Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-3401/2025 13.01.2026 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Cilo oğluna qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh Cilo oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Cilo oğlundan 4535,2 manat vəsaitin və ödənilmiş 66 manat dövlət rüsumunun, cəmi 4601,2 manat məbləğin alınaraq "xxxx" ASC-nin xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh Cilo oğlunun xahişinə əsasən onunla "xxxx" ASC arasında xx.xx.2024-cü il tarixli, 10 №-li müqavilə bağlanmış, "xxxx" ASC tərəfindən ona 8 ha torpaq sahəsində pambıq əkmək üçün 332 manat dəyərində şum işləri görülmüş, 1083 manat dəyərində toxumluq çiyid verilmiş, 96 manat dəyərində çiyid səpini edilmiş, 120 manat dəyərində şırım çəkmə işləri görülmüş, 324 manat dəyərində kultivasiya işləri görülmüş, 427 manat dəyərində dərman verilmiş, 336 manat dəyərinfə azot, 960 manat dəyətində amafos verilmiş, 343 manat dəyərində dərmanlama işləri aparılmış, becərmə işlərinin görülməsi üçün onun bank hesabına 1350 manat pul köçürülmüş, 225 manat dəyərində kombayn ilə pambıq yığımı həyata keçirilmişdir. Ümumilikdə bu işlər üçün ona 5596,0 manat dəyərində vasait xərclənmişdir. Cavabdeh Cilo oğlu "xxxx" ASC tərəfindən ona borc verilən vəsaiti əkib-becərdiyi pambıq hesabına ödəyəcəyi barədə öhdəlik götürsə də, bu günə qədər borcunu tam ödəməmiş, bu vaxta kimi "xxxx" ASC-nə olan borcunun 1060,8 manatını ödəmiş, 4535,2 manat borcu qalmışdır. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiklərini bildirmiş və məhkəmə iclasının onların iştirakı olmadan keçirilərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh Cilo oğlu məhkəmə iclasına gəlməmiş, həmçinin gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan fiziki şəxs sahibkarlıq subyekti haqqında məlumatdan görünür ki, Cavabdeh Cilo oğluna sahibkarlıq subyekti kimi xx.xx.2023-cü il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********) verilmişdir və o, hal-hazırda Kürdəmir rayonu, Çöl-Ərəb kəndində qeydiyyatdadır. İşdə materiallarında olan "xxxx" ASC (Tədarükçü) və Cavabdeh Cilo oğlu (İstehsalçı) arasında bağlanmış “xam pambığın alqı-satqısına dair” xx.xx.2024-cü il tarixli, 10 nömrəli müqaviləsinin: 2.1.1- bəndinə əsasən, “Təsərrüfat” öz mülkiyyətində olan torpaq sahəsinin girov qoyaraq (girov haqqında sənəd əlavə olunur) "8 ” ha sahədə pambıq əkir və hər hektardan 30 sentnerdən az olmayaraq istehsal etdiyi xam pambığı mövcud standartlara və 27 avqust 2017-ci il tarixdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş “Xampambığın yığılması və tədarükü üzrə təlimat’-ın tələblərinə əsasən Azərbaycan X1 Pambıqtəmizləmə sənayesi üzrə üzrə filialı tərəfindən hazırlanmış və “Tədarükçü”də saxlanılan etalonlara uyğun olaraq kondisiya çəkidə müqavilədə qeyd olunmuş qiymətlərlə “Tədarükçü”nün mülkiyyətinə təhvil verilir. 2.1.2-ci bəndinə əsasən, Təsərrüfatın təhvil verəcəyi xam-pambığın nəmliyinin və zibilliyinin yuxarı həddi aşağıda qeyd edilən normadan artıq olmamalıdır,- 1-ci növ nəmlik 9%, zibillik 3%, 2-ci növ nəmlik 10%, zibillik 5%, 3-cü növ nəmlik 11%, zibillik 8%, 4-cü növ nəmlik 13%, zibillik 16% . 3.1-ci bəndinə əsasən, Xam-pambığın 1 (bir) tonunun satın alma qiyməti : birinci növ 800 manat ikinci növ 780 manat üçüncü növ 740 manat dördüncü növ 700 manat. 4.1-ci bəndinə əsasən, "Tədarükçü” bu müqavilədə qeyd olunmuş son hesablaşma tarixinə əməl etmədiyi hallarda gecikdirilmiş hər gün üçün ödənilməyən məbləğin 0.01% miqdarında, lakin ödənilməyən məbləğin 0.5 faizdən artıq olmamaq şərtilə, “Təsərrüfat” a cərimə ödəyir. 4.2-ci bəndinə əsasən, "Təsərrüfat” üzərinə götürdüyü öhdəlikdən az pambıq təhvil verərsə, onda təhvil verilməyən xam-pambığın dəyərinin 0.01 % miqdarında (birinci növ qiyməti ilə) “Tədarükçü”yə cərimə ödəyir. İşdə olan Cavabdeh Cilo oğlu (İstehsalçı) ilə "xxxx" ASC (Tədarükçü) arasında bağlanmış xx.xx.2022-ci il tarixli Girov müqaviləsinin surətinə əsasən Cavabdeh Cilo oğluna məxsus olan İmişli rayon Muradxanlı kəndində yerləşən 173,7 kv.metr fərdi yaşayış evi və İmişli rayonu Telişli kəndində yerləşən 1,5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi “xam pambığın alqı-satqısına dair” 06 yanvar 2022-ci il tarixli 03 saylı müqavilə üzrə İstehsalçının öhdəliklərinin icrasından ötrü girov qoyulmuşdur. İş materiallarında olan iş aktlarından və qaimələrdən görünür ki, həmin sənədlərlə Cavabdeh Cilo oğluna "xxxx" ASC tərəfindən ümumilkdə cəmi 5596 manat məbləğində iş görüldüyü, mal-material verildiyi və xidmət göstərildiyi tərəflərin imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan “ödəniş tapşırıq”larının surətindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh Cilo oğluna cəmi 1350 manat dəyərində nağd pul vəsaiti verilmişdir. Məhkəmə, işin qeyd olunan faktiki hallarına əsasən müəyyən edir ki, iş üzrə tərəflər öz aralarında müqavilə bağlayaraq razılığa gəlmişlər ki, iddiaçı cavabdehə məxsus olan sahədə xam pambıq əkilməsi və tədarük mövsümündə yığılmış xam pambığın iddiaçıya satılması müqabilində cavabdehə müxtəlif aqrotexniki xidmətlərin göstərilməsini, həmçinin cavabdehə avans olaraq nağd pul vəsaitinin verilməsini, cavabdeh isə tədarük etdiyi xampambığın ilk olaraq iddiaçı tərəfindən göstərilmiş xidmətlərin, verilmiş malların və nağd pul vəsaitinin qaytarılması məqsədi ilə iddiaçıya verilməsini, bundan sonra tədarük ediləcək xam pambığın razılaşdırılmış qiymətə iddiaçıya satılmasını öhdələrinə götürürlər. Həmin razılığa əsasən iddiaçı cavabdehə ümumilkdə 5596 manat avans verməsinə baxmayaraq, bunun müqabilində cavabdehin 1060,8 manat dəyərində xam pambıq təhvil verdiyini, qalan 4535,2 manat borc məbləğini isə qaytarmadığını iddia edir. Məhkəmə ilk növbədə tərəflər arasında yaranmış hüquq münasibətinin xarakterini aşkara çıxararaq ona hüquqi qiymət verməyi, bununla da iddia tələbinin maddi hüquqi əsasını müəyyən etməyi zəruri sayır. Məhkəmə işdə olan sənədlərə əsasən müəyyən edir ki, iddiaçı xam pambığın alğısatqısına dair razılığa gəldiklərini nəzərə alaraq pambığın əkilməsi üçün cavabdehə avans olaraq müvafiq xidmətlər göstərmişdir. İddia ərizəsinin məzmunundan, eləcə də işin mübahisə olunmayan faktiki hallarına əsasən gəlinən qənaətdən belə nəticə çıxarmaq olur ki, iddiaçı tərəfindən avans olaraq cavabdehə göstərilmiş xidmətlərin təyinatı alınan əşyanın qabaqcadan qismən ödənilməsindən ibarət olmuşdur. Məhkəmə, şərh olunanları nəzərə alaraq tərəflərin daxil olduqları hüquq münasibətinin xarakteri ilə bağlı qeyd edir ki, tərəflər arasında müqavilə münasibətlərindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır və həmin münasibətlər struktur baxımından mülki qanunvericilikdə nəzərdə tutulmuş alqı-satqı müqaviləsinə daha çox uyğun gəlir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halları bu nəticəyə gəlməyə əsas verir ki,iddiaçı tərəfindən cavabdehə göstərilən xidmətlərin təyinatı cavabdehin ona məxsus olan sahədən məhsul əldə etməsinə və sonradan həmin məhsulun razılaşdırılmış qiymətlərlə iddiaçıya satılmasına nail olmaqdan ibarət olmuşdur. Bu isə son nəticədə tərəflər arasında cavabdehin istehsal etdiyi məhsulun alqı-satqısının həyata keçirilməsi barədə konsensual razılığın əldə edildiyini göstərir. Buna görə də məhkəmə hesab edir ki, işin müəyyən edilən faktiki halları Azərbaycan Respublikası Mülki Məcəlləsinin alğı-satqı müqaviləsinin leqal tərifini nəzərdə tutan 567-ci maddəsinin dispozisiya şərtlərinə uyğun gəlir. Bu səbəbdən, tərəflər arasında yaranmış hüquq münasibəti, onların müqavilə münasibətlərinə daxil olarkən güddükləri hüquqi niyyət və məqsəd nəzərə alındıqda alğı-satqı müqaviləsi kimi qiymətləndirilməlidir. Məhkəmə, həmçinin iddiaçının hazırki tələbi irəli sürməsi üçün subyektiv hüquqa malik olub-olmamasına və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmamasına münasibət bildirməyi vacib hesab edir. İşin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddiaçının hazırki tələblə bağlı subyektiv hüququ tərəflər arasında bağlanılmış xam pambığın alğı-satqısına dair müqavilədən irəli gəlir. Həmin razılaşmanın şərtlərinə görə iddiaçı xam pambıq əkilməsi və tədarük mövsümündə yığılmış xam pambığın iddiaçıya satılması məqsədi ilə cavabdehə xidmətlər göstərilməsi şəklində avans verilməsini öhdəsinə götürmüşdür. İşin mübahisəsiz hallarından görünür ki, iddiaçı tərəfindən avans olaraq cavabdehə ümumilkdə cəmi 5596 manat dəyərində işlər görülmüş, xidmətlər göstərilmiş, nağd pul vəsaiti verilmişdir. Cavabdeh isə razılaşma üzrə öz üzərinə düşən öhdəliyi tam yerinə yetriməmiş, cəmi 1060,8 manat dəyərində olan xam pambıq təhvil vermiş və nəticədə onun iddiaçıya 4535,2 manat məbləğində borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, hər iki tərəfin imzası ilə təsdiq edilmiş iş aktları və qaimələrə əsasən Cavabdeh Cilo oğluna 5596 manat məbləğində iş görüldüyü, mal-material verildiyi və xidmət göstərildiyi, həmçinin ödəniş tapşırıqlarına əsasən Cavabdeh Cilo oğluna cəmi 1350 manat dəyərində nağd pul vəsaitinin verildiyi, eləcə də Cavabdeh Cilo oğlu tərəfindən iddiaçıya cəmi 1060,8 manat dəyərində pambıq təhvil verildiyi işin mübahisəsiz hallarıdır. Məhkəmə qeyd edir ki, tələb olunan borc qalığının iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin, Cavabdeh Cilo oğlu lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclaslarında iştirak etməmiş, həmçinin iddia ərizəsinə etiraz verməmiş, iddianın tam və ya qismən əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə, tələb olunan borcun cavabdeh tərəfindən iddiaçıya ödənilməməsinin tam sübut olunduğu qənaətinə gəlir. Beləliklə müəyyən olunur ki, iddiaçının hazırki tələblə çıxış etməsi üçün subyektiv hüququ vardır və həmin hüquq cavabdeh tərəfindən pozulmuşdur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh Cilo oğluna qarşı pul tələbinə dair iddiası qanuni və əsaslıdır. Məhkəmə hesab edir ki, iddianın maddi hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı normaları təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Mülki Məcəlləinin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 599.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirir. Mülki Məcəllənin 599.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki halları belədir ki, tərəflər arasında xam pambığın alğı-satqısına dair müqavilə bağlanılmışdır. İddiaçı müqavilə üzrə öhdəliyini icra edərək cavabdehə avans olaraq ümumilikdə 5596 manat dəyərində nağd pul vermiş, işlər görmüş, xidmətlər göstərmişdir, lakin cavabdeh razılaşmaya əsasən üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin aldığı avans vəsaitə görə iddiaçıya cəmi 4535,2 manat borcu yaranmışdır. Buna görə də həmin borc cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin olunduğuna görə iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 66 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməli, alqı-satqı müqaviləsi üzrə yaranmış borc məbləği, həmçinin məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş xərclər cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdeh Cilo oğlundan 4535,2 manat məbləğində pul və 66 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə cəmi 4601,2 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-3401/2025
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-3401/2025
13.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver