Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-3768/2024 11.12.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 Saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə xüsusi icraat qaydasında ərizəsi üzrə işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təsviri hissə: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 13165,5 manat məbləğində (o cümlədən, vergilər üzrə 11490,35 manat, faizlər üzrə 1675,15 manat), İşsizlikdən sığorta fonduna 26,52 manat, Dövlət Sosial Müdafiə Fonduna 642,92 manat, İcbari Tibbi Sığorta Fonduna 105,58 manat, Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə 3,6 manat məbləğində olmaqla, ümumilikdə 13944,12 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 13165,5 manat məbləğində (o cümlədən, vergilər üzrə 11490,35 manat, faizlər üzrə 1675,15 manat), İşsizlikdən sığorta fonduna 26,52 manat, Dövlət Sosial Müdafiə Fonduna 642,92 manat, İcbari Tibbi Sığorta Fonduna 105,58 manat, Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə 3,6 manat məbləğində olmaqla, ümumilikdə 13944,12 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli **********185300, xx.xx.2024-cü il tarixli **********446200, xx.xx.2024-cü il tarixli **********444800, xx.xx.2024-cü il tarixli **********445500-cü il tarixli nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər. Maraqlı şəxs məhkəmə iclasında iştirak edərək, hüquqi şəxsin təsisçisinin xx.xx.2024-cü il tarixli əmri ilə işdən azad edildiyini, həmin tarixdən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində çalışmadığını, hazırda Türkiyə Respublikasında ali təhsil aldığını və azyaşlı övladının ağır xəstəliyi ilə əlaqədar Türkiyə Respublikasında müntəzəm müalicə aldığını, bu səbəblərdən müntəzəm olaraq ölkə xaricinə getmək məcburiyyətində olduğunu bildirdi və ərizənin təmin olunmamasını xahiş etdi. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarını nəzərə alaraq, iş materiallarında olan sənədlərə, maraqlı şəxsin məhkəmə iclasında verdiyi izahatına və digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan hüquqi şəxs haqqında məlumatdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2022-ci il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********) verilmişdir. Hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxsdır. O, xx.xx.1997-ci il tarixdə Kürdəmir rayonu, Sığırlı kəndində doğulmuşdur (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA*******) və hazırda Kürdəmir rayonu, Sığırlı kəndində qeydiyyatdadır. İş materiallarında olan maraqlı şəxsin şəxsi hesab vərəqəsindən görünür ki, MERGER GROUP" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə borcu 13165,5 manat məbləğində (o cümlədən, vergilər üzrə 11490,35 manat, faizlər üzrə 1675,15 manat), İşsizlikdən sığorta fonduna borcu 26,52 manat, Dövlət Sosial Müdafiə Fonduna borcu 642,92 manat, İcbari Tibbi Sığorta Fonduna borcu 105,58 manat, Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə borcu 3,6 manat məbləğində təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən vergi ödəyicisinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli bildirişlərin surətindən görünür ki, maraqlı şəxsə borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş və borcu ödəməməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmişdir. İş materiallarından görünür ki, ərizəçi tərəfindən qeyd olunan bildirişlər vergi ödəyicisinin elektron kabinetinə yerləşdirilmişdir. İş materiallarında olan “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”nin surətindən görünür ki, Maraqlı şəxs ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair bildiriş xx.xx.2024-cü il tarixdə sistemə daxil edilərək qeydiyyata alınmışdır. Beləliklə, işin müəyyən edilmiş faktiki hallarına əsasən müəyyən olunur ki, vergi ödəyicisi "xxxx" MMC ilə iş üzrə Maraqlı şəxs arasında münasibətlər əmək qanunvericiliyinin tələblərinə əsasən əmək müqaviləsi bağlanması yolu ilə yaranmış və həmin münasibətlərə yenə əmək qanunvericiliyinə əsasən xitam verilmişdir. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərkən maraqlı şəxs artıq vergi öhdəlikərini yerinə yetirməyən hüquqi şəxsin icra orqanının rəhbəri statusuna malik olmamışdır. Buna görə də məhkəmə hesab edir ki, vergi borcu olan hüquqi şəxsin icra orqanının rəhbəri olmayan fiziki şəxsin, həmin hüquqi şəxsin borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün əsas yoxdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 83-cü maddəsinə 1 və 2-ci bəndlərinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci bəndinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini həmin Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüququdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Göründüyü kimi, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinin tələblərinə görə hüquqi şəxsin vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədilə yalnız hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması imkanı nəzərdə tutulmuşdur. Qanunvericiliyin tələblərindən də göründüyü kimi, vergi öhdəliklərini yerinə yetirməyən hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququ məhdudlaşdırıla bilər. Hazırkı işdə isə maraqlı şəxsin vergi borcu olan hüquqi şəxsin vergi öhdəliklərinin yerinə yetirilməsinin təmin edilməsi məqsədi ilə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün əsas yoxdur. Məhkəmə həmçinin bu qənaətə gəlir ki, Maraqlı şəxs fərdi sahibkar statusu ilə dövlət büdcəsinə 3,6 manat məbləğində borcunun olması əsası ilə onun barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qismində tədbirin seçilməsi mütəbasiblik prinsipinə uyğun hesab edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (Battista İtaliyaya qarşı iş üzrə 2 dekabr 2014-cü il tarixli, § 37; Stamose Bolqarıstana qarşı iş üzrə 27 noyabr 2012-ci il tarixli, § 30; Bartik Rusiyaya qarşı iş üzrə 21 dekabr 2006-cı il tarixli, § 46 Qərarlar). Məhkəmə, şərh olunanları nəzərə alaraq bu nəticəyə gəlir ki, ərizəçinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə xüsusi icraat qaydasında ərizəsi təmin edilməməlidir. Məhkəmə yekunda onu da qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə müəyyən edilən əsaslarla ərizənin təmin edilməməsi gələcəkdə ərizəçinin yenidən MMC-nin fəaliyyət göstərən icra orqanının rəhbərinə qarşı eyni predmet və tələblə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 Saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə xüsusi icraat qaydasında ərizəsi təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-3768/2024
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-3768/2024
11.12.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver