Məhkəmə qərarları › İş №e-2-2(121)-341/2024

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-341/2024

15.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-341/2024 15.01.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abdullayev Elşən Uğur oğlu – iddiaçı "xxxx" Şirkətinin Cavabdeh MMC-yə qarşı müqavilə öhdəliklərinin yerinə yetirilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək müəyyən etdi: İddiaçı "xxxx" Şirkəti Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə bağlanmış xx/xx/2019 tarixli, 002 nömrəli malların alqı-satqısına dair müqavilə və xx/xx/2019 tarixli 2019/004 nömrəli müqaviləyə 001/2019 nömrəli Əlavəyə əsasən cari tarixə mövcud 98.939 ABŞ dolları (ödəniş gününə manat ekvivalentində) borc məbləğinin, eləcə də 410 manat mediasiya xərcinin, 148.20 manat dövlət rüsumunun, ümumilikdə isə 98.939 ABŞ dolları (ödəniş gününə manat ekvivalentində) məbləğində pulun və 558.20 manat məbləğində məhkəmə xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi iddianın yoverilməzliyinə görə qəbul etməkdən imtina edilməlidir. Belə ki, “Elektron Məhkəmə” informasiya sistemindən çıxarılmış vergi ödəyicisinin məlumatından görünür ki, Cavabdeh MMC-nin hüquqi ünvanı Masallı rayonu, Ərkivan qəsəbəsidir. İş materiallarında olan "xxxx" Şirkəti ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 002 saylı müqavilənin 6.2-ci bəndindən görünür ki, tərəflər öz aralarında razılığa gələ bilməzlərsə, mübahisələr X1 müvafiq olaraq həll ediləcəkdir. İş materiallarında olan sənədlərdən "xxxx" Şirkətinin ünvanının Türkiyə Respublikasında olduğu görünür. Göründüyü kimi, tərəflər aralarında bağlanılmış müqavilə ilə aralarında yaranacaq mübahisələrin Türkiyə Cumhurriyətinin qanunvericiliyinə müvafiq olaraq həll ediləcəyi barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. Həmin Məcəllənin 450.1-ci maddəsinə görə Azərbaycan Respublikasının məhkəməsi bu bölməyə uyğun olaraq səlahiyyətli olmamasına baxmayaraq, tərəflər Azərbaycan Respublikası məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə razılığa gələ bilərlər. Belə razılıq yazılı şəkildə olmalıdır. Bununla yanaşı, “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli, 15/2023 saylı Qərarının 2.1-ci və 2-2-ci bəndlərinə əsasən məhkəmələrin beynəlxalq səlahiyyəti, xarici elementli mübahisələrin konkret dövlətin milli məhkəmələrinə olan aidiyyətidir. Əgər hər hansı dövlətin milli məhkəməsi xarici şəxslərin iştirakı ilə olan müvafiq iş üzrə beynəlxalq səlahiyyətə malik deyilsə, həmin işə baxa bilməz. Azərbaycan Respublikasının kommersiya məhkəmələri də xarici şəxslərin iştirakı ilə olan mübahisələrə yalnız o zaman baxa bilərlər ki, həmin mübahisələr üzrə beynəlxalq səlahiyyətə malik olsunlar. Xarici elementli mübahisələr üzrə Azərbaycan Respublikasının məhkəmələri beynəlxalq müqavilələrlə və ya tərəflərin razılaşması əsasında digər qayda müəyyən edilmədiyi halda (MPM-nin 28-ci maddəsi) beynəlxalq səlahiyyətə malikdir. Ona görə də, xarici elementli kommersiya mübahisələrində məhkəmələrin MPM ilə müəyyən edilmiş beynəlxalq səlahiyyətə malik olub-olmamalarının müəyyən edilməsi üçün ilk növbədə qeyd olunan iki haldan hər hansı birinin mövcudluğu aydınlaşdırılmalıdır. Həmin Qərarın 2.10-cu bəndinə görə məhkəmələrin xarici elementli mübahisə üzrə beynəlxalq səlahiyyətinin olub-olmaması müəyyən edilərkən aşağıdakı ardıcıllığa riayət edilməli və mübahisə üzrə qəbul edilən məhkəmə aktlarında müvafiq prosessual hüquq normalarına istinad edilməklə, lazımi qaydada əsaslandırılmalıdır: - tərəflər arasında Azərbaycan Respublikası məhkəməsinin və ya xarici dövlətin məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə yazılı şəkildə ifadə olunmuş ayrıca razılıq (müqavilə, saziş və s.) və ya razılaşma şərti mövcuddurmu; - əgər belə razılaşma yoxdursa, müvafiq məsələ barədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr mövcuddurmu; - əgər belə beynəlxalq müqavilə də yoxdursa, MPM-də belə beynəlxalq səlahiyyət nəzərdə tutulmuşdurmu. Göründüyü kimi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan Qərarında da tərəflər arasında Azərbaycan Respublikası məhkəməsinin və ya xarici dövlətin məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə yazılı şəkildə ifadə olunmuş ayrıca razılıq (müqavilə, saziş və s.) və ya razılaşma şərtinin mövcudluğu ilk şərt kimi müəyyən olunmuşdur. Belə olduğu təqdirdə, Cavabdeh MMC-nin hüquqi ünvanı Şirvan Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid edilmiş Masallı rayonu, Ərkivan qəsəbəsi olsa da, tərəflər öz aralarında bağlanılan müqavilə ilə aralarında yaranacaq mübahisələrin Türkiyə Cumhurriyətinin qanunvericiliyinə müvafiq olaraq həll ediləcəyini müəyyənləşdirdiklərindən, məhkəmə hesab edir ki, hazırki iddiaya baxılmasında Azərbaycan Respublikasının məhkəmələri beynəlxalq səlahiyyətə malik deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli, 15/2023 saylı Qərarının 3.1-ci bəndinə əsasən iddia ərizəsinin icraata qəbulu mərhələsində məhkəmənin mübahisə üzrə beynəlxalq səlahiyyətə malik olmadığı müəyyən edilərsə, MPM-in 153.2.1-ci maddəsinə əsasən, həmin ərizənin qəbul edilməsindən imtina edilməli və bununla əlaqədar MPM-in 153.3-cü maddəsinə uyğun olaraq, əsaslandırılmış qərardad qəbul edilməli, eyni zamanda tərəflərə xarici ölkənin məhkəməsınə müraciət hüququ izah edilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, hazırki mübahisə üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 444-cü maddəsində nəzərdə tutulmuş müstəsna səlahiyyət nəzərdə tutulmamışdır. Bundan əlavə, məhkəmə məlumat üçün bildirir ki, iddia ərizəsini imzalamış vəkil iddiaçının adından iddia ərizəsinə imza etmək və məhkəmədə çıxış etmək səlahiyyətlərini təsdiq edən sənəd (etibarnamə) qanunla müəyyən edilmiş qaydada təsdiq edilməmişdir. İş materiallarından görünür ki, iddiaçı oğlu – iddiaçı "xxxx" Şirkəti xarici hüquqi şəxsdir və hüquqi ünvanı Çalı Sanayi Böl. X2. № 15 Çalı – Nilufer – Bursa/Türkiyə Respublikasıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 439.1-ci maddəsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və beynəlxalq təşkilatların pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququ vardır. Həmin Məcəllənin 442.1-ci maddəsinə əsasən xarici hüquqi şəxslərin prosessual hüquq və fəaliyyət qabiliyyəti yaradıldığı xarici dövlətin bu şəxslərin yaradılması üçün əsas olmuş qanunu ilə müəyyən edilir. Belə ki, işdə iştirak edən xarici hüquqi şəxs müvafiq xarici ölkənin hüquqi şəxslərinin dövlət reyestrindən verilmiş çıxarış və ya səlahiyyətli dövlət orqanının verdiyi sənəd əsasında xarici hüquqi şəxsin qeydiyyata alındığı ölkədə mövcud olmasını (ləğv olunmamasını) və fəaliyyət göstərdiyini müəyyən edən sənədləri məhkəməyə təqdim etməlidir. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası 6 iyun 2000-ci il tarixli Qanununun 18-ci maddəsinə əsasən etibarnamənin forması və qüvvədə olması müddəti onun verildiyi ölkənin hüququ ilə müəyyən olunur. Lakin etibarnamənin formasına riayət edilməməsi nəticəsində o, etibarsız sayıla bilməz, bu şərtlə ki, onun forması Azərbaycan Respublikası hüququnun tələblərinə uyğun olsun. Həmin Qanunun 12-ci maddəsinə əsasən hüquqi şəxsin istinad etdiyi qanun hüquqi şəxsin təsis edildiyi ölkənin hüququ onun istinad etdiyi qanun hesab olunur. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən hüquqi şəxsin hüquq qabiliyyəti onun istinad etdiyi qanunla müəyyən olunur. Qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş iddiaçının vəkilinin səlahiyyətlərini təsdiq edən etibarnamə “05 oktyabr 1961-ci il tarixli Haaqa şəhərində imzalanmış "Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya"ya uyğun təsdiq edilməmişdir. "Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya"ya qoşulmaq barəsində Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Konvensiyam imzalamış dövlətlər razılığa gəliblər ki, “X2 gələn Dövlətlərdən birinin ərazisində edilmiş və Razılığa gələn digər Dövlətin ərazisində təqdim olunmalı rəsmi sənədlərə tətbiq edilir. Bu Konvensiyanın məqsədləri üçün aşağıdakılar rəsmi sənəd hesab edilir: a) dövlət orqanından və ya dövlətin məhkəməsi və ya iqtisadi məhkəməsi ilə əlaqəsi olan vəzifəli şəxsdən alınan sənədlər, o cümlədən dövlət ittihamçısından (prokurordan), məhkəmə katibindən, məhkəmə icraçısından alınan sənədlər. Həmin Qanunun 4.3-cü maddəsinə əsasən Şəhadətnamənin "Apostille (Convention de la Haye du 5 octobre 1961)" adlı başlığı fransız dilində göstərilməlidir. 5... Lazımi qaydada doldurulmuş şəhadətnamə imzanın həqiqiliyini, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq edir. Hazırki iş üzrə iddia ərizəsini elektron qaydada imzalanmış vəkil Nümayəndə adına verilmiş etibarnamə “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq verilməmiş, eyni zamanda etibarnamə hüquqi şəxsin mənsub olduğunu dövlətin dilində deyil, azərbaycan dilində tərtib edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə görə iddia ərizəsi iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin məcəllənin 150.1.3-cü maddəsinə əsasən iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla) iddia ərizəsinə əlavə edilməlidir. Həmçinin, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının vəkili Nümayəndə tərəfindən Şirvan Kommersiya Məhkəməsinə 148,20 manat məbləğində dövlət rüsumu (qəbzin nömrəsi: **********) ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin icraata qəbulundan imtina edildiyindən Şirvan Kommersiya Məhkəməsinə ödənilmiş 148,20 manat məbləğində dövlət rüsumu iddiaçının vəkili Nümayəndə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" Şirkətinin Cavabdeh MMC-yə qarşı müqavilə öhdəliklərinin yerinə yetirilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina edilsin. Ödənilmiş 148,20 manat məbləğində dövlət rüsumu (qəbzin nömrəsi: **********) "xxxx" Şirkətinin vəkili Nümayəndə geri qaytarılsın. İddiaçıya hazırki tələb üzrə Türkiyə Respublikasının aidiyyəti məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Şirvan Kommersiya Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar