Məhkəmə qərarları › İş №e-2-2(121)-3609/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-3609/2024

23.11.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-3609/2024 23.11.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Musayev Fərhad Böyükağa oğlunun katibliyi ilə Ərizəçi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə xüsusi icraat qaydasında ərizəsinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, “KHALİLİ COMPANY" MMC-nin dövlət büdcəsinə 1.896,33 manat, Dövlət Sosial Müdafiə Fonduna 822,19 manat, İcbari Tibbi Sığorta Fonduna 11,59 manat, "xxxx" MMC-nin İcbari Tibbi Sığorta Fonduna 1,73 manat, "xxxx" MMC-nin İcbari Tibbi Sığorta Fonduna 1,89 manat olmaqla, ümumilikdə 2.733,73 məbləğində borc(ların)unun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********) və "xxxx" MMC (VÖEN: **********) öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədi(kləri)yi üçün on(ların)un xx.xx.2024-cü il tarixə 2.733,73 manat məbləğində borcu vardır. Yaranmış borc məbləğ(lər)inin 5 gün ərzində ödənilməsi məqsədi ilə vergi ödəyici(lər)sinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən bildiriş(lər) göndərilmiş, lakin vergi ödəyici(ləri)si yaranmış borc məbləğini ödəməmişdir(lər). Ərizəçi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi və Maraqlı şəxs ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin ərizəçi ərizə ilə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, maraqlı şəxs isə məhkəmə iclasına gəlməmişdir. Ərizəçinin nümayəndəsinin və maraqlı şəxsin məhkəmə iclasına gəlməmələri işə baxılmasına mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 355-7.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsassızdır. Buna görə də ərizə rədd edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, vergi ödəyici olan "xxxx" MMC-nin, "xxxx" MMC-nin və "xxxx" MMC-nin borc(ları)u vardır. İşdən görünür ki, yaranmış borc məbləğinin 5 gün ərzində ödənilməsi məqsədi ilə vergi ödəyici(ləri)sinə bildiriş(lər) göndərilmişdir. İş materiallarına əlavə edilən mədaxil qəbzindən (hökumət ödəniş portalından çıxarışdan) görünür ki, "xxxx" MMC-nin İcbari Tibbi Sığorta Fonduna olan 1,73 manat borc tam şəkildə ödənilmişdir. İşdə olan Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında məlumatlardan (xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli portaldan çıxarış(lar)dan) görünür ki, "xxxx" MMC-nin və "xxxx" MMC-nin əvvəlki qanuni təmsilçisi Maraqlı şəxs, hazırki qanuni təmsilçisi isə X1r. Göründüyü kimi, vergi ödəyicisi olan "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyindən, hesablanmış borcların ödənilməsini təmin etmək üçün ərizəçi hüquqi şəxs(lər) olan "xxxx" MMC-nin, "xxxx" MMC-nin və "xxxx" MMC-nin icra orqanının rəhbəri kimi Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət edilmişdir. Lakin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" MMC-nin borcları Maraqlı şəxs tərəfindən tam şəkildə ödənilmişdir. Həmçinin müəyyən olunmuşdur ki, ərizədə "xxxx" MMC-nin və "xxxx" MMC-nin direktoru olaraq, Maraqlı şəxs adı qeyd olunsa da, həmin şəxs qeyd edilən MMC-lərin direktoru vəzifəsini icra etmir. Qanunvericiliyə əsasən, hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması həmin hüquqi şəxsin borclarının ödənilməsini təmin etmək məqsədi daşıyır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrindəndir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarındandır. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Yenə həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, hazırda "xxxx" MMC və "xxxx" MMC ilə hər-hansı bağlılığı olmayan şəxs - Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması "xxxx" MMC və "xxxx" MMC tərəfindən borcların ödənilməsinin təmin edilməsinə təsir edə bilməz. Digər tərəfdən əsassız olaraq, maraqlı şəxsin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnə bilər. Həmçinin, maraqlı şəxs "xxxx" MMC-nin borclarını tam şəkildə ödədiyinə görə onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Digər tərəfdən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 4 saylı Protokolun 2-ci maddəsində nəzərdə tutulmuşdur ki, hər kəs öz ölkəsi də daxil olmaqla, hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. Bununla bağlı qeyd olunmalıdır ki, Vergi Məcəlləsinin 65 və 89-cu maddələrində vergilər üzrə borcların alınması qaydasını nəzərdə tutulmuşdur. Hazırkı halda vergi orqanının məhkəməyə müraciət etməmişdən əvvəl borcun ödənilməsinin təmin edilməsi üçün hansı tədbirlər görməsi (tələb olunan vəsaitin şəxsin hesablarından silinməsi üçün müvafiq banklara müraciət etməsi, onlardan vəsaitin çatışmazlığına dair cavablar alması, hüquqi şəxsin əmlakının üzərinə ixtisaslaşdırılmış açıq hərracdan satılması məqsədilə həbs qoyulması, yaxud kifayət qədər belə əmlakların mövcud olmamasına dair rəsmi məlumatlar əldə etməsi və s.) iş materiallarından müəyyən olunmur. Halbuki ərizəçi tərəfindən Vergi Məcəlləsində nəzərdə tutulan digər tədbirlərin tətbiq edilib-edilməsi və onların tətbiqinin nəticə verməməsi barədə sübutlar təqdim edilməli və yalnız bundan sonra ölkədən getmə hüququnun məhdudlaşdırılmasının tətbiqinin zəruriliyi əsaslandırılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd edir ki, hazırkı qəbildən olan işlərin həllində vergi orqanları və məhkəmələr tərəfindən mütənasiblik prinsipinin (görülən məhdudlaşdırma tədbirinin gözlənin nəticələrə adekvat olması) gözlənilməsi mühüm əhəmiyyət kəsb edir və hər bir halda belə məhdudiyyətin tətbiq edilməsi mütənasiblik meyarına cavab verməlidir. Sadəcə borcun mövcud olması bu məhdudiyyətin tətbiq edilməsi üçün kifayət deyildir. Bu, ilk növbədə Azərbaycan Respublikası Konstitusiyasının tələbidir. Belə ki, Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Eyni zamanda, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında da göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (məsələn, Battista İtaliyaya qarşı, № 43978/09, 2014-cü il 2 dekabr tarixli qərarı; Xlyustov Rusiyaya qarşı, No 28975/05, 2013-cü il 11 iyul tarixli qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinə görə, müdaxilə “təcili ictimai ehtiyaca” cavab verirsə, xüsusilə qanuni məqsədə mütənasibdirsə və onu əsaslandırmaq üçün milli hakimiyyət orqanları tərəfindən verilən səbəblər “müvafiq və yetərli”dirsə qanuni məqsədlər üçün “demokratik cəmiyyətdə zəruri” hesab olunur. Vətəndaşın ümumi maraqları ilə hərəkət azadlığı hüququ arasında ədalətli tarazlığın olub-olmaması məsələsi işin bütün xüsusiyyətlərinə görə nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi və Mustafayev Azərbaycana qarşı iş” üzrə qərarında göstərilmişdir ki, nə vergi orqanları, nə də ölkədaxili məhkəmələr ərizəçiyə səfər qadağası tətbiq etmədən öncə sözügedən vergi borcunu almağa cəhd etmiş, xüsusilə də iddia edilən vergi borcunun ərizəçilərin bank hesablarında olan puldan tutulmasını və ya ərizəçinin məhkəmə prosesində açıq-aydın tələb etməsinə baxmayaraq ona məxsus hər hansı digər aktivlərə həbs qoyulmasını düşünmüşlər. Hökumət ərizəçinin 7,385 manat pulun bank hesablarında olmasına dair məlumatına etiraz etməmişdir. Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və digər normativ hüquqi aktları ilə yanaşı Beynəlxalq Konvensiyalar və İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də bu hala həddindən artıq əhəmiyyət verirlər. Odur ki, ərizə əsassızdır. Buna görə də, ərizə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 355-7.3-cü maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 355-7-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizəçi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin - “KHALİLİ COMPANY" MMC-nin dövlət büdcəsinə 1.896,33 manat, Dövlət Sosial Müdafiə Fonduna 822,19 manat, İcbari Tibbi Sığorta Fonduna 11,59 manat, "xxxx" MMC-nin İcbari Tibbi Sığorta Fonduna 1,73 manat, "xxxx" MMC-nin İcbari Tibbi Sığorta Fonduna 1,89 manat olmaqla, ümumilikdə 2.733,73 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar