Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-3465/2024 28.10.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abbasov Zaur Vahid oğlu, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-nə qarşı pul tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq müəyyən etdi: İddiaçı MMC cavabdeh "xxxx" MMC-nə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən 119894 (yüz on doqquz min səkkiz yüz doxsan dörd) manat əsas borcun və faydalanmağa görə bank faiz uçot dərəcəsi ilə 1438 ( bir min dörd yüz otuz səkkiz) manat, cəmi 121 332 (bir yüz iyirmi bir min üç yüz otuz iki) manat pul məbləğinin, həmçinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 412 (dörd yüz on iki) manat dövlət rüsumunun alınaraq iddiaçı “X2” MMC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi, işdə iştirak edən digər şəxs tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin elektron qaydada alınması haqqında sənədin, həmçinin cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənədin (kommersiya mübahisələrinə dair işlərə dair qanunvericiliyin tələblərinə uyğun təqdim edilmiş) iddia ərizəsinə əlavə edilmədiyi və iddia ərizəsi buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığı əsasları ilə geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin, həmçinin pretenziya məktubunun iddiaçı tərəfindən elektron qaydada cavabdeh "xxxx" MMC-nə çatdırılmasına dair sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.1.4-cü maddəsinə əsasən, bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Azərbaycan Respublikası MPM-nin 149.2.4-cü maddəsinə əsasən, ərizədə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilməlidir. Həmin Məcəllənin 150.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Azərbaycan Respublikası MPM-nin 152.1.4-cü və 152.1.6-cı maddələrinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə həmçinin qeyd edir ki, iddia ərizəsi onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalandığına görə geri qaytarılmalıdır. Belə ki, ərizəni imzalayan şəxs haqqında məlumatdan görünür ki, iddia ərizəsi nümayəndə və vəkil Nümayəndə tərəfindən imzalanmışdır. Lakin iddia ərizəsinə vəkil Nümayəndə orderi əlavə edilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69cu maddəsinə görə, hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər (69.1), hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. (69.2). Nümayəndənin səlahiyyətinin rəsmiləşdirilməsi qaydasını müəyyən edən MPM-nin 73-cü maddəsi ilə nümayəndənin səlahiyyətinin qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməli olması (73.1), vəkilin səlahiyyətinin qanunla müəyyən olunmuş qaydada təsdiq edilməli olması (73.5) nəzərdə tutulmuşdur. Göründüyü kimi, MPM-nin 73.5-ci maddəsi göndərici normadır və vəkilin nümayəndə qismində səlahiyyətinin rəsmiləşdirilməsi qaydasının başqa (sahəvi) qanunla müəyyən edildiyini nəzərdə tutur. Vəkillərin fəaliyyətini tənzimləyən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun vəkillik fəaliyyətinin həyata keçirilməsinin ümumi qaydalarını müəyyən edən 5-ci maddəsinin İİ və İİİ hissələrinə əsasən, vəkillik fəaliyyəti hüquqi yardım üçün müraciət etmiş şəxslərin hüquqlarının və mənafelərinin müdafiəsinin və ya təmsil edilməsinin vəkilə həvalə edilməsi əsasında və onların tapşırıqlarına müvafiq olaraq həyata keçirilir, vəkilin ədalət mühakiməsində iştirakı yalnız hüquqi yardım üçün müraciət edən şəxslə fərdi qaydada fəaliyyət göstərən vəkil və ya bu maddənin V hissəsində göstərilən vəkilin daxil olduğu qurum arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Sadalanan qanun normalarına əsasən müəyyən edilir ki, vəkilin ədalət mühakiməsində iştirakı, həmçinin iddia ərizəsini imzalamaq səlahiyyəti yalnız hüquqi yardım üçün müraciət edən şəxslə bağlanmış müqavilə əsasında həyata keçirilə bilər. Həmin müqavilənin bağlanması və müqaviləyə əsasən vəkilin səlahiyyəti isə orderlə təsdiq olunur. Buna görə də vəkilin ədalət mühakiməsində istər yalnız vəkil, istərsə də həm vəkil, həm də nümayəndə qismində tam səlahiyyətli şəxs kimi iştirak etməsi üçün order təqdim etməsi zəruridir. Azərbaycan Respublikası MPM-nin 149.1-ci maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Azərbaycan Respublikası MPM-nin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə yuxarıda göstərilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyinə görə iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Buna görə də iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə hesab edir ki, iddia ərizəsinin geri qaytarılması qərara alındığına görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1-ci və 114.1.3cü maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 149-152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-nə qarşı pul tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş 414,38 manat məbləğində dövlət rüsumu (mədaxil qəbzi № **********) iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra, iddianın qiymətinə uyğun rüsum ödənilməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-3465/2024
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-3465/2024
28.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver