Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-326/2025 12.08.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 18167,25 manat pulun və ödənilmiş dövlət rüsumunun alınıb İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Rəhimov X1 şəhərində cücə yemi məhsullarının satışı ilə məşqul olur. Cavabdeh əvvəl işlə bağlı tanımışdır. Cavabdehin ona yaxınlaşaraq ona nisyə cücə yemi verilməsini xahiş etdiyindən nisyə olaraq ona cücə yemi verilmişdir. Aralarındakı razılaşmaya əsasən Cavabdeh yemin pulunu İddiaçı qaytarmalı olduğu bildirilmişdir. Həmin vaxtdan mövcud qanunvericiliyinə əsasən E-Qaimə əsasında cavabdehə mal verilmişdir. Cavabdeh aldığı yemin pulunu ödəməyərək borclu qalmışdır. Dəfələrlə cavabdehlə danışıq apararaq borcunu ödəməsini tələb etsə də heç bir nəticəsi olmamışdır. Hazırda cavabdehin İddiaçı 18167,25 manat borcu qalmışdır. Odur ki, cavabdehdən 18167,25 manat pulun və ödənilmiş dövlət rüsumunun alınıb İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək, hazırkı iş üzrə 18167,25 manat pulla yanaşı, iddiaçı tərəfindən dövlət rüsumuna görə ödənilmiş 145 manat və vəkilin hüquqi xidmətinə görə ödənilmiş 400 manat pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddia tələbini qəbul etmədiyini, iddiaçını şəxsən tanımadğını, bir il ərzində iddiaçının nümayəndələrindən hər dəfəsi 5-6 min arası olmaqla, 4-5 dəfə mal aldığını, ümumilkdə 20-25 min manatlıq mal aldığını, aldığı malların dəyərini nağd qaydada tam ödədiyini, heç bir sənədə imza atmadığını, üzləşmə aktında olan imzanın da ona məxsus olmadığını bildirmişdir. İddiaçı və onun nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdilər. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, həmçinin gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə baxış iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə, tərəflərin və onların nümayəndələrinin məhkəmə iclaslarında verdikləri izahatlarına, məhkəmə iclasında tədqiq edilmiş digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı sahibkarlıq subyekti kimi xx.xx.2015ci il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********) verilmişdir və halhazırda ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında görünür ki, Cavabdeh sahibkarlıq subyekti kimi xx.xx.2019-cu il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********) verilmişdir və halhazırda ünvan 2i ünvanı üzrə qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 054/23 nömrəli alqı-satqı müqaviləsinin: 1.1-ci bəndinə əsasən, satıcı müxtəlif yem məhsullarını və digər malları (bundan sonra "Mal" və ya "Mallar" adlandırılacaq) Müiştəriyə verməyi, müştəri isə onları qəbul etməyi, dəyərini ödəməyi və bu müqavilədə nəzərdə tutulmuş qaydada topdan və pərəkəndə satışını, paylaşdırılmasını təşkil etməyi və bununla əlaqədar bu müqavilədə nəzərdə tutulan iş və xidmətləri həyata keçirməyi öz öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən, hər mal partiyası üzrə malların adı, çeşidi qiyməti və kəmiyyəti müştərinin satıcı tərəfindən bu müqaviləyə uyğun şəkildə təsdiq edilmiş sifarişlərinə uyğun tərtib olunan və yazılı şəkildə təqdim edilən Elektron-Fakturada qeyd edilir. 2.1-ci bəndinə əsasən, müştəri bu müqavilə üzrə aldığı Malların elektron qaiınafakturada göstərilən qiymətini qaimə-fakturanın tarixindən (həmin tarix daxil olmaqla) etibarən həmin gün ərizində ödəməlidir. Müştəri bu müqaviləyə əsasən faktura üzrə qəbul etdiyi nisyə (kreditlə) satış qaydasına uyğun olaraq kredit limitini keçməmək şərti ilə aldıqda kreditin başlama müddətini nəzərə alaraq, “satıcı” tərəfindən müəyyən edilmiş kreditin son ödəmə müddətini ötməməklə alınmış məhsulun dəyərini “satıcıya” ödənilməsini təmin etməlidir. 3.1-ci bəndinə əsasən, bu müqavilə üzrə mallar müştərinin satş ünvanına müştəri tərəfindən çatdırılır. Mallar satıcı tərəfindən müştəriyə malların təhvil-qəbul aktı ilə verilir. 4.5-ci bəndinə əsasən bu müqaviləyə xitam, müştərinin bu müqavilə üzrə bütün hüquqlarına dərhal son verilir və müştəri müqaviləyə xitam verilmə tarixindən etibarən 5 (beş) günü ərzində satıcı qarşısında bütün icra edilməmiş öhtəliklərini icra etməli, o cümlədən satıcıya borclu olduğu bütün məbləğləri ödəməlidir. Müqaviləyə xitam verildikdən sonra, müştəri satıcının müəyyən etdiyi müddətdə və qaydada müqaviləyə xitam verilməsi nəticəsində meydana gələn və ya müqavilə ilə əlaqədar məsələləri həll etməli, o cümlədən müştəridə olan satıcıya və ya satıcı tərəfindən təmin edilmiş üçüncü şəxslərə hər hansı formada məxsus bütün daşınar və ya daşınmaz əşyaları geri qaytarmalı və ya dəyərini ödəməlidir. İş materiallarında olan elektron qaimə-fakturalara əsasən xx.xx.2022-ci il tarixli, 594806 saylı elektron qaimə-fakturaya əsasən 2258 manat , xx.xx.2023-cü il tarixli, 164997 saylı elektron qaimə-fakturalara əsasən 3675 manat, xx.xx.2023-cü il tarixli, 705364 saylı elektron qaimə-fakturaya əsasən 2460 manat, xx.xx.2023-cü il tarixli, 052329 saylı elektron qaimə-fakturaya əsasən 3176,25 manat, xx.xx.2022-ci il tarixli, 400738 saylı elektron qaimə-fakturaya əsasən 3795 manat, xx.xx.2023-cü il tarixli, 463774 saylı elektron qaimə-fakturaya əsasən 2055 manat və xx.xx.2023-cü il tarixli, 844435 saylı elektron qaimə-fakturaya əsasən 3082,50 manat, xx.xx.2022-ci il tarixli, 871839 saylı elektron qaimə-fakturaya əsasən 1992 manat, xx.xx.2022-ci il tarixli, 336059 saylı elektron qaimə-fakturaya əsasən 1275 manat, xx.xx.2022-ci il tarixli, 959849 saylı elektron qaiməfakturaya əsasən 1541,25 manat və xx.xx.2023-cü il tarixli, 463777 saylı elektron qaiməfakturaya əsasən 2055 manat məbləğində olmaqla, İddiaçı tərəfindən Cavabdeh göndərilmiş malların ümumi dəyəri cəmi 27365 manat təşkil etmişdir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, cavabdehdən borclu olduğu cəmi 18167,25 manat məbləğində pulun tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə borcun və digər xərclərin ödənilməsi barədə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Məhkəmə, iş materiallarında olan sənədlərə, tərəflərin izahatlarına və digər dəlillərə əsasən müəyyən edir ki, tərəflər arasında yaranmış mübahisənin predmetini, onların daxil olduqları müqavilə münasibətləri üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində iddiaçının subyektiv hüququnun pozulmasını iddia edərək həmin hüquqlarının bərpa edilməsinə dair tələbi təşkil edir. Məhkəmə qeyd edir ki, mübahisə tərəflərinin hər ikisinin sahibkarlıq subyekti olmaları, mübahisənin predmetinin tərəflər arasında şifahi qaydada bağlanmış mülki hüquqi əqd (alğı-satqı müqaviləsi) üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində pozulmuş hüququnun bərpa edilməsinə dair iddiaçının tələbinin təşkil etməsi və tərəflərin daxil olduqları hüquq münasibətlərinin xarakterinin onların həm birgə, həm də ayrı-ayrı həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə bağlı olması hazırki mübahisənin kommersiya xarakterdə olmasını şərtləndirir. Məhkəmə, iş materiallarına əlavə edilmiş sənədlərin mötəbər və yetərli sübut vasitələri qismində qəbul edilməsinin qiymətləndirilməsini apararaq qeyd edir ki, iddia ərizəsinə əlavə edilmiş tərəflər arasında imzalandığı iddia edilən müqavilə və üzləşmə aktları cavabdeh tərəfindən, orada olan imzaların onu tərəfindən icra edilmədiyi əsası ilə, mübahisələndirldiyindən, eləcə də adı çəkilən yazılı sübut vasitələrinin həqiqiliyi iddiaçı tərəfindən sübut edilə bilinmədiyindən, həmçinin məhkəmə tərəfindən aparılmış araşdırma nəticəsində də sənədlərin həqiqiliyi aşkar edilmədiyindən, qeyd olunan sənədlər mötəbər və yetərli sübut qismində nəzərə alınmamışdır. Məhkəmənin, iş materiallarında olan digər sənədlərə, tərəflərin məhkəmə iclaslarında verdikləri izahatlarına və təqdim olunmuş dəlillərə əsasən müəyyən etdiyi işin faktiki halları belədir ki, tərəflər öz aralarında razılığa gələrək, iddiaçının sifariş əsasında cavabdehə yem məhsulu satması, cavabdehin isə aldığı yemin dəyərini nağd qaydada hissə-hissə olmaqla iddiaçıya ödəməsi barədə razılığa gəlmişlər. İddiaçı öz üzərinə düşən öhdəliyi yerinə yetirərək 2023-cü il ərzində cavabdehə hissə-hissə olmaqla ümumi dəyəri cəmi 27365 manat təşkil edən mal verdiyini, cavabdehin isə aldığı malların dəyərini tam ödəmədiyni, nəticədə cavabdehin 18167,25 manat məbləğində ödənilməmiş borcunun qaldığını iddia edir. Cavabdeh iddia tələbinə etiraz edərək ona verilmiş malların dəyərini tam ödədiyini, iddiaçıya borcunun olmadığını bildirir. Məhkəmə ilk növbədə tərəflər arasında yaranmış münasibətin xarakterinə hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, tərəflər arasında satılan əşyanın qiymətinin müəyyən müddət sonra ödənilməsi şərti ilə şifahi alqı-satqı müqaviləsi bağlanılmışdır və işin müəyyən edilmiş faktiki halları Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulan alqı-satqı müqaviləsinə dair müvafiq normaların dispozisiya şərtlərinə uyğun gəldiyinə görə iddia tələbinin maddi hüquqi əsasını həmin normalar təşkil edir. Məhkəmə qeyd edir ki, mübahisəni tətbiq ediləcək maddi hüquq normalarına əsasən həll etməzdən əvvəl ilk olaraq işin mübahisəsiz və mübahisəli halları müəyyən edilməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsi qaydalarına uyğun olaraq tərəflərin öz tələb və etirazlarının əsası kimi gətirdikləri dəlillərə hüquqi qiymət verilməlidir. Məhkəmə, işdə olan sənədlərə və digər sübut əhəmiyyətli materiallara əsasən bu qənaətə gəlir ki, tərəflər arasında malların nisyə satışını nəzərdə tutan öhdəlik hüquq münasibətlərinin mövcud olması, iddiaçı tərəfindən cavabdehə cəmi 27365 manat məbləğində elektron qaimə göndərilməsi işin işin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə, tərəflərin məhkəmə iclaslarında verdikləri izahatlarını nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən 20-25 min manat dəyərində malların alınması faktı da işin mübahisəsiz hallarında biri kimi qəbul edilməlidir. Belə ki, cavabdeh izahatında qeyd edilən məbləğdə mal aldığını etiraf etmişdir. Məhkəmə hesab edir ki, işin mübahisəli halını cavabdeh tərəfindən təhvil alınmış malların dəyərinin tam şəkildə ödənilməməsi barədə iddiaçının tələbi və cavabdehin borcu tam şəkildə ödəməsinə dair etirazı təşkil edir. Belə ki, iddiaçı cavabdehin təhvil aldığı mallara görə ödənilməmiş 18167,25 manat məbləğində borcunun qaldığını iddia edir. Cavabdeh iddia tələbinə etiraz edərək ona verilmiş malların dəyərini tam ödədiyini, iddiaçıya borcunun olmadığını bildirir. Məhkəmə qeyd edir ki, göründüyü kimi mübahisənin predmetini satılan malın dəyərinin tam və ya qismən ödənilməsinin müəyyən və sübut edilməsi təşkil edir. Buna görə də məhkəmə hesab edir ki, mübahisə tərəflərinin dəlilləri sübutetmə ilə əlaqədardır və baxılan iş üzrə mübahisə sübutların mümkünlüyü, yetərliliyi və mötəbərliliyi əsasında sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsi prinsipinə uyğun həll edilməlidir. Məhkəmə qeyd edir ki, cavabdehə ümumi dəyəri 20-25 min manat dəyərində malın verilməsi barədə mübahisə olmadığına görə həmin hal sübuta yetirilmiş hesab edilir. İddiaçı verdiyi malların dəyərinin cavabdeh tərəfindən tam şəkildə ödənilmədiyini iddia edir, bu tələbinin əsası kimi elektron qaimə-fakturalara, şahid ifadəsinə istinad edir. Cavabdeh iddia tələbinə etiraz edərək, onun tərəfindən aldığı malların dəyərinin tam şəkildə ödənildiyini bildirir, lakin etirazının əsası kimi istinad etdiyi faktiki hallarla bağlı sübut təqdim etmir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında yaranmış alqı-satqı münasibətlərinə dair mülki hüquq normalarının tələblərinə əsasən, alınan malın dəyərini ödəmək vəzifəsinin daşıyıcısı olaraq alıcı (baxılan işdə - cavabdeh) ödənişi həyata keçirdiyini sübut etməklə mükəlləfdir. Baxılan işdə də cavabdeh aldığı malın dəyərinin onun tərəfindən tam şəkildə ödənildiyini mötəbər dəlillərlə sübut etməlidir. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, alınan malların dəyərinin tam şəkildə ödənilməsini cavabdeh sübut edə bilməmişdir. Belə ki, aldığı malların dəyərini tam şəkildə ödəməsinə dair öz etirazının əsası kimi istinad etdiyi halları sübut etmək üçün cavabdeh hər hansı bir dəlil göstərməmiş, məhkəməyə bununla bağlı sübut təqdim etməmişdir. Məhkəmə, şərh olunanları yekunlaşdıraraq bu nəticəyə gəlir ki, iddiaçı verdiyi malın dəyərinin cavabdeh tərəfindən tam ödənilməməsi ilə bağlı öz tələbinin əsası kimi istinad etdiyi halları tam sübut edə bilmişdir. Cavabdeh isə etirazını əsaslandıra bilməmiş, borcu tam şəkildə ödəməsinə dair etirazını sübut edə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, borc tələbinə dair hissədə iddia əsaslıdır və təmin edilməlidir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki halları belədir ki, iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək alqı-satqı obyekti olan malları cavabdehin mülkiyyətinə vermişdir, lakin cavabdeh malları təhvil alsa da, dəyərini tam ödəməmişdir. Buna görə də, iddiaçının pul tələbinə dair iddiası qanuni və əsaslıdır. Məhkəmə, gəldiyi nəticənin maddi hüquqi əsaslandırılması ilə bağlı qeyd edir ki, baxılan işdə iddiaçının cavabdehə qarşı pul tələbinin təmin edilməsi üçün hüquqi əsas, öhdəlik hüququnun ümumi tələbləri və tərəflər arasında mövcud olmuş alqı-satqı münasibətləri üzrə alıcının vəzifə və məsuliyyətini müəyyən edən Mülki Məcəllənin müvafiq normaları təşkil edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2 və 329.3-cü maddələrinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 597.1-ci maddəsinə əsasən, alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin olunduğuna görə iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu məbləği, həmçinin hüquqi yardıma görə ödənilmiş xərc cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Beləliklə məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməli, müqavilə üzrə yaranmış borc məbləği, həmçinin məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş xərclər cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 121, 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, 054/23 nömrəli alqı-satqı müqaviləsi üzrə 18167,25 manat məbləğində borc, hüquqi yardıma görə ödənilmiş 400 manat xərc və ödənilmiş 145 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 18712,25 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-326/2025
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-326/2025
12.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver