Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-371/2025 19.02.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddaçı İddiaçı və Cavabdeh ASC-nin nümayəndəsi X2 iştirakları ilə İddiaçı Cavabdeh ASC-nə qarşı yeni müqavilənin bağlanması və maddi ziyana görə pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh ASC-nə qarşı yeni müqavilənin bağlanması və maddi ziyana görə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh ASCnin X1 Kürdəmir Bölməsi arasında yeni müqavilənin bağlanması və maddi ziyana görə 5400 manatın və ödənilmiş 74 manat dövlət rüsumunun, cəmi 5474 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mexanizator ixtisası üzrə müxtəlif təşkilatlarda işləmişdir. xx.xx.2021-ci ildə Cavabdeh ASC-nə məxsus kənd təsərrüfatı texnikasının orepativ lizinqə verilməsi barədə Cavabdeh ASC-nin Qobustan RN-nin, Kürdəmir Bölməsinin direktoru şəxsində X6 ilə aralarında bağlanmış 07/01420 saylı müqavilə əsasında bir il müddətinə 7000 manat ödənişlə mülkiyyət hüququnun istifadəçiyə keçməməsi şərti ilə Kombayn taxılyığan “Sampo Reseniew SR-2065” markalı, **-BA-*** dövlət qeydiyyat nömrəli texnikanı istifadəyə götürmüşdür. Müqavilə şərti üzrə tərəfindən Cəmiyyətə 7000 manat ödənilmişdir, istifadə müddəti başa çatdıqdan sonra, həmin texnikanı saz halda Cəmiyyətə təhvil vermişdir. Bundan sonra sözügedən müqavilənin 1.3 və 3.2-ci bəndlərinə uyğun olaraq, eyni şərtlə yalnız ödənişin məbləği 7500 manat olmaqla, xx.xx.2022-ci ildə Cəmiyyətlə aralarında 07/02039 saylı yeni müqavilə bağlanmış və işlədiyi Kombayn eyni müddətə istifadəsinə verilmişdir. Həmçinin bu zaman filialın direktoru dəyişmiş və X5 filiala yeni direktor təyin edilmişdir. 2022-ci ilin iyul ayının 14-də Kürdəmir rayon ərazisində taxıl biçini yekunlaşdıqdan sonra, filialın rəhbərliyinin razılığı və icazəsi ilə Şamaxı rayonuna taxıl biçininə getmişdir. 15 iyul 2022-ci ikl tarixdə taxıl sahəsinə yerdəyişmə zamanı idarə etdiyi “Kombayn” müvazinətini itirərək yanı üstə çevrilmiş və qəza baş vermişdir. Bu hadisə Cavabdeh ASC-nin X1 direktoru Zakir Xudaverdiyevin başçılıq etdiyi komissiya tərəfindən aktlaşdırılmişdir. İdarə etdiyi Kombayn "xxxx" ASC-də sığortalandığına görə, baş vermiş qəzaya görə həmin Sığorta Cəmiyyəti tərəfindən Cavabdeh ASC-nə 13.955 manat sığorta pulu ödənildi. Həmin vəsait hesabına istifadəsində olan Kombayn saz vəziyyətə gətirildikdən sonra onun istifadəsinə verilməmişdir və istifadə üçün başqa bir şəxsə verilmişdir. 2023-cü ildə onunla yeni müqavilə bağlanmasından Cəmiyyət əsassız olaraq imtina etmişdir. 2022-ci ildə taxıl biçini mövsümünün başa çatmağına 15 gün qalmışdır və bu səbəbdən 15 gündə müqavilədə nəzərdə tutulmuş Kombayn onun istifadəsinə verilmədiyindən, hər gün əldə edəcəyi 540 manat xalis gəliri əldə çıxmış və bu məbləğdə hər gün üçün ona cavabdeh tərəfindən maddi ziyan vurulmuşdur. Maddi ziyan vurulduğu iş günlərinin 10 gün nəzərdə tutulduğunu əsas götürərək, bu ziyanın ümumi məbləği 5400 manat təşkil edir. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul etmədiyini, xx.xx.2022-ci tarixdə iddiaçı ilə kənd təsərrüfatı texnikasının lizinqə verilməsinə dair müqavilə bağladıqlarını və texnikanı iddiaçının istifadəsinə verdiklərini, təxminən 1 ay yarım müddətdən sonra iddiaçının lizinqə verilmiş texnika ilə qəza törətdiyini, nəticədə texnikaya böyük məbləğdə ziyan dəydiyini, bundan sonra onunla yeni müqavilə bağlanmadığını, cari ildə mövsüm zamanı iddiaçının kənd təsərrüfatı texnikasının lizinqə verilməsinə dair müraciəti olarsa, onunla yeni müqavilə bağlanması məsələsinə baxıla biləcəyini bildirdi və iddianın təmin edilməməsini xahiş etdi. İddaçı İddiaçı məhkəmə iclasında verdiyi izahatında onun istifadəsinə verilmiş texnika ilə qəza törətdiyini, lakin həmin qəzada onun təqsirinin müəyyən olunmadığını, texnikaya vurulmuş ziyanın sığorta şirkəti tərəfindən ödənildiyini, bir neçə dəfə müraciət etməsinə baxmayaraq onunla yeni müqavilə bağlanmadığını, texnika təmir olunaraq işlək vəziyyətə gətirilsə də onun istifadəsinə verilmədiyini, nəticədə əldən çıxmış fayda şəklində ziyana məruz qaldığını, texnika onda olduğu müddətdə gün ərzində 500-600 manat məbləğində gəlir əldə etdiyini bildirdi və iddianın təmin olunmasını xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarını nəzərə alaraq, iş materiallarında olan sənədlərə, tərəflərin məhkəmə iclasında verdikləri izahatlarına və məhkəmə iclasında tədqiq edilən digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 2022-ci il 19 aprel tarixli 07/02039 nömrəli operativ lizinq müqaviləsinin surətindən görünür ki, “Sampo Reseniew SR-2065” markalı, **-BA-*** dövlət qeydiyyat nömrəli taxılyığan kombayn xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödəniş məbləği 7500 manat müəyyən edilməklə lizinqə verilməsinə dair Cavabdeh ASC ilə İddiaçı arasında lizinq müqaviləsi bağlanmışdır. 1.2-ci bəndinə əsasən, lizinq alan (istifadəçi) texnikanın müqavilə müddəti bitməmişdən əvvəl təhvil verilməsindən, texnikanın istismarı zamanı baş vermiş nasazlıq səbəbi ilə boş dayanmalardan və texnikanın saz vəziyyətə gətirilməsinə çəkilən xərcdən asılı olmayaraq, bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş məbləği lizinq verənə tam şəkildə ödəməyi öhdəsinə götürür; 1.4-cü bəndinə əsasən, müvəqqəti istifadəyə götürülmüş texnikaların ödəniş öhdəliyi 100% olaraq ödənilməlidir; 2.1.4-cü bəndinə əsasən, lizinq alan tərəfindən müqavilənin şərtlərinə əməl edilmədikdə liozinqə verən onu yazılı xəbərdarlıq etməklə bu müqaviləni birtərəfli qaydada ləğv etmək, texnikanı geri götürmək, habelə ödənişlərdən qalan borcun və texnikaya dəymiş zərərin ödənilməsini tələb etmək hüquqna malikdir; 2.2.5-ci bəndinə əsasən, texnikanın təyinatı üzrə səmərəli istifadəsini, saz vəziyyətdə saxlanmasını, vaxtında texniki xidmətlərin aparılmasını, təmirini, GPS avadanlıq dəstinin qorunub saxlanmasını və icazəsiz konstruktiv dəyişiklik edilməməsini təmin etmək barədə lizinq alan öhdəlik götürmüşdür; 2.2.8-ci bəndinə əsasən, bu müqavilənin müddəti başa çatdıqdan sonra texnikanı saz və dəst halda lizinqə (istifadəyə) verənə geri qaytarmağı lizinq alan qeyri-şərtsiz üzərinə götürür; 4.2-ci bəndinə əsasən, lizinq alan müqavilənin 2.2-ci bəndindəki şərtlərini yerinə yetirmədikdə ödənilmiş pul məbləği heç bir halda geri qaytarılmamaq şərti ilə müqaviləyə vaxtından öncə birtərəfli şəkildə xitam verir və texnika Cavabdeh ASC-nin bölməsinin parkına geri qaytarılır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “İltizam”ın surətindən görünür ki, İddiaçı 07/02039 nömrəli, xx.xx.2022-ci il tarixli müqavilə əsasında saz vəziyyətdə müvəqqəti istifadəyə götürdüyü 1 ədəd SR-2065 markalı taxılyığan kombaynı təyinatı üzrə istifadə etməyi, istismar zamanı yaranmış nasazlığı müqavilə müddəti ərzində öz hesabına aradan qaldırmağı, müqavilə müddəti bitməmişdən əvvəl təhvil verməyindən, texnikanın istismarı zamanı baş vermiş nasazlıq səbəbi ilə boş dayanmalardan və texnikanın saz vəziyyətə gətirilməsinə çəkilən xərclərdən asılı olmayaraq müqavilədə nəzərdə tutulmuş məbləği lizinq verənə tam şəkildə ödəməyi, texnikadan istifadə zamanı əməyin mühafizəsi, texniki təhlükəsizlik, o cümlədən yanğın təhlükəsizliyi qaydalarına riayət etməyi öhdəsinə, həmin qaydaları riayət etmədiyi halda baş verəcək hər hansı hadisəyə görə məsuliyyəti üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Cavabdeh ASC-yə məxsus olan texnikanın texniki vəziyyəti barədə 1 saylı aktdan görünür ki, Cavabdeh ASC-nin istifadəsində olan texnika saz vəziyyətdə mexanizator İddiaçı təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Cavabdeh ASC-yə məxsus olan texnikanın texniki vəziyyəti haqqında 2 saylı aktdan görünür ki, 1 ədəd Sampo Rosenlew SR-2065 markalı taxılyığan kombayn İddiaçı tərəfindən Cavabdeh ASCyə təhvil verilmiş və bu barədə tərəflər arasında akt tərtib olunaraq imzalanmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, texnikanın xeyderi, maili kamerası, kabinası, kombaynın dayaq çərçivəsi, silkələyici lövhə, alt və üst ələkləri, bunkerə dən qaldırıcı şnek və gövdəsi, bunkerdən taxılboşaldan şnek və hidrosilindri, fırlanan hava qəbuledicisi, qoruyucu toru, fırlanan təmizləyici ekranı, işıqlanma sistemi, sağ və sol yan qoruycu örtükləri, taxıl bunkeri istifadəyə yararsız vəziyyətdə mexanizator İddiaçı tərəfindən təhvil verilmişdir. İş materiallarında olan iddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin və Şamaxı DAİM-in nümayəndələrinin iştirakı ilə xx.xx.2022-ci il tarixdə tərtib edilmiş aktın surətindən görünür ki, Qobustan RN Kürdəmir rayon bölməsinə məxsus SR-2065 markalı taxılyığan kombayn 15 iyul 2022-ci il tarixdə Həmyəli qəsəbəsində yol nəqliyyat qəzasına uğrayaraq yolun kənarında çevrilmişdir. Qəza nəticəsində taxılyığan kombaynın xeyder hissəi aralanaraq yararsız vəziyyətə düşmüş, kombayn özü çevrilərək sol tərəfindən aşmışdır. SR-2065 markalı 33AB106 dövlət qeydiyyat nömrəli taxılyığan kombayn deformasiyaya uğrayaraq karkas hissəsi burulmuş, nəticədə istismara yararsız vəziyyətə düşmüşdür. Məhkəmənin, iş materiallarında olan sənədlərə, təqdim olunmuş dəlillərə əsasən müəyyən etdiyi işin faktiki halları belədir ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsinə əsasən, cavabdehə məxsus olan kombayn xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödəniş məbləği 7500 manat müəyyən edilməklə iddiaçının istifadəsinə verilmişdir. Müqavilə bağlandıqdan sonra 1 ay 15 gün sonra kombayn iddiaçı tərəfindən idarə edilərkən qəza baş vermiş, nəticədə kombayna ciddi ziyan dəymişdir. Bundan sonra tərəflər arasında lizinq müqaviləsi üzrə münasibətlər kəsilmişdir və texnika iddiaçı tərəfindən cavabdehə geri təhvil verilmişdir. İddiaçı hazırki tələbində onunla yeni müqavilə bağlanması vəzifəsinin cavabdehin üzərin qoyulmasını və lizinq müqaviləsi üzrə lizinq obyektindən istifadə etmədiyi 15 gün üçün məruz qaldığı əldən çıxmış fayda şəklində zərərin cavabdehdən tutularaq ona ödənilməsini tələb edir. Məhkəmə, müqavilə bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiaçının tələbi ilə əlaqədar qeyd edir ki, mülki hüququn əsas prinsiplərindən birini təşkil edən müqavilə azadlığı prinsipinə görə, mülki hüquq subyektləri öz aralarında sərbəst şəkildə və öz iradələrinə uyğun müqavilə bağlamaq hüququna malikdirlər və heç kim müqavilə münasibətlərinə daxil olmağa məcbur edilə bilməz. Müqavilə azadlığı prinsipi normativ qaydada Azərbaycan Respublikasının Mlüki Məcəlləsində də nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mlüki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən, müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Məhkəmə, yuxarıda şərh olunanları və sadalanan maddi hüquq normalarının tələblərini baxılan işin müəyyən edilmiş hallarına tətbiq edərək bu qənaətə gəlir ki, iddianın cavabdehin üzərinə iddiaçı ilə müqavilə bağlanması vəzifəsinin qoyulması hissəsi qanuna zidd tələb olduğuna görə təmin edilə bilməz. Məhkəmə, iddia tələbini iddiaçının əldən çıxmış fayda şəklində məruz qaldığı zərərin əvəzinin cavabdehdən tutulması hissəsində əsassız olduğu qənaətinə gələrək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.8-ci maddəsinə əsasən, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Qeyd olunan maddi hüquq normasının tələbindən göründüyü kimi, lizinq alan lizinq obyektini aldığı vəziyyətdə lizinq verənə geri qaytarmaq öhdəliyinin daşıyıcısıdır. Baxılan işin hallarından görünür ki, lizinq obyekti iddiaçıya saz vəziyyətdə təhvil verilmişdir, lakin lizinq obyekti geri qaytarılarkən baş vermiş qəza hadisəsi nəticəsində texnikaya ciddi zərər dəyməsi faktı tərəflərin imzası ilə təsdiq edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, lizinq obyekti geri qaytarılarkən onda qeyd edilən qüsurların mövcud olması faktı öz təsdiqini tapır. Məhkəmə, həmçinin qeyd edir ki, işin hallarından göründüyü kimi lizinq müqaviləsinə vaxtından əvvəl xitam verilməsinə səbəb iddiaçının idarəsində olarkən lizinq obyektinin qəza nəticəsində yararsız hala düşməsi olmuşdur. Belə olan halda cavabdehin təqsiri müəyyən edilmədən ona qarşı əldən çıxmış fayda şəklində zərərin ödənilməsi barədə tələblə çıxış etməsi üçün iddiaçının subyektiv hüququ yaranmamışdır. Bundan başqa, cavabdeh vurulmuş ziyan faktını sübut etməklə yanaşı, həmin ziyanın həcmini də sübut etməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə, yuxarıda şərh olunanları yekunlaşdıraraq qeyd edir ki, vurulmuş ziyanın həcminin və onun pul qarşılığının məbləğinin sübut edilməsi iddiaçının üzərinə düşməsinə baxmayaraq, iddiaçı belə sübutu məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də, iddia həmin hissədə də təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia ərizəsi təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-371/2025
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-371/2025
19.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver