Məhkəmə qərarları › İş №e-2-2(121)-3312/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-3312/2025

23.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-3312/2025 23.10.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Nəbiyev Rəmzi Sultan oğlu, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə kiçik iddiaya dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Tələb:

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh istifadə olunmuş təbii qaza görə yaranmış 8320,61 manat əsas borc məbləğinin abonent koduna **********00005 və 103,20 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı İB-nin ABB Sabunçu filialı, Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X,Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ**********995500192 saylı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı - İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, AMX-6951/19 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən Ağcabədi şəhəri Nəsimi küçəsində yerləşən “qeyri-yaşayış obyektinə İddiaçı İB-nin Tərtər RQİİ-nin Ağcabədi xidmət sahəsi tərəfindən təbii qazla təchiz olunmuşdur. İstifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə tərəf müqavilənin bəndlərinə əsasən üzərinə öhdəlik götürmüşdür. Lakin Cavabdeh müqavilə üzrə irəli gələn öhdəliklərinə əməl etməmiş və nəticədə X1 İddiaçı Tərtər RQİİ-ninAğcabədi xidmət sahəsinə 8320,61 manat məbləğində debitor borcu yaranmışdır. Həmin müqavilənin 2.3.1cı bəndinə əsasən istehlakçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikası Prezidentinin xx.xx.1996-cı il tarixli, 494 saylı Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli, 163 saylı Qərarına əsasən plan üzrə aylıq nəzərdə tutulmuş qazın dəyərini əvvəlcədən, yəni hər ayın 1,10 və 20-si tarixlərindən gec olmayaraq “Təchizatçı”nın hesabına və ya “Təchizatçı” göstərən ünvana ödəməlidir. Göstərilən borcun ödənilməsinin təmin edilməsi və qeyd olunan mübahisənin Azərbaycan Respublikasının MPM-nin 4.3 maddəsinə müvafiq olaraq məhkəməyədək həll olunması məqsədi ilə Birliyin Tərtər RQİİ tərəfindən X2 xx.xx.2025-ci il tarixli, 14-2-2-11/2-457/2025 saylı pretenziya məktubu göndərilsə də hazırkı vaxta kimi borc ödənilməmişdir. Məktubda yaranmış borcun 10 (on) gün müddətində Birliyin müvafiq bank hesabına ödənilməsinin vacib hesab edildiyi, borcun ödənilməyəcəyi təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı və yaranmış borcdan əlavə məhkəmə xərclərinin tələb ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin və iqtisadiyyatının enerjidaşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında” 356 saylı 29 iyun 2000-ci il tarixli Fərmanında deyilir ki, işlədilən hər kub metr təbii qazın dəyəri ödənilməlidir.

İddia ərizəsinə etiraz:

3. İddia ərizəsinin icraata götürülməsinə dair qərardad və Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinin tələblərinin qeyd olunduğu məhkəmə bildirişi (iddia ərizəsinin surəti və prosessual hüquq və vəzifələrin izahı barədə bildiriş əlavə olunmaqla) xx.xx.2025-ci Cavabdeh poçt vasitəsi ilə təqdim olunmuş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz, iddia tələbinin əsassızlığına dair sübut məhkəməyə təqdim edilməmişdir.

Məhkəmə baxışının hədləri:

4. Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

Əsaslandırıcı hissə:

a) İş materialları və sübutların tədqiqi

5. İş materiallarında olan Azəriqaz” İstehsalat Birliyi və Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, AMX-6951/19 saylı “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin surətindən görünür ki, İddiaçı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, Cavabdeh isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı İddiaçı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür.

6. İş materiallarında olan Abonentin saldosunun surətindən görünür ki, Cavabdeh təbii qazdan istifadə etdiyinə görə 2025-ci ilin mart ayına olan borcu 7798,53 manat, 2025ci ilin iyul ayına olan borcu 8320,61 manat təşkil edir.

7. İş materiallarında olan “Qarşılıqlı Hesablaşmalar haqqında üzləşdirmə aktı”ndan görünür ki, Cavabdeh təbii qazdan istifadə etdiyinə görə xx.xx.2025-ci il tarixə yaranmış borcu 7798,53 manat təşkil edir.

8. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli, pretenziya məktubunun surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanılmış alqı-satqı müqaviləsi üzrə yaranmış borcun 10 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh məlumatlandırılmışdır.

9. İş materiallarında olan **********37 nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsi verilməsi üçün ümumilikdə 103,20 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

b) Tətbiq edilən hüquq:

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər - 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 567-ci maddəsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

11. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun:

- 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir).

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın:

- 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. c) Məhkəmənin mövqeyi:

14. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə uyğun olaraq işə, təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.

15. Məhkəmə qeyd edir ki, tərəflər arasında alqı-satqı münasibətləri mövcuddur. İddianın əsasını, müqavilə üzrə təbii qazın verilməsi öhdəliyinin yerinə yetirilməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə, istehlak etdiyi qazın dəyərini ödənilməsini sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, idddiaçı öz tələbinin əsasını qanuna uyğun dəlillərlə sübut etmiş, lakin cavabdeh lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddia ərizəsinə etiraz verməmiş, iddianın əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir.

16. Belə ki, İddiaçı ilə Cavabdeh arasında qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin Cavabdeh müqavilənin şərtlərini pozaraq istehlak etdiyi təbii qazın dəyərini tam ödəməmişdir və nəticədə onun İddiaçınə 8 320,61 manat məbləğində borcu yaranmışdır.

17. İş materiallarında olan “Qarşılıqlı Hesablaşmalar haqqında üzləşdirmə aktı”ndan və abonent saldosundan görünür ki, Cavabdeh təbii qazdan istifadə etdiyinə görə 2025-ci ilin mart ayına olan borcu 7798,53 manat, 2025-ci ilin iyul ayına olan borcu 8320,61 manat təşkil edir.

18. Yuxarıda qeyd olunan “Qazdan istifadə Qaydaları”nın tələbindən göründüyü kimi, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir

19. Məhkəmə göstərilənləri nəzərə alaraq qeyd edir ki, cavabdeh sərf etdiyi, sayğacla hesablanmış qazın dəyərini ödəmək öhdəliyi daşıdığına görə, iddia tələbi əsaslı hesab edilərək təmin edilməlidir.

Məhkəmə xərcləri:

20. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli və iddia təmin edildiyindən iş üzrə ödənilmiş 103,20 manat dövlət rüsumu cavabdehə aid edilməli və ondan tutularaq iddiaçıya ödənilməlidir.

Nəticə:

21. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 284-5, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. Cavabdeh 8 320,61 (səkkiz min üç yüz iyirmi manat, altmış bir qəpik) manat borc və ödənilmiş dövlət rüsumuna görə 103,2 (bir yüz üç manat, iyirmi qəpik) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı İB-nin ABB Sabunçu filialı, Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X,Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ**********995500192 saylı hesabına ödənilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar