Məhkəmə qərarları › İş №e-2-2(121)-3805/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-3805/2025

09.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-3805/2025 09.12.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh MMC-nə qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh MMC-nə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən alqı-satqı müqaviləsi ilə aldığı 221492 manat məbləğində tikinti materiallarının ödənilməmiş dəyəri, alqı-satqı müqaviləsi ilə bağlı ödənilməmiş pulun gecikdirilməsinə görə 11074,60 manat məbləğində cərimə faizi, 325 manat məbləğində hüquqi xərclər, 511,49 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 233403,09 (iki yüz otuz üç min dörd yüz üç manat 09 qəpik) manat pulun tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh (bundan sonra ismin müvafiq hallarında “Cavabdeh” adlandırılacaq) ilə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyət (bundan sonra ismin müvafiq hallarında “İddiaçı” adlandırılacaq) arasında 10 dekabr 2018-ci il tarixdə 09 nömrəli alqı-satqı müqaviləsi (bundan sonra “Müqavilə” adlandırılacaq) imzalanmışdır. Müqavilənin predmetinə əsasən iddiaçı müqavilə qüvvədə olduğu müddətdə, müqavilənin ayrılmaz tərkib hissəsi olan X1 dəqiq adları, qiymətləri və digər göstəriciləri göstərilmiş malları satmağı, Cavabdeh isə həmin malları, İddiaçı tərəfindən malla birlikdə təqdim olunan qaima-fakturaya əsasən qəbul edərək Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Qiymət Razılaşma protokollarında, həmçinin qaimə-fakturalarda göstərilən məbləğdə ödəməyi öz öhdəsinə götürməsi barədə alqı-satqı müqaviləsi imzalamışlar. Müqavilədə həm iddiaçının həm də cavabdehin hüquq və vəzifələri əksini tapmışdır. Müqavilənin 1.1-ci bəndində göstərilmişdir ki; Müqaviləyə əsasən “Satıcı” “Alısı”ya mal (bundan sonra “Mal”) satır, “Alıcı” isə həmin malı qəbul edir və Müqavilə ilə razılaşdırılmış qaydada dəyərini “Satıcıya” ödəyir. Həmin müqavilənin 1.2-ci bəndində göstərilir ki, Malın növü, çeşidi, tərkibi, rəngi,digər əlamətləri və xarakterik xüsusiyyətləri Əlavə razılaşma ilə müəyyən olunur. Həmin müqavilənin 8.1-ci bəndində göstərilir ki, bu müqavilə imzalandığı andan qüvvəyə minir və tərəflərin qarşılıqlı öhdəliklərinin tam şəkildə yerinə yetirilməsindən sonra öz qüvvəsini itirir. Müqavilə çərçivəsində iddaçı tərəfindən cavabdehə mütəmadi olaraq Müqavilə üzrə nəzərdə tutulmuş xidmətlər təqdim edilmişdir. Müqavilə xidmətlərin həyata keçirilməsini təsdiqləyən hər bir təhvil-təslim aktı Cavabdehin əməkdaşları tərəfindən xidmətin icrası başa çatdıqdan sonra imzaları ilə təsdiq edilmişdir. Cavabdehlə iddiaçı arasında imzalanmış Müqavilənin icrası məqsədilə İddaçı tərəfindən Müqavilə üzrə nəzərdə tutulan xidmətlər daim keyfiyyətli və razılaşdırılmış kəmiyyətdə təqdim edilmiş, cavabdeh tərəfindən müvafiq xidmətlər üçün nəzərdə tutulmuş xidmət haqları əvvəllər ödənildiyinə baxmayaraq, iddiaçı tərəfindən göstərilən xoş niyyətdən suiistifadə etmiş və ödənişlərin ödənilməsini uzun müddətdə, ümumiyyətlə dayandırmışdır. Nəticədə Cavabdehlə İddiaçı arasında imzalanmış Müqaviləyə əsasən Cavabdeh tərəfindən Ağcabədi rayonunun Qaradolaq kəndi ərazisində və Beyləqan rayonunun Dünyamallar kəndində məktəb binası tikmək üçün 2018-ci ildən 2020-ci ilin əvvələrinə kimi ayrı-ayrı təhvil-təslim aktına və qaimələrə əsasən verilmiş ƏDV daxil olmaqla, 341192 manat dəyərində tikinti materialları götürmüş və həmin materialların pulun 120000 manat ödəmiş, yerdə qalan 221492 manat ödənilməmiş borcu qalmışdır. İddiaçı ilə cavabdeh arasında imzalanmış Müqavilənin 3.4.-cü maddəsində Cavabdehin vəzifələri göstərilir. Həmin müqavilənin 3.4.1-ci bəndində göstərilir ki, Cavabdeh malı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməli idi. Lakin hazırkı tarixədək müvafiq borc məbləğı Cavabdeh tərəfindən heç bir üzürlü səbəb olmadan ödənilməmiş və Müqavilə şərtləri kobudcasına pozulmuşdur. Həmçinin, Cavabdeh İddiaçının bütün müraciətlərinə və müvafiq borc məbləğinin cərimə faizləri tətbiq edilmədən ödənilməsi üzrə təkliflərinə də laqeyd surətdə yanaşılmışdır və belə müraciətlər və təkliflər cavabsız olaraq qalmışdır. Bununla bağlı İddiaçı Azərbaycan Respublikası inzibati orqanlarına müraciət etmiş və İddiaçının müraciəti əsasında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 232026 nömrəli cinayət işi başlanmış, iş üzrə bir sıra istintaq hərəkətləri aparılmış və cinayət işinin icraatına 25 iyun 2025-ci il tarixdə CPM-in 39.1.1-ci maddəsi ilə xitam verilərək müvafiq qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Cavabdehin müqavilə üzrə öhdləliklərini yerinə yetirməməsi nəticəsində İddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi üçün əlavə xərclər çəkilmişdir. Odur ki, İddiaçının məsələ ilə əlaqədar 325 manat məbləğində vəkil xərclərinin də İddiaçıya kompensasiya edilməsi nəzərə alınmalıdır. Həmçinin İddiaçı tərəfindən edilən telefon zənglərinə cavabdeh tərəfindən cavab verilməmiş və borcun ödənilməsi müxtəlif bəhanələrlə gecikdirilmişdir. Bununla da iddiaçının işgüzar nüfuzuna zərər vuraraq şirkətin itkilərlə üzləşməsinə səbəb olmuşdur. Sənədlərdən (elektron qaimə faktura və təhvil-təslim aktı) də göründüyü kimi, iddaçı ilə cavabdeh arasında imzalanmış Müqaviləyə əsasən cavabdeh təqdim olunmuş xidmətlər müqavilində 2018-2020-ci illər ərzində cavabdehin iddiaçı qarşısında, ƏDV daxil olmaq 221.492 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Həmçinin, müvafiq borc məbləğinə əlavə olaraq gecikdirilmiş ödəniş günlərgörə 11074,60 manat məbləğində hesablanmış cərimə faizi və məsələ ilə əlaqədar çəkdiyi 325 manat məbləğində hüquqi və vəkil xərcləri də nəzərə alınmalıdır. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə və digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ********** Dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə xx.xx.2016-cı il tarixdə kommersiya hüquqi şəxslərinin dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, Cavabdeh ********** Dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə kommersiya hüquqi şəxslərinin dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 10 dekabr 2018-ci il tarixlil, 09 nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqavilənin: 1.1-ci bəndinə əsasən, müqaviləyə əsasən “Satıcı” “Alıcı”ya Mal (bundan sonra Mal) satır, Alıcı isə həmin Malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada Malın dəyərini “Satıcıya” ödəyir. 2.1-ci bəndinə əsasən, Malın ƏDV-siz qiyməti və miqdarı Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə Razılaşma ilə müəyyənləşdirilir. 4.1-ci bəndinə əsasən, Satıcı Müqaviləyə uyğun olaraq Alıcı tərəfindən ilkin ödəniş həyata keçirildikdən sonra 5 təqvim günü ərzində Malı Alıcıya təhvil verməyi öhdəsinə götürür 3.4.1-ci yarımbəndinə əsasən, malı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəmək Alıcının vəzifəsidir. 8.1-ci bəndinə əsasən, bu müqavilə imzalandığı andan qüvvəyə minir və tərəflərin qarşılıqlı öhdəliklərinin tam şəkildə yerinə yetirilməsindən sonra öz qüvvəsini itirir. İş materiallarında olan tərəflərin imzaları və hüquqi şəxslərin möhürləri ilə təsdiq etdikləri 27 noyabr 2020-ci il tarixli, 2711 nömrəli “Borcların qarşılıqlı üzləşdirilməsi aktı”ndan görünür ki, Sifarişçinin İcraçı qarşısında borcu 27 noyabr 2020-ci il tarixinə 133812 manat təşkil edir. İş materiallarında olan iddiaçının və cavabdehin nümayəndələri tərəfindən tərtib və təsdiq edilmiş 19 aprel 2021-ci il tarixli aktdan görünür ki, "xxxx" MMC tərəfindən 2020-ci ilin avqust ayından – aprel 2021-ci il tarixi arasında "xxxx" MMC-yə Beyləqan rayonu, Dünyamalılar kəndində tikilən məktəb üçün təqdim etdiyi mal-xidmət və gördüyü işlərin ümumi dəyəri 176000 manat təşkil etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il və xx.xx.2021 tarixli elektron qaimələrin surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdehnə verilmiş malların və görülən xidmətin ümumi dəyəri 341492 manat təşkil etmişdir. İş materiallarında olan 25 iyun 2025-ci il tarixli “Cinayət işinin icraatına xitam verilməsi haqqında” qərardan görünür ki, X2 ərizə və məlumatına əsasən ibtidai istintaqı aparılan ********* saylı cinayət işi üzrə cinayət hadisəsi olmadığına görə cinayət işinin icraatına xitam verilməsi, X3 pul tələbi ilə mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olmasının nəzərinə çatdırılması qərara alınmışdır. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2021-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh MMC arasında bağlanmış 10 dekabr 2018-ci il tarixli 09 nömrəli alqı-satqı müqaviləsinə əsasən yaranmış 341492 manat məbləğində borcun tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh MMC-yə xəbərdarlıq edilmişdir. Məhkəmə, iş materiallarında olan sənədlərə və digər dəlillərə əsasən müəyyən edir ki, tərəflər arasında yaranmış mübahisənin predmetini, onların daxil olduqları müqavilə münasibətləri üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində iddiaçının subyektiv hüququnun pozulmasını iddia edərək həmin hüquqlarının bərpa edilməsinə dair tələbi təşkil edir. Məhkəmə qeyd edir ki, mübahisə tərəflərinin hər ikisinin sahibkarlıq subyekti olmaları, mübahisənin predmetinin tərəflər arasında bağlanmış mülki hüquqi əqd (alğısatqı müqaviləsi) üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində pozulmuş hüququnun bərpa edilməsinə dair iddiaçının tələbinin təşkil etməsi və tərəflərin daxil olduqları hüquq münasibətlərinin xarakterinin onların həm birgə, həm də ayrı-ayrı həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə bağlı olması hazırki mübahisənin kommersiya xarakterdə olmasını şərtləndirir. İşin məhkəmə araşdırması nəticəsində müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı tədarük etdiyi malları cavabdehin sifarişi ilə razılaşdırılmış miqdarda cavabdehə təqdim etməklə onun mülkiyyətinə verməyə, cavabdeh isə təhvil aldığı malların qiymətini təşkil edən pul vəsaitini şərtləşdirilən müddətdə iddiaçıya ödəməklə bağlı razılığa gələrək bu barədə müqavilə bağlamışlar. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliklərinə yerinə yetirərək sifariş olunan malları cavabdehə təhvil verdiyini, cavabdehin isə təhvil aldığı malların dəyərini ödəmək öhdəliyini lazımınca yerinə yetirmədiyini iddia edir. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, iddia tələbinin maddi hüquqi əsasını alğı-satqı müqaviləsinə dair münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 29-cu fəslinin 1-cı paraqrafında yer alan normalar təşkil edir. Belə ki, işin müəyyən edilmiş faktiki halları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567 və 600-cü maddələrində nəzərdə tutulan dispozisiya şərtləri uyğun gəlir. Buna görə məhkəmə hesab edir ki, hazırki mübahisə qeyd edilən maddi hüquq normaları tətbiq edilməklə həll edilməlidir. Məhkəmə qeyd edir ki, mübahisəni tətbiq ediləcək maddi hüquq normalarına əsasən həll etməzdən əvvəl ilk olaraq işin mübahisəsiz və mübahisəli halları müəyyən edilməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsi qaydalarına uyğun olaraq tərəflərin öz tələb və etirazlarının əsası kimi gətirdikləri dəlillərə hüquqi qiymət verilməlidir. Məhkəmə, işdə olan sənədlərə və digər sübut əhəmiyyətli materiallara əsasən bu qənaətə gəlir ki, tərəflər arasında malların nisyə satışını nəzərdə tutan alğı-satqı müqaviləsinin bağlandığı, həmin müqavilənin etibarsızlığına dəlalət edən halların olmadığı, iddiaçı tərəfindən müqavilənin obyekti olan malların cavabdehə təhvil verilməsi, təhvil verilmiş malların ümumi dəyərinin 341492 manat məbləğində olması, cavabdehin xx.xx.2020-ci il tarixə iddiaçıya 133812 manat məbləğində borcunun olması, 2020-ci ilin avqust ayından – aprel 2021-ci il tarixi arasında olan dövrdə iddiaçı tərəfindən cavabdehə ümumi dəyəri 176000 manat olan mal və xidmət verildiyi işin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə hesab edir ki, işin mübahisəli halını cavabdeh tərəfindən təhvil alınmış malların dəyərinin tam şəkildə ödənilməməsi barədə iddiaçının tələbi təşkil edir. Belə ki, iddiaçı cavabdehin təhvil aldığı mallara görə ödənilməmiş 221492 manat borcunun qaldığını iddia edir. İddiaçı, cavabdehin müqavilə üzrə öhdəliyini icra etməyərək aldığı malların qiymətini tam ödəməməsi haqqında tələbininin faktiki əsası kimi tərəflər arasında bağlanmış müqavilə şərtlərinə, mal və xidmətlərin təhvil verilməsinə dair akta, cavabdehə göndərilmiş elektron qaimələrə, üzləşmə aktına və borcun ödənilməsi ilə bağlı cavabdehə qarşı məhkəməyə qədər pretenziya qaydasında tələblə çıxış etməsinə istinad edir. Məhkəmə qeyd edir ki, iddia ərizəsində tələb olunan borc məbləğinin iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsinin sübutetmə yükünün bölüşdürülməsi prinsipinə görə cavabdehin üzərinə düşməsinə baxmayaraq, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir, həmçinin iddia ərizəsinə qarşı etiraz və ya iddia tələbinin tam və ya qismən əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə, tərəflərin iradə ifadəsini əks etdirən müqaviləni, təhvil və üzləşmə aktlarını, malların verilməsi barədə elektron qaimələri və işin müəyyən edilmiş digər hallarını nəzərə alaraq hesab edir ki, iddia edildiyi kimi cavabdeh tərəfindən alınan malların qiymətini təşkil edən 221492 manat məbləğində pulun şərtləşdirilmiş müddətdə ödənilməməsi öz təsdiqini tapır. Tələb olunan 221492 manat məbləğində borc qalığının iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin qeyd olunduğu kimi cavabdeh iddiaya qarşı etiraz verməmiş və ya iddia tələbinin əsassızlığına dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Bu halda məhkəmə əsas borc qalığı kimi tələb olunan 221492 manat məbləğində pulun cavabdeh tərəfindən iddiaçıya ödənilməməsinin tam sübut olunduğu qənaətinə gəlir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş və işin araşdırılması nəticəsində sübuta yetirilmiş faktiki halları belədir ki, iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək alğı-satqı obyekti olan malları cavabdehin mülkiyyətinə vermişdir, lakin cavabdeh malları təhvil alsa da, dəyərini tam ödəməmişdir. Buna görə də, iddiaçının pul tələbinə dair iddiası qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 597.1-ci maddəsinə əsasən, alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə, iddia tələbini cərimənin tutulması hissəsində qismən əsaslı hesab edərək qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərnə görə ödənişin gecikdirilməsi halında cərimə ödəmək öhdəliyini Cavabdeh MMC öz üzərinə götürmüşdür. İşin halları ilə Cavabdeh MMC tərəfindən alınmış malların dəyərinin ödənilməsini gecikdirdiyi müəyyən olunduğuna görə, onun iddiaçıya cərimə ödəmək öhdəliyi yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd edilən maddi hüquq normalarının tələblərinə görə borclu müqavilə üzrə öhdəliyini pozduqda və ya lazımınca icra etmədikdə kreditorun əsas borcun qaytarılmasını tələb etməklə yanaşı, gecikmə nəticəsində cavabdehin vurduğu zərərin də ödənilməsini tələb etmək hüququ vardır. Mülki qanunvercilik belə vəziyyətlərdə müqavilə şərtlərindən asılı olaraq kreditora dəymiş zərərin əvəzi olaraq borcun məbləğindən faiz tələb etmək və ya dəbbə (cərimə, penya) tələb etmək kimi alternativ tələb imkanları tanımışdır. Hazırki işdə tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsi üzrə gecikdirmə nəticəsində dəyən ziyanı qarşılamaq üçün cərimənin ödənilməsi nəzərdə tutulmuşdur, yəni Mülki Məcəllənin 466.2.1-ci maddəsinə əsasən zərərin deyil, yalnız dəbbə pulunun tutulması barədə tərəflər razılaşmışlar. Buna görə də iddiaçının cərimə tələbi mahiyyət etibarı ilə əsaslıdır. Lakin məhkəmə, cərimənin məbləğinin əsas borca nisbətini, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini nəzərə alaraq hesab edir ki, iddia tələbi cavabdehdən 11074,60 manat məbləğində cərimənin tutulması hissəsində əsaslı və mütənasib deyildir. Buna görə də məhkəmə bu nəticəyə gəlir ki, cavabdehdən tutulacaq cərimə məbləğinin azaldılaraq 500 manat məbləğində müəyyən edilməsi işin hallarına mütənasib və ədalətli olar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğuna görə iddiaçı tərəfindən hüquqi yardım üçün ödənilmiş 325 manat məbləğində vəsait və iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu məbləği cavabdehdən alınıb iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh MMC-yə qarşı pul tələbi qismən əsaslıdır və buna görə də iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 121, 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh MMC-dən 221492 manat məbləğində əsas borc, 500 manat məbləğində cərimə, hüquqi yardımla bağlı ödənilmiş 325 manat məbləğində pul və ödənilmiş 511,49 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə cəmi 222828,49 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar