Məhkəmə qərarları › İş №e-2-2(121)-3542/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-3542/2025

16.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-3542/2025 16.12.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4 oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul tələbi”nə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Tələb:

1. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 “İddiaçı”nın xeyrinə 2157,61 manat məbləğində borcun, 41,58 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbinin dəqiqləşməsi barədə xx.xx.2025-ci il tarixli ərizə ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, məhkəmə tərəfindən 2157,61 manat məbləğində borcun və 41,58 manat məbləğində dövlət rüsumunun Cavabdeh1 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

3. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin İmişli filialı ilə Cavabdeh2 arasında bağlanmış şifahi alğı-satqı müqaviləsinə əsasən İmişli rayonu, Soltanmuradlı kəndi ərazisində 4,0 hektar sahədə pambıq əkməyivə yetişdirdiyi məhsulu “İddiaçıya” satmağı öhdəsinə götürmüşdür. Şiahi razılaşmanın şərtlərnə əsasən cavabdehə 2570,18 manat məbləğində avans verilmişdir. Razılaşmanın şərtlərinə əsasən cavabdeh götürdüyü avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini nəğd vəsait şəkildə almalı idi. Cavabdehin sifarişi əsasında 102,60 manat məbləğində şum, 40,00 manat məbləğində ağır diskli mala, 102,00 manat məbləğində mala çəkmə, 45,00 manat məbləğindəçiyid səpini, 32,00 manat məbləğində kultivasiya, 27,00 manat məbləğində rotasion kultivasiya, 63,00 manat məbləğində pambığın maşınla yığımı, 920,00 manat məbləğində pambığın becərilməsinə görə ödənilən avans vəsait, 726,58 manat məbləğində gübrəvə dərman, 512,00 manat məbləğində lifsiz çiyid, nəzərə alınmaqla, ümumilikdə, 2570,18 manat məbləğində dəyərində işlər görülmüş, xidmətlər görülmüş, avans verilmişdir. “Cavabdeh” müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da 589,39 kq, 412,57 manat məbləğində xam-pambıq təhvil vermiş, çəkilmişxərclərdən hazırkı dövrə kimi 2157,61 manat məbləğində borcu qalmışdır. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq “Cavabdeh” “İddiaçı”ya olan borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Cavabdehin borclu qalması iş və xidmətlərin görülməsi barədə akt, qaimə və ödəmə tapşırıqları, üzləşmə aktı və digər sənədlərlə təsdiq edilir. Cavabdeh2 İddiaçı MMC-yə müraciət edərək xx.xx.2020-ci il tarixli 05 saylı alğı-satqı müqaviləsinin onunla bağlandığını, kart hesabına avans vəsaitin ödənildiyini, aqrotexniki işlərin isə onun qardaşı oğlu Cavabdeh1 tərəfindən görüldüyünü və yaranmış borcun onun tərəfindən ödənilməli olduğunun nəzərə alınmasını xahiş etmişdir. Cavabdeh1 borcun ona aid olan hissəsini ödəyəcəyini, bununla bağlı ona vaxt verilməsini xahiş etmişdir.

4. İddia tələbinin dəqiqləşməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı MMC tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı 2157,61 manat məbləğində borcun və 41,58 manat dövlət rüsumunun ödənilməsi barədə iddia tələbi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edilmişdir. Məhkəmə hazırlıq iclası zamanı Cavabdeh2 İddiaçı MMC nin İmişli filialı ilə xam pambığın alğı-satqı müqaviləsinin bağlandığını, lakin işlərin qohumu Cavabdeh1 tərəfindən görüldüyünü, borcun ona məxsus olduğunu və bu halın məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etmişdir. Cavabdeh1 izahatında xam-pambığın alğı- satqı müqaviləsinin qohumu Cavabdeh2 ilə bağlansa da, aqrotexniki işlərin onun tərəfindən görüldüyünü, avans vəsaitin onun tərəfindən alınıb təsərrüfatda istifadə edildiyini, lakin əldə edilən pambığın çəkilmiş xərcləri ödəmədiyini nəzərə alaraq, 2157,61 manat məbləğində borclu qaldığını və bu barədə ərizə yazaraq iddia tələbini tam olaraq etiraf etmişdir.

Tərəflərin izahatları:

5. Məhkəmə iclasında iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 iddia ərizəsinin və iddianın dəqiqləşməsi barədə ərizələrin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, teleqram ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir.

7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.

8. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

İddia ərizəsinə etiraz:

9. Cavabdeh tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.

Əsaslandırıcı hissə:

a) İş materialları və sübutların tədqiqi:

10. İş materiallarında olan İddiaçı MMC-nin İmişli filialı və Cavabdeh2ov oğlu (müqavilədə “Fermer”) arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 05 nömrəli xam pambığın alqı-satqısına dair müqavilənin: 1.1-ci bəndinə əsasən, müqavilənin predmetini İddiaçı MMC-nin İmişli filialı tərəfindən “Fermer” Cavabdeh2o oğluna məxsus (və ya icarədə olan) İmişli rayonu, Soltanabad kəndində yerləşən 4.00 ha torpaq sahəsində pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddət, qiymət və həcmdə keyfiyyətlə yerinə yetirilməsi. "Fermer" tərəfindən yığılmış məhsulun bu müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində. "Filiala" təhvil verilməsi və "Filial” tərəfindən "Fermer”in borcları çıxılmaq şərti ilə məhsulun nəmliyi, zibilliyi və növü nəzərə alınmaqla onun dəyərinin ödənilməsi təşkil edir; 3.2-ci bəndinə əsasən, məhsulun olmaması və ya az olması “Fermer”i göstərilmiş xidmətlərin, alınmış vəsaitin, nisyə alınmış toxum, mineral gübrə və pestisidlərin dəyərinin ödənilməsi öhdəliyindən azad etmir; 4.1-ci bəndinə əsasən, İddiaçı MMC-nin İmişli filialı nəmlik, zibillik və növünə görə qüvvədə olan təlimat və standartlara əsasən xam pambığı “Fermer”dən (istehsalçıdan) aşağıdakı qiymətə qəbul edir: İ növ 650 AZN/ton, İİ növ – 630 AZN/ton, İİİ növ – 590 AZN/ton, İV növ – 550 AZN/ton; 7.1-ci bəndinə əsasən, hazırki müqavilə imzalandığı gündən qüvvəyə minir və müqavilədən irəli gələn öhdəliklər tam icra olunanadək qüvvədədir.

11. İş materiallarında olan İddiaçı MMC-nin İmişli filialı ilə Cavabdeh2ov oğlu arasında imzalanmış “iş və xidmətlərin yerinə yetirilməsi” aktlara əsasən, fermer Cavabdeh2ov oğluna ümumilikdə fermerdən alınmış xam pambıq və fermer tərəfindən dərman və gübrə üçün ödənilmiş subsidiya ümumilikdə 2570,18 manat təşkil etmiş, ümumi dəyəri 412,57 manat təşkil edən xam-pambıq təhvil vermiş, nəticədə fermerin 2157,61 manat borcu qalmışdır.

12. İş materiallarında olan pretenziya məktubunun surətindən görünür ki, iddiaçı tərəfndən İddiaçı MMC-nin İmişli filialı ilə Cavabdeh2ov oğlu arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən yaranmış borcun pretenziya alındığı vaxtdan ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçı MMC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh2ov oğluna və Cavabdeh1 xəbərdarlıq edilmişdir.

13. İş materiallarına əlavə edilmiş Cavabdeh1 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli Ərizədən görünür ki, o, həmin ərizə ilə bildirmişdir ki, iş üzrə 05 saylı 12 oktyabr 2020-ci il tarixli xam pambıqın alqı-satqısına dair müqavilə İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlansa da, faktiki olaraq həmin müqavilə üzrə verilən avans və aqrotexniki xidmətləri, şəxsən onun özü qəbul etmiş və torpaq sahəsini özü əkib becərmişdir. Bir sözlə faktiki alqı satqı münasibətləri iddiaçı ilə onun arasında olmuşdur. Hazırki 2157,61 manat məbləğində iddianı qəbul edir və üzərinə öhdəlik götürmüşdür ki, qeyd olunan müqavilə üzrə borcu şəxsən özü iddiaçıya ödəyəcək. O, qeyd etdiklərini nəzərə alınmasını məhkəmədən xahiş etmişdir.

14. Mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı MMC tərəfindən 41,58 manat dövlət rüsumu ödənilmişdir.

b) Tətbiq edilən hüquq:

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 599.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirir. - 599.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. - 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

- 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

17. Məhkəmə baxışının hədləri:

- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

c) Məhkəmənin mövqeyi:

18. Məhkəmə, iddiaçının nümayəndəsini dinləyib, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir.

19. Məhkəmə, tərəflərin daxil olduqları hüquq münasibətinin xarakteri ilə bağlı qeyd edir ki, tərəflər arasında faktiki alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur və həmin müqavilə münasibətləri struktur baxımından mülki qanunvericilikdə nəzərdə tutulmuş alqı-satqı müqaviləsinə daha çox uyğun gəlir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halları bu nəticəyə gəlməyə əsas verir ki, iddiaçı tərəfindən Cavabdeh1 göstərilən xidmətlərin, verilən mal-materialın və nağd pul vəsaitinin məqsədi Cavabdeh1 ona məxsus olan sahədən daha çox məhsul əldə etməsinə və sonradan həmin məhsulun razılaşdırılmış qiymətlərlə iddiaçıya satılmasına nail olmaqdan ibarət olmuşdur. Bu isə son nəticədə tərəflər arasında cavabdehin istehsal etdiyi məhsulun alqı-satqısının həyata keçirilməsi barədə konsensual razılığın əldə edildiyini göstərir. Bu konteksdən yanaşdıqda məhkəmə hesab edir ki, tərəflər arasında olan razılaşma mülki qanunvericilikdə nəzərdə tutulmuş klassik mənada alqı-satqı müqaviləsi sayılmasa da (belə ki, Mülki Məcəllənin alqı-satqı müqaviləsinin leqal tərifini nəzərdə tutan 567-ci maddəsinə görə, alqı-satqı müqaviləsinə əsasən alıcı mülkiyyətinə qəbul etdiyi əşyanın qarşılığında xidmət, digər əşya və s. deyil, yalnız müəyyənləşdirilmiş pul məbləği ödəməyi öhdəsinə götürür), tərəflərin müqavilə münasibətlərinə daxil olarkən güddükləri hüquqi niyyət və məqsəd nəzərə alındıqda alqı-satqıya oxşar müqavilə kimi qiymətləndirilməlidir.Buna görə də, hazırki işə Azərbaycan Respublikası Mülki Məcəlləsinin alqı-satqı müqaviləsinə dair müvafiq normaları tətbiq edilməldir.

20. Məhkəmə iddiaçı ilə Cavabdeh1 arasında mövcud olan faktiki alqı-satqı müqaviləsinin etibarlılıq məsələsinə münasibət bildirirərək, qeyd edir ki, AR Mülki Məcəlləsinin 567-ci maddəsində alqı-satqı müqaviləsi üçün məcburi forma şərti nəzərdə tutulmamışdır. Hazırda Cavabdeh1 məhkəmə təqdim etdiyi ərizədə göstərmişdir ki, iddiaçı tərəfindən göstərilmiş aqrotexniki xidmətləri şəxsən özü qəbul etmişdir. O, həmçinin qeyd etmişdir ki, iddianı qəbul edir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı ilə Cavabdeh1 arasında etibarlı alqı-satqı münasibətləri mövcud olmuşdur.

21. İş materiallarına əsasən müəyyən olunur ki, iş üzrə tərəflər öz aralarında razılığa gəlmişlər ki, iddiaçı Cavabdeh1 məxsus olan sahədə xam pambıq əkilməsi və tədarük mövsümündə yığılmış xam pambığın iddiaçıya satılması müqabilində Cavabdeh1 müxtəlif aqrotexniki xidmətlərin göstərilməsini, həmçinin Cavabdeh1 avans olaraq nağd pul vəsaitinin verilməsini, Cavabdeh1 isə tədarük etdiyi xampambığın ilk olaraq iddiaçı tərəfindən göstərilmiş xidmətlərin, verilmiş malların və nağd pul vəsaitinin qaytarılması məqsədi ilə iddiaçıya verilməsini, bundan sonra tədarük ediləcək xam pambığın razılaşdırılmış qiymətə iddiaçıya satılmasını öhdələrinə götürürlər. İşdə olan görülən işlər, xidmətlər və ödənilən vəsaitlər haqqında məlumatı özündə əks etdirən cədvəldən görünür ki, iddiaçı razılaşmaya əməl edərək öz üzərinə düşən öhdəliyi tam icra etmişdir, Cavabdeh1 isə həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir.

22. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ərizədən də görünür ki, Cavabdeh1 iddiaçıya 2157,61 manat məbləğində borcunun olduğunu etiraf etmişdir.

23. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməli və cavabdehdən 2157,61 manat borc cavabdehdən tutularaq iddiaçıya verilməlidir.

Məhkəmə xərcləri:

24. Məhkəmə, həmçinin prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli və iddia təmin edildiyindən iş üzrə ödənilmiş 41,58 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.

Nəticə:

25. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qətetdi:

İddia təmin edilsin. Cavabdeh1 2157,61 (iki min bir yüz əlli yeddi manat, altmış bir qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 41,58 (qırx bir manat, əlli səkkiz qəpik) manat pul vəsaiti tutularaq iddiaçı P-Aqro MMC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar