Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-3502/2025 04.11.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Nəbiyev Rəmzi Sultan oğlu, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə müəyyən etdi: Tələb:
1. İddiaçı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 279.33 manat dəyərində borcun, 27.93 manat cərimə və 30.00 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin Ağcabədi Filialı ilə cavabdeh: Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 01/22-17 nömrəli alqı-satqı müqaviləsinə əsasən Ağcabədi rayonu, Qaraxanlı kəndi ərazisində yerləşən 7.0 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 12111.10 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında; 32.00 manat məbləğində çöp doğraqma, 87.40 manat məbləğində 1- ci şum, 180.00 manat məbləğində 2-ci şum, 140.00 manat məbləğində diskli mala, 119.00 manat məbləğində mala çəkmə, 70.00 manat məbləğində arx çəkmə, 70.00 manat məbləğində kanal çəkmə, 105,00 manat məbləğində çiyid səpini(90sm), 1224.00 manat məbləğində kultivasiya, 8.00 manat məbləğində boroza, 481,00 manat məbləğində dərman səpini, 1050.00 manat məbləğində maşınla 1-ci üz pambıq yığımı, 2220.60 manat məbləğində dərman/gübrə, 921.60 manat məbləğində çiyid toxumu, 5402,50 manat məbləğindəalaq təmizləmə və suvarma, arat pulu, cəmi: 12111.10 manat məbləğində işlər görülmüş,avans verilmiş, xidmətlər göstərilmişdir. cavabdeh müqavilənin şərtlərini pozaraq,mövsüm başa çatsa da 9831.77 manat məbləğində 12425.72 kq xam-pambıq təhvil vermiş, 2000.00 manat nəqd ödəmiş, bununla da iddiaçıya 279.33 manat məbləğində borcu qalmışdır. Eyni zamanda, tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin 2.2.3-ci bəndinə əsasən alıcı tərəfindən göstərilən servis xidmətlərin, nisyə verilən nəğd pul vəsaitini, mineral gübrənin, pestisidlərin və toxumun dəyərini müqavilənin 2.2.2-ci bəndində nəzərdə tutulan müddətdə tam şəkildə alıcıya ödəyir, əks halda hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 0,1% həcmində, 10% artıq olmamaq şərtilə satıcıya cərimə ödəyir. Göründüyü kimi cavabdeh: Cavabdeh borcun ödənilməsi ilə bağlı öhdəliyi icra etməkdən imtina etməklə, cəmiyyətin mənafeyinə zərər vurmuş, bununla da onun barəsində müqavilənin 2.2.3 bəndlərinə əsasən ödənilməyən məbləğin 10% həcmində 27.93 manat məbləğində cərimə tətbiq edilməlidir. Bununla da cavabdehin borcu- 307.26 manat təşkiledir. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq cavabdeh iddiaçıya olan borcunu ödəməkdən üzürsüzsəbəblərdən yayınmışdır. Cavabdehin borcluqalması hər iki tərəfin imzası ilə təsdiq edilmiş iş və xidmətlərin görülməsi barədə xx.xx.2023-cü il tarixli aktlar(üzləşməaktı), ödəmə tapşırıqları və digər sənədlərlə təsdiq edilir.
İddia ərizəsinə etiraz:
3. İddia ərizəsinin icraata götürülməsinə dair qərardad və Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinin tələblərinin qeyd olunduğu məhkəmə bildirişi (iddia ərizəsinin surəti və prosessual hüquq və vəzifələrin izahı barədə bildiriş əlavə olunmaqla) xx.xx.2025-ci il tarixində Cavabdeh poçt vasitəsilə təqdim olunmuş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz, iddia tələbinin əsassızlığına dair sübut məhkəməyə təqdim edilməmişdir.
Məhkəmə baxışının hədləri:
4. Mülki Prosessual Məcəllənin: - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
5. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.
Əsaslandırıcı hissə:
a) İş materialları və sübutların tədqiqi:
6. İş materiallarında olan (“Alıcı”) İddiaçı MMC-nin “Ağcabədi” filialı və Cavabdeh (müqavilədə “Fermer”, “Satıcı”) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 01/22-17 nömrəli xam pampığın alqı-satqısına dair Müqavilənin: 1.1-ci bəndinə əsasən müqavilənin predmetini “Alıcı” tərəfindən "Satıcı”ya məxsus (mülkiyyətində və ya istifadəsində olan) Ağcabədi rayonu, Qaraxanlı kəndində yerləşən 7,0 ha torpaq sahəsində pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddət, qiymət və həcmdə keyfiyyətlə yerinə yetirilməsi, "Satıcı" tərəfindən yığılmış məhsulun bu müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində "Alıcıya" təhvil verilməsi və "Alıcı” tərəfindən "Satıcının” borcları çıxılmaq şərti ilə məhsulun nəmliyi, zibilliyi və növü nəzərə alınmaqla onun dəyərinin ödənilməsi təşkil edir; 3.2-ci bəndinə əsasən, məhsulun olmaması və ya az olması “Satıcı-Fermer”i göstərilmiş xidmətlərin, alınmış vəsaitin, nisyə alınmış toxum, mineral gübrə və pestisidlərin dəyərinin ödənilməsi öhdəliyindən azad etmir; 4.1-ci bəndinə əsasən, “Alıcı” nəmlik, zibillik və növünə görə qüvvədə olan təlimat və standartlara əsasən xam pambığı “Satıcı”dan (istehsalçıdan) aşağıdakı qiymətə qəbul edir: İ növ 700 AZN/ton, İİ növ – 680 AZN/ton, İİİ növ – 630 AZN/ton, İV növ – 600 AZN/ton; 7.1-ci bəndinə əsasən, hazırki müqavilə imzalandığı gündən qüvvəyə minir və müqavilədən irəli gələn öhdəliklər tam icra olunanadək qüvvədədir.
7. İş materiallarında olan İddiaçı MMC-nin Ağcabədi filialı ilə Cavabdeh arasında imzalanmış xx.xx.2023-cü il tarixli “İş və xidmətlərin yerinə yetirilməsi aktı”na əsasən fermer Cavabdeh ümumilikdə fermerdən alınmış xam pambıq və fermer tərəfindən dərman və gübrə üçün ödənilmiş subsidiya ümumilikdə 12111,10 manat təşkil etmiş, fermer Cavabdeh isə 9831,77 manat məbləğində 12425,72 kq xam-pambıq təhvil vermiş, 2000.00 manat nağd ödəmiş, nəticədə isə fermerin 279,33 manat borcu qalmışdır.
8. İş materiallarında olan pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMCnin Ağcabədi filialı ilə Cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən yaranmış borcun pretenziya alındığı vaxtdan ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçı MMC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir.
9. İş materiallarında olan ********** nömrəli qəbzin surətindən görünür ki, İddiaçı MMC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir.
b) Tətbiq edilən hüquq:
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 599.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirir. - 599.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. - 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
- 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
c) Məhkəmənin mövqeyi:
12. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə uyğun olaraq işə, təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir.
13. Məhkəmə, tərəflərin daxil olduqları hüquq münasibətinin xarakteri ilə bağlı qeyd edir ki, tərəflər arasında müqavilə münasibətlərindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur və həmin müqavilə münasibətləri struktur baxımından mülki qanunvericilikdə nəzərdə tutulmuş alqı-satqı müqaviləsinə daha çox uyğun gəlir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halları bu nəticəyə gəlməyə əsas verir ki, iddiaçı tərəfindən cavabdehə göstərilən iş və xidmətlərin, verilən nağd pul vəsaitinin məqsədi cavabdehin ona məxsus olan sahədən daha çox məhsul əldə etməsinə və sonradan həmin məhsulun razılaşdırılmış qiymətlərlə iddiaçıya satılmasına nail olmaqdan ibarət olmuşdur. Bu isə son nəticədə tərəflər arasında cavabdehin istehsal etdiyi məhsulun alqı-satqısının həyata keçirilməsi barədə konsensual razılığın əldə edildiyini göstərir. Bu konteksdən yanaşdıqda məhkəmə hesab edir ki, tərəflər arasında olan razılaşma mülki qanunvericilikdə nəzərdə tutulmuş klassik mənada alqı-satqı müqaviləsi sayılmasa da (belə ki, Mülki Məcəllənin alqı-satqı müqaviləsinin leqal tərifini nəzərdə tutan 567-ci maddəsinə görə, alqı-satqı müqaviləsinə əsasən alıcı mülkiyyətinə qəbul etdiyi əşyanın qarşılığında xidmət, digər əşya və s. deyil, yalnız müəyyənləşdirilmiş pul məbləği ödəməyi öhdəsinə götürür), tərəflərin müqavilə münasibətlərinə daxil olarkən güddükləri hüquqi niyyət və məqsəd nəzərə alındıqda alqı-satqıya oxşar müqavilə kimi qiymətləndirilməlidir. Buna görə də, hazırki işə Azərbaycan Respublikası Mülki Məcəlləsinin alqı-satqı müqaviləsinə dair müvafiq normaları tətbiq edilməldir.
14. İş materiallarına əsasən müəyyən olunur ki, iş üzrə tərəflər öz aralarında müqavilə bağlayaraq razılığa gəlmişlər ki, iddiaçı cavabdehə məxsus olan sahədə xam pambıq əkilməsi və tədarük mövsümündə yığılmış xam pambığın iddiaçıya satılması müqabilində cavabdehə müxtəlif aqrotexniki xidmətlərin göstərilməsini, həmçinin cavabdehə avans olaraq nağd pul vəsaitinin verilməsini, cavabdeh isə tədarük etdiyi xampambığın ilk olaraq iddiaçı tərəfindən göstərilmiş xidmətlərin, verilmiş malların və nağd pul vəsaitinin qaytarılması məqsədi ilə iddiaçıya verilməsini, bundan sonra tədarük ediləcək xam pambığın razılaşdırılmış qiymətə iddiaçıya satılmasını öhdələrinə götürürlər. İşdə olan görülən işlər, xidmətlər və ödənilən vəsaitlər haqqında məlumatı özündə əks etdirən “İş və xidmətlərin yerinə yetirilməsi aktı”ndan görünür ki, iddiaçı razılaşmaya əməl edərək öz üzərinə düşən öhdəliyi tam icra etmişdir, Cavabdeh isə həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Belə ki, Cavabdeh iddiaçıdan avans olaraq ümumi dəyəri 12111,10 manat təşkil edən aqrotexniki xidmətləri, nağd vəsaiti və s. təhvil alsa da, bunun müqabilində iddiaçıya ümumi dəyəri 9831,77 manat təşkil edən xam-pambıq təhvil vermiş, 2000.00 manat ödəniş etmiş, nəticədə çəkilmiş xərclərdən 279,33 manat məbləğində borcu qalmışdır. Bununla da Cavabdeh müqavilə üzrə yaranmış öhdəliklərini vaxtında və lazımınca icra etmədiyi aşkar olunur.
15. Məhkəmə qeyd edir ki, tələb olunan pul məbləğinin iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh iddia ərizəsinə qarşı etiraz verməmiş, iddia tələbinin əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir.
16. Beləliklə məhkəmə hesab edir ki, iddia əsas borca aid hissədə təmin edilməli və cavabdehdən 279,33 manat borc tutularaq iddiaçıya ödənilməlidir.
17. Məhkəmə 27.93 manat cəriməyə aid hissədə də iddianı əsaslı hesab edir. Ona görə ki, tərəflər arasında bağlanmış müqavilədə cavabdehin öhdəliklərini icra etmədiyi təqdirdə iddiaçının cərimə hesablamaq hüququ nəzərdə tutulmuşdur.
18. Məhkəmə qeyd olunanları və iddiaçı tərəfindən hesablanmış cərimənin tənasübsüz yüksək olmamasını nəzərə alaraq iddianı həmin hissədə də əsaslı hesab edir.
Məhkəmə xərcləri:
19. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli və iddia təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.
Nəticə:
20. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. Cavabdeh 279,33 manat məbləğində əsas borc, 27,93 manat cərimə olmaqla, cəmi 307,26 (üç yüz yeddi manat, iyirmi altı qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Rəmzi Nəbiyev