Məhkəmə qərarları › İş №e-2-2(121)-3535/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-3535/2024

05.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-3535/2024 05.12.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi ilə, İddiaçı ASC-nin cavabdeh Lerik rayon İcra Hakimiyyəti başçısının Qosmalyan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə qarşı – pul tələbi barədə kiçik iddiaya dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında sadələşdirilmiş qaydada baxaraq müəyyənetdi: İddiaçı ASC cavabdeh Lerik rayon İcra Hakimiyyəti başçısının Qosmalyan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə qarşı əsas borc 387,43 manat, cərimə sanksiyası olaraq 38,74 manat pul olmaqla, cəmi 426,17 manat və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında ərzaq məhsullarının satın alınması barədə xx.xx.2020-ci il tarixli SA-97 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən iddiaçı müqavilənin 1 nömrəli cədvəlində göstərilən ərzaq məhsullarının satın alınması barədə cavabdehin təklifini qəbul edir və cədvəldə göstərilən ərzaq məhsulları ilə sifarişçini təmin etməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında ərzaq məhsullarının icraçıdan qəbul edilməsini və onun dəyərinin ödənilməsini öhdəsinə götürür. Lakin, cavabdeh müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri icra etməmiş və iddiaçıya aldığı ərzaq məhsulları üzrə ödənişi həyata keçirməmişdir. Həmin müqavilənin 7.1-ci bəndinə əsasən müqavilə üzrə alınacaq ərzaq məhsullarının ümumi məbləği 29.251 manat təşkil edir. Həmin müqavilənin 7.1-ci bəndinə əsasən sifarişçi əlavədə qeyd edilmiş ərzaq məhsullarına görə ödənişi növbəti ayın 10-dək icraçının müqavilədə göstərilən bank hesabına ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli SA-97 saylı müqavilə üzrə öhdəliyimizin tam icra olunmasına baxmayaraq alınmış ərzaq məhsullarının pulu ödənilməmişdir. Belə ki, xx.xx.2020-ci il tarixli SA-97 saylı müqavilə üzrə 1.963,16 manat (ƏDV daxil) dəyərində ərzaq məhsulları cavabdehə təhvil verilmişdir. Lakin cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər icra edilməmiş 387,43 manat dəyərində ərzaq məhsullarının dəyəri cəmiyyətə ödənilməmişdir. Borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə iddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilmişdir. Lakin qeyd olunan müraciətlər heç bir müsbət nəticə verməmiş və cavabdeh tərəfindən borcun ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Hazırda cavabdehin iddiaçı qarşısında öhdəliyi müqavilə üzrə ümumilikdə 387,43 manat təşkil edir. Həmin müqavilənin 9.2-ci bəndinə əsasən sifarişçi üzrlü səbəb olmadan müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada ödəmələri aparmadıqda və ya təqdim olunan ərzaq məhsullarının qəbulunu gecikdirdikdə, icraçı hər gecikdirilmiş gün üçün müqavilənin dəyərinin 0,1 faizi məbləğində cərimə sanksiyaları tətbiq edə bilər. Həmin müqavilənin 9.3-cü bəndinə əsasən cərimələrin məbləğinin yuxarı həddi müqavilənin qiymətinin 10 faizindən çox olmamalıdır. Cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada ödəmələr aparmadığından iddiaçının hər gecikdirilmiş gün üçün müqavilənin dəyərinin 0,1 faizi məbləğində cərimə sanksiyaları tətbiq etmək hüququ yaranmışdır. Ərzaq məhsullarının satın alınması barədə xx.xx.2020-ci il tarixli SA-97 saylı müqavilə xx.xx.2021-ci ilin tarixinədək qüvvədə olmuşdur. 2 il 3 ay ərzində cavabdeh tərəfindən öhdəlik icra olunmadığından, həmin müqavilənin 9.2 və 9.3-cü bəndlərinə əsasən cavabdehə 38,74 manat dəyərində cərimə sanksiyası tətbiq edilməlidir. Cavabdeh(lər)in Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən iddiaçının tələbinə dair əsaslandırılmış etiraz(lar)ı məhkəməyə daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İşin materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC ilə Lerik rayon İcra Hakimiyyəti başçısının Qosmalyan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi arasında 97 saylı, xx.xx.2020-ci il tarixli müqavilə bağlanmışdır. İşin materiallarında olan xx.xx.2022-ci il tarixli “qarşılıqlı hesablaşmalar” aktının surətindən görünür ki, Lerik rayon İcra Hakimiyyəti başçısının Qosmalyan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 387,43 manat məbləğində əsas borcu qalmışdır. İşin materiallarında olan maliyyə arayışının surətindən görünür ki, cavabdehin qeyd edilən müqavilə üzrə 387,43 manat borcu vardır. İş materialında olan xəbərdarlıq məktubunun surətindən görünür ki, bağlanmış alqısatqısı müqavilə(lər)sinə əsasən ödənilməmiş 387,43 manat borcun ödənilməsinin təmin edilməsi barədə xəbərdarlıq edilmişdir. Beləliklə, işin materialları ilə müəyyən edilmişdir ki, tərəflər arasında ərzaq məhsullarının nisyə alqı-satqısı sahəsində münasibətlər yaranmış, cavabdehlər öhdəlikləri yerinə yetirməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı qeyd edilən pul vəsaitini cavabdehlərdən tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdehlər iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdehlər isə mal(lar) almas(lar)ına dair hüquq(ların)undan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir(lər). Buna görə də iddia əsaslıdır. Odur ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə eyni zamanda hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, məhkəmə xərcinə daxil olan iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. 387,43 manat məbləğində borc, 38,74 manat məbləğində cərimə, 30 manat dövlət rüsumu, cəmi 456,17 manat məbləğində pul vəsaiti Lerik rayon İcra Hakimiyyəti başçısının Qosmalyan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınaraq İddiaçı ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar