Məhkəmə qərarları › İş №e-2-2(121)-3417/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-3417/2025

05.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-3417/2025 05.11.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Nəbiyev Rəmzi Sultan oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Tələb:

1. İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh 205,97 manat məbləğində borc və 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia onunla əsaslandırılmışdır ki, cəmiyyətin X2 və Emalı Fabriki ilə cavabdeh X1 arasında bağlanmış 3 tərəfli xx.xx.2024-cü il tarixli, 311 nömrəli xam-pambığın alqısatqısına dair müqaviləyə əsasən Sabirabad rayonu, Nizami kəndində yerləşən 5,30 hektar torpaq sahəsində pambıq əkməyi və yetişdirdiyi məhsulu Cəmiyyətə satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh Cəmiyyətdən 3928,05 manat məbləğində vəsaiti (avans, iş və xidmət) olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait (avans, iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xampambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq pambıq mövsümü başa çatsa da, kq, 2619,08 manat dəyərində xam-pambıq təhvil vermiş, həmçinin avans borcundan 1103 manat nağd şəkildə ödəniş etmiş, cəmi olaraq çəkilmiş xərclərdən hazırki dövrə kimi 205,97 manat məbləğində borcu qalmışdır. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq cavabdeh Cəmiyyətə olan borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Bu kateqoriya işlər üçün pretenziya qaydası nəzərdə tutulduğu üçün, mübahisəni məhkəməyə qədər həll edilməsi və yaranmış borcun ödənilməsi məqsədilə cavabehin ünvanına rəsmi qaydada məktub ünvanlanmış, lakin buna baxmayaraq hal-hazıradək həmin məbləğ cavabdeh tərəfindən ödənilməmiş olaraq qalmışdır. Lakin, xx.xx.2025-ci il tarixdə, xx.xx.2024-cü il tarixli, 311 nömrəli xam-pambığın alqı-satqısına dair müqavilə üzrə ca vabdeh Cavabdeh ilə Cəmiyyət arasında “Üzləşmə aktı” imzalanmış və həmin akta əsasən Cavabdeh 205,97 manat məbləğində Cəmiyyətə avans borcunun olmasını təsdiq etmişdir.

İddia ərizəsinə etiraz:

3. İddia ərizəsinin icraata götürülməsinə dair qərardad və Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinin tələblərinin qeyd olunduğu məhkəmə bildirişi (iddia ərizəsinin surəti və prosessual hüquq və vəzifələrin izahı barədə bildiriş əlavə olunmaqla) Cavabdeh təqdim olunmuş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz, iddia tələbinin əsassızlığına dair sübut məhkəməyə təqdim edilməmişdir.

Məhkəmə baxışının hədləri:

4. Mülki Prosessual Məcəllənin: - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

5. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.

Əsaslandırıcı hissə:

a) İş materialları və sübutların tədqiqi:

6. İş materiallarında olan İddiaçı MMC-nin X2 və Emalı Fabriki ilə və Cavabdeh (müqavilədə “Fermer”) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 311 nömrəli müqavilənin: -1.1-ci bəndinə əsasən, müqavilənin predmetini “Fermer” mülkiyyətində, istifadəsində və icarəsində olan 5.30 ha torpaq sahəsində (icarəyə vaya istifadəyə götürülən torpaq sahələri barədə müqavilə sair hüquq müəyyənedici sənədlər müqaviləyə əlavə olunur) pambıq əkib“Alıcı” ya satmağı,“Alıcı isə“Fermer”in istehsal etdiyi xampambığı qəbul etməyi və onun dəyərini müqavilə üzrə nəzərdə tutulmuş qiymətlə“Fermer”ə ödəməyi öhdəsinə götürür. -2.1.1-ci bəndinə əsasən, “Fermer” mülkiyyətində olan və ya icarə (istifadə) müqaviləsi əsasında istifadə etdiyi 5.30 ha torpaq sahəsində öz qüvvəsi ilə pambıq əkir və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq istehsal edib “Alıcı”nın mülkiyyətinə verir; -2.1.2-ci bəndinə əsasən, pambıq əkiləcək torpağın şum edilməsindən başlayaraq pambığın yığılmasınadək bütün aqrotexniki tədbirlərin optimal müddətlərdə və keyfiyyətlə aparılmasını təmin edir; -2.1.3-cü bəndinə əsasən, müqavilənin 2.1.2-ci bəndində göstərilən işlərin vaxtında və qusursuz yerinə yetirilməsi üçün aqrotexniki ardıcıllığa uyğun olaraq “Alıcı”dan avans vəsaitlər – (nəğdsiz qaydada pul vəsaiti, toxumluq çiyid, gübrələr, zəhərli-kimyəvi preparatlar və s.) alınması, həmçinin texnikalarla (şum, mala, disk, arx, kultivasiya, dərmanlama və s.) işlər görülməsi barədə müraciət edir; -2.1.7-ci bəndinə əsasən, “Alıcı”ya məxsus texnikalarla görülmüş şum, mala, disk, arx, kultivasiya, dərmanlama və s. göstərilən xidmətlərin, toxumluq çiyidin, zəhərli kimyəvi preparatların, gübrənin və s. dəyərini, həmçinin nəğdsiz qaydada götürülən vəsaitin məbləğini istehsal etdiyi xam-pambıqla müqavilədə göstərilmiş tarixədək tam ödəyir; -4.1-ci bəndinə əsasən, İddiaçı MMC-nin Biləsuvar filialı nəmlik, zibillik və növünə görə qüvvədə olan təlimat və standartlara əsasən xam pambığı “Fermer”dən (istehsalçıdan) aşağıdakı qiymətə qəbul edir: İ növ 800 AZN/ton, İİ növ – 780 AZN/ton, İİİ növ – 740 AZN/ton, İV növ – 700 AZN/ton; -5.2-ci bəndinə əsasən, “Fermer” üzərinə götürdüyü öhdəlikdən az miqdarda xampambıq təhvil verərsə və götürdüyü avans üzrə borclu qalarsa, təhvil verilməyən xampambığın dəyərinin 20%-i həcmində (xam-pambığın 1-ci növ qiyməti ilə) cərimə ödəyir. -7.3-cü bəndinə əsasən, hazırki müqavilə imzalandığı gündən qüvvəyə minir və xx.xx.2024-cü il tarixədək qüvvədədir.

7. İş materiallarında olan xx.xx.2025-ci il tarixli üzləşmə aktının surətindən görünür ki, xx.xx.2025-ci il tarixə Cavabdeh İddiaçı MMC-yə 205,97 manat məbləğində borcu vardır.

8. xx.xx.2025-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMCnin X2 və Emalı Fabriki ilə Cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən yaranmış borcun pretenziya alındığı vaxtdan 5 gün müddətində ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçı MMC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir.

9. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə 205,97 manat məbləğində qalıq borcu vardır.

10. İş materiallarında olan ********** nömrəli qəbzin surətindən görünür ki, İddiaçı MMC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir.

b) Tətbiq edilən hüquq:

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 599.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirir. - 599.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. - 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

- 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

13. Məhkəmə baxışının hədləri:

- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

c) Məhkəmənin mövqeyi:

14. Məhkəmə, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir.

15. Məhkəmə, tərəflərin daxil olduqları hüquq münasibətinin xarakteri ilə bağlı qeyd edir ki, tərəflər arasında müqavilə münasibətlərindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur və həmin müqavilə münasibətləri struktur baxımından mülki qanunvericilikdə nəzərdə tutulmuş alqı-satqı müqaviləsinə daha çox uyğun gəlir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halları bu nəticəyə gəlməyə əsas verir ki, iddiaçı tərəfindən cavabdehə göstərilən xidmətlərin, verilən mal-materialın və nağd pul vəsaitinin məqsədi cavabdehin ona məxsus olan sahədən daha çox məhsul əldə etməsinə və sonradan həmin məhsulun razılaşdırılmış qiymətlərlə iddiaçıya satılmasına nail olmaqdan ibarət olmuşdur. Bu isə son nəticədə tərəflər arasında cavabdehin istehsal etdiyi məhsulun alqı-satqısının həyata keçirilməsi barədə konsensual razılığın əldə edildiyini göstərir. Bu konteksdən yanaşdıqda məhkəmə hesab edir ki, tərəflər arasında olan razılaşma mülki qanunvericilikdə nəzərdə tutulmuş klassik mənada alqı-satqı müqaviləsi sayılmasa da (belə ki, Mülki Məcəllənin alqı-satqı müqaviləsinin leqal tərifini nəzərdə tutan 567-ci maddəsinə görə, alqı-satqı müqaviləsinə əsasən alıcı mülkiyyətinə qəbul etdiyi əşyanın qarşılığında xidmət, digər əşya və s. deyil, yalnız müəyyənləşdirilmiş pul məbləği ödəməyi öhdəsinə götürür), tərəflərin müqavilə münasibətlərinə daxil olarkən güddükləri hüquqi niyyət və məqsəd nəzərə alındıqda alqı-satqıya oxşar müqavilə kimi qiymətləndirilməlidir.Buna görə də, hazırki işə Azərbaycan Respublikası Mülki Məcəlləsinin alqı-satqı müqaviləsinə dair müvafiq normaları tətbiq edilməldir.

16. İş materiallarına əsasən müəyyən olunur ki, iş üzrə tərəflər öz aralarında müqavilə bağlayaraq razılığa gəlmişlər ki, iddiaçı cavabdehə məxsus olan sahədə xam pambıq əkilməsi və tədarük mövsümündə yığılmış xam pambığın iddiaçıya satılması müqabilində cavabdehə müxtəlif aqrotexniki xidmətlərin göstərilməsini, həmçinin cavabdehə avans olaraq nağd pul vəsaitinin verilməsini, cavabdeh isə tədarük etdiyi xampambığın ilk olaraq iddiaçı tərəfindən göstərilmiş xidmətlərin, verilmiş malların və nağd pul vəsaitinin qaytarılması məqsədi ilə iddiaçıya verilməsini, bundan sonra tədarük ediləcək xam pambığın razılaşdırılmış qiymətə iddiaçıya satılmasını öhdələrinə götürürlər. İşdə olan görülən işlər, xidmətlər və ödənilən vəsaitlər haqqında məlumatı özündə əks etdirən cədvəldən görünür ki, iddiaçı razılaşmaya əməl edərək öz üzərinə düşən öhdəliyi tam icra etmişdir, Cavabdeh isə həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Belə ki, Cavabdeh iddiaçıdan avans olaraq ümumi dəyəri 3928,05 manat təşkil edən aqrotexniki xidmətləri, mal-materialı, nağd vəsaiti və s. təhvil alsa da, bunun müqabilində iddiaçıya ümumi dəyəri 2619,08 manat təşkil edən xam-pambıq təhvil vermiş, həmçinin 1103 manat nağd şəkildə ödəniş etmiş, cəmi olaraq çəkilmiş xərclərdən 205,97 manat məbləğində borcu qalmışdır. Bununla da Cavabdeh müqavilə üzrə yaranmış öhdəliklərini vaxtında və lazımınca icra etmədiyi aşkar olunur.

17. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməli və cavabdehdən 205,97 manat borc cavabdehdən tutularaq iddiaçıya verilməlidir.

Məhkəmə xərcləri:

18. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli və iddia təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.

Nəticə:

19. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qətetdi:

İddia təmin edilsin. Cavabdeh 205,97 (iki yüz beş manat, doxsan yeddi qəpik) manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar