Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-328/2025 18.02.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 19408 manat borcun, hesablanmış 1940 manat cərimənin və 155 manat ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" MMCyə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən Satıcı “Alıcı”nın sifarişinə uyğun olaraq, müəssisədə istehsal olunan müxtəlif çeşidli qida məhsullarını hissə-hisssə sifarişçinin mülkiyyətinə verməyi, Sifarişçi isə məhsulu qəbul edib, əvəzində müəyyənləşdirilmiş pul məbləğini (dəyərini) ödəməyi öhdəsinə götürür. “Alıcı” isə 5 (beş) iş günü ərzində Satıcı”nın təqdim etdiyi elektron-qaimə fakturaya uyğun olaraq aldığı malın dəyərini ödəməlidir. Cavabdehlə qarşılıqlı etimad əsasında bəzən elə olurdu ki, götürdüyü məhsulun pulun müqavilədə göstərildiyi vaxt tam ödəyə bilmədiyi haldada na nisyə şəklində mal buraxılırdı. Bu da onun işgüzar fəaliyyətinin daha da genişləndirilməsinə və onların partnyor kimi bir bir-birlərinə inam və etimadlarını dahada möhkəmləndirirdi. İddia ərizəsinə əlavə edilmiş Elektron qaimələrə əsasən cavabdehin sonuncu dəfə müəssisəyə 9408 manat borcu qalmışdır. Bununla bağlı ona dəfələrlə şifahi xəbərdarlıqlar edilsə də, o borcunu ödəməmişdir. Bununla bağlı ona telefon vasitəsi ilə şifahi xəbərdarlıqlar edilmişdir. Xəbərdarlıqlara məhəl qoymadığından ona, xx.xx.2022-ci il arixli, 245 saylı pretenziya məktubu ünvanlayaraq xəbərdarlıq edilmişdir ki, onunla bağlanmış müqaviləyə öhdəliklərini yerinə yetirmədiyi üçün birtərəfli qaydada xitam verilir. Eyni zamanda 10 iş günü müddətində "xxxx" MMC-yə olan 19408 manat borcun qaytarılmasını tələb edilmişdir. Göndərilmiş xəbərnaməli məktublar geri qayıtdığından ona telefonla xəbərdar edilmişdir və o, özü müəssisəyə gələrək pretenziyanı qəbul etmişdir. Yenə ailə vəziyyətinin agır olduğunu, gənc ailə olduğunu, bir sözlə ona möhlət verilməsini xahiş etmişdir. Bir müddətdən sonra yenə borcunu ödəyə bilmədiyini və 20.02.23-cü il tarixli zəmanət məktubu gətirmişdir, 2023-cü ilin dekabr ayının 25-dək borcunu tam olaraq ödəyəcəyinə söz vermişdir. Bundan sonra da verdiyi sözə əməl etməmişdir. Yalnız telefon vasitəsi ilə bildirmişdir ki, övladı dünyaya gəlib, özünə məxsus həyət evi var onu satıb verəcək. Bir müddətdən sonra maraqlı şəxs qismində Şirvan Kommersiya Məhkəməsindən bildiriş alınmışdır ki, borclu Cavabdeh “fiziki şəxsin ödəmə qabiliyyəti olmayan hesab edilməsi (müflisləşmə)”yə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-1223/2024 aylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiası rədd edilmişdir. Göründüyü kimi cavabdeh hüququn ona verdiyi imkanlardan kifayət qədər sui istifadə istifadə etməklə, "xxxx" MMC-yə olan 19408 manat borcunu ödəməkdən yayınır. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, həmçinin bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq olunan digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. İş materiallarından görünür ki, Cavabdeh sahibkarlıq subyekti kimi xx.xx.2012-ci il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********) verilmişdir və o, halhazırda İmişli rayonu, Cəfərli kəndində qeydiyyatdadır. Belə ki, iş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqavilənin: 1.1-ci bəndinə əsasən, Satıcı, təqdim olunmuş sifarişlərə əsasən, müxtəlif növ qida məhsullarını (bundan sonra Mallar adlanacaq) Sifarişçinin mülkiyyətinə verməyi, Sifarişçi isə qəbul edib, əvəzində müəyyənləşdirilmiş pul məbləğini (dəyəri) ödəməyi öhdəsinə götürür. 1.2-ci bəndinə əsasan, müqavilə üzrə alqı-satqısı nəzərdə tutulan Malların adı, çeşidi, vahidin qiyməti Tərəflər arasında razılaşdırılmış razılaşdırılma protokollarında (price list) müəyyən olunur. Malın qiyməti Satıcı tərəfindən müəyyən olunur. Malların qiymətində dəyişikliklər baş verdiyi halda, Satıcı bu barədə Sifarişçiyə 10 təqvim günü öncədən məlumat verir. Tərəflər arasında öhdəliklərin və ya şərtlərin tam yerinə yetirildiyi halda, Satıcı tərəfindən endirim faizi müəyyən edilir (şərtlər əlavədə qeyd olunub). 3.1-ci bəndinə əsasən, hazırkı Müqavilə üzrə alınan Malların qiyməti (vahidin qiyməti) müvafiq razılaşdırılma protokollarında müəyyən olunur. 5.4-cü bəndinə əsasən, ödəniş vaxtında ödənilmədiyi halda hər gecikdirilən gün üçün gecikdirilən məbləğinin 0.1% həcmində Satıcı Sifarişçidan dəbbə pulu ödənilməsini tələb edə bilər. Həmin halda dəbbə pulun ümumi məbləği gecikdirilən məbləğin 10% qədər hesablanır. 5.5-ci bəndinə əsasən, malların təchizatının müddəti pozulduğu halda, hər gecikdirilən gün üçün çatdırılmamış Malların dəyərindən 0.1% həcmində Sifarişçi Satıcıdan dəbbə pulu ödənilməsini tələb edə bilər. Həmin halda dəbbə pulun ümumi məbləği çatdırılmamış Malların dəyərinin 10% qədər hesablanır. 7.1-ci bəndinə əsasən, hazırki Müqavilə imzalanma tarixindən qüvvəyə minir və 31 dekabr 2022-ci il tarixədək qüvvədədir. Müqavilənin 1 ay qalmış Tərəflərin biri ona xitam verilməsinə dair digər Tərəfə məlumat verməsə, Müqavilənin müddəti növbəti 1 (bir) il müddətinə uzadılmış sayılır. İş materiallarında olan malların təhvil-qəbul aktlarının və həmin aktlara əsasən göndərilmiş elektron qaimələrin surətlərindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh göndərilmiş malların ümumi dəyəri 13065,42 manat təşkil etmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış zəmanət məktubundan görünür ki, həmin məktubda Cavabdeh maddi imkanı olmadığı üçün borcu ödəyə qeyd etmiş, xx.xx.2023-cü il tarixinədək 19408 manat borcunu tam olaraq ödəyəcəyini bildirmişdir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı və xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən şəxsən qəbul etməsinə dair qeydin aparıldığı xx.xx.2022-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən yaranmış 19408 manat məbləğində borcun 10 gün müddətində tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Məhkəmə, iş materiallarında olan sənədlərə və digər dəlillərə əsasən müəyyən edir ki, tərəflər arasında yaranmış mübahisənin predmetini, onların daxil olduqları müqavilə münasibətləri üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində iddiaçının subyektiv hüququnun pozulmasını iddia edərək həmin hüquqlarının bərpa edilməsinə dair tələbi təşkil edir. Məhkəmə qeyd edir ki, mübahisə tərəflərinin hər ikisinin sahibkarlıq subyekti olmaları, mübahisənin predmetinin tərəflər arasında bağlanmış mülki hüquqi əqd (alğısatqı müqaviləsi) üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində pozulmuş hüququnun bərpa edilməsinə dair iddiaçının tələbinin təşkil etməsi və tərəflərin daxil olduqları hüquq münasibətlərinin xarakterinin onların həm birgə, həm də ayrı-ayrı həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə bağlı olması hazırki mübahisənin kommersiya xarakterdə olmasını mübahisəsiz şəkildə şərtləndirir. İşin məhkəmə araşdırması nəticəsində müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı tədarük etdiyi malları cavabdehin sifarişi ilə razılaşdırılmış miqdarda cavabdehə təqdim etməklə onun mülkiyyətinə verməyə, cavabdeh isə təhvil aldığı malların qiymətini təşkil edən pul vəsaitini şərtləşdirilən müddətdə iddiaçıya ödəməklə bağlı razılığa gələrək bu barədə müqavilə bağlamışlar. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliklərinə yerinə yetirərək sifariş olunan malları cavabdehə təhvil verdiyini, cavabdehin isə təhvil aldığı malların dəyərini ödəmək öhdəliyini lazımınca yerinə yetirmədiyini iddia edir. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, iddia tələbinin maddi hüquqi əsasını alğı-satqı müqaviləsinə dair münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 29-cu fəslinin 1-cı paraqrafında yer alan normalar təşkil edir. Belə ki, işin müəyyən edilmiş faktiki halları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567 və 600-cü maddələrində nəzərdə tutulan dispozisiya şərtləri uyğun gəlir. Buna görə məhkəmə hesab edir ki, hazırki mübahisə qeyd edilən maddi hüquq normaları tətbiq edilməklə həll edilməlidir. Məhkəmə qeyd edir ki, mübahisəni tətbiq ediləcək maddi hüquq normalarına əsasən həll etməzdən əvvəl ilk olaraq işin mübahisəsiz və mübahisəli halları müəyyən edilməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsi qaydalarına uyğun olaraq tərəflərin öz tələb və etirazlarının əsası kimi gətirdikləri dəlillərə hüquqi qiymət verilməlidir. Məhkəmə, işdə olan sənədlərə və digər sübut əhəmiyyətli materiallara əsasən bu qənaətə gəlir ki, tərəflər arasında malların nisyə satışını nəzərdə tutan alğı-satqı müqaviləsinin bağlandığı, həmin müqavilənin etibarsızlığına dəlalət edən halların olmadığı, iddiaçı tərəfindən müqavilənin obyekti olan müxtəlif çeşidli qida məhsulunun cavabdehə təhvil verilməsi (elektron qaimələrə və təhvil-təslim aktlarına əsasən) işin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə hesab edir ki, işin mübahisəli halını cavabdeh tərəfindən təhvil alınmış malların dəyərinin tam şəkildə ödənilməməsi barədə iddiaçının tələbi təşkil edir. Belə ki, iddiaçı cavabdehin təhvil aldığı mallara görə ödənilməmiş 19408 manat borcunun qaldığını iddia edir. İddiaçı, cavabdehin müqavilə üzrə öhdəliyini icra etməyərək aldığı malların qiymətini tam ödəməməsi haqqında tələbininin faktiki əsası kimi tərəflər arasında bağlanmış müqavilə şərtlərinə, malların təhvil verilməsinə dair qaimələrə, cavabdehə göndərilmiş elektron qaimələrə, cavabdehin zəmanət məktubuna, borcun ödənilməsi ilə bağlı cavabdehə qarşı məhkəməyə qədər pretenziya qaydasında tələblə çıxış etməsinə istinad edir. Məhkəmə qeyd edir ki, iddia ərizəsində tələb olunan borc məbləğinin iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsinin sübutetmə yükünün bölüşdürülməsi prinsipinə görə cavabdehin üzərinə düşməsinə baxmayaraq, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir, həmçinin iddia ərizəsinə qarşı etiraz və ya iddia tələbinin tam və ya qismən əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Lakin, iş materiallarında olan Cavabdeh tərəfindən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış zəmanət məktubundan görünür ki, həmin məktubda Cavabdeh iddiaçıya 19408 manat məbləğində borcunun olduğunu etiraf etmişdir. Həmçinin, cavabdeh qeyd olunan borc məbləğinin ödənilməsinə dair xx.xx.2022ci pretenziya məktubunu şəxsən qəbul etsə də, həmin pretenziyaya etirazını bilrməsinə dair sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə, tərəflərin iradə ifadəsini əks etdirən müqaviləni, malların təhvil verilməsinə dair aktları, elektron qaimələri, cavabdehin etirafı mahiyyətində olan zəmanət məktubunu və işin müəyyən edilmiş digər hallarını nəzərə alaraq hesab edir ki, iddia edildiyi kimi cavabdeh tərəfindən alınan malların qiymətini təşkil edən 19408 manat məbləğində pulun şərtləşdirilmiş müddətdə ödənilməməsi öz təsdiqini tapır. Tələb olunan 19408 manat məbləğində borc qalığının iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin qeyd olunduğu kimi cavabdeh iddiaya qarşı etiraz verməmiş və ya iddia tələbinin əsassızlığına dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Bu halda məhkəmə əsas borc qalığı kimi tələb olunan 19408 manat məbləğində pulun cavabdeh tərəfindən iddiaçıya ödənilməməsinin tam sübut olunduğu qənaətinə gəlir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş və işin araşdırılması nəticəsində sübuta yetirilmiş faktiki halları belədir ki, iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək alğı-satqı obyekti olan malları cavabdehin mülkiyyətinə vermişdir, lakin cavabdeh malları təhvil alsa da, dəyərini tam ödəməmişdir. Buna görə də, iddiaçının pul tələbinə dair iddiası qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 597.1-ci maddəsinə əsasən, alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə, iddia tələbini cərimənin tutulması hissəsində qismən əsaslı hesab edərək qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə, müqavilə üzrə nəzərdə tutulmuş malın dəyərini qarşılıqlı razılaşdırılmış müddətdə ödəməzsə cərimə ödəmək öhdəliyini Cavabdeh öz üzərinə götürmüşdür. İşin halları ilə Cavabdeh tərəfindən alınmış malların dəyərinin ödənilməsini gecikdirdiyi müəyyən olunduğuna görə, onun iddiaçıya cərimə ödəmək öhdəliyi yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd edilən maddi hüquq normalarının tələblərinə görə borclu müqavilə üzrə öhdəliyini pozduqda və ya lazımınca icra etmədikdə kreditorun əsas borcun qaytarılmasını tələb etməklə yanaşı, gecikmə nəticəsində cavabdehin vurduğu zərərin də ödənilməsini tələb etmək hüququ vardır. Mülki qanunvercilik belə vəziyyətlərdə müqavilə şərtlərindən asılı olaraq kreditora dəymiş zərərin əvəzi olaraq borcun məbləğindən faiz tələb etmək və ya dəbbə (cərimə, penya) tələb etmək kimi alternativ tələb imkanları tanımışdır. Hazırki işdə tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsi üzrə gecikdirmə nəticəsində dəyən ziyanı qarşılamaq üçün cərimənin ödənilməsi nəzərdə tutulmuşdur, yəni Mülki Məcəllənin 466.2.1-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə zərərin deyil, yalnız dəbbə pulunun tutulması barədə tərəflər razılaşmışlar. Buna görə də iddiaçının cərimə tələbi mahiyyət etibarı ilə əsaslıdır. Lakin məhkəmə, cərimənin məbləğinin əsas borca nisbətini, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini nəzərə alaraq hesab edir ki, iddia tələbi cavabdehdən 1940 manat məbləğində cərimənin tutulması hissəsində əsaslı və mütənasib deyildir. Buna görə də məhkəmə bu nəticəyə gəlir ki, cavabdehdən tutulacaq cərimə məbləğinin azaldılaraq 150 manat məbləğində müəyyən edilməsi işin hallarına mütənasib və ədalətli olar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğuna görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu məbləği cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi qismən əsaslıdır və buna görə də iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 19408 manat məbləğində əsas, 150 manat məbləğində cərimə borcu və ödənilmiş 155 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 19713 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMCnə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-328/2025
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-328/2025
18.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver