Məhkəmə qərarları › İş №e-2-2(121)-341/2022

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-341/2022

11.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-341/2022 11.05.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, Cavabdeh X2 iştirakı ilə İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh X4 qarşı – pul tələbi barəsində iddiasına dair işə Masallı şəhərində, Masallı Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31.01.2014-cü il tarixli 64-L/14 nömrəli müqavilə üzrə 29 360 ( iyirmi doqquz min üç yüz altmış manat) manat gecikdirilmiş əsas borcunuz və 37 022,98 ( otuz yeddi min iyirmi iki manat, 98 qəpik) manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 350 (üç yüz əlli) manat, cəmi: 66732.98 ( altmış altı min yeddi yüz otuz iki manat 98 qəpik) manat pul vəsaitinin cavabeh X1 tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Aqroservis” ASC ("xxxx" ASC) ilə cavabdeh arasında bağlanılmış31.01.2014-cü il tarixli 64-L/14 nömrəli müqaviləyə əsasən dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə kənd təsərrüfatı texnikaları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi 31.01.2014-cü il tarixli 64-L/14 nömrəli müqavilə üzrə 29 360 ( iyirmi doqquz min üç yüz altmış manat) manat gecikdirilmiş əsas borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl prosedura riayət olunmuş və nəticədə mediasiya proseduru ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə mediatorun 11.12.2021-ci il tarixli 2021-008118 saylı arayışı ilə rəsmiləşdirilmişdir. Sonradan iddiaçı “iddianın dəyişdirilməsi barədə” ərizə ilə məhkəməyə müaciət edərək, 31.01.2014-cü il tarixli 64-L/14 nömrəli müqavilə üzrə 4.712 ( dörd min yeddi yüz on iki) manat gecikdirilmiş əsas borcunuz və 11.997.98 ( on bir min doqquz yüz doxsan yeddi manat 98 qəpik) cərimə cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 350 (üç yüz əlli) manat və mediasiya xərci olaraq 200 (iki yüz) manat məbləğində pul vəsaitinin cavabeh X3 tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X5 izahat verərək iddia müddətinin tətbiq edilməsini, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Həmçinin, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini, bütün sübutların məhkəməyə elektron qaydada təqdim edildiyini və iddianın təmin edilməsi barədə iş üzrə yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, cavabdehin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" ASC ilə X5 arasında 64-L/14 saylı, 31.01.2014-cü il tarixli "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən tərtib edilmiş 11.02.2014-cü il tarixli aktla "xxxx" ASC tərəfindən kənd təsərrüfatı texnikası mülkiyyət hüququnun istifadəçiyə keçməsi şərti ilə cavabdehin istifadəsinə verilmişdir. İş materiallarında olan 11 fevral 2014-cü il tarixli aktın surətindən görünür ki, SL-3588 markalı kombayn X4 təhvil verilmiş və bu barədə tərəflər arasında akt tərtib olunaraq imzalanmışdır. İş materiallarında olan “RN-nin istifadəsində olan texnika lizinqə götürəndən geri alınarkən tərtib edilən” texniki vəziyyət haqqında 22 avqust 2015-ci il tarixli, 2 nömrəli aktın surətindən görünür ki, X5 tərəfindən lizinqə götürülmüş SL-3588 markalı kombayn 22 avqust 2015-ci il tarixində "xxxx" ASC-yə təhvil verilmişdir. İşdə olan 22.02.2022-ci il tarixli maliyyə arayışından görünür ki, X5 ilə "xxxx" ASC arasında bağlanmış 64-L/14 saylı, 31.01.2014-cü il tarixli müqaviləyə əsasən X2 həmin müqavilə üzrə 4.712 manat gecikdirilmiş əsas borcu və 11.997,98 manat cərimə borcu vardır. İş materiallarında olan 19.07.2016-cı il tarixli TT1009922 saylı qəbzin surətindən görünür ki, X5 tərəfindən "xxxx" ASC-yə 450 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı pretenziya məktubunun surətindən görünür ki, "xxxx" ASC ilə bağlanmış müqavilələrə əsasən borc yaranmışdır. Həmin vəsaitin qısa zaman ərzində ödənilməsi xahiş edilmişdir. Əks halda lizinq müqaviləsi üzrə əmələ gəlmiş borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə X4 xəbərdarlıq edilmişdir. İş materiallarında olan cavabdeh X5 tərəfindən məhkəməyə ünvanlanmış 12 aprel 2022-ci il tarixli “iddia müddətinin tətbiq edilməsinə dair” ərizədən görünür ki, cavabdeh X5 iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin ona qarşı pul tələbi barədə iddiasına dair iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan iddiaçının nümayəndəsinin ərizəsindən görünür ki, iddiaçının nümayəndəsi cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə etiraz edərək tərəflər arasında müqavilənin müddətsiz bağlanıldığını, ona görə də iddia müddətinin axımının başlanmadığını qeyd etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq, cavabdehin izahatını dinləyərək hesab edir ki, iddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Odur ki, iddia tələbi iddia müddəti ötürüldüyündən rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” 17.08.2020-ci il tarixli, 1137 nömrəli Fərmanının 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. Fərmanın 2.2-ci bəndinə əsasən, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC ilə X5 arasında 64- L/14 saylı, 31.01.2014-cü il tarixli "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə bağlanmışdır. Cavabdehin həmin müqavilə üzrə 4.712 manat gecikdirilmiş əsas borcu və 11.997,98 manat cərimə borcu vardır. Bununla yanaşı, mübahisə tərəfi olan cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə vermişdir. Məhkəmə qeyd edir ki, cavabdeh X5 tərəfindən lizinqə götürülmüş texnika 22 avqust 2015-ci il tarixində "xxxx" ASC-yə təhvil verilmiş və bu barədə 22 avqust 2015ci il tarixli, 2 nömrəli akt tərtib edilmişdir. Eyni zamanda, texnika 22.08.2018-ci il tarixində təhvil verilərkən tərəflər arasında bağlanılmış 64-L/14 saylı, 31.01.2014-cü il tarixli lizinq müqaviləsinə xitam verilməklə cavabdehin müqavilə üzrə gələcək öhdəliklərinə də xitam verilmişdir. Bundan əlavə, sözügedən texnikanın lizinqə götürülməsi ilə əlaqədar son ödəniş tarixinin 19.07.2016-cı il olması iş materialları ilə müəyyən edilir. Bununla yanaşı, iddiaçı tərəfindən 64-L/14 saylı, 31.01.2014-cü il tarixli lizinq müqaviləsi üzrə cavabdehin borcun etiraf etməsinə yönələn hərəkətləri əks etdirən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, iddiaçı üçün iddia müddətinin axımı 19.07.2016-cı ildən başlamışdır. İşin materiallarından isə görünür ki, iddiaçı mövcud iddia ərizəsi 17.01.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət edənədək, göstərilən tələb üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Qeyd olunan Məvəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə sadalanmış normaların məzmununa əsasən qeyd edir ki, mülki qanunvericilik müəyyən edilmiş müddət ərzində başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququnu müdafiə edir ki, müqavilə münasibətlərində bu müddət 3 (üç) il təşkil edir. Müddətin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır və həmin andan şəxs öz hüququnun pozulduğunu bilməlidir. İddia müddətinin tətbiqinin mümkünlüyü mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında aparılmalıdır. Lakin, iddiaçı müqavilə münasibətlərindən irəli gələn tələblər üzrə qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürmüş, bu vaxt ərzində hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməmişdir. Bundan əlavə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 27.12.2001-ci il tarixli qərarında iddia müddətinin əhəmiyyəti göstərilmişdir. Həmin Qərara əsasən iddia müddəti, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Məhkəmə, iddiaçının nümayəndəsinin iddia müddətinin tətbiq edilməməsinə dair ərizəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçının nümayəndəsinin iddia müddətinin tətbiqi ilə bağlı müddətin müqavilənin müddətsiz olması ilə əlaqələndirilməsinə dair əsası ilə razılaşmır. Belə ki, tərəflər arasında bağlanılmış 64-L/14 saylı, 31.01.2014-cü il tarixli lizinq müqaviləsinin 9-cu bəndinə əsasən bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və müqavilənin tələblərindən əmələ gələn öhdəliklər tam yerinə yetirilənədək qüvvədədir. Məhkəmə qeyd edir ki, müqavilənin qüvvədə olma müddəti öhdəliklərin tam icra edilməsi ilə əlaqələndirildikdə öhdəliklər tam icra edilməyənədək iddia müddətinin axımı başlamamış olur, öhdəliklər tam icra olunduqda isə müddətin hesablanmasına ehtiyac qalmır. Məhkəmə bildirir ki, iddiaçı ilə cavabdeh arasında olan münasibətlərin müqavilədən irəli gələn münasibətlər olması və onlara iddia müddətinin şamil edilməməsi müqavilə üzrə müəyyən edilmiş müddətlərin əhəmiyyətsizliyinə gətirib çıxara bilər. Məhkəmə, iddiaçının nümayəndəsinin iddia müddətinin tətbiq edilməməsinə dair ərizəsinə münasibət bildirərək eyni zamanda qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin predmetini kənd təsərrüfatı texnikasının dəyəri tam ödənildikdən və müvafiq sənədləşdirmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verilməsi təşkil etmişdir. Lakin cavabdeh tərəfindən lizinqə götürülmüş texnika iddiaçıya geri qaytarılmış, bu da müqavilənin predmetində göstərilən şərtlərin pozulduğunu göstərir. Həmçinin, tərəflər arasında bağlanmış müqavilənin 5.1.1-ci maddəsində qeyd olunur ki, lizinq alan tərəfindən texnikadan istifadə şəraiti bu müqavilənin şərtlərinə və ya texnikanın təyinatına uyğun olmadıqda müqavilənin şərtlərinin pozulması halı hesab edilir. Göründüyü kimi cavabdeh texnikanı iddiaçıya geri qaytararaq müqavilədə göstərilən istifadə şəraiti üçün müəyyən edilmiş şərtlərin pozulmasına səbəb olmuşdur. Bu səbəbdən də iddiaçının cavabdehin müqavilə ilə öhdəsinə götürdüyü şərtləri icra etmək tələbini irəli sürmək hüququ texnikanı cavabdehdən təhvil aldığı andan əmələ gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, "xxxx" ASC ilə X5 arasında 64-L/14 saylı, 31.01.2014-cü il tarixli lizinq müqaviləsi üzrə son icra tarixi 19.07.2016-cı il olduğundan, iddiaçının həmin öhdəlikləri məhkəmə vasitəsi ilə tələb etmək hüququ 19.07.2016-cı il tarixindən 3 (üç) il müddətində olduğundan, iddia müddəti 19.07.2019-cu il tarixdə bitmişdir. Odur ki, iddia ərizəsi iddia müddəti ötürülməklə, yəni 17.01.2022-ci il tarixində verildiyindən iddia rədd edilməlidir. Məhkəmə eyni zamanda iddianın “hüquqi yardımlı bağlı ödənilmiş 350 manat və 200 manat mediasiya xərcinin cavabdehdən alınmasına dair” hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməli olduğundan məhkəmə xərci olan hüquqi yardımlı bağlı ödənilmiş 350 manat və 200 manat mediasiya xərci iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, iddia müddəti ötürülmüş və mübahisə tərəfinin müddətin tətbiqinə dair ərizə verdiyi iddia təmin edilə bilməz. Odur ki, iddia müddəti ötürüldüyündən iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh X4 qarşı – pul tələbi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar