Məhkəmə qərarları › İş №e-2-2(121)-3400/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-3400/2025

13.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-3400/2025 13.01.2026 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kürdəmir rayon Şahsevən kənd sakini X2 13614,82 manat vəsaitin və ödənilmiş 128,0 manat dövlət rüsumunun, cəmi 13742,82 manat məbləğində pulun alınaraq "xxxx" ASC-nin xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh X3 xahişinə əsasən onunla "xxxx" ASC arasında xx.xx.2024-cü il tarixli, 07 №-li müqavilə bağlanmış, "xxxx" ASC tərəfindən ona 39 ha torpaq sahəsində pambıq əkmək üçün 360 manat dəyərində çöpqırma işləri görülmüş, 1800 manat dəyərində yanacaq verilmiş, 3408 manat dəyərində toxumluq çiyid verilmiş, 320 manat dəyərində çiyid səpini edilmiş, 1180 manat dəyərində şırım işləri görülmüş, 3023 manat dəyərində kultivasiya işləri görülmüş, 4573 manat dəyərində dərman verilmiş, 3660 manat dəyərində azot, 3600 manat dəyətində amafos verilmiş, 2832 manat dəyərində dərmanlama işləri aparılmış, becərmə işlərinin görülməsi üçün onun bank hesabına 15900 manat pul köçürülmüş, 5400 manat dəyərində kombayn ilə pambıq yığımı həyata keçirilmişdir. Ümumilikdə bu işlər üçün ona 45756,0 manat dəyərində vasait xərclənmişdir. Cavabdeh X5 "xxxx" ASC tərəfindən ona borc verilən vəsaiti əkib-becərdiyi pambıq hesabına ödəyəcəyi barədə öhdəlik götürsə də, bu günə qədər borcunu tam ödəməmiş, bu vaxta kimi "xxxx" ASC-nə olan borcunun 32141,18 manatını ödəmiş, 13614,82 manat borcu qalmışdır. Sonradan iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin direktoru L.Qəribov ərizə verərək Cavabdeh borcundan 4000 manat vəsaiti ödədiyini bildirmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, həmçinin gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan fiziki şəxs sahibkarlıq subyekti haqqında məlumatdan görünür ki, Cavabdeh sahibkarlıq subyekti kimi vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********) verilmişdir və o, hal-hazırda Kürdəmir rayonu, Şahsevən kəndində qeydiyyatdadır. İşdə materiallarında olan "xxxx" ASC (Tədarükçü) və Cavabdeh (İstehsalçı) arasında bağlanmış “xam pambığın alqı-satqısına dair” xx.xx.2024-cü il tarixli, 07 nömrəli müqaviləsinin: 2.1.1- bəndinə əsasən, “Təsərrüfat” öz mülkiyyətində olan torpaq sahəsinin girov qoyaraq (girov haqqında sənəd əlavə olunur) "39” ha sahədə pambıq əkir və hər hektardan 30 sentnerdən az olmayaraq istehsal etdiyi xam pambığı mövcud standartlara və 27 avqust 2017-ci il tarixdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş “Xampambığın yığılması və tədarükü üzrə təlimat’-ın tələblərinə əsasən Azərbaycan X1 Pambıqtəmizləmə sənayesi üzrə üzrə filialı tərəfindən hazırlanmış və “Tədarükçü”də saxlanılan etalonlara uyğun olaraq kondisiya çəkidə müqavilədə qeyd olunmuş qiymətlərlə “Tədarükçü”nün mülkiyyətinə təhvil verilir. 2.1.2-ci bəndinə əsasən, Təsərrüfatın təhvil verəcəyi xam-pambığın nəmliyinin və zibilliyinin yuxarı həddi aşağıda qeyd edilən normadan artıq olmamalıdır,- 1-ci növ nəmlik 9%, zibillik 3%, 2-ci növ nəmlik 10%, zibillik 5%, 3-cü növ nəmlik 11%, zibillik 8%, 4-cü növ nəmlik 13%, zibillik 16% . 3.1-ci bəndinə əsasən, Xam-pambığın 1 (bir) tonunun satın alma qiyməti : birinci növ 800 (səkkiz yüz ) manat ikinci növ 780 (yeddi yüz səksən) manat üçüncü növ 740 (yeddi yüz qırx) manat dördüncü növ 700 (yeddi yüz) manat. 4.1-ci bəndinə əsasən, "Tədarükçü” bu müqavilədə qeyd olunmuş son hesablaşma tarixinə əməl etmədiyi hallarda gecikdirilmiş hər gün üçün ödənilməyən məbləğin 0.01% miqdarında, lakin ödənilməyən məbləğin 0.5 faizdən artıq olmamaq şərtilə, “Təsərrüfat” a cərimə ödəyir. 4.2-ci bəndinə əsasən, "Təsərrüfat” üzərinə götürdüyü öhdəlikdən az pambıq təhvil verərsə, onda təhvil verilməyən xam-pambığın dəyərinin 0.01 % miqdarında (birinci növ qiyməti ilə) “Tədarükçü”yə cərimə ödəyir. İş materiallarında olan iş aktlarından, qaimələrdən, ödəniş tapşırıqlarından və kassa məxaric orderlərindən görünür ki, həmin sənədlərlə Cavabdeh "xxxx" ASC tərəfindən ümumilkdə cəmi 45756 manat məbləğində iş görüldüyü, pul, mal-material verildiyi və xidmət göstərildiyi tərəflərin imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan iddiaçının Cavabdeh ünvanladığı xx.xx.2025-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, xx.xx.2021-ci il tarixli müqavilə üzrə "xxxx" ASC tərəfindən pambığın becərilməsi ilə bağlı X6 ödənilmiş avansdan 13614,82 manat borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun "xxxx" ASC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2026cı il tarixli məktubdan görünür ki, iş məhkəmənin icraatında olarkən cavabdeh tərəfindən "xxxx" ASC-nin kassasına 4000 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə, işin qeyd olunan faktiki hallarına əsasən müəyyən edir ki, iş üzrə tərəflər öz aralarında müqavilə bağlayaraq razılığa gəlmişlər ki, iddiaçı cavabdehə məxsus olan sahədə xam pambıq əkilməsi və tədarük mövsümündə yığılmış xam pambığın iddiaçıya satılması müqabilində cavabdehə müxtəlif aqrotexniki xidmətlərin göstərilməsini, həmçinin cavabdehə avans olaraq nağd pul vəsaitinin verilməsini, cavabdeh isə tədarük etdiyi xampambığın ilk olaraq iddiaçı tərəfindən göstərilmiş xidmətlərin, verilmiş malların və nağd pul vəsaitinin qaytarılması məqsədi ilə iddiaçıya verilməsini, bundan sonra tədarük ediləcək xam pambığın razılaşdırılmış qiymətə iddiaçıya satılmasını öhdələrinə götürürlər. Həmin razılığa əsasən iddiaçı cavabdehə ümumilkdə 45756 manat avans verməsinə baxmayaraq, bunun müqabilində cavabdehin 32141,18 manat ödəmiş, qalan 13614,82 manat borc məbləğini isə qaytarmadığını iddia edir. Məhkəmə ilk növbədə tərəflər arasında yaranmış hüquq münasibətinin xarakterini aşkara çıxararaq ona hüquqi qiymət verməyi, bununla da iddia tələbinin maddi hüquqi əsasını müəyyən etməyi zəruri sayır. Məhkəmə işdə olan sənədlərə əsasən müəyyən edir ki, iddiaçı xam pambığın alğısatqısına dair razılığa gəldiklərini nəzərə alaraq pambığın əkilməsi üçün cavabdehə avans olaraq müvafiq xidmətlər göstərmişdir. İddia ərizəsinin məzmunundan və iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatından, eləcə də işin mübahisə olunmayan faktiki hallarına əsasən gəlinən qənaətdən belə nəticə çıxarmaq olur ki, iddiaçı tərəfindən avans olaraq cavabdehə göstərilmiş xidmətlərin təyinatı alınan əşyanın qabaqcadan qismən ödənilməsindən ibarət olmuşdur. Məhkəmə, şərh olunanları nəzərə alaraq tərəflərin daxil olduqları hüquq münasibətinin xarakteri ilə bağlı qeyd edir ki, tərəflər arasında müqavilə münasibətlərindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır və həmin münasibətlər struktur baxımından mülki qanunvericilikdə nəzərdə tutulmuş alqı-satqı müqaviləsinə daha çox uyğun gəlir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halları bu nəticəyə gəlməyə əsas verir ki,iddiaçı tərəfindən cavabdehə göstərilən xidmətlərin təyinatı cavabdehin ona məxsus olan sahədən məhsul əldə etməsinə və sonradan həmin məhsulun razılaşdırılmış qiymətlərlə iddiaçıya satılmasına nail olmaqdan ibarət olmuşdur. Bu isə son nəticədə tərəflər arasında cavabdehin istehsal etdiyi məhsulun alqı-satqısının həyata keçirilməsi barədə konsensual razılığın əldə edildiyini göstərir. Buna görə də məhkəmə hesab edir ki, işin müəyyən edilən faktiki halları Azərbaycan Respublikası Mülki Məcəlləsinin alğı-satqı müqaviləsinin leqal tərifini nəzərdə tutan 567-ci maddəsinin dispozisiya şərtlərinə uyğun gəlir. Bu səbəbdən, tərəflər arasında yaranmış hüquq münasibəti, onların müqavilə münasibətlərinə daxil olarkən güddükləri hüquqi niyyət və məqsəd nəzərə alındıqda alğı-satqı müqaviləsi kimi qiymətləndirilməlidir. Məhkəmə, həmçinin iddiaçının hazırki tələbi irəli sürməsi üçün subyektiv hüquqa malik olub-olmamasına və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmamasına münasibət bildirməyi vacib hesab edir. İşin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddiaçının hazırki tələblə bağlı subyektiv hüququ tərəflər arasında bağlanılmış xam pambığın alğı-satqısına dair müqavilədən irəli gəlir. Həmin razılaşmanın şərtlərinə görə iddiaçı xam pambıq əkilməsi və tədarük mövsümündə yığılmış xam pambığın iddiaçıya satılması məqsədi ilə cavabdehə xidmətlər göstərilməsi şəklində avans verilməsini öhdəsinə götürmüşdür. İşin mübahisəsiz hallarından görünür ki, iddiaçı tərəfindən avans olaraq cavabdehə ümumilkdə cəmi 45756 manat dəyərində işlər görülmüş, xidmətlər göstərilmiş, nağd pul vəsaiti verilmişdir. Cavabdeh isə razılaşma üzrə öz üzərinə düşən öhdəliyi tam yerinə yetriməmiş, cəmi 32141,18 manat borcunu ödəmiş və nəticədə onun iddiaçıya 13614,82 manat məbləğində borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, tələb olunan borc qalığının iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin, Cavabdeh lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclaslarında iştirak etməmiş, həmçinin iddia ərizəsinə etiraz verməmiş, iddianın tam və ya qismən əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Lakin, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş ərizə və sənədlərə əsasən iş məhkəmənin icraatında olduğu zaman cavabdeh tərəfindən iddiaçının hesabına 4000 manat məbləğində pul ödənildiyi müəyyən olunmuşdur. Belə olan halda məhkəmə, tələb olunan 9614,82 manat borcun cavabdeh tərəfindən iddiaçıya ödənilməməsinin tam sübut olunduğu qənaətinə gəlir. Beləliklə müəyyən olunur ki, iddiaçının hazırki tələblə çıxış etməsi üçün subyektiv hüququ vardır və həmin hüquq cavabdeh tərəfindən pozulmuşdur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh qarşı pul tələbinə dair iddiası qanuni və əsaslıdır. Məhkəmə hesab edir ki, iddianın maddi hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı normaları təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Mülki Məcəlləinin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 599.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirir. Mülki Məcəllənin 599.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki halları belədir ki, tərəflər arasında xam pambığın alğı-satqısına dair müqavilə bağlanılmışdır iddiaçı cavabdeh qarşısında 13614,82 manat məbləğində pul tələbi irəli sürmüşdür. Məhkəmə iclası zamanı təqdim olunmuş sübutlardan görünür ki, iddiaçı cavabdeh tərəfindən 4000 manat ödəniş edildiyini təsdiqləmişdir. Mövcud ödəniş nəzərə alınmaqla iddianın təmin olunmalı qalan hissəsi 9614,82 manat təşkil edir. Cavabdeh tərəfindən edilmiş 4000 manatlıq ödəniş iddia tələbinin bir hissəsinin artıq yerinə yetirildiyini göstərdiyindən, məhkəmə iddianın yalnız qalan hissəsi üzrə təmin edilməsinin mümkün olduğu qənaətinə gəlir. Bu hallara uyğun olaraq, iddia tələbi qismən təmin olunmalı, cavabdehdən iddiaçının xeyrinə 9614,82 manat tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 128 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməli, alqı-satqı müqaviləsi üzrə yaranmış borc məbləği, həmçinin məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş xərclər cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 9614,82 manat məbləğində pul və 128 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə cəmi 9742,82 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar