Məhkəmə qərarları › İş №e-2-2(121)-343/2021

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-343/2021

15.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-343/2021 15.04.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 450.000 manat əsas borcun, 45.000 manat faiz borcunun, 300 manat hüquqi xidmət üçün vəsaitin və ödənilmiş 15 manat dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "İddiaçı” MMC arasında bağlanmış 18 dekabr 2017-ci il tarixli müqaviləyə əsasən, Biləsuvar şəhərində “Bayraq muzeyi”nin və “Gənclər evi”nin tikintisi "İddiaçı” MMC-yə həvalə edilmişdir. Hər iki obyektin tikintisi üçün müqavilə üzrə 1.350.500 manat müəyyən edilmişdir. "İddiaçı” MMC tərəfindən müqavilə üzrə verilmiş tapşırıq tam icra edilmiş, Biləsuvar şəhərində “Bayraq müzeyi”nin və “Gənclər evi”nin tikintisi 2018-ci ilin sentyabr ayında başa çatdırılmışdır. Hər iki binanın tikintisi ilə əlaqədar, hər hansı irad bildirilməmişdir. İddiaçı MMC tərəfindən müqavilə üzrə öhdəliklər layiqincə yerinə yetirilməsinə baxmayaraq, müqavilənin digər tərəfi olan Cavabdeh öz üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Belə ki, razılaşdırılmış 1.350.500 manat pul vəsaitindən indiyə kimi cəmi 900.000 manat pul ödənilmişdir. Dəfələrlə şifahi və yazılı müraciətlər edilməsinə baxmayaraq, Cavabdeh müqavilə tərəfi olaraq öz üzərinə düşən öhdəliyini icra etmir. Cavabdeh tərəfindən öz öhdəliklərinin yerinə yetirilməsi üçün 11.12.2020-ci il tarixli pretenziya məktubu ilə müraciət edilərək, 5 gün müddətində pulun ödənilməsi xahiş edilsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Cavabdeh nümayəndəsi X5 məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək, onun təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci və 185.5-ci maddələrinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb, cavabdehin nümayəndəsini dinləyib, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 18.12.2017-ci il tarixli mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsindən görünür ki, Cavabdeh (sifarişçi) ilə İddiaçı (icraçı) arasında Biləsuvar rayonunda “Gənclər Evi”nin və “Bayraq Muzeyi”nin inşaat işlərinin yerinə yetirilməsinə dair müqavilə bağlanılmışdır. Müqaviləyə əsasən, icraçı “Gənclər Evi”nin və “Bayraq Muzeyi”nin inşaat işlərinin, kommunikasiya xəttlərinin çəkilməsi və avadanlıqların quraşdırılması işlərinin yerinə yetirilməsini, sifarişçi isə yerinə yetiriləcək işlərin dəyəri olan 1.350.500 manat ödəməyi öhdələrinə götürmüşdürlər. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdehnə ünvanlanan 27.11.2020ci il tarixli ərizənin surətində qeyd olunmuşdur ki, Biləsuvar RİH ilə İddiaçı MMC arasında Biləsuvar şəhərində “Bayraq Muzeyi”nin və “Gənclər Evi”nin tikintisi ilə əlaqədar 18.12.2017-ci il tarixdə müqavilə imzalanmışdır. Həmin müqavilə üzrə tikinti işləri 2018-ci ilin sentyabr ayında başa çatdırılmışdır. Müqavilə üzrə hər iki obyektin tikintisi üçün Biləsuvar RİH İddiaçı MMC-yə 1.350.500 manat məbləğində vəsait verməli idi. İnşaat işləri bitdikdən sonra 900.000 manat pul ödənilmiş, 450.000 manat borc qalmışdır. İddiaçı MMC-yə olan borcun ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyi və dövlət orqanları qarşısında məsələ qaldırılması xahiş edilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdehnə ünvanlanan pretenziya məktubunun surətində qeyd olunmuşdur ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 18 dekabr 2017-ci il tarixli müqavilə əsasında Biləsuvar şəhərində “Bayraq Muzeyi”nin və “Gənclər Evi”nin tikintisi sonuncuya həvalə edilmişdir. Hər iki obyektin tikintisinin dəyəri 1.350.500 manat müəyyən edilmişdir. İddiaçı MMC tərəfindən müqavilə üzrə verilmiş tapşırıq icra edilmiş, Biləsuvar şəhərində “Bayraq Muzeyi”nin və “Gənclər Evi”nin tikitisi 2018-ci ilin sentyabr ayında başa çatdırılmışdır. Hər iki binanın tikintisi ilə əlaqədar hər hansı irad bildirilməmişdir. Hal-hazırda “Bayraq Muzeyi” və “Gənclər Evi” rayon sakinlərinin istifadəsindədir. İddiaçı MMC tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilməsinə baxmayaraq, Cavabdeh öz üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Belə ki, razılaşdırılmış 1.350.500 manat pul vəsaitindən indiyə kimi cəmi 900.000 manat pul ödənilmişdir. Dəfələrlə şifahi və yazılı müraciətlər edilməsinə baxmayaraq, Cavabdeh müqavilə tərəfi olaraq, öz üzərinə düşən öhdəliyi icra etmir. Tərəflər arasında bağlanılmış 18 dekabr 2017-ci il tarixli müqavilə üzrə ödənilməli olan 1.350.500 manat pul vəsaitindən qalan 450.000 manat pul vəsaitinin 5 gün müddətində İddiaçı MMC-yə ödənilməsi xahiş edilmiş, əks təqdirdə əsas pulun, maddi və mənəvi zərərin, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə məhkəmədə iddia qaldırılacağı barədə Cavabdeh məlumatlandırılmışdır. İş materiallarında olan Cavabdeh tərəfindən Şirvan Kommersiya Məhkəməsinə ünvanlanmış 23.02.2021-ci il tarixli, 1/95 saylı məktubda qeyd olunmuşdur ki, iddia ərizəsindəki fikirlər əsassızdır. Belə ki, Cavabdeh aparatının mühasibat sektorunda Biləsuvar şəhərindəki “Bayraq Muzeyi”nin və “Gənclər Evi”nin tikintisi ilə bağlı keçirilmiş açıq tenderlə bağlı İcra Hakimiyyəti ilə bağlanmış müqavilə, maliyyə vəsaitinin ayrılması, İddiaçı MMC-yə ilkin halda 900.000 manat vəsait ödənilməsi və ödənilməmiş 450.000 manat vəsaitin qalması barədə heç bir sənəd aşkar olunmamışdır. İş materiallarında olan 01.12.2017-ci il tarixli xidmət göstərilməsinə dair müqavilənin surətindən görünür ki, İddiaçı MMC ilə X3 arasında mühəndis və fəhlələr üçün ictimai iaşə xidmətinin göstərilməsinə dair müqavilə bağlanılmışdır. İş materiallarıda olan 02.07.2018-ci il tarixli, 003 saylı müqavilənin və 02.07.2018-ci il tarixli təhvil-təslim aktının surətində qeyd olunur ki, İddiaçı MMC ilə X8 arasında Biləsuvar Bayraq muzeyinin tərtibatının hazırlanmasına dair müqavilə bağlanılmış, icraçı Biləsuvar Bayraq muzeyinin tərtibatının hazırlanmasını yerinə yetirmiş və xidmət haqqı kimi icraçıya 26.478 manat ödənilmişdir. İş materiallarında olan 24.08.2018-ci il tarixli, 41 saylı müqavilənin surətindən görünür ki, İddiaçı MMC ilə X7 arasında çərçivələrin alınması üçün müqavilə bağlanılmışdır. İş materiallarıda olan 15.04.2021-ci il tarixli çıxarışdan görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanılmış 18.12.2017-ci il tarixli mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi ilə əlaqədar, 2018-2019-cu illər ərzində İddiaçı MMC tərəfindən Cavabdehnə elektron vergi hesab fakturası təqdim edilməmişdir (təqdim olunmuş EVHFlər İddiaçı MMC ilə bağlanılmış digər müqavilələrlə bağlıdır). Məhkəmə iclasıda şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, o, 15 ildən artıq müddətdir ki, İddiaçı MMC ilə əməkdaşlıq edir. Biləsuvar rayonunda “Gənclər evi” və “Bayraq muzeyi”nin tikintisinə o rəhbərlik etmişdir. Lakin İddiaçı” MMC ilə müqavilə bağlamamışdır və əmək kitabçasında İddiaçı MMC-də işləməyinə dair qeyd yoxdur. Qeyd olunan binaların tikintisi ilə əlaqədar işçiləri o qəbul etmişdir. İşçilər daimi olaraq işə qəbul olunmamışdır. İşçilər işə qəbulla bağlı ərizə təqdim etmiş və onların əməkhaqqları nağd olaraq ödənilmişdir. Bununla bağlı vergi orqanına və Dövlət Sosial Müdafiə Fonduna maaşdan pul köçürülmüşdür. İşçilərin hamısına ayrılıqda ödəniş olunmamış, 15 nəfərə 1 nəfər rəhbərlik etmiş, VÖEN həmin şəxsin adına açılmış və ödənişlər həmin adamın adına ödənilmişdir. O da, əməkhaqqını nağd olaraq almışdır. Onun əməkhaqqısı 1.300 manat təşkil etmişdir. Hazırda İddiaçı MMC-də işləmir. Yalnız iş olduğu təqdirdə işləyir. İşlərin görülməsinə dair xərclər İddiaçı MMC tərəfindən ödənilmişdir. Pul İddiaçı MMC-nin bank hesabına köçürülmüş, bundan başqa poçtla göndərilmişdir. Binalar 25-26 avqust 2018-ci ildə təhvil verilməli idi. Lakin tam olaraq hazır deyildi. İddiaçı MMC binaların tikintisinə nəzarət etmişdir. Cavabdeh işçiləri də orada olmuşdur. O, işlərin görülməsi ilə bağlı lazimi materialların göndərilməsinə dair sifarişləri İddiaçı MMC-yə bildirirdi. Binaların tikintisi zamanı tikinti materialları, qum qrabel, kərpic və mexanizmlərin istifadəsi Cavabdeh tərəfindən təmin olunurdu. İcra Hakimiyyəti də öz imkanları daxilində köməklik edirdi. Binaların tikintisi zamanı İcra Hakimiyyətinin memar və arxitektorları orada olmuşlar. Binaların tikintisində İddiaçı MMC-dən başqa şirkət iştirak etməmişdir. Görülən işlərin haqqı tam olaraq ödənilməmişdir. Bu barədə İddiaçı MMC-nin direktoru X1 məlumat verilmiş, lakin o da, İcra Hakimiyyəti tərəfindən görülən işlərin dəyəri ödənildiyi təqdirdə işçilərin qalan maaşlarının veriləcəyini bildirmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanılmış Biləsuvar rayonunda “Gənclər Evi”nin və “Bayraq Muzeyi”nin inşaat işlərinin yerinə yetirilməsinə dair 18.12.2017-ci il tarixli mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinə əsasən, icraçı “Gənclər Evi”nin və “Bayraq Muzeyi”nin inşaat işlərinin, kommunikasiya xəttlərinin çəkilməsi və avadanlıqların quraşdırılması işlərinin yerinə yetirilməsini, sifarişçi isə yerinə yetiriləcək işlərin dəyəri olan 1.350.500 manat ödəməyi öhdələrinə götürmüşdürlər. İddiaçı həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirildiyini, lakin cavabdeh tərəfindən cəmi 900.000 manat ödənildiyini, 450.000 manat borcun qaldığını bildirmiş, bununla bağlı cavabdehə müraciət etmiş, borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi tərəflər arasında yaranan hüquq münasibətləri 18.12.2017-ci il tarixli mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsindən irəli gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 755-ci maddəsinə əsasən, podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Tərəflər arasında bağlanılmış 18.12.2017-ci il tarixli mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin 2.1-ci bəndinə əsasən, tərəflər təsdiq edirlər ki, “İcraçı” Biləsuvar rayonunda “Gənclər Evi”nin və “Bayraq Muzeyi”nin inşaat işlərinin yerinə yetirilməsini öhdəsinə götürür. Yerinə yetiriləcək işlərin ümumilikdə dəyərinin satın alınması üçün “İcraçının” 1.350.500 qiymət təklifini qəbul etmişdir. Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən, “İcraçı” müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında “Sifarişçi”yə satın alınan tender şərtlərində nəzərdə tutulmuş “Gənclər Evi”nin və “Bayraq Muzeyi”nin inşaat işlərinin, kommunikasiya xəttlərinin çəkilməsi və avadanlıqların quraşdırılması işlərinin təhvil verilməsini öhdəsinə götürür. Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən, “Sifarişçi” müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların (işlərin və ya xidmətlərin) “İcraçı”dan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. Həmin Müqavilənin 2.5-ci bəndinə əsasən, “İcraçı”nın tender təklifi və qiymət cədvəlləri, müqavilənin xüsusi şərtləri (müqavilənin şərtlərini dəqiqləşdirən sənəd), texniki şərtlər (çertyojlar, cizgilər, layihələr), “İcraçı”nın tender təklifini təsdiq edən əsaslandırıcı sənədlər, tender təklifini aksept edilməsi barədə bildiriş müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunur. Həmin Müqavilənin 13.1-ci bəndinə əsasən, müqavilə üzrə ödəmələr (o cümlədən avans ödənişi) “Sifarişçi” tərəfindən tenderin əsas şərtlər toplusunda və müqavilənin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, “İcraçı”nın təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 30 bank günündən gec olmayaraq aparılır. Həmin Müqavilənin 13.3-cü bəndinə əsasən, “Sifarişçi” müqavilənin icrasını təmin etmək məqsədi ilə hər ödənişdən müqavilənin xüsusi şərtlərində göstərilən məbləği tutur. Həmin vəsait müqavilənin icrası tam başa çatdırıldıqdan (texniki təminat müddəti daxil olmaqla) və bunu təsdiq edən sənədlər tərtib olunduqdan sonra (qüsurların aradan qaldırılmasını nəzərə almaqla) 30 bank günü müddətində “İcraçı”ya ödənilir. Həmin Müqavilənin 14.3-cü bəndinə əsasən, müqavilənin icrası müqavilənin xüsusi şərtlərində göstərilmiş müddət ərzində və “Sifarişçi” tərəfindən təsdiq olunmuş qrafiklər əsasında aparılır. Qrafiklər yalnız tərəflərin yazılı razılığı əsasında dəyişilə bilər. Bu hallarda “İcraçı”nın müqavilə üzrə öhdəlikləri və müqavilənin icra müddəti dəyişilmir. Həmin Müqavilənin 16-cı bəndinə əsasən, “İcraçı” tenderin əsas şərtlər toplusunda nəzərdə tutulduğu halda müqavilənin icrası üçün tələb olunan submüqavilələr bağlaya bilər. Submüqavilələr haqqında ətraflı məlumat (o cümlədən onları icra edənlərin ixtisas uyğunluğu haqqında məlumat) “İcraçı”nın tender təklifində göstərilir. Submüqavilələrin bağlanılması yalnız “Sifarişçi”nin yazılı razılığı əsasında edilir. Həmin Müqavilənin 22.2-ci bəndinə əsasən, müqavilənin yerinə yetirilməsinin sənədləşdirilməsi “İcraçı” tərəfindən müqavilənin xüsusi şərtlərində nəzərdə tutulmuş qaydada aparılır. İddia ərizəsindən və iş materiallarından görünür ki, iddiaçı 18.12.2017-ci il tarixli müqaviləyə əsasən, cavabdehdən 450.000 manat pul tələb edir. Cavabdehin nümayəndəsi isə məhkəmə iclaslarında izahat verərək, bağlanılmış müqavilə və 900.000 manat pulun ödənilməsi ilə bağlı Cavabdehndə hər-hansı sənədin aşkar olunmadığını, Biləsuvar rayonunda “Bayraq meydanı” və “Gənclər evi”nin mövcud olduğunu, lakin onların tikilməsi ilə əlaqədar dövlət büdcəsindən Cavabdehnə vəsaitin ayrılmadığını və dövlət proqramında bu barədə məlumatın qeyd olunmadığını, “Bayraq meydanı” və “Gənclər evi”nin "İddiaçı” MMC tərəfindən deyil, daxili imkanlar hesabına tikildiyini, görülən işlərlə bağlı “Forma 2” sənədlərinin mövcud olmadığını bildirmişdir. Göründüyü kimi, tərəflər arasında 18.12.2017-ci il tarixli mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi bağlanılsa da, “Bayraq meydanı” və “Gənclər evi”nin məhz "İddiaçı” MMC tərəfindən tikilməsinə, tikililərin Cavabdehnə təhvil verilməsinə, Cavabdeh tərəfindən tikililərin təhvil alınmasına və bununla bağlı "İddiaçı” MMC-yə 900.000 manat pul ödənilməsinə (və ya həmin pulun mal-material və xidmət şəklində verilməsinə) dair iddiaçı tərəfindən məhkəməyə hər-hansı mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Məhkəmə həmçinin qeyd edir ki, yalnız Cavabdeh ilə İddiaçı arasında Biləsuvar rayonunda “Gənclər Evi”nin və “Bayraq Muzeyi”nin inşaat işlərinin yerinə yetirilməsinə dair 18.12.2017-ci il tarixli mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin bağlanılması 450.000 manat pulun Cavabdeh tərəfindən İddiaçı MMC-yə ödənilməli olması qənaətinə gəlmək üçün yetərli deyildir. Həmin məbləğin ödənilməsi üçün “Gənclər Evi”nin və “Bayraq Muzeyi” İddiaçı MMC tərəfindən müqavilə üzrə nəzərdə tutulmuş qaydada, vaxtında, qüsursuz və keyfiyyətli şəkildə həyata keçirilməli, görülmüş işlər cavabdehə təhvil verilməli və bütün bunlar müvafiq qaydada sənədləşdirilməlidir ki, bu hallar iş materialları ilə müəyyən olunmadığından, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş 01.12.2017-ci il tarixli, 02.07.2018-ci il tarixli, 003 saylı və 24.08.2018-ci il tarixli, 41 saylı müqavilələri mötəbər sübut kimi qəbul etmir. Belə ki, əvvəla tərəflər arasında müqavilə 18.12.2017-ci il tarixdə bağlanılsa da, İddiaçı MMC ilə X3 arasında mühəndis və fəhlələr üçün ictimai iaşə xidmətinin göstərilməsinə dair müqavilə daha əvvəl, yəni 01.12.2017-ci il tarixdə bağlanılmışdır ki, bu anlaşılan deyildir. Digər tərəfdən, İddiaçı MMC ilə X7 arasında çərçivələrin alınması üçün 24.08.2018-ci il tarixli, 41 saylı müqavilə bağlanılsa da, həmin müqavilənin “Gənclər Evi”nin və “Bayraq Muzeyi”nin inşasına aidiyyəti müəyyən olunmur. İddiaçı MMC ilə X8 arasında Biləsuvar Bayraq muzeyinin tərtibatının hazırlanmasına dair 02.07.2018-ci il tarixli, 003 saylı müqavilə və 02.07.2018-ci il tarixli təhvil-təslim aktı ilə bağlı isə məhkəmə qeyd edir ki, həmin müqavilənin icra olunması Cavabdeh tərəfindən təsdiq edilməmiş, ödənişlərin rəsmi qaydada aparılması və elektron qaimə fakturaların mövcudluğu müəyyən olunmur. Lakin ən əsası isə, qeyd olunan müqavilələrin bağlanılmasına dair Cavabdeh yazılığı razılığının olması iş materialları ilə müəyyən olunmur. Halbuki, tərəflər arasında bağlanılmış 18.12.2017-ci il tarixli müqavilənin 16-cı bəndinə əsasən, submüqavilələrin bağlanılması yalnız “Sifarişçi”nin yazılı razılığı əsasında edilir. Bundan başqa, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş qaimələri, hesab fakturaları və digər cədvəlləri də mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, həmin cədvəllər imzalanmamış və möhürlənməmiş, ciddi hesabat blanklarında tərtib edilməmişdir. Qaimələr və hesab fakturaların isə hazırki mübahisə ilə bağlılığı müəyyən olunmur. Məhkəmə o cümlədən qeyd edir ki, 15.04.2021-ci il tarixli çıxarışdan görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında Biləsuvar rayonunda yolların əsaslı təmiri və abadlıq işlərinə müxtəlif müqailələr bağlanılaraq, həmin müqavilələr əsasında İddiaçı MMC tərəfindən Cavabdehnə 2018-2019-cu illər ərzində elektron vergi hesab fakturası təqdim edilsə də, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanılmış 18.12.2017-ci il tarixli mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi ilə əlaqədar, 2018-2019-cu illər ərzində İddiaçı MMC tərəfindən Cavabdehnə hər-hansı elektron vergi hesab fakturası təqdim edilməmişdir. Qeyd edilməlidir ki, iddia ərizəsində Cavabdeh tərəfindən İddiaçı MMC-yə 18.12.2017-ci il tarixli mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi ilə əlaqədar 900.000 manat pul ödənildiyi qeyd edilsə də, bununla bağlı da məhkəməyə hər-hansı sübut təqdim edilməmişdir. Məhkəmə həmçinin şahid qismində dindirilmiş X4 ifadəsini də mötəbər sübut kimi qəbul etmir. Məhkəmə hesab edir ki, hazırki iddianın yalnız sözügedən şahid ifadəsinə əsasən təmin edilməsi mümkün deyildir. Belə ki, şahidin ifadəsində qeyd olunan hallar hərhansı digər sübutlarla öz təsdiqini tapmır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə 45.000 manat faiz borcunun və 300 manat hüquqi xidmət üçün vəsaitin tutulması tələbinə münasibətdə hesab edir ki, əsas borc təmin edilmədiyindən, iddia bu hissədə də təmin edilməməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan normalara əsasən hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-cı, 220-ci, 227-ci, 358-ci, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar