Məhkəmə qərarları › İş №e-2-2(121)-3326/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-3326/2025

08.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-3326/2025 08.01.2026 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X8 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh “TƏK QÜVVƏ" MMC-yə qarşı “pul tələbi”nə dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Tələb:

1. İddiaçı MMC cavabdeh “TƏK QÜVVƏ" MMC-yə qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən ödənilməmiş 4384,29 manat (dörd min üç yüz səksən dörd manat, iyirmi doqquz qəpik) məbləğində əsas borcun və ödənilmiş 65 manat (bir yüz əlli bir manat, səksən altı qəpik) məbləğində dövlət rüsumunun tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanmış 01 iyun 2023-cü il tarixli beton məhsullarının satışı müqaviləsinə əsasən, İddiaçı MMC tərəfindən ƏDV xaric 15.450,50 (on beş min dörd yüz əlli manat əlli qəpik) manat məbləğində təqdim edilmiş beton məhsullarına görə, Cavabdeh MMC tərəfindən ƏDV xaric 11.735,00 (on bir min yeddi yüz otuz beş) manat pul məbləği ödənilmiş və bugünədək ödənilməyən ƏDV xaric 3.715,50 (üç min yeddi yüz on beş manat əlli qəpik) manat, ƏDV daxil isə 4.384,29 (dörd min üç yüzsəksən dörd manat iyirmi doqquz qəpik) manat məbləğində borcu qalmışdır. İddiaçı MMC tərəfindən bütün öhdəliklər yerinə yetirilərək, mallar təqdim edilsə də,Cavabdeh MMC tərəfindən bugünədək borclar geri qaytarılmır. Tərəflər arasında imzalanmış müqavilənin 6.2-cimaddəsinə əsasən,Alıcıaldığımalların dəyərini Satıcı tərəfindən təqdim edilən hesab faktura və ya elektron qaiməyə əsasən mal Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: təqdim olunandan sonra ən geci 10 (on) iş günü ərzində Satıcının bank hesabına köçürmə yolu ilə ödənilməlidir. Müqavilənin 6.6-cı maddəsinə əsasən, Alıcı tərəfindən ödənişlər bu maddədə göstərilən qaydada həyata keçirilmədikdə, Alıcı ödənilməmiş mal dəyərinin 0.1% məbləğində Satıcıya hər 1 (bir) təqvim gününə görə, dəbbə pulu ödəməlidir. Beləliklə yuxarıda qeyd olunanlardan görünür ki, İddiaçı MMCüzərinə götürdüyü öhdəliklərini tam şəkildə yerinə yetirsə də, Cavabdeh MMC buna əməl etməyərək, göstərilən xidmətlərə görə məbləğlərin ödənilməsinə dair üzərinizə düşən öhdəliyinizi tam şəkildə icra etməmisiniz. Qeyd etmək lazımdır ki, sonuncu dəfə mal 2023-cü ilin oktyabr ayında təqdim edilməsinə baxmayaraq, mübahisə artıq uzun müddətdir ki, davam edir və sonuncu ödəniş xx.xx.2024-cü ildə olmuşdur və sonuncu ödənişdən 4 ay keçmiş və yenədə hər hansı ödəniş edilmir.

3. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(121)-3326/2025 nömrəli qərardadı ilə İddiaçı cavabdeh “TƏK QÜVVƏ" MMC-yə qarşı “pul tələbi”nə dair iş üzrə sadələşdirilmiş icraat qaydasında materiala iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

Tərəflərin izahatları:

4. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən edilmiş ödənişlərə dair müvafiq qəbzlər iddia ərizəsinə əlavə edilmişdir. İş materialları ilə iddia tələbinin əsaslılığı tam sübuta yetirilir. Qeyd etdiklərini nəzərə alaraq, o, İddianın təmin olunması bardə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.

5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 qəbul etməyərək, bildirdi ki, o, cavabdeh “TƏK QÜVVƏ" MMC-nin rəhbəridir. Onlar İddiaçı MMC-dən beton məmulatı almışlar və aldıqları betonların pulunu tam olaraq ödəmişlər. İddia ərizəsinə əlavə edilmiş qiymətlərin razılaşdırılması protokolu ilə razı deyil. Oxumadan qol çəkmişdir. Hesab edir ki, iddia tələbi əsassdızdır. Qeyd etdiklərini nəzərə alaraq iddianın təmin edilməməsi bardə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.

İddia ərizəsinə etiraz:

6. Cavabdeh tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.

Əsaslandırıcı hissə:

a) İş materialları və sübutların tədqiqi:

7. İddiaçı MMC (Satıcı) ilə Cavabdeh (Alıcı) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, Alqı-Satqı Müqaviləsinin: 2.1. bəndinə əsasən Tərəflər razılaşır ki, “Satıcı” bu müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında “Ahcı”-nın tikinti obyektlərini beton məhsulu ilə təchiz etməsini öz öhdəsinə götürür, “Alıcı” isə öz növbəsində “Satıcı” tərəfindən beton məhsulunu qəbul etməsini və dəyərini müqavilənin ayrılmaz hissəsi olan Əlavələrdə göstərilən qiymətlərə əsasən vaxtında ödənilməsini öz öhdəsinə götürür. 2.2. Bu Müqavilə xx.xx.2023-cü il tarixdən qüvvəyə minir və xx.xx.2024-cü il tarixədək etibarlı hesab olunur. 8.1. Tərəflər arasında bu Müqavilənin icrası ilə bağlı xaranmış fikir ayrılıqları qarşılıqlı anlaşma və danışıqlar yolu ilə həll edilir. 8.2-ci maddəsinə əsasən, Tərəflər mübahisəni onun yarandığı vaxtdan 30 (otuz iş günü ərzində danışıqlar və sülh yolu ilə həll edə bilmədikdə və ya danışıqlar yolu ilə həlli mümkün olmadıqda mübahisələr Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun məhkəmə qaydasında həll edilir.

8. İş materiallarında olan xx.xx.2023-ci il tarixli Alqı-Satqı Müqaviləsinə 1 saylı Əlavədən görünür ki, Tərəflər razılaşır ki, “Satıcı” bu müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında “Alıcf’nın tikinti obyektlərini beton məhsulu ilə təchiz etməsini öz öhdəsinə götürür. “Alıcı” isə öz növbəsində “Satıcı” tərəfindən göndərilmiş beton məhsulunu qəbul etməsini və dəyərini Protokolda (Cədvəl Nə 1) göstərilən qiymətlərlə əsas müqavilənin 6.2 maddəsinə əsasən ödənilməsini öz öhdəsinə götürür.

9. İş materiallarında olan elektron qaimələrdən görünür ki, İddiaçı MMC tərəfindən cavabdeh "xxxx" MMC-yə ümumilikdə 18.231,59 manat məbləğində xidmətlər göstərilmişdir.

10. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, İddiaçı MMC-yə cavabdeh "xxxx" tərəfindən ümumilikdə 11,735 manat ödəniş edilmişdir.

11. İş materiallarında olan İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli, pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMC ilə İddiaçı MMC arasında bağlanılmış alqı-satqı müqaviləsi üzrə yaranmış borcun 3 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə X4 məlumatlandırılmışdır.

12. İş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 65 manat dövlət rüsumu ödənilmişdir.

b) Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -567-ci maddəsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə- hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. -600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. -425.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

- 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

15. Məhkəmə baxışının hədləri:

- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

c) Məhkəmənin mövqeyi:

16. Məhkəmə, iddiaçı və cavabdehin nümayəndələrini dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir.

17. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin müəyyən olunan hallarına əsasən hesab edir ki, hazırki iş üzrə iddiaçı ilə cavabdeh arasında etibarlı şəkildə alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər mövcuddur. Ona görə ki, tərəflər arasında bağlanmış müqavilədən göründüyü kimi iddiaçı həmin müqavilədə müəyyən edilmiş şərtlər əsasında, malları cavabdehə verməyi, cavabdeh isə həmin mal-materialları qəbul edib və müəyyən edilmiş məbləği ödəməyi öhdələrinə götürmüşlər.

18. Məhkəmə, həmçinin hesab edir ki, hazırki iş mübahisə kommersiya mübahisəsi olub, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gəlir.

19. Məhkəmə qeyd edir ki, iddianın əsasını, müqavilə üzrə “Satıcı”ya aid öhdəliklərin lazımınca yerinə yetirilməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə, alqı-satqı müqaviləsi üzrə tələb olunan borcun ödənilməsini sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür.

20. Məhkəmə hesab edir ki, idddiaçı öz tələbinin əsasını qanuna uyğun dəlillərlə sübut etmiş, lakin cavabdeh lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddia ərizəsinə etiraz verməmiş, iddianın əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaçıdan mal aldıqlarını, lakin borcu tam olaraq ödədiklərini bildirmiş, lakin bununla əlaqədar mötəbər dəlilləri məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə, alqı-satqı müqaviləsi üzrə öhdəliyin cavabdeh tərəfindən lazımınca yerinə yetirilməməsinin tam sübut olunduğu qənaətinə gəlir.

21. İş materiallarından göründüyü kimi iddiaçı tərəfindən cavabdehə verilmiş malın dəyəri ƏDV daxil ümumilikdə 18231,59 manat, cavabdeh tərəfindən edilmiş ödənişlər isə 11735 manat təşkil edi. Göründüyü kimi qalıq borc 6496,59 manat təşkil etdiyi halda, iddiaçı hazırda 4384,29 manat tələb edir. Bu da onu deməyə əsas verir ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış alqı-satqı müqaviləsinə əsasən ona təqdim olunmuş elektron qaimə-fakturalar üzrə qismən ödəniş etməklə öhdəliklərini lazımınca yerinə yetirməmişdir.

22. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi verilmiş tələb daxilində təmin edilməli və cavabdehdən 4384,29 (dörd min üç yüz səksən dörd manat, iyirmi doqquz qəpik) manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmə xərcləri:

23. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən hesab edir ki, iddia təmin olunduğundan iş üzrə ödənilmiş 65 manat dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq iddiaçıya ödənilməlidir.

Nəticə:

24. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i:

İddia təmin edilsin. Cavabdeh “TƏK QÜVVƏ" MMC-dən 4384,29 (dörd min üç yüz səksən dörd manat, iyirmi doqquz qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 65 (altmış beş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar