Məhkəmə qərarları › İş №e-2-2(121)-346/2022

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-346/2022

18.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № e-2-2(121)-346/2022 18.01.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Cabbarov İlqar Hidayət oğlu – iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfat Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsini nəzərdən keçirərək müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfat Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı 02.03.2016-cı il tarixli, 658-GL/16 nömrəli müqavilə üzrə 10.848 manat əsas borcun, 9.980,20 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 350 manatın, cəmi 21.178,20 manat pul vəsaitinin cavabdehdən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və iddia ərizəsinə əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. İş materiallarında olan “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən çıxarılmış məlumatdan görünür ki, Cavabdeh 17.01.2018-ci il tarixdə ölmüşdür. İş materiallarından isə görünür ki, iddiaçı mövcud iddia ərizəsi ilə 17.01.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, Cavabdeh iddiaçı 17.01.2022-ci il tarixdə məhkəməyə müraciət etməmişdən əvvəl, yəni 17.01.2018-ci il tarixdə vəfat etmişdir. Sadalanan xüsusata əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman Cavabdeh ölmüş olduğundan, bununla da Cavabdeh hesab edilmədiyindən, iddia tələbinə məhkəmə qaydasında baxılmalı deyildir. Buna görə də, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli və iddiaçıya Cavabdeh vərəsələri olduğu təqdirdə, onun vərəsələrinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cu maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 268-269–cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfat Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi, iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. İddiaçıya Cavabdeh vərəsələri olduğu təqdirdə, onun vərəsələrinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Şirvan Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar