Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-356/2024 09.01.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abbasov Zaur Vahid oğlu, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanan 13 sentyabr 2022-ci il tarixli təchizat müqaviləsi üzrə öhdəliklərin İddiaçı tərəfindən tam, vaxtında və lazimi qaydada icra olunduğunun hesab edilməsi və Cavabdehndən malların anbarda saxlanmasına görə 3663,90 AZN (üç min altı yüz altmış üç manat, 90 qəpik) icarə haqqı məbləği, malların anbarda saxlanmasını təmin etmək üçün ödənilmiş 17 936,09 AZN (on yeddi min doqquz yüz otuz altı manat, 09 qəpik) elektrik enerjisi sərfiyyatına görə pul vəsaiti və iddiaçının ödədiyi 400 manat mediasiya haqqı olmaqla, ümumilikdə 22 000 AZN (iyirmi iki min) pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin məzmunundan və ərizəyə əlavə edilmiş sənədlərin təhlilindən gəlinən nəticəyə əsasən Cavabdeh xarici hüquqi şəxs olması müəyyən edildiyinə görə hazırki mübahisə xarici elementli kommersiya mübahisəsidir. Buna görə də ilk növbədə iddia ərizəsinin verildiyi Şirvan Kommersiya Məhkəməsinin həmin işə baxması üçün beynəlxalq səlahiyyətə malik olub-olmaması araşdırılmalıdır. Məhkəmə səlahiyyətlə bağlı məsələlərin araşdırılmasını apararkən, Cavabdeh Rusiya Federasiyasında yaradıldığını və qeydiyyata alındığını nəzərə alaraq qeyd edir ki, Azərbaycan Respublikası məhkəmələrinin Rusiya Federasiyasında yaradılmış hüquqi şəxslərlə yerli fiziki və ya hüquqi şəxslər arasında yaranmış mübahisələr üzrə beynəlxalq səlahiyyətə malik olması Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında 1992ci il 22 dekabr tarixində bağlanmış “Mülki, ailə, cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım göstərilməsi haqqında” ikitərəfli müqavilə ilə, həmçinin bilavasitə kommersiya mübahisələrinə baxılması ilə əlaqədar dövlətlərarası məsələləri tənzimləyən hər iki dövlətin tərəfdar olduğu “Təsərrüfat fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar mübahisələrin həll edilməsi qaydası haqqında” Kiyev Sazişi ilə tanınmışdır. Xarici elementli kommersiya mübahisələrində məhkəmələrin beynəlxalq səlahiyyətinin prosessual əsasları isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 46-cı fəsli ilə tənzimlənmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 440.1-ci maddəsi ilə Azərbaycan Respublikasının məhkəmələrinin beynəlxalq səlahiyyətli olmasının ümumi şərtləri təsbit edilmişdir. Belə ki, MPM-nin 440.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. Məhkəmə qeyd edir ki, xarici elementli mübahisələrdə Azərbaycan Respublikasının məhkəmələrinin beynəlxalq səlahiyyəti ilə bağlı MPM-nin 443-cü maddəsində nəzərdə tutulmuş xüsusi hallar, MPM-nin 440.1-ci maddəsində təsbit olunmuş ümumi şərtlərin mövcudluğu halında tətbiq edilə bilər. Məhkəmə onu da qeyd edir ki, mülki prosessual qanunvericilikdə məhkəmələrin beynəlxalq səlahiyyətinin ümumi şərtlərindən istisna hallar da nəzərdə tutulmuşdur. Belə ki, MPM-nin 444-cü maddəsində sadalanan mübahisələr üzrə Azərbaycan Respublikasının məhkəmələrinin müstəsna səlahiyyətli olmaları müəyyən edilmiş, həmin Məcəllənin 450-ci maddəsində isə tərəflərin razılaşmasına əsasən müqavilə aidiyyəti ilə məhkəmələrin beynəlxalq səlahiyyətə malik hesab edilmələri nəzərdə tutulmuşdur. Baxılan iş üzrə iddia ərizəsindən görünür ki, iddiaçı tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin 8.2-ci bəndinə istinad edərək iddiaçı hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəmənin hazırki mübahisə ilə bağlı səlahiyyətli olmasını hesab etmişdir. Belə ki, adı çəkilən müqavilənin notarial qaydada təsdiq edilmiş tərcüməsindən görünür ki, müqavilənin 8.2-ci bəndində tərəflər razılaşmışlar ki, müvafiq mübahisəni danışıqlar yolu ilə həll etmək mümkün olmadıqda, mübahisə iddiaçının ölkəsinin qanunvericiliyinə uyğun olaraq iddiaçının olduğu yer üzrə arbitraj və ya kommersiya məhkəməsində həll edilir. Məhkəmə müəyyən edir ki, iddia ərizəsində istinad olunan və ərizəyə əlavə edilmiş xx.xx.2022-ci il tarixli müqavilə onun işitrakçıları tərəfindən imzalanmamış, hüquqi şəxslərin möhürləri ilə təsdiq edilməmişdir. Belə olan halda adı çəkilən müqavilənin bağlanmasından, onun etibarlı hesab edilə bilməsindən söhbət gedə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 406.3-cü maddəsinə əsasən, yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Məhkəmə qeyd edir ki, iş üzrə tərəflər arasında yaranmış mübahisənin Azərbaycan Respublikasının məhkəmələrində baxılmasına dair razılaşmanı əks etdirən müqavilə şərti, həmçinin MPM-nin 440.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər hazırki işdə mövcud olmadığına görə, hazırki xarici elementli mübahisə üzrə işə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinin beynəlxalq səlahiyyətli olmasının müəyyən edilməməsi əsası ilə iddia ərizəsi iddianın yolverilməzliyinə görə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cu maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 153.6-cı maddəsinə əsasən, iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-356/2024
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-356/2024
09.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver