Məhkəmə qərarları › İş №e-2-2(121)-341/2023

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-341/2023

12.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-341/2023 12.04.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdeh X2 qarşı pul tələbinə dair işə Masallı şəhərində, Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən təhvil aldığı mallara görə ümumilikdə 6.666 (altı min altı yüz altı altı) manat məbləğində əsas borcun və ilkin mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 100 (bir yüz) manat məbləğində haqqın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra – İddiaçı) ilə X3 (bundan sonra – cavabdeh) arasında bağlanmış 10 dekabr 2018-ci il tarixli, 5310 saylı alqı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehin verdiyi sifarişlər əsasında, razılaşdırılmış miqdarda və çeşiddə malla təmin etməyi, cavabdeh isə sözügedən malları qəbul edib, qəbul etdiyi malların dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin icrası müddətində iddiaçı ilə cavabdeh arasında bir sıra malların təhviltəslimi müvafiq aktlar əsasında həyata keçirilmişdir və sözügedən aktlar iddia ərizəsinə əlavə olunmuşdur. Lakin, cavabdeh ona verilmiş malların müəyyən bir hissəsinin dəyərini iddiaçıya ödəməmişdir. Dəyəri ödənilməyən mallara görə cavabdehin iddiaçıya 6666 (altı min altı altı yüz altmış altı) manat məbləğində borcu qalmaqdadır. İddia ərizəsinə əlavə edilmiş arayışdan müəyyən olunur ki, cavabdehin iddiaçıya ümumilikdə 6666 (altı min altı altı yüz altmış altı) manat məbləğində ödənilməmiş borc öhdəliyi vardır. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh X3 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdeh X1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC (satıcı) ilə X3 (alıcı) arasında bağlanılmış xx.xx.2018-ci il tarixli, 5310 saylı alqı-satqı müqaviləsinə əsasən satıcı malları alıcının sifarişinə uyğun olaraq razılaşdırılmış miqdarda, çeşiddə, keyfiyyətdə alıcıya təhvil verməyi, alıcı isə sifarişə uyğun çatdırılmış malları təhvil almağı və malların dəyərini satıcıya müqavilədə göstərilən qaydada ödəməyi öz öhdəsinə götürmüşlər. İş materiallarında olan malların təhvil-qəbul aktlarından görünür ki, X2 ümumilikdə 7.250,90 manat məbləğində mallar satılmışdır. İş materiallarında olan elektron qaimələrdən görünür ki, X2 ümumilikdə 6.996,05 manat məbləğində mallar təqdim edilmişdir. İş materiallarında olan qalıq borca dair arayışdan görünür ki, 16 yanvar 2023-cü il tarixinə cavabdehin müqavilə üzrə iddiaçıya ümumilikdə 6.666 (altı min altı yüz altmış altı) manat məbləğində ödənilməmiş borcu qalmışdır. İş materiallarında olan pretenziya məktubundan görünür ki, İddiaçı cavabdeh X2 məktub ünvanlayaraq, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən 6.666 manat borcunun olduğunu bildirmiş, həmin borcun 3 gün ərzində ödənilməsini ondan tələb etmiş, əks təqdirdə həmin borcun məcburi qaydada alınması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəməyə müraciət ediləcəyi barədə onu xəbərdar etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, MŞL-00777 saylı “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışın surətindən görünür ki, İddiaçı MMC tərəfindən 100 manat mediasiya məbləğini ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2018-ci il tarixli, 5310 saylı malların alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən iddiaçı tərəfindən malların təhvil-qəbul aktlarına əsasən cavabdehə 7.250,90 manat məbləğində mallar verilsə də, cavabdeh həmin borc puldan qismən ödəniş etməklə müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmişdir. İddiaçı məktubla cavabdehə borcun qaytarılması ilə bağlı xəbərdarlıq göndərərək, borcun qaytarılmasını tələb etsə də, cavabdeh həmin müddət ərzində borcun ödənilməsini təmin etməmişdir. Eyni zamanda, satılmış mallar üzrə iddiaçı tərəfindən cavabdehə elektron qaimələr göndərilmişdir. Bundan əlavə, məhkəmənin 15 mart 2023-cü il tarixində keçirilən iclasında iştirak edən cavabdeh X3 izahatında iddiaçıdan 6.666 manat məbləğində malları aldığını, həmin malların pulunu ödədiyini, lakin həmin ödənişlərlə bağlı sənədləri növbəti məhkəmə iclasında təqdim edəcəyini bildirmişdir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, hazırkı işdə iddiaçının alqı-satqı müqaviləsi üzrə X2 malları təhvil verməsi, sonuncunun həmin malları təhvil alması işin mübahisəsiz halını təşkil edir. İşin mübahisəli halı isə cavabdeh tərəfindən təhvil alınan malların dəyərinin ödənilib-ödənilməməsi ilə bağlıdır. Məhkəmə işin mübahisəli halı ilə bağlı qeyd edir ki, cavabdeh 15 mart 2023-cü il tarixində keçirilən məhkəmə iclasında borcunun olmadığını və borcun ödənilməsi ilə bağlı sənədləri məhkəməyə təqdim edəcəyini bildirsə də, cavabdeh məhkəmənin xx.xx.2023-cü il tarixində keçirilən iclasına gəlməmiş, gəlməməyinin səbəbləri barədə məlumat verməmiş, o cümlədən qeyd etdiyi sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh ümumiyyətlə iddia tələbini təkzib edə biləcək heç bir tutarlı sübut və dəlil təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq, mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən normanın məzmunundan da göründüyü kimi, qanunverici sübutetmə vəzifəsini iddiaçı və cavabdeh üçün bərabər şəkildə müəyyən etmişdir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qeyd etdiyi hüquqi mövqeyə görə mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Həmin Qərarda qeyd edilən digər hüquqi mövqeyə görə sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Məhkəmə qeyd edir ki, tələbin hüquqi əsasını tərəflər arasında bağlanılmış xx.xx.2018-ci il tarixli, 5310 saylı alqı-satqı müqaviləsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Bundan əlavə, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, mallar eyni zamanda Azərbaycan Respublikası Vergi Məcəlləsi və Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 26 saylı Qərarı ilə müəyyən olunmuş qaydalara uyğun olaraq elektron qaimələrlə də cavabdehə təqdim verilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.11-6-cı maddəsinə əsasən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 71-1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı təqdim (tərtib) etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli, 26 saylı qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 1.2-ci bəndinə əsasən Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən elektron qaiməfaktura yalnız vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş şəxslər tərəfindən hazırlanır və təqdim edilir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin portalında (bundan sonra – Portal) yaradılmış elektron qaimə-faktura sistemində Azərbaycan dilində hazırlanır. Vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə Portala daxil olaraq elektron qaimə-fakturanı hazırlayır, təsdiq edir və göndərir. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən elektron qaimə-fakturanın hazırlanaraq qeydə alındığı (göndərildiyi) tarix həmin elektron qaiməfakturanın verilmə tarixi sayılır. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən elektron qaiməfaktura vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə iş materiallarında olan aktlardakı malları göndərməsəydi, cavabdeh iddiaçı tərəfindən göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin hazırki işdə bu hal mövcud deyildir. Bu hal isə cavabdeh tərəfindən iddiaçının göndərdiyi malların qəbul edilməsi və həmin malların dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlir. Göründüyü kimi, cavabdeh iddiaçı qarşısında öhdəliklərini tam yerinə yetirməmiş, tərəflər arasında bağlanılmış xx.xx.2018-ci il tarixli, 5310 saylı alqı-satqı müqaviləsinə əsasən cavabdehin 6.666 manat məbləğində borcunun olması iş materialları ilə tam sübuta yetirilir. Ona görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə, həmçinin iddianın 100 manat mediasiya xərcinin cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 227-ci, 233-cü və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 6.666 manat və mediasiya xərci olaraq ödənilmiş 100 manat, ümumilikdə 6.766 (altı min yeddi yüz altmış altı) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar