Məhkəmə qərarları › İş №e-2-2(121)-340/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-340/2024

09.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-340/2024 09.02.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abdullayev Elşən Uğur oğlu, iddiaçı “X5 Kompleksi” MMC-nin cavabdeh X4 qarşı pul tələbinə dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı “X5 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borca görə 2.874 manat, hesablanmış cərimə borcuna görə 574 manat və ödənilmiş mediasiya xərcinə görə 60 manat olmaqla cəmi 3.508 manat pulun cavabdehdən alınaraq “X5 Kompleksi” MMC-yə verilməsi barədə məhkəmə qətnaməsi qəbul edəsiniz. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, alıcı qismində (İddiaçı) “X5 Kompleksi” MMC, tədarükçü qismində “X5 Kompleksi” MMC-nin” X2 və Emalı Zavodu” filialı və fermer (Cavabdeh) Cavabdeh arasında bağlanmış 2020-ci il mövsümü üzrə xx.xx.2020-ci il tarixli, 349 saylı xam-pambığın alqı-satqı müqaviləsinə əsəsən Cavabdeh öhdəsində olan 3.78 hektar torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə iddiaçıya (Alıcıya) satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 4.117,11 manat məbləğində avans vəsaitlər (nağd vəsait, dərman, çiyid, gübrə və.s.) verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə şərtlərinə əsasən, Cavabdeh götürdüyü avansın dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra, təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin Cavabdeh yaranmış borcdan 1.242,80 manat dəyərində xampambıq təhvil verilmişdir. Beləliklə, cavabdeh tərəfindən 2020-ci il mövsümü üzrə xx.xx.2020-ci il tarixli, 349 saylı müqavilənin 2.1.1, 2.1.7, 5.2-ci bəndlərini pozaraq götürdüyü avans müqabilində borcunu tam ödəməmişdir. Nəticədə cavabdehin iddiaçıya 2874 manat borcu qalmışdır. Bundan əlavə, Müqavilənin 5.2-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam-pambıq vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam-pambığın 1-ci növ qiyməti ilə (1-ci növ xam-pambığın 1 tonunun qiyməti 700 manatdır.) 20% həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 574 manat təşkil edir. Müqavilə üzrə təhvil verilməli idi: Verilməmişdir: 2.874 manat х 20% = 574 manat. Bununla yanaşı, cavabdehin qeydiyyatda olduğu ünvan üzrə rəsmi pretenziya məktubu göndərilməklə 3 iş günü müddətində borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə isə müqavilə öhdəliyini yetirilməməsinə görə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.Buna baxmayaraq məsələnin məhkəmədən kənar həllinə hec bir təşəbbüs göstərilməmişdir. Beləliklə cavabdeh, Müqavilə üzrə borcunu ödəmədiyindən iddiaçı borcu qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında tələb etmək məcburiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, sonuncunun rəsmi qeydiyyat ünvanı üzrə bildirişin xx.xx.2024-cü il tarixdə təqdim olunmasına baxmayaraq, cavabdeh iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “X5 Kompleksi” MMC ilə cavabdeh X6 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, “2020-ci il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair” 349 saylı müqavilədən görünür ki, həmin müqaviləyə əsasən cavabdeh öhdəsində olan 3,78 hektar torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla xam-pambıq istehsal etməklə iddiaçıya (Alıcıya) satmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “Üzləşmə Aktı”ndan görünür ki, xx.xx.2020-ci il tarixli, 349 nömrəli birgə fəaliyyət və məhsulun alqı-satqısı haqqında müqavilə üzrə fermer X3 3,78 ha pambıq əkin sahəsində görülmüş xidmətlər və verilmiş mal-materiallar üzrə borc və nəğd vəsait. Nəğd vəsait 1577.80 qəpik, göstərilmiş texniki xidmət 2539.31 qəpik, ümumilikdə borc 4117.11 qəpik təşkil edir. Bundan kartla 1242.80 manat ödəniş edərək xx.xx.2021-ci ilə qalıq borcu 2874.31 qəpik təşkil edir. Qeyd edilən “Üzləşmə Aktı” X6 tərəfindən imzalanmışdır. İş materiallarında olan “X5 Kompleksi” MMC-nin X4 ünvanladığı xx.xx.2022-ci il il tarixli pretenziya məktubundan görünür ki, xx.xx.2020-ci il tarixli, 349 saylı xam-pambığın alqı-satqı müqaviləsinə əsasən 2874,31 manat məbləğində borcu olması və borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə X6 xəbərdar edilmişdir. İş materiallarında olan mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023cü il tarixli arayışın surətindən görünür ki, “X5 Kompleksi” MMC ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Məhkəmə araşdırma zamanı müəyyən etdi ki, “X5 Kompleksi” MMC ilə cavabdeh X6 arasında 2020-ci il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair müqavilə bağlanılmışdır. Həmin əqdə əsasən cavabdehə 2020-ci il mövsümündə xam-pambıq əkilməsi məqsədilə avans olaraq ümumi dəyəri 4117,11 manat təşkil edən vəsaitlər verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Əqdə əsasən iddiaçı üzərinə düşən öhdəlikləri tam yerinə yetirməsinə baxmayaraq, cavabdeh yaranmış borcdan ümumilikdə 1242,80 manat dəyərində xam-pambıq verməklə iddiaçıya ödəmiş, lakin öhdəliklərini tam icra etməmişdir. Cavabdehin əqdə əsasən iddiaçıdan aldığı vəsaitlərə görə (nağd vəsait, dərman, çiyid, gübrə və s.) və xidmətlərə görə iddiaçıya 2874 manat məbləğində borcu qalmışdır. Eyni zamanda cavabdeh tərəfindən borcun tam və ya qismən ödənildiyini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı aralarında bağlanmış müqavilə üzrə əsas borcu tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Göründüyü kimi, cavabdeh iddiaçı qarşısında öhdəliklərini tam yerinə yetirməmiş, tərəflər arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, 349 nömrəli xam-pambığın alqı-satqı müqaviləsinə əsasən 2874 manat borcun olduğu iş materialları ilə tam sübuta yetirilir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehdən 2874 manat borc “X5 Kompleksi” MMCnin xeyrinə tutulmalıdır. Məhkəmə, eyni zamanda iddia tələbinin 574 manat cərimə məbləğinin tutulması hissəsini də araşdıraraq hesab edir ki, iddiaçının həmin tələbi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cəriməni azalda bilər. Məhkəmə işin hallarını nəzərə alaraq, cərimənin 574 manat məbləğində deyil, 60 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Məhkəmə, həmçinin iddianın 60 manat mediasiya xərcinin cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qanunvericliyin yuxarıda qeyd olunan normalarına əsasən mediasiya prosesinin keçirilməsi üçün ödənilmiş 60 manat cavabdeh X1 müştərək qaydada tutularaq iddiaçı “X5 Kompleksi” MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-5, 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh X1 2.874 manat əsas borc, 60 manat cərimə borcu və 60 manat mediasiya xərci olmaqla, ümumilikdə 2.994 (iki min doqquz yüz doxsan dörd manat) manat məbləğində pul tutularaq iddiaçı “X5 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia 514 manat cərimə borcunun cavabdehdən tutulması hissəsində təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar