərimə məbləği tənasübsüz surətdə yüksəkdir və mütənasib deyildir. Buna görə də məhkəmə bu nəticəyə gəlir ki, cavabdehdən tutulacaq cərimə məbləğinin azaldılaraq 20 manat məbləğində müəyyən edilməsi işin hallarına mütənasib və ədalətli olar.

24. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 564,09 manat əsas borc, 20 manat cərimə olmaqla, cəmi 584,09 manat məbləğində borc tutularaq İddiaçı MMC-yə ödənilməli, qalan hissədə iddia təmin edilməməlidir.

Məhkəmə xərcləri:

25. Məhkəmə, həmçinin prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, iddia təmin edildiyindən, iş üzrə ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Nəticə

26. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 564,09 manat əsas borc, 20 manat cərimə olmaqla, cəmi 584,09 (beş yüz səksən dörd manat, doqquz qəpik) manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar