Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-327/2020 06.02.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi İsmayılov Rafiq Tofiq oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6.176 manat məbləğində əsas borcun, əldən çıxmış faydaya görə əsas borcun illik 5% miqdarında 2.674,31 manat pul məbləğinin və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş kommersya qurumunun Dövlət Reystrindən çıxarışdan müəyyən olunur ki, “X1” MMC-nin adı dəyişdirilərək İddiaçı MMC adı ilə qeydiyyata alınmış və bununla bağlı kommersiya qurumuna xx.xx.2018-ci il tarixdə çıxarış verilmişdir. Lakin elektron iddia ərizəsindən görünür ki, hazırki iddia ərizəsi “X1” MMC-nin icraçı direktoru (şəxsin adı, soyadı və ata adı göstərilməmişdir) tərəfindən imzalanmışdır. Göründüyü kimi, iddia ərizəsi artıq mövcud olmayan hüquqi şəxs tərəfindən imzalanmışdır ki, bu da iddia ərizəsinin səlahiyyəti olmayan şəxs tərəfindən imzalanması anlamına gəlir. Bundan başqa, iş materiallarında olan İddiaçı MMC-nin nizamnaməsindən görünür ki, müəssisənin qanuni təmsilçisi idarə heyətinin sədridir. Lakin hazırki iddia ərizəsi elektron qaydada idarə heyətinin sədri tərəfindən deyil, icraçı direktor tərəfindən imzalanmışdır ki, bu vəzifəni tutan şəxsin hazırki iddia ərizəsini imzalamaq səlahiyyətinin olub-olmaması iş materialları ilə müəyyən edilmir. Kommersiya qurumlarının dövlət reyestri məlumatlarından çıxarışdan görünür ki, “X1” MMC adlı hüquqi şəxs mövcud deyildir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi mövcud olmayan və iddia ərizəsini imzalamaq səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152-ci, 263-cü, 264-cü, 267-ci və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2-2(121)-327/2020
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-327/2020
06.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver