Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-3620/2025 13.01.2026 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “pul tələbi”nə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Tələb:
1. İddiaçı ASC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh “Azəriinşaat TQŞ" MMC-dən sementin alqısatqısına dair 2023/ASM/028 saylı, 02 mart 2023-cü il tarixli müqavilə üzrə əsas məbləğ 16,399 manat, dəbbə pulu 6,756 manat, ümumilikdə 23,095 (iyirmi üç min doxsan beş) manat pul vəsaitinin, həmçinin ödənilmiş 159,28 manat dövlət rüsumunun və 325 manat vəkil xərcinin cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (bundan sonra iddiaçı) və Cavabdeh MMC (bundan sonra cavabdeh) arasında smentin alqı satqısına dair 2023/ASM/028 saylı, 02 mart 2023-cü il tarixli müqavilə imzalanmışdır. Müqaviləyə görə, Satıcı (hazırda iddiaçı) istehsal etdiyi sementin Alıcıya (hazırda cavabdehə) satılmasına, Alıcı (cavabdeh) isə həmin məhsulları qəbuledib onların əvəzinin ödənilməsinə görə öhdəlik daşıyır. Müqavilənin “Qiymət və ödəniş şərtləri”-də qeyd olunur ki, göndərilən məhsulların dəyərinin sonradan ödənilməsi Alıcıya (cavabdehə) məhsulların təhvil göndərildiyi tarixdən 15 (on beş) təqvim günü ərzində həyata keçirilməldir. Hər bir halda, Alıcının (cavabdehin) Satıcıya (iddiaçıya) olan bütün borcları hər ilin 25 dekabr tarixinə qədər ödənilməlidir. Ödəniş gecikdirildikdə Satıcı (iddiaçı), gecikdirilən hər bir gün üçün əsas borcun 0.1%-i miqdarında cərimənin və bundan yarana biləcək inzibati xərclərin ödənilməsini Alıcıdan (cavabdehdən) tələb edə bilər. İddiaçı öz üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, uyğun keyfiyyətdə və razılaşdırılmış qaydada malları cavabdehə təslim etmişdir. Buna baxmayaraq,cavabdeh öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, təhvilalınmış malların dəyərini ödəməmişdir. İş üzrə mövcud olan elektron qaimə fakturalardan və əmtəə-nəqliyyat qaimələrindən məlum olur ki, bütün mallar cavabdehə qüsursuz şəkildə təhvil verilmişdir. Beləliklə, hazırda cavabdehin iddiaçıya 16,399 əsas borc, 6756 manat dəbbə pulu, ümumilikdə 23,095 manat borcu vardır. Tərəflərin izahatları:
3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı ASC -nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Həmçinin, iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini, iddianın təmin edilməsi barədə iş üzrə yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmiş və işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiklərini bildirmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.
6. Məhkəmə, həmçinin Azərbaycan Respublikası MPM-nin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
7. Qeyd olunanları və işə qiyabi icraat qaydasında baxılması barədə iddiaçının razılığını nəzərə nəzərə alaraq, məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İddia ərizəsinə etiraz:
8. Cavabdeh tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.
Əsaslandırıcı hissə:
a) İş materialları və sübutların tədqiqi:
9. İş materiallarından görünür ki, İddiaçı ASC (Satıcı) ilə Cavabdeh MMC (Alıcı) arasında bağlanmış 02 mart 2023-cü il tarixli, 2023/ASM/028 nömrəli alqı-satqı müqaviləsinə əsasən, Satıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan sifarişlər əsasında razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə Alıcını malla təmin etməyi, “Alıcı” isə həmin sənədlər əsasında Malı qəbul edərək, dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür.
10. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-ci il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli elektron qaimələrdən və əmtəə - nəqliyyat qaimələrdən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh MMC-yə 16.339 manat məbləğində mal (Sement) verilmişdir.
11. İş materiallarında olan İddiaçı ASC (“Satıcı”) ilə Cavabdeh MMC (“Alıcı) arasında bağlanmış 02 mart 2023-cü il tarixli, 2023/ASM/028 nömrəli bağlanmış Alqı-Satqı Müqaviləyə 1 nömrəli Əlavə Razilaşma surətindən görünür ki, məhsulun qiymət cədvəlinə dəyişilik edilmişdir.
12. İş materiallarında olan İddiaçı ASC (“Satıcı”) ilə Cavabdeh MMC (“Alıcı) arasında bağlanmış 02 mart 2023-cü il tarixli, 2023/ASM/028 nömrəli bağlanmış Alqı-Satqı Müqaviləyə 2 nömrəli Əlavə Razilaşma surətindən görünür ki, məhsulun qiymət cədvəlinə dəyişilik edilmişdir.
13. İş materiallarından görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh MMC-yə ƏDV daxil olmaqla ümumilikdə 16339,40 manat manat məbləğində malların göndərilməsinə dair elektron qaimə-fakturalar təqdim edilmişdir.
14. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli, pretenziya məktubunun surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanılmış alqı-satqı müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh MMC məlumatlandırılmışdır.
15. ********** qəbzən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 159.28 manat dövlət rüsumu ödənilmişdir.
16. xx.xx.2025-ci il tarixli, 204OCAZ252750513 saylı ödəniş tapşırığının surətindən görünür ki, iddiaçının cavabdehə qarşı iddia ərizəsi üzrə hüquqi yardıma görə haqq 1500 manat müəyyən olunmaqla Bakı şəhər 30 saylı Vəkil Bürosunun hesabına ödənilmişdir.
b) Tətbiq edilən hüquq:
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə- hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. - 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 425.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
- 217.5-ci maddəsinə əsasən Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
19. Məhkəmə baxışının hədləri:
- AR MPM-nin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır.
Məhkəmənin mövqeyi:
20. Məhkəmə, qeyd olunan normaların tələblərini, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iş üzrə qiyabi qətnamə qəbul edilməli və iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir.
21. Məhkəmə iş materiallarına əsasən hesab edir ki, hazırki iş üzrə iddiaçı ilə cavabdeh arasında etibarlı şəkildə alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər mövcuddur. Ona görə ki, tərəflər arasında bağlanmış müqavilədən göründüyü kimi iddiaçı həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan sifarişlər əsasında razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə alıcı malla təmin etməyi, cavabdeh isə həmin malları qəbul etməyi və dəyərini ödəməyi öhdələrinə götürmüşlər.
22. Məhkəmə qeyd edir ki, iddianın əsasını, müqavilə üzrə “Satıcı”ya aid öhdəliklərin lazımınca yerinə yetirilməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə, alqı-satqı müqaviləsi tələb olunan borcun ödənilməsini sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, idddiaçı öz tələbinin əsasını qanuna uyğun dəlillərlə sübut etmiş, lakin cavabdeh lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddia ərizəsinə etiraz verməmiş, iddianın əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə, alqı-satqı müqaviləsi üzrə öhdəliyin cavabdeh tərəfindən lazımınca yerinə yetirilməməsinin tam sübut olunduğu qənaətinə gəlir.
23. Belə ki, iş materiallarında olan elektron qaimə fakturalardan və digər sənədlərdən görünür ki, iddiaçı tərəfindən cavabdehdə ƏDV daxil 16339 manat məbləğində mal verilmişdir.
24. Bundan başqa, iş materiallarından görünür ki, tərəflər arasında bağlanmış müqavilədə cavabdeh tərəfindən ödənişlərin gecikdirilməsinə görə, iddiaçının gecikdirilən hər gün üçün əsas borc məbləğinin 0.1%-i miqdarında cərimə hesablamaq hüququ nəzərdə tutulmuşdur. Bu əsasla iddiaçı, cavabdeh ilə aralarında bağlanmış müqavilə üzrə 6,756 manat məbləğində cərimə hesablamışdır. AR Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Ona görə də, məhkəmə iddianı cəriməyə aid hissədə də əsaslı hesab edir.
25. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə cavabdehə qarşı hazırki iddia tələbini irəli sürmək hüququ vermişdir. Bu səbəbdən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehdən 16339 əsas borc və 6756 manat cərimə olmaqla, ümumilikdə 23,095 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmə xərcləri:
26. Məhkəmə, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, iddia təmin edildiyindən, iş üzrə ödənilmiş dövlət rüsumuna görə 159,28 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
27. Məhkəmə, həmçinin iddiaçı tərəfindən hüquqi yardıma görə vəkilə ödənilmiş 325 manat xərcə münasibətdə isə qeyd edir ki, həmin xərc ağlabatan hesab olunmaqla, cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Nəticə
28. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 238-253, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
q ə t e t d i:
İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 16339 manat əsas borc, 6756 manat cərimə olmaqla, cəmi 23,095 (iyirmi üç min doxsan beş) manat məbləğində borc, ödənilmiş dövlət rüsumuna görə 159,28 (bir yüz əlli doqquz manat, iyirmi səkkiz qəpik) manat pul vəsaiti və 325 (üç yüz iyirmi beş) manat vəkil xərci tutularaq İddiaçı ASC-yə ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Şirvan Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) ərizə verə bilər. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Rəmzi Nəbiyev