Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-3791/2024 04.12.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Nəbiyev Rəmzi Sultan oğlu, İddiaçı BOKT MMC-nin Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsini Şirvan şəhərində, məhkəmənin inzibati binasında nəzərdən keçirərək müəyyən etdi: İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, iddiaçı "Monetri” Bank Olmayan Kredit X1 Cəmiyyəti və Cavabdeh arasında bağlanmış 20 iyul 2023-cü il tarixli 3522/2 nömrəli Lizinq (restrukturizasiya) Müqaviləsi üzrə 21.957,09 (iyirmi bir min doqquz yüz əlli yeddi manat doqquz qəpik) AZN məbləğdə qalıq əsas borcun və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 156 (bir yüz əlli altı) AZN məbləğdə dövlət rüsumunun cavabdeh - Cavabdeh tutularaq iddiaçı "Monetri” Bank Olmayan Kredit X1 Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Yuxarıda göstərilən normaların məzmunundan göründüyü kimi mübahisənin məhkəmə aidiyyəti, yəni ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aid olması müəyyən edilərkən üç meyar - işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri əsas götürülür. Bu zaman hər üç meyarın mövcud olması imperativ norma kimi nəzərdə tutulmuşdur. Məhkəmə işdə olan sənədlərə əsasən müəyyən edir ki, hazırki iş üzrə mübahisə tərəflər (lizinq verən və lizinq alan) arasında lizinq müqaviləsindən əmələ gələn öhdəliklərin icrası ilə əlaqədardır. Belə ki, tərəflər arasında məhkəmə mübahisəsi kommersiya hüquqi şəxsi ilə fərdi sahibkar statusuna malik olan fiziki şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 3522/2 saylı “LİZİNG (RESTRUKTURİZASİYA) Müqaviləsi”ndən irəli gəlir. Bundan başqa iş materiallarında olan Cavabdeh 15 iyul 2021-ci il tarixli ərizəsindən görünür ki, cavabdeh həmin ərizə ilə PSG Finans BOKT MMC-yə müraciət edərək, avtomobilin alınması üçün illik 24% dərəcəsi ilə 36(otuz altı) ay müddətinə 33300 (otuz üç min üç yüz) manat məbləğində lizinq kreditin ayrılmasına köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, ML/3137 nömrəli “Alqı-Satqı Müqaviləsi”nin 1.1-ci bəndinə əsasən satıcı X2 1 (bir) ədəd (2016-cı il buraxılışı olan BMW 5281 Minik markalı, WBA5A5C53GG3S2U52 ban nömrəli avtomobili (bundan sonra “Avtomobil” adlandırılacaq) Alıcının mülkiyyətinə verir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən Alıcı bu avtomobili ML/3137 saylı maliyyə lizinqi müqaviləsinə əsasən Cavabdeh (gələcəkdə İizinq alan adlanacaqdır) lizinqə verilməsi məqsədilə alır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 3522/2 nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən bu Müqavilə xx.xx.2021-ci il tarixli, 3137 saylı lizing müqaviləsinə əsasən bağlanılır. 1.2. Bu. Müqaviləyə əsasən kreditor borclumun vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 37880 (otuz yeddi min səkkiz yüz səksən) manat qalıq məbləğini ödəməsi məqsədi ilə 37880 (otuz yeddi min səkkiz yüz səksən) manat məbləğində güzəştli krediti (bundan sonra kredit) verməyi, borclu isə verilmiş krediti və ona hesablanan faizləri bu müqaviləyə əlavə edilmiş ödəniş cədvəli (kreditin qaytarılmarsı cədvəli) üzrə kreditora ödəməklə öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürür.) İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı BOKT MMC-nin əvvəlki adı "xxxx" BOKT MMC olmuşdur. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, hazırki iş üzrə iddiaçı kommersiya təşkilatı olduğundan, cavabdeh isə sahibkar kimi vergi uçotuna alındığından tərəflərin subyekt tərkibi ilə bağlı mübahisə yoxdur. Lakin tərəflərdən iddiaçınınm hüquqi şəxs və cavabdehin isə fərdi sahibkar statusuna malik fiziki şəxs olmasına baxmayaraq hüquq münasibətinin xarakteri baxımından hazırki mübahisə kommersiya mübahisəsi hesab oluna bilməz. Çünki, iddia ərizəsinə əlavə olunan sənədlərlə, həmçinin tərəflər arasında bağlanmış müqavilənin şərtlərindən lizinq obyektinin lizinq alan tərəfindən məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə alınması müəyyən edilmir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 Sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 11-ci bəndinə əsasən, MPMin 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Həmin Qərarın 12-ci bəndinə əsasən, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin Qərarın 14-cü bəndinə əsasən, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Məhkəmə, həmçinin qeyd edir ki, hazırki iş üzrə mübahisə tərəflər (lizinq verən və lizinq alan) arasında lizinq müqaviləsindən əmələ gələn öhdəliklərin icrası ilə əlaqədardır. Tərəflər arasında olan lizinq müqaviləsi əsasında yaranan münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. Eyni zamanda, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə lizinq predmetinin yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə verilməsi məhdudlaşdırılmamışdır. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 140.6-cı maddəsinin həmin Məcəllənin 13.2.14.1, 140.2, 164.1.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-1 və 747-5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2017-ci il 12 yanvar tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələrində lizinq alanın sahibkarlıq fəaliyyəti ilə məşğul olması barədə hər hansı tələb mövcud deyildir. Mülki Məcəllənin 747-1.3-cü maddəsinin tələbləri baxımından lizinq obyektinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan hüquqi və ya fiziki şəxsə verilməsi istisna edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmçinin, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı tərəfindən Şirvan Kommersiya Məhkəməsinə 156 manat məbləğində dövlət rüsumu (qəbzin nömrəsi: **********) ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi geri qaytarılmalı və Şirvan Kommersiya Məhkəməsinə ödənilmiş 156 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə hazırkı iddiaya məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsində baxılmalı olmadığını nəzərə alaraq hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya aidiyyəti məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. Eyni zamanda, ərizəçiyə izah edilməlidir ki, Azərbaycan Respublikası MPM-nin 403-1.3-cü maddəsinə əsasən, məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. Həmin Məcəllənin 407.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində aşağıdakılar göstərilməlidir: 407.1.1.şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 407.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; şikayət olunan məhkəmə aktını qəbul etmiş məhkəmənin adı, aktın qəbul edildiyi tarix, mübahisənin predmeti; şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması; şikayətə əlavə edilən sənədlərin siyahısı. Qeyd edilən Məcəllənin 407.2-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Göstərilən Məcəllənin 407.3-cü maddəsinə əsasən, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Yenə həmin Məcəllənin 407.4-cü maddəsinə əsasən, şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx.xx.2020-ci il tarixli 10 nömrəli Qərarının 4-cü bəndində göstərilmişdir ki, iddia ərizəsinin Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı olmaması səbəbindən geri qaytarılması əsası işin inzibati deyil, yalnız mülki və kommersiya aidiyyətini ehtiva edir. Bu əsasla iddia ərizəsinin geri qaytarılmasına dair birinci instansiya məhkəməsinin qərardadından verilmiş şikayətə apellyasiya instansiyası məhkəməsində baxılması məhkəmə aidiyyəti ilə bağlı məsələlər üzrə yekun qərarın faktiki olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən verilməsi ilə nəticələnəcəyindən bu şikayətlər baxılması üçün kassasiya instansiya məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı MMC Cavabdeh qarşı qarşı pul tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçı MMC tərəfindən Şirvan Kommersiya Məhkəməsinə 156 manat məbləğində dövlət rüsumu (qəbzin nömrəsi: **********) İddiaçı MMC-yə geri qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində ondan Şirvan Kommersiya Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Rəmzi Nəbiyev
Məhkəmə qərarları › İş №e-2-2(121)-3791/2024
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-3791/2024
04.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver