Məhkəmə qərarları › İş №e-2-2(121)-38/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-38/2024

17.04.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınar əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-38/2024 17.04.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili X2 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı – əmlakların və ya dəyərinin geri qaytarılması barəsində iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı – cavabdehə müvəqqəti istifadə üçün verilmiş hər birinin dəyəri 11000 manat olan “İveco FİAT S-59” markalı ** AD *** dövlət qeydiyyat nişanlı və ** AD *** dövlət qeydiyyat nişanlı yük avtomobilləri, bir ədədinin dəyəri 350 manat olan 300L - 40 ədəd, bir ədədinin dəyəri 350 manat olan 314L - 5 ədəd, bir ədədinin dəyəri 450 manat olan 400L - 33 ədəd, bir ədədinin dəyəri 500 manat olan 500L - 5 ədəd və bir ədədinin dəyəri 600 manat olan 600L - 2 ədəd soyuducu, ümumi dəyəri 14000 manat olan 10 HP motor qrupu DWM (kopeland komplekti), dəyəri 2000 manat olan siyirtmə qapı və bir qutusunun dəyəri 50 manat olan 10 qutu izolyasiyanın ondan alınaraq geri qaytarılması, bu mümkün olmadıqda isə onların ümumi dəyərini təşkil edən 72800 manatın, 400 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC-nin istehsal etdiyi dondurma məhsullarının satışı ilə məşğul olmuş, bununla əlaqədar müəssisə tərəfindən Cavabdeh zəruri şərait yaradılmışdır. Belə ki, Bakıdan kənar rayonlarda satışın həyata keçirilməsi məqsədilə müəssisə tərəfindən Cavabdeh hər birinin dəyəri 11000 manat olan “İveco FİAT S-59” markalı ** AD *** və ** AD *** dövlət qeydiyyat nişanlı yük avtomobilləri, bir ədədinin dəyəri 350 manat olan 300 L -40 ədəd, bir ədədinin dəyəri 350 manat olan 314 L- 5 ədəd, bir ədədinin dəyəri 450 manat olan 400 L-33 ədəd, bir ədədinin dəyəri 500 manat olan 500 L-5 ədəd və bir ədədinin dəyəri 600 manat olan 600 L-2 ədəd soyuducu, ümumi dəyəri 14000 manat olan 10 HP motor qrupu DWM (kopeland komplekti), dəyəri 2000 manat olan siyirtmə qapı və bir qutusunun dəyir 50 manat olan 10 qutu izolyasiya müvəqqəti istifadə üçün verilmişdir. Cavabdeh ilə müəssisə arasında olan alqı-satqı əməliyyatları artıq 3 ildir ki, dayandırılmışdır. Göstərilən müddətdə Cavabdeh ilə üzləşmə aparılmış və sonuncunun müəssisəyə alqı-satqı əməliyyatlarından 27000,17 manat borcunun olduğu, eləcə də yuxarıda adı çəkilən əmlakların Cavabdeh istifadəsində olduğu müəyyən edilmişdir. Cavabdeh dəfələrlə şifahi və yazılı qaydada borcun ödənilməsi və yuxarıda adı çəkilən əmlakların geri qaytarılması tələb olunsa da, sonuncu borcu ödəməmiş və əmlakları geri qaytarmamışdır. Odur ki, müəssisə tərəfindən sözügedən borc məbləğinin ödənilməsi ilə bağlı sonuncuya qarşı məhkəmədə iddia qaldırılmış və Cəbrayıl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(072)-129/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(106)-168/2023 nömrəli qətnaməsinə əsasən Cəbrayıl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(072)-129/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hal-hazırda isə Cavabdeh müvəqqəti istifadə üçün verilmiş hər birinin dəyəri 11000 manat olan “İveco FİAT S-59” markalı ** AD *** və ** AD *** dövlət qeydiyyat nişanlı yük avtomobilləri, bir ədədinin dəyəri 350 manat olan 300 L -40 ədəd, bir ədədinin dəyəri 350 manat olan 314 L- 5 ədəd, bir ədədinin dəyəri 450 manat olan 400 L-33 ədəd, bir ədədinin dəyəri 500 manat olan 500 L-5 ədəd və bir ədədinin dəyəri 600 manat olan 600 L-2 ədəd soyuducu, ümumi dəyəri 14000 manat olan 10 HP motor qrupu DWM (kopeland komplekti), dəyəri 2000 manat olan siyirtmə qapı və bir qutusunun dəyir 50 manat olan 10 qutu izolyasiyanın geri qaytarılması bu mümkün olmadıqda isə onların ümumi dəyərini təşkil edən 72800 manat tələbinə dair iddia qaldırılmışdır. İddiaçı sonradan iddiasını dəyişdirərək, cavabdehə müvəqqəti istifadə üçün verilmiş hər birinin dəyəri 11000 manat olan İveco FİAT S-59” markalı ** AD *** və ** AD ***dövlət qeydiyyat nişanlı yük avtomobilləri, bir ədədinin dəyəri 350 manat olan 300L - 40 ədəd, bir ədədinin dəyəri 350 manat olan 314L - 5 ədəd, bir ədədinin dəyəri 450 manat olan 400L - 33 ədəd, bir ədədinin dəyəri 500 manat olan 500L - 5 ədəd və bir ədədinin dəyəri 600 manat olan 600L - 2 ədəd soyuducu, ümumi dəyəri 14000 manat olan 10 HP motor qrupu DWM (kopeland komplekti), dəyəri 2000 manat olan siyirtmə qapı və bir qutusunun dəyəri 50 manat olan 10 qutu izolyasiyanın ondan alınaraq geri qaytarılması, bu mümkün olmadıqda isə onların ümumi dəyərini təşkil edən 72800 manatın, 400 manat mediasiya xərcinin, həmçinin bir ədədinin dəyəri 350 manat olan 300L - 37 ədəd, bir ədədinin dəyəri 350 manat olan 314L - 1 ədəd, bir ədədinin dəyəri 450 manat olan 400L - 94 ədəd, bir ədədinin dəyəri 500 manat olan 500L - 2 ədəd, ümumi 134 ədəd soyuducunun ondan alınaraq geri qaytarılması, bu mümkün olmadıqda isə onların ümumi dəyərini təşkil edən 56.600 manatın və 260 manat dövlət rüsumunun, ümumilikdə isə 130.060 manatın cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddianı müdafiə edərək, izahatında göstərdi ki, cavabdehlə iddiaçı arasında uzun müddət malların nisyə alqı-satqısına dair əməkdaşlıq olmuşdur. Cavabdeh dondurma satışını həyata keçirmək üçün iddiaçı tərəfindən müvafiq şərait yaradılmışdır. Onun istifadəsinə iddia ərizəsində qeyd edilən əmlaklar təhvil verilmişdir. Dondurma satışı ilə bağlı cavabdehin borcu yaranmış bununla bağlı tərəflərindən məhkəməyə müraciət edilmişdir və tələbləri təmin olunmuşdur. Hazırda isə onların cavabdehin müvəqqəti istifadəsinə verilmiş soyuducuları geri qaytarılmasını, qaytarılmadığı təqdirdə verilmiş malların dəyərinin ödənilməsini tələb edirlər. İddia tələblərini onunla əsaslandırırlar ki, cavabdehlə artıq aralarında kommersiya münasibətləri yoxdur, bu səbəbdən cavabdehdə olan malları, bu mümkün olmadıqda yaxud onların dəyəri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili X7 məhkəmə iclasında iddianı qismən qəbul edərək, izahatında göstərdi ki, hüquqlarını təmsil etdiyi şəxsin mövqeyinə əsasən 2014-cü və 2016-cı illərdə tərtib olunan sənədlərdə olan imzalar ona məxsusdur, ekspertiza keçirilməsinə ehtiyac yoxdur. Lakin 2018-ci və 2020-ci illərdə aktla bir sıra məhsulları geri qaytarmışdır, həmin sənədləri iddiaçı təqdim etməlidir. İddianı qismən, yəni **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobil və xx.xx.2023-cü il tarixli aktda qeyd olunan 11 soyuducunun verilməsinə dair hissəsində qəbul edirlər, qalan hissələrdə qəbul etmirlər. Siyirtmə qapının kimə məxsus olmasına dair məlumatı yoxdur. Qeyd olunanlara əsasən, iddia tələbinin qismən təmin edilməsini xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin, cavabdehin nümayəndəsinin izahatlarını və şahid ifadələrini dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, işə əlavə olunan İddiaçı MMC və Cavabdeh arasında imzalanmış xx.xx.2015-ci il tarixli qaimə-fakturanın surətindən görünür ki, Cavabdeh dəyəri 2000 manat olan siyirtmə qapı, dəyəri 14000 manat olan 10 HP motor qrupu DWM (kopeland komplekti), dəyəri 11000 manat olan ** AD *** dövlət qeydiyyat nişanlı avtomobil və bir qutusunun dəyir 50 manat olan 10 qutu izolyasiya təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli Bakı şəhərində tərtib edilmiş “üzləşmə aktı”ndan görünür ki, Cavabdeh İddiaçı MMC-yə 6.269,88 manat manat borcu var və İddiaçı MMC-yə məxsus 37 ədəd 300 litrlik, 1 ədəd 314 litrlik, 94 ədəd 400 litrlik, 2 ədəd 500 litrlik soyuducu Cavabdeh öhdəliyindədir. İşə əlavə olan xx.xx.2016-cı il tarixli Qəsəbədə tərtib edilmiş “üzləşmə aktı”ndan görünür ki, İddiaçı MMC-yə məxsus 33 ədəd 300 litrlik, 5 ədəd 314 litrlik, 27 ədəd 400 litrlik, 7 ədəd 500 litrlik, 2 ədəd 600 litrlik soyuducu Cavabdeh öhdəliyindədir. İşdən görünür ki, tərəflər arasında xx.xx.2014-cü il tarixli “qarşılıqlı üzləşmə” aktı tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli “üzləşmə aktı”ndan görünür ki, Cavabdeh İddiaçı MMC-yə 27.000,17 manat borcu var və İddiaçı MMC-yə məxsus “İveco Fiat S-59” markalı ** AD *** dövlət qeydiyyat nişanlı yük avtomobili, 40 ədəd 300 litrlik, 5 ədəd 314 litrlik, 33 ədəd 400 litrlik, 5 ədəd 500 litrlik, 2 ədəd 600 litrlik soyuducu Cavabdeh öhdəliyindədir. İşdə olan xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, Cəbrayıl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 16(072)-005/2022 saylı icra sənədinin icrası zamanı “İveco Fiat S-59” markalı ** AD *** dövlət qeydiyyat nişanlı avtomobil, 2 ədəd 600L markalı soyuducu, 3 ədəd 400L markalı soyuducu və 4 ədəd 300L markalı soyuducu Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-16(121)-32/2023 saylı icra vərəqəsinin icrası ilə əlaqədar olaraq, dəyəri 14000 manat olan 10HP motor qrupu DWM (kopeland komplekti) və dəyəri 2000 manat olan siyirtmə qapının üzərinə həbs qoyulmuş və saxlanc üçün Cavabdeh təhvil verilmişdir. Həmçinin Cavabdeh bildirmişdir ki, “Fiat İveco yük” markalı **-AD-*** dövlət qeydiyyat nişanlı yük avtomobili 2014-cü ildə yanmışdır və bu barədə rayon prokurorluğunda müvafiq araşdırma aparılmışdır. İcra sənədində göstərilən 10 qutu izolyasiyanın olmadığı qeyd edilmişdir. İşə əlavə olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, DİN Baş X16 İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən sorğu edilən “İVECO FBAT S59 YÜK” markalı **-AD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2002-ci il tarixdən AER firmasının adında qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, DİN Baş X16 İdarəsi Qeydiyyatimtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən sorğu edilən “FİAT İVECO YÜK” markalı **-AD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2008-ci il tarixdən AER firmasının adında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl rayon X11 Kommersiya Məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Cəbrayıl rayon sakini, hazırda Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi qaçqınlar və məcburi köçkünlər üçün salınmış şəhərcik bina 12, mənzil 46-da yaşayan X5 xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək “Fiat İveko” markalı **-AD-*** dövlət nömrə nişanlı avtomobilinin yandırılması barədə məlumat vermişdir. Faktla bağlı xx.xx.2014-cü il tarixdə Cəbrayıl RPŞ-nin istintaq qurupu tərəfindən Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış, xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən cinayət işi xitam olunmuş və cinayət işi DİN-in Baş İstintaq və Təhqiqat idarəsinə göndərilmişdir. İşdən görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023cü il tarixli, 2(106)-168/2023 saylı qətnaməsinə əsasən, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Cəbrayıl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(072)-129/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən görünür ki, Cəbrayıl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(072)-129/2022 saylı qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 27000 manat məbləğində borcun və iddia qaldırılması üçün ödənilmiş 171 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon prokurorunun köməkçisi tərəfindən təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 4/1455 saylı, xx.xx.2023-cü il tarixli rəyinin surətindən görünür ki, ekspertizaya təqdim olunmuş, xx.xx.2015-ci il tarixli 01095 nömrəli qaimə-fakturanın kserosurətində əks olunmuş yazılar (aşağı hissədəki “Anbarı təhvil verdim Şahmuradov” yazılarından başqa) və “Təhvil verdi” qrafasında əks olunmuş imza - X1 tərəfindən, “Anbarı təhvil verdim Şahmuradov” yazıları və “Şahmuradov” soyadının qarşısında əks olunmuş imza - X3 tərəfindən icra olunmuş və “Təhvil aldı” qrafasında əks olunmuş imzanın Cavabdeh tərəfindən, X8 tərəfindən, X3 tərəfindən, X1 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərdən müəyyən etmək mümkün olmamışdır. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai rayon prokurorunun köməkçisinin xx.xx.2023-cü il tarixli qərarına əsasən, X4 əməlində cinayət tərkibinin olması müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qərardan görünür ki, Cavabdeh izahatında göstərilmişdir ki, ünvan 3 ünvanında fəaliyyət göstərən "xxxx" MMC-də 2005-ci ildən 2013-cü ilədək müxtəlif vəzifələrdə işləmiş və 2013-cü ildə əmək fəaliyyətinə xitam verilmişdir. 2013-cü ildə əmək fəaliyyətinə xitam verilərkən "xxxx" MMC-də ekspeditor vəzifəsində işləmişdir. Əmək fəaliyyətinə xitam verilərkən "xxxx" MMC ilə onun arasında qarşılıqlı təhvil-təslim həyata keçirilməmişdir. Əmək fəaliyyətinə 2013-cü ildə xitam verilməsinə baxmayaraq, "xxxx" MMC-nin direktoru Adil Şərifov, MMC-nin mexaniki Əfqan Şahmuradov və MMC-nin laborantı Gültəkin Əliyeva MMC-yə məxsus qiyməti 2000 manat olan 01 ədəd siyirtmə qapı, qiyməti 14000 manat olan 01 ədəd 10 HP motor qrupu, DWM kopiland. kom, qiyməti 11000 manat olan 01 ədəd ** AD *** dövlət qeydiyyat nişanlı avtomobil və qiyməti 500 manat olan 10 paket izoyasiya materialının - cəmi 27500 manat dəyərində əmlakın anbara təhvil verilməsi barədə onun iştirakı və imzası olmadan xx.xx.2015-ci il tarixli 01095 nömrəli saxta qaiməfaktura tərtib etmişlər. Halbuki, xx.xx.2015-ci il tarixli 01095 nömrəli qaimə-fakturada qeyd olunmuş “Fiat İveco” markalı ** AD *** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2014-cü il tarixdə Biləsuvar rayonu ərazisində yanması faktı üzrə Cəbrayıl rayon polis şöbəsinin istintaq bölməsinin müstəntiqi, polis mayoru Xəyyam Mirhüseynov tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılmış və bu barədə "xxxx" MMC-nin direktoru Adil Şərifova xx.xx.2014-cü il tarixli 1125 nömrəli məktub ünvanlanmışdır. xx.xx.2015-ci il tarixli 01095 nömrəli qaimə-fakturanın saxta icra olunması barədə 2023-cü ilin iyul ayının sonlarında Əfqan Şahmuradov tərəfindən ona məlumat verilmişdir. Həmin qərardan görünür ki, X3 izahatında göstərmişdir ki, 2002-ci ildən etibarən hazırda "xxxx" adlandırılan "xxxx" MMC-də mexanik vəzifəsində işləyir. Cavabdeh iş yerindən tanıyır, onunla qohumluğu yoxdur, ədavəti olmamışdır. xx.xx.2015-ci il tarixli 01095 nömrəli qaimə-fakturada “Anbarı təhvil verdim”, “Şahmuradov” sözləri və imza onun tərəfindən icra olunmuşdur. Belə ki, 2023-cü ilin iyun ayında "xxxx" MMC-nin direktoru Adil Şərifov onu öz xidməti iş otağına dəvət edərək ona boş qaimə-faktura təqdim edib imzalamasını tələb etmişdir. Səbəbini soruşduqda Adil Şərifov ondan Cavabdeh üçün Biləsuvar rayonunun Cəbrayıl qəsəbəsində soyuducu quraşdırıb-quraşdırmadığını soruşmuşdur. Cavabında 2008 və 2011-ci ildə Biləsuvar rayonunun Cəbrayıl qəsəbəsində Cavabdeh üçün onun öz şəxsi vəsaiti hesabına soyuducu quraşdırdığını bildirmişdir. Adil Şərifov həmin qaimə-fakturanm məhz bununla əlaqədar olduğunu izah etdikdən sonra o, həmin boş qaimə-fakturanı imzalamışdır. Sonradan Cavabdeh ona xx.xx.2015-ci il tarixli 01095 nömrəli həmin qaimə-fakturanm saxta olduğunu bildirdikdə Adil Şərifovla görüşərək sonuncudan ona saxta sənədə imza etdirməsinin səbəbini soruşmuş və bu səbəbdən onunla mübahisə etmişdir. Həmin qaimə-fakturanı Adil Şərifovun onu aldatması nəticəsində imzalamışdır. Adil Şərifov savadsız olmasından istifadə edərək həmin qaiməfakturanı ona imzalatmışdır. Qeyd edilən qərardan həmçinin görünür ki, X1 araşdırma zamanı izahatında göstərmişdir ki, 1999-cu ildən "xxxx" MMC-də növbə rəisi kimi işə başlamışdır. Sonradan müxtəlif vəzifələrdə işləmiş və "xxxx" MMC-yə keçdikdən sonra hazıradək həmin MMC-də anbardar vəzifəsində işləyir. Cavabdeh tanıyır, onunla qohumluğu yoxdur, ədavəti olmamışdır. xx.xx.2015-ci il tarixli 01095 nömrəli qaimə-fakturada “Anbarı təhvil verdim”, “Şahmuradov” və imzanın icrasından başqa yazı nümunələri və “Təhvil verdim” sözü qarşısında imza onun tərəfindən icra olunmuşdur. Qaimə-fakturada “Təhvil aldım” sözü qarşısındakı imza onun tərəfindən icra olunmamışdır. Həmin qaimə-faktura onun tərəfindən 2023-cü ilin iyun ayında tərtib edilmişdir. Bununla əlaqədar sonradan Adil Şərifovla danışaraq onun təkidi ilə tərtib edib imzaladığı həmin qaimə-fakturanm saxta olduğunu bildirib səbəbini soruşduqda Adil Şərifov narahat olmamasını söyləmişdir. Göstərilən qərardan eyni zamanda görünür ki, X8 araşdırma zamanı izahatında göstərmişdir ki, "xxxx" MMC-nin təsisçisidir. Sonuncu vəzifəsi "xxxx" MMC-nin direktoru müavini olmuşdur. 2020-ci ildə səhhəti ilə əlaqədar işdən çıxmış və sonradan "xxxx" MMC-ni təsis etmişdir. Cavabdeh 2005-ci ildən "xxxx" MMC-də çalışmışdır. Cavabdeh əvvəllər istehsalat sahəsində çalışsa da, sonradan ekspeditor, daha sonralar isə vergi ödəyicisi kimi qeydiyyatdan keçməklə malların satışı ilə məşğul olmuşdur. Həmin dövrdə o, "xxxx" MMC-də direktor müavini vəzifəsində çalışmış, əsas işi texniki avadanlıqların, ehtiyat hissələrinin, xam mal, material ehtiyatlarının xaricdən alınıb gətirilməsi, eləcə də regionlarda anbarların qurulması və satışın aparılması üçün digər işlərə rəhbərlik etməkdən ibarət olmuşdur. xx.xx.2015-ci il tarixli 01095 nömrəli qaimə-faktura 2015-ci ilin mart ayında yazılmışdır. xx.xx.2015-ci il tarixli 01095 nömrəli qaimə-faktura "xxxx" MMCyə məxsus olmaqla MMC-də anbardar vəzifəsində işləyən X1 tərəfindən yazılmışdır. Qaimə-fakturada X1, X3 və Cavabdeh imzaları vardır. 2015-ci ildə sənədlər yandırılaraq ləğv edildiyi üçün xx.xx.2015-ci il tarixli 01095 nömrəli qaimə-fakturanın yalnız surəti qalmışdır. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 6(011)-5/2024 nömrəli qərarına əsasən, Cavabdeh tərəfindən verilmiş şikayətin təmin edilməsi, Bakı şəhəri Xətai rayon prokurorunun köməkçisi Etibar Əliyevin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarının qanunsuz hesab edilərək ləğv edilməsi, 430 C-23 saylı material əlavə araşdırma aparılması üçün Bakı şəhəri Xətai Rayon Prokurorluğuna göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, icarəyə götürülmüş “Fiat İveco” markalı yük avtomobilin yandırılaraq Cavabdeh 1634 manat maddi ziyan vurulması faktına görə xx.xx.2014-cü ildə Cəbrayıl Rayon Polis Şöbəsinin İstintaq qrupunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılmış, istintaq zamanı Cavabdeh zərərçəkmiş şəxs qismində tanınaraq ifadəsi alınmış, təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs Ərkinaz Quliyeva öldüyündən 10 oktyabr 2014-cü ildə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən cinayət işinin icraatının xitam edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin məktubla cinayət işinin xitam edilməsi haqqında qərarın surəti ona göndərilmişdir. İşə əlavə olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının 9/6921 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, ekspertiza baxışına təqdim edilmiş 1992-ci il istehsalı, “İveco Fiat S59” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin hazırki, təyinatı üzrə yararsız vəziyyətdə orta bazar qiyməti təxminən 4500 manat, təxminən 20% çıxılma tətbiq edilməklə likvid dəyəri 3600 manat müəyyən edilir. Hal-hazırda təyinatı üzrə istifadəyə yararsız vəziyyətdə olan soyuducuların hazırki (korroziyaya uğramış, ehtiyyat hissələri sıradan çıxmış, bəzi detalları üzərlərində yoxdur və sair) vəziyyətdə orta bazar qiymətləri ilə ümumi dəyəri təxminən 3130 manat, təxminən 20% çıxılma tətbiq edilməklə likvid dəyəri 2500 manat müəyyən olunur. İşə əlavə olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-xətşünaslıq və sənədlərin texniki ekspertizalarının 4/1974-5/1679 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında tərtib edilmiş xx.xx.2020-ci il tarixli üzləşmə aktının sağ aşağı küncündə “İmza” qrafasında əks olunan imza Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İşin 10-cu vərəqində olan İddiaçı MMC ilə Cavabdeh arasında tərtib edilmiş xx.xx.2015-ci il tarixli, 01095 saylı qaimə-fakturanın kserosurətində “Təhvil aldım” qrafasında əks olunan imzanın Cavabdeh tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 2ci bəndində göstərilən səbəblərdən müəyyən etmək mümkün olmamışdır. Sənədlərin texniki ekspertizası üzrə tədqiqat aparılmamışdır. İşə əlavə olan məhkəmənin qərardadı əsasında təyin edilmiş əlavə məhkəməəmtəəşünaslıq ekspertizasının 9/9375 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərardadda göstərilən yük avtomobillərinin təyinatı üzrə yararlı vəziyyətdə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 21000 (11000 + 10000) manat, təxminən 20% çıxılma tətbiq edilməklə likvid dəyəri 16800 manat müəyyən olunmuşdur. O cümlədən, 1992-ci il istehsalı, “İveco Fiat S59" markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı yük avtomobili 11.000 manat; 1989-cu il istehsalı “FİAT İveco yük” markalı **-AD-*** dövlət qeydiyyat nişanlı yük avtomobili 10.000 manat müəyyən olunmuşdur. Ekspertiza təyini haqqında qərardadda göstərilən 5 adda soyuducuların və 1 adda soyutma qrupunun normal vəziyyətdə orta bazar qiymətləri ilə ümumi dəyəri təxminən 50.900 manat, təxminən 20% çıxılma tətbiq edilməklə likvid dəyəri 40.720 manat müəyyən olunmuşdur. Qərarda göstərilən digər 2 adda mallar haqqında kifayət qədər məlumat (markası, modeli, təyinatı və s.) olmadığından həmin mallar üzrə qiymətləndirmə aparılmadı. Qərarda göstərilən digər mallar ekspert baxışına təqdim edilmədiyindən həmin mallar üzrə qiymətləndirmə aparılmadı. İş materiallarında olan Cavabdeh xx.xx.2024-cü il tarixli etirazının, xx.xx.2024-cü il tarixli vəsatətinin məzmunundan görünür ki, İddiaçı MMC-in Cavabdeh qarşı qaldırdığı iddianın tam şəkildə rədd edilməsi barədə qərar çıxarılmasını və göstərdiyi faktların araşdırılması üçün xüsusi qərardad qəbul edilərək prokurorluğa göndərilməsini xahiş etmişdir. İşə əlavə olan cavabdehin vəkilinin vəsatətindən görünür ki, cinayət əlamətləri aşkara çıxarıldığına görə xüsusi qərardad çıxarılaraq prokurorluğa xəbər verilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli pretenziya məktubu göndərilmişdir. İş üzrə şahid qismində dindirilmiş X1 məhkəmə iclasında ifadə verərək göstərdi ki, Cavabdeh ilə əvvəllər İddiaçı MMC-də bir yerdə işləmişlər. Cavabdeh sex rəisi qismində işləmişdir. xx.xx.2015-ci il tarixli qaimə faktura ehtiyyat hissələri barədə tərtib olunmuş qaimə fakturadır. Həmin qaimə fakturanın nə vaxt tərtib olunması dəqiq yadında deyil. Həmin qaimədəki imza ona məxsusdur. Anbardan mal verildiyi üçün qaiməyə imza etmişdir. Mal verildiyi üçün qaimədə qeyd olunmuşdur. Mal xx.xx.2015-ci il tarixdə verilmişdir və həmin tarixdə də qaimə tərtib olunmuşdur. Həyacanlı olduğu üçün prokurorluq orqanında səhv izahat vermişdir. O, 2000-ci ildən 2020-ci ilədək İddiaçı MMCdə işləmiş, il yarım işdən çıxmış, həmin şirkətdə işləməmişidr, sonra yenidən qayıdaraq həmin müəssisədə işləmişdir. Qaimədə qeyd olunan əmlaklar cavabdehə təhvil verilmişdir, bu səbəbdən də qaiməyə imza çəkilmişdir. Qaimədə qeyd olunan əmlaklar İddiaçı MMCyə məxsus olmuşdur. O, boş qaiməyə qol çəkməmişdir, qaimə yazılı olmuşdur, qaimənin tarixinə fikir verməmişdir. İş üzrə şahid qismində dindirilmiş X3 məhkəmədə ifadə verərək göstərdi ki, 2002-ci ildən hal-hazırki tarixədək İddiaçı MMC-də işləyir Cavabdeh Rza Hümbəyalıyevi tanıyır. 2005-2006-cı illərdə Biləsuvar rayonu Cəbrayıl qəsəbəsində cavabdeh üçün soyuducu anbar qurmuşdur, yəni soyuducu anbarın aqreqatın montaj eləmişdir. 2023-cu ildə xx.xx.2015-ci il tarixdəki qaiməni o imzalamışdır, 2023-cü ildə həmin qaimə ona boş verilmişdir. Qeyd edilən qaiməni iddiaçı şirkətin direktoru “Adil” müəllim vermişdir. O yalnız qaimədə “anbarı təhvil verdim” sözünü yazmışdır və imzalamışdır. Qaimədə yazılan digər təhvil verilmiş əmlaklar barədə məlumatı yoxdur. Qaimə-fakturada qeyd edilən avtomobillərin, siyirtmə qapının onun gördüyü işə aidiyyəti yoxdur deyə onun məlumatı yoxdur. 10 HP motor qrupu DWM (kopeland komplekti) cavabdeh üçün quraşdırmışdır. Qaimə-fakturanı ilk o “anbarı təhvil verdim” sözünü qeyd edərək imza etmişdir. Soyuducu anbarın motor qrupu cavabdehin yerində olmuşdur, həmin qurğunu kimin ora aparması, həmin qurğunun kimə məxsus olması barədə onun məlumatı yoxdur. İşdən kənar Rzanın dəvəti əsasında ona xidmət göstərmişdir. Adil müəllim ondan anbarı Rza üçün quraşdırıbquraşdırmadığını soruşmuşdur, o da cavabında anbarı Rza üçün quraşdırdığını bildirmişdir. Bundan sonra, Adil müəllim ona demişdir ki, yadlarında qalsın deyə anbarın Rza üçün quraşdırılmasını kağıza yazsın ki, bu onların yadlarında qalsın. İş üzrə şahid qismində dindirilmiş X10 məhkəmə iclasında ifadə verərək göstərdi ki, İddiaçı MMC-də 2000-ci ildən 2021-ci ilin oktyabr ayınadək satış müdiri və icraçı direktor vəzifələrində işləməmişdir. 2008-ci ildən 2010-cu ilədək satış müdiri işləmişdir. Cavabdeh onun mal verib satdırdığı ekspeditor olmuşdur. Sənədləri o özü yazdığından baxanda xəttini tanıyır və hansı sənəd saxta olmasını bilir. Üzləşmə aktını yalnız satış müdiri tərtib edir. xx.xx.2016-cı il tarixli aktı o tərtib etmişdir, aktda olan imza Rza Hümbəyalıyevə məxsusdur. xx.xx.2014-cü il tarixli aktı da özü tərtib etmişdir, həmin aktdakı imza da Rza Hümbəyalıyevə məxsusdur. 2018-ci və 2020-ci illərdə dair tərtib olunmuş aktlar var, həmin aktlarda təhvil verilmiş əmlaklar var, onlar iddiaçıdadır. Akt bir nüsxədən ibarət tərtib olunurdu, çünki ondan əvvəl işləyənlər aktı bir nüsxə tərtib etmişdilər, o da aktları bir nüsxə tərtib etmişdir. Aktları iki nəfər yazırdı, o və Məmmədli Bəhruz adlı şəxs, 2020-ci ilin sənədlərini nə o, nə də Bəhruz yazmamışdır, həmin aktı yazan adam 2020-ci ildə orda işləməmişdir. Qəsəbədəki soyuducuları o Rzaya vermişdir, Hümbəyalıyev Rza Bakı şəhərində obyektlərdəki soyuducuları təhvil alıb, soyuducuları Asif Cabbarova təhvil vermişdir və aralarında təhvil-təslim olmuşdur. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında olan razılaşmaya əsasən iddiaçı istehsal etdiyi dondurma məhsullarının satılmasının təmin edilməsi məqsədi ilə əmlakı olan soyuducuları və avtomobillərini cavabdehin əvəzsiz istifadəsinə vermiş və həmin əmlaklar uzun müddət cavabdehin istifadəsindədir. Lakin, iddiaçı tərəfindən cavabdehdən soyuducuların və avtomobillərin qaytarılması tələb edilsə də, cavabdeh tərəfindən soyuducular və avtomobillər qaytarılmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 732-ci maddəsinə əsasən, əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. Həmin Məcəllənin 736.1-736.3-cü maddələrinə əsasən, kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra qaytarmağa borcludur. Əgər əvəzsiz istifadə müddəti müəyyənləşdirilməyibsə, kirayəçi əşyanı əvəzsiz istifadə məqsədlərinə uyğun istifadə etdikdən sonra qaytarmalıdır. Əgər kirayəçinin əşyadan istifadə edə bilməsi üçün yetərli olan müddət bitərsə, kirayəyə verən əşyanın daha əvvəl qaytarılmasını tələb edə bilər. Əgər kirayə müddəti müəyyənləşdirilməyibsə, yaxud əvəzsiz istifadə məqsədlərinə əsasən onu müəyyənləşdirmək mümkün deyildirsə, kirayəyə verən əvəzsiz istifadəyə götürülmüş əşyanın qaytarılmasını istənilən vaxt tələb edə bilər. Qeyd edilən Məcəllənin 737-ci maddəsinə əsasən, kirayəyə verən əvəzsiz istifadə müqaviləsini, əvvələn, əvəzsiz istifadəyə verdiyi əşyaya gözlənilməz hallar nəticəsində ehtiyac duyduqda, ikincisi, kirayəçi əşyadan müqavilənin şərtlərini pozmaqla istifadə etdikdə, o cümlədən əşyanı üçüncü şəxslərin istifadəsinə verdikdə və ya kirayəçinin kifayət qədər vicdanlı olmaması üzündən əşya mühüm təhlükəyə məruz qaldıqda və üçüncüsü, kirayəçinin öldüyü halda vaxtından əvvəl ləğv edə bilər. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan istifadəsinə əşya(lar) götürmək hüququna malik olduğu kimi, eyni zamanda həmin əşya(lar)ı qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən əşya(lar)dan istifadə etməsinə dair hüququndan istifadə etmiş, lakin həmin əşya(lar)ın qaytarılmasına dair vəzifəsini yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, iddiaçıya məxsus əmlaklar cavabdehdən alınaraq ona qaytarılmalıdır, bu mümkün olmadıqda isə onların dəyəri cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci və 404.2-ci maddələrinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. İddiaçı ona məxsus əmlakların cavabdehdən alınaraq qaytarılması, bu mümkün olmadıqda isə onların dəyərinin cavabdehdən alınaraq ona ödənilməsini tələb etməkdə haqlı olsa da, iddia tələbi əmlakların bir qisminə münasibətdə tam təmin edilə bilməz. Belə ki, iş materiallarında olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 4/1974-5/1679 saylı, xx.xx.2024-cü il tarixli rəyindən də aydın olur ki, xx.xx.2020-ci il tarixli üzləşmə aktının sağ aşağı küncündə “İmza” qrafasında əks olunan imza Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Həmçinin, xx.xx.2015-ci il tarixli, 01095 saylı qaimə-fakturanın kserosurətində “Təhvil aldım” qrafasında əks olunan imzanın Cavabdeh tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Buna görə də məhkəmə hesab edir ki, iddia qeyd edilən üzləşmə akı və qaimə-faktura əsasında tələb edilən əmlaklara münasibətdə qismən təmin edilə bilər. Ona görə ki, cavabdehin nümayəndəsi (əvvəlki iclaslarda cavabdehin özü tərəfindən) tərəfindən iddia tələbi üzləşmə akı və qaimə-faktura əsasında tələb edilən əmlaklara münasibətdə qismən, yəni **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobil və xx.xx.2023-cü il tarixli aktda qeyd olunan soyuducuların (yəni, bir ədədinin dəyəri 350 manat olan 300L (“Uğur” markalı) tutumlu - 4 ədəd, bir ədədinin dəyəri 450 manat olan 400L tutumlu - 3 ədəd və bir ədədinin dəyəri 600 manat olan 600L tutumlu - 2 ədəd soyuducular) verilməsinə dair hissəsində etiraf edilir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar cavabdeh (onun nümayəndəsi) tərəfindən qismən etiraf edildiyindən, iddiaçı həmin faktları sübut etmək vəzifəsindən azaddır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməlidir. Digər tərəfdən, iddia tələbi qalan hissədə qəbul edilməsə də, xx.xx.2014-cü il tarixli və xx.xx.2016-cı il tarixli “üzləşmə akt”larında olan imzaların cavabdehin özü tərəfindən imzalanması məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəfindən inkar edilməmişdir. Belə ki, cavabdehin nümayəndəsi iddia tələbinin qalan hissəsi olan xx.xx.2014-cü il tarixli “üzləşmə aktı”nda göstərilən əmlakların (soyuducuların) iddiaçıya geri qaytarılmasını bildirirsə, həmin əmlakların iddiaçıya qaytarılmasını sübuta yetirmək vəzifəsi cavabdehə keçmişdir. Odur ki, göstərilən halın iddiaçı tərəfindən mübahisələndirildiyini nəzərə alaraq, məhkəmə qeyd edilən hallara mülki prosessual qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə vurğulayır ki, qeyd edilən mübahisəli hallara məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”. Belə ki, məhkəmə iddianın bu hissədə təmin edilməsi qənaətinə gələrkən, prosessual qanunvericiliyin tələblərini və daxili inamını rəhbər tutmuşdur. Bununla yanaşı, cavabdehin nümayəndəsi tərəfindən qeyd edilən halları etiraf edilməsindən savayı göstərilən əmlakların məhz iddiaçıya qaytarılmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə görə, etiraz etdiyi halın sübut edilməsi məhz cavabdehin vəzifəsidir. Göstərilənlər isə ona dəlalət edir ki, iddiaçı iddia etdiyi halları sübuta yetirmiş, cavabdeh isə həmin əmlakları iddiaçıya qaytarılmasını sübuta yetirə bilməmişdir. Odur ki, iddia tələbinin qalan hissəsi olan xx.xx.2014-cü il tarixli “üzləşmə aktı”nda göstərilən əmlaklar (soyuducular) cavabdehdən alınaraq iddiaçıya qaytarılmalı, bu mümkün olmadıqda isə onların dəyəri cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin cavabdeh tərəfin “Fiat İveko” markalı **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilinin yandırılması ilə bağlı iddiaya etirazının (halbuki, hüquq mühafizə orqanlarına qeyd edilən avtomobilin yandırılması ilə bağlı məlumat da cavabdehin özü tərəfindən verilmişdir) dəlillərini araşdıraraq, hesab edir ki, cavabdeh tərəfin dəlilləri əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 734.1-ci maddəsinə əsasən, kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanın adi saxlanması və ona qulluq üçün zəruri olan xərcləri çəkməlidir. Kirayəyə verənin digər xərclərin əvəzini ödəmək vəzifəsi özgə işlərini tapşırıqsız aparmaq haqqında və əsassız varlanma haqqında göstərişlərə uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 734.2-ci maddəsinə əsasən, kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanın müqavilə üzrə istifadəsi çərçivəsində dəyişməsi və ya pisləşməsi üçün məsuliyyət daşımır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, qeyd edilən avtomobil cavabdehdə olduğu müddətdə yandırıldığından, buna görə məsuliyyət cavabdehin üzərinə düşür. Odur ki, iddia bu hissədə də təmin edilərək, yük avtomobili cavabdehdən alınaraq iddiaçıya qaytarılmalı, bu mümkün olmadıqda isə dəyəri cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1087.1-ci maddəsinə əsasən, özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur. Göstərilən Məcəllənin 1089.1-ci – 1089.3-cü maddələrinə əsasən, icraçı işləri aparması gedişində qəsdən və ya ehtiyatsızlıq üzündən vurulan zərərin kompensasiyası üçün sahibkar qarşısında məsuliyyət daşıyır. İşlərin aparılmasından məqsəd sahibkarı yaxınlaşmaqda olan təhlükədən qorumaq olduqda, icraçının məsuliyyəti qəsd və kobud ehtiyatsızlıq üçün məsuliyyətin hədləri ilə məhdudlaşır.https://eqanun.az/framework/46944 Əgər işlərin aparılması sahibkarın elan edilmiş və ya başqa şəkildə aşkar olunmuş iradəsinə ziddirsə, icraçı zərəri qəsdən və ya ehtiyatsızlıq üzündən vurmamış olduqda belə, sahibkar qarşısında məsuliyyət daşıyır, amma icraçının öz müdaxiləsi olmadan da zərərin yarana biləcəyini sübuta yetirdiyi hallar istisna təşkil edir. Sözügedən Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Yenə həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Məhkəmə eyni zamanda cavabdeh tərəfin “xx.xx.2014-cü il tarixli və xx.xx.2016-cı il tarixli “üzləşmə akt”larında olan əmlakların (soyuducuların) eyni əmlak olmaları” ilə bağlı iddiaya etirazının dəlillərini araşdıraraq, hesab edir ki, cavabdeh tərəfin göstərilən dəlilləri əsassızdır. Belə ki, həmin aktlardan da görünür ki, xx.xx.2014-cü il tarixli “üzləşmə aktı” Bakı şəhərində, xx.xx.2016-cı il tarixli “üzləşmə aktı” isə Qəsəbədə tərtib edilmişdir. Odur ki, cavabdeh tərəfin qeyd edilən dəlilləri əsassızdır. Məhkəmə həmçinin iddianın 400 manat məbləğində mediasiya xərcinin cavabdeh(lər)dən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəmişdir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli olduğundan, bu hissədə də qismən təmin edilərək cavabdehdən 350 manat məbləğində mediasiya xərci tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdeh(lər)dən tutularaq dövlət büdcəsinə və iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, iddia qismən təmin edilməli olduğundan, iddiaçı isə dövlət rüsumunu ödəməkdən qismən azad olunduğundan, məhkəmə xərcinə daxil olan 419,40 manat dövlət rüsumunun 350 manatı cavabdeh(lər)dən tutularaq dövlət büdcəsinə, 19 manatı isə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə həmçinin hesab edir ki, ekspertiza xərci tərəflərdən tutulmalıdır. Belə ki, ekspertiza rəylərindən göründüyü kimi, ekspertiza tədqiqatlarının dəyəri 326 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddianın borc məbləği qismən təmin edildiyindən ekspertiza tədqiqatlarının dəyəri olaraq 326 manat məbləğində pul vəsaitinin 126 manatı (üzləşmə aktında və qaimə-fakturada olan imzaların cavabdeh tərəfindən imzalanmasının müəyyən edilmədiyinə dair ekspert rəyi üzrə ekspertiza xərci) İddiaçı MMC-dən, 200 manatı Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. “İveco FBAT S59 yük” markalı ** AD *** dövlət qeydiyyat nişanlı yük avtomobili Cavabdeh alınaraq İddiaçı MMC-yə qaytarılsın, bu mümkün olmadıqda isə dəyərini təşkil edən 8800 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. “FİAT İveco yük” markalı ** AD *** dövlət qeydiyyat nişanlı yük avtomobili Cavabdeh alınaraq İddiaçı MMC-yə qaytarılsın, bu mümkün olmadıqda isə dəyərini təşkil edən 8000 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. Bir ədədinin dəyəri 350 manat olan 300L (“Uğur” markalı) tutumlu - 4 ədəd, bir ədədinin dəyəri 450 manat olan 400L tutumlu - 3 ədəd və bir ədədinin dəyəri 600 manat olan 600L tutumlu - 2 ədəd soyuducular Cavabdeh alınaraq İddiaçı MMC-yə qaytarılsın, bu mümkün olmadıqda isə onların ümumi dəyərini təşkil edən 3950 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. Bir ədədinin dəyəri 350 manat olan 300L (“Uğur” markalı) tutumlu - 37 ədəd, bir ədədinin dəyəri 350 manat olan 314L (“Şen Ocak” markalı) tutumlu - 1 ədəd, bir ədədinin dəyəri 450 manat olan 400L tutumlu - 94 ədəd və bir ədədinin dəyəri 500 manat olan 500L tutumlu - 2 ədəd soyuducular Cavabdeh alınaraq İddiaçı MMC-yə qaytarılsın, bu mümkün olmadıqda isə onların ümumi dəyərini təşkil edən 56600 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. 350 manat məbləğində mediasiya xərci və 19 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 350 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Ekspertiza tədqiqatlarının dəyəri olaraq 326 manat məbləğində pul vəsaitinin 126 manatı İddiaçı MMC-dən, 200 manatı isə Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar