Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-3588/2024 06.11.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abbasov Zaur Vahid oğlu, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-nə qarşı pul tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq müəyyən etdi: İddiaçı MMC cavabdeh "xxxx" MMC-nə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli, 071223 nömrəli İddiaçı MMC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış Müqavilənin ləğv olunması, həmin Müqavilə üzrə olan 2.415.000 (iki milyon dörd yüz on beş min) rus rublu məbləğində əsas borc, 16.059.750 (on altı milyon əlli doqquz min yeddi yüz əlli) rus rublu məbləğində dəbbə borcu, ümumilikdə isə 18.474.750 (on səkkiz milyon dörd yüz yetmiş dörd min yeddi yüz əlli) rus rublu məbləğində vəsaiti ödəmənin həyata keçirilmə zamanı mövcud olan məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə İddiaçı MMC-yə ödənilməsi və 615 (altı yüz on beş) manat məbləğində dövlət rüsumunun cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, İddiaçı MMC cavabdeh "xxxx" MMC-nə qarşı eyni məzmunlu iddia ərizəsi Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(121)-3470/2024 nömrəli qərardadı ilə geri qaytarılmışdır. İddiaçı MMC hazırki müraciətində yuxarıda qeyd olunan qərardadda göstərilən pozuntulardan yalnız rüsuma aid hissəni aradan qaldırmış, digər pozuntulara isə yenidən yol vermişdir. Belə ki, iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin, həmçinin cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənədin cavabdehə təqdim edilməsinə (çatdırılmasına) dair sənəd və ya belə çatdırmanın obyektiv səbəblərdən təqdim edilməsinin (çatdırılmasının) mümkün olmamasını təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.1.4-cü və 150.1.6-cı maddələrinə əsasən, bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd və müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Azərbaycan Respublikası MPM-nin 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə qeyd edir ki, yuxarıda sadalanan sənədlərin cavabdehə çatdırılmasının mümkün olmaması barədə Rusiya Federasiyasında fəaliyyət göstərən poçt daşıyıcı şirkəti tərəfindən verilmiş məlumat iddia ərizəsinə əlavə edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən yol verilmiş növbəti pozuntu iddia ərizəsinə əlavə edilmiş sənədlərin (nəzərə alınmalıdır ki, həmin sənədlərin əksəriyyəti iddia ərizəsinin məhkəmə və ərazi aidiyyətinin müəyyən edilməsi üçün zəruri sənədlərdir) mülki prosessual qanunvericiliyə və digər aidiyyəti qanunvericilik normalarına uyğun təqdim edilməməsi ilə əlaqəlidir. İş materiallarından görünür ki, iddia ərizəsinə əlavə edilmiş gömrük bəyannaməsindən başqa digər sənədlər əcnəbi dildə təqdim edilmişdir. Halbuki, mülki prosessual qanununvericiliyin tələblərinə əsasən, əcnəbi dildə olan sənədlərin notarial qaydada Azərbaycan dilinə tərcümə olunuş surətləri məhkəməyə təqdim edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı Azərbaycan Respublikasının dövlət dilində — Azərbaycan dilində və ya müəyyən ərazi əhalisinin əksəriyyətinin dilində aparılır. Həmin Məcəllənin 89.1, 89.2 və 89.3-cü maddələrinə əsasən, yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən, iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə, iddia ərizəsi verilərkən yol verilmiş növbəti pozuntu halı ilə əlaqədar qeyd edir ki, iş üzrə cavabdeh xarici kommersiya hüquqi şəxsi olduğuna görə, onun müvafiq xarici ölkənin hüquqi şəxslərinin dövlət reyestrindən verilmiş çıxarış və ya səlahiyyətli dövlət orqanının verdiyi sənəd əsasında xarici hüquqi şəxsin qeydiyyata alındığı ölkədə mövcud olması (ləğv olunmaması) və fəaliyyət göstərdiyini müəyyən edilməlidir. İddia ərizəsinə bununla bağlı sənəd əlavə edilsə də, həmin sənəd əcnəbi dildə olmaqla yanaşı lazımi qaydada təsdiqlənməmişdir. Halbuki, Azərbaycan Respublikasının da tərəfdaş çıxdığı “Təsərrüfat fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar mübahisələrin həll edilməsi qaydası haqqında” 1992-ci il Kiyev Sazişinin 6-cı maddəsində göstərilir ki, X1 iştirakçısı olan dövlətlərdən birinin ərazisində gerbli möhürlə möhürlənmiş və müəyyən edilən qaydada təşkilat yaxud da öz səlahiyyəti çərçivəsində, buna xüsusi səlahiyyəti olan şəxs tərəfindən verilən və ya təsdiqlənən sənədlər hər hansı bir təsdiqləmə aparılmadan X1 iştirakçısı olan digər dövlətlərin ərazisində qəbul edilir. X1 iştirakçısı olan dövlətlərdən birinin ərazisində rəsmi sənəd kimi baxılan sənədlər, digər X1 iştirakçısı olan digər dövlətlərin ərazisində rəsmi sənədlər kimi sübutedici qüvvəyə malikdirlər. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyinə görə iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Buna görə də iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə hesab edir ki, iddia ərizəsinin geri qaytarılması qərara alındığına görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1-ci və 114.1.3cü maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 114, 149-152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-nə qarşı pul tələbi barədə iddia ərizəsi geri qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş 615,29 manat dövlət rüsumu (mədaxil qəbzi № **********38) iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-3588/2024
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-3588/2024
06.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver