Məhkəmə qərarları › İş №e-2-2(121)-3503/2025

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-3503/2025

02.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-3503/2025 02.10.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Nəbiyev Rəmzi Sultan oğlu, İddiaçı Cavabdeh qarşı “lizinq obyektinə dəymiş zərərin ödənilməsi tələbi”nə dair mülki iş materiallarına Şirvan şəhərində, məhkəmənin inzibati binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh lizinq obyekti olan “Khazar SD” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa olunması üçün tələb olunan 2390.42 manat pul və ödənilmiş 43.91 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 15 iyun 2021-ci il tarixli MAS-3931 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 23 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 429.49 manat, ümumilikdə isə 24016 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 24016 manatın 16800 manatı əsas məbləğ təşkil edir. Cavabdeh“Daxili lizinq” müqaviləsi və “Ödəniş cədvəli”nin şərtlərinə əməl etmədiyi üçün onun iddiaçı qarşısında öhdəliyi yaranmış və İddiaçı MMC borclu Cavabdeh qarşı lizinq obyektinin qaytarılması və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Lənkəran rayon Məhkəməsinə müraciət etmişdir. Lənkəran rayon Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli e2(049)-3685/2024 saylı qətnaməsi ilə (hakim M.Aslanov) İddiaçı MMC-nin iddası təmin edilərək, “Khazar SD” markalı, **-PY- *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçı MMC-yə geri qaytarılması və cavabdehdən ümumilikdə 1764.08 manat pulun tutulması qət edilmişdir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD” markalı, 99- PY-693 dövlət qeydiyyat nişanlı avtomobil 07 may 2025-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 2390.42 manat ziyan dəymişdir. Lənkəran Rayon Məhkəməsinin e-2(049)-2997/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “lizinq obyektinə dəymiş zərərin ödənilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin iş xx.xx.2025-ci il tarixdə Şirvan kommersiya Məhkəməsinə daxil olmuşdur. Məhkəmə aşağıda qeyd olunanlara əsasən hazırki işin kommersiya mübahisəsi olması ilə bağlı Lənkəran Rayon Məhkəməsinin mövqeyi ilə razılaşmadığından hesab edir ki, həmin mülki iş məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Belə ki, iş üzrə iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən təqdim edilmiş “Kommersiya qurumunun dövlət reyestrindən” Çıxarışdan görünür ki, İddiaçı MMC hüquqi şəxs kimi müvafiq qeydiyyata alınmışdır (VÖEN: **********). İş materiallarına əlavə edilmiş “Elektron məhkəmə” İnformasiya sistemindən əldə edilmiş “vergi ödəyicisi barədə” məlumatdan görünür ki, hazırkı mülki iş üzrə Cavabdeh vergi ödəyicisidir (VÖEN: **********). O, vergi ödəyicisi kimi müvafiq qurumda xx.xx.2018ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 15 iyun 2021-ci il tarixli MAS-3931 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 23 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 429.49 manat, ümumilikdə isə 24016 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 15 iyun 2021-ci il tarixli MAS-3931 saylı “Daxili lizinq müqaviləsi”nə 2 №-li Əlavə olan Lizinq alanın yekun sifarişindən görünür ki, Cavabdeh, “Khazar SD” minik markalı nəqliyyat vasitəsini şəxsi istifadə üçün alınmasını xahiş etmişdir. İş materiallarından görünür ki, Lənkəran rayon Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli e2(049)-3685/2024 saylı qətnaməsi ilə (hakim M.Aslanov) İddiaçı MMC-nin iddası təmin edilərək, “Khazar SD” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçı MMC-yə geri qaytarılması və cavabdehdən ümumilikdə 1764.08 manat pulun tutulması qət edilmişdir. Hazırki iddia ərizəsi əsaslandırılarkən qeyd olunur ki, Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD” markalı, 99- PY- 693 dövlət qeydiyyat nişanlı avtomobil 07 may 2025-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 2390.42 manat ziyan dəymişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Qanunvericilyin yuxarıda göstərilən normaların məzmunundan göründüyü kimi mübahisənin məhkəmə aidiyyəti, yəni ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aid olması müəyyən edilərkən üç meyar - işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri əsas götürülür. Bu zaman hər üç meyarın mövcud olması imperativ norma kimi nəzərdə tutulmuşdur. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, hazırki iş üzrə iddiaçı kommersiya təşkilatı olduğundan, cavabdeh isə sahibkar kimi vergi uçotuna alındığından tərəflərin subyekt tərkibi ilə bağlı mübahisə yoxdur. Lakin tərəflərdən iddiaçının hüquqi şəxs və cavabdehin isə fərdi sahibkar statusuna malik fiziki şəxs olmasına baxmayaraq, hüquq münasibətinin xarakteri baxımından hazırki mübahisə kommersiya mübahisəsi hesab oluna bilməz. Çünki, iş materiallarında sənədlərlə, həmçinin tərəflər arasında bağlanmış müqavilənin şərtlərindən lizinq obyektinin lizinq alan tərəfindən məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə alınması müəyyən edilmir. Əksinə 15 iyun 2021-ci il tarixli MAS-3931 saylı “Daxili lizinq müqaviləsi”nə 2 №-li Əlavə olan Lizinq alanın yekun sifarişindən görünür ki, Cavabdeh “Khazar SD” minik markalı nəqliyyat vasitəsini şəxsi istifadə üçün alınmasını xahiş etmişdir. Bu da onu deməyə əsas verir ki, hazırki mülki işə məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyar olan hüquq münasibətinin xarakteri baxımından Şirvan Kommersiya Məhkəməsində baxılması mübahisəlidir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 11-ci bəndində məhkəmələrə izah edilir ki, Mülki-Prosessual Məcəllənin 1-ci maddəsinin “Qeyd” hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən, onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Həmin Qərarın 12-ci bəndinə əsasən, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə mübahisələndirilən tələbin işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyar olan hüquq münasibətlərinin xarakteri baxımından Şirvan Kommersiya Məhkəməsində baxılmasını istisna edir. Belə olduğu təqdirdə, hazırkı iş üzrə məhkəmə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Odur ki, hazırki mübahisə üzrə məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığının həll edilməsi məqsədilə iş materialları baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 37.2, 261, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı Cavabdeh qarşı “lizinq obyektinə dəymiş zərərin ödənilməsi tələbi”nə dair iş məhkəmələr arasında yaranmış fikir ayrılığının həll edilməsi məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar