Məhkəmə qərarları › İş №e-2-2(121)-3806/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-3806/2025

08.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-3806/2025 08.12.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Nəbiyev Rəmzi Sultan oğlu, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Tələb:

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh 3699,29 (üç min altı yüz doxsan doqquz manat, iyitmi qəpik) manat əsas borcun və ödənilmiş 57 (əlli yeddi) manat dövlət rüsumunun, cəmi 3756,29 (üç min yeddi yüz əlli altı manat, iyirmi doqquz qəpik) manat pulun alınaraq İddiaçı MMC-nin xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh (bundan sonra “Alıcı” adlandırılacaq) ilə İddiaçı MMC (əvvəlki adı "xxxx" MMC) (bundan sonra “Satıcı” adlandırılacaq) arasında xx.xx.2021-ci il tarixli, 41 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinin şərtinə görə bu Müqavilə əsasında Satıcı, hazırki müqavilənin 2-ci maddəsində göstərilən və gələcəkdə “Mal” adlandırılacaq sement və xidmət növünü “Alıcıya” satır. “Alıcı” isə malı alır və dəyərini ödəyir. Müqavilənin 1.2-ci maddəsinə görə “Alıcının” fəaliyyət növü tikintidir. Müqavilənin 2.1-ci maddəsinə görə malın qiyməti “Satıcı” və “Alıcı” ilə razılaşdırılmış formada Müqaviləyə Əlavədə müəyyən olunur. “Satıcı” xx.xx.2022-ci il tarixdək üzərinə düşən öhdəlikləri yerinə yetirərək “Alıcı”ya sement satmış və xidmətlər göstərmişdir. “Alıcı” isə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş və nəticədə İddiaçı MMC-yə ödəməli olan 3699,29 (üç min altı yüz doxsan doqquz manat 29 qəpik) manat pulu ödəməmişdir. Məhz, buna görə də iddiaçı elektron qaydada göndərilmiş məktubla qalıq pulu cavabdehdən tələb edib, üzərinə götürdüyü öhdəliyini yerinə yetirməyini tələb etmiş, ancaq cavabdeh borcu qaytarmamışdır. Məhz, buna görə də iddiaçı elektron qaydada göndərilmiş məktubla qalıq pulu cavabdehdən tələb edib, üzərinə götürdüyü öhdəliyini yerinə yetirməyini tələb etmiş, ancaq cavabdeh borcu qaytarmamışdır.

İddia ərizəsinə etiraz:

3. İddia ərizəsinin icraata götürülməsinə dair qərardad və Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinin tələblərinin qeyd olunduğu məhkəmə bildirişi (iddia ərizəsinin surəti və prosessual hüquq və vəzifələrin izahı barədə bildiriş əlavə olunmaqla) xx.xx.2025-ci il tarixində Cavabdeh poçt vasitəsilə ilə təqdim olunmuş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz, iddia tələbinin əsassızlığına dair sübut məhkəməyə təqdim edilməmişdir.

Məhkəmə baxışının hədləri:

4. Mülki Prosessual Məcəllənin: - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

5. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.

Əsaslandırıcı hissə:

a) İş materialları və sübutların tədqiqi:

6. İş materiallarından görünür ki, İddiaçı MMC ********** Dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə xx.xx.2006-cı il tarixdə kommersiya hüquqi şəxslərinin dövlət reyestrində qeydiyyata alınmışdır və Cəmiyyətin qanuni təmsilçisi X1r.

7. Elektron Məhkəmə İnformasiya Sistemində Vergi məlumatlarından görünür ki, Cavabdeh sahibkarlıq subyekti kimi xx.xx.2008-ci il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********) verilmişdir və o, hal-hazırda İmişli şəhəri, Həsənoğlu küçəsi, ev 7 ünvanında qeydiyyatdadır.

8. İş materiallarında olan İddiaçı MMC (Satıcı) ilə Cavabdeh (Alıcı) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 41 nömrəli alqı-satqı müqaviləsinin: 1.1. bəndinə əsasən, Satıcı hazırki müqavilənin 2-ci bəndində göstərilən və gələcəkdə (mal) adlandırılacaq, sement, beton, və .s malı Alıcıya satır, Alıcı isə həmin malı alır və dəyərini ödəyir. - 3.3. bəndinə əsasən “Alıcı” aldığı malın dəyərini mal əldə edildikdən sonra – qaimə faktura təqdim edilən tarixdən etibarən 30 təqvim günündən gec olmayaraq “Satıcı”ya ödəməlidir.

9. İş materiallarından görünür ki, İddiaçı MMC (Satıcı) ilə Cavabdeh (Alıcı) arasında xx.xx.2021-ci il tarixli, 41 nömrəli alqı-satqı müqaviləsinə 1,2,3,4,5 saylı Əlavələr olan qiymət razılaşdırma protokolları imzalanmışdır.

10. İş materiallarında olan Malların təhvil-qəbul aktlarından və elektron qaimələrdən görünür ki, xx.xx.2021-ci il tarixli, 41 nömrəli müqaviləyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh ümumilikdə 28565,30 manat məbləğində mallar təhvil verilmişdir.

11. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Üzləşmə Aktı”ndan görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2023-cü il tarixə olan borcu 7340 manat təşkil edir.

12. İş materiallarında olan Çıxarışın surətindən (cədvəldən) görünür ki, xx.xx.2021ci il tarixli, 41 nömrəli müqaviləyə əsasən Cavabdeh borcu 3699,29 manat təşkil edir.

13. İddiaçının cavabdehə ünvanladığı xx.xx.2025-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı ilə tərəfindən Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 41 nömrəli müqaviləyə əsasən yaranmış 3699,29 manat məbləğində borcun pretenziyanın alındığı tarixdən 3 gün ərzində tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq İddiaçı MMC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir.

14. İş materiallarından görünür ki, iddiaşə tərəfindən 57 manat dövlət rüsumu ödənilmişdir.

b) Tətbiq edilən hüquq:

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 567-ci maddəsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

- 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

c) Məhkəmənin mövqeyi:

17. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə uyğun olaraq işə, təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir.

18. Məhkəmə, ilk növbədə iş materiallarında olan sənədlərə və digər dəlillərə əsasən müəyyən edir ki, mübahisə tərəflərinin hər ikisi sahibkarlıq subyektləridirlər, tərəflər arasında yaranmış mübahisənin predmetini, onların daxil olduqları müqavilə münasibətləri üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində iddiaçının subyektiv hüququnun pozulmasını iddia edərək həmin hüquqlarının bərpa edilməsinə dair tələbi təşkil edir və tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakteri onların həm birgə, həm də ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə əlaqəlidir.

19. Məhkəmə qeyd edir ki, mübahisə tərəflərinin hər ikisinin sahibkarlıq subyekti olmaları, mübahisənin predmeti və tərəflərin daxil olduqları hüquq münasibətlərinin xarakteri hazırki mübahisənin kommersiya xarakterdə olmasını mübahisəsiz şəkildə şərtləndirir.

20. İşin məhkəmə araşdırması nəticəsində müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı razılaşdırılmış malları cavabdehə verməyi, cavabdeh isə təhvil aldığı malların dəyəri təşkil edən pul vəsaitini şərtləşdirilən müddətdə iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər.

21. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, iddia tələbinin maddi hüquqi əsasınınisyə alqı-satqı müqaviləsinə dair münasibətləri tənzimləyən normaları təşkil edir.

22. İş materiallarından göründüyü kimi, iddiaçı cavabdehin təhvil aldığı mallara görə ödənilməmiş 3699,29 manat borcunun qaldığını iddia edir. İddiaçı, cavabdehin müqavilə üzrə öhdəliyini icra etməyərək aldığı malların dəyərini tam ödəməməsi haqqında tələbininin faktiki əsası kimi tərəflər arasında bağlanmış müqavilə şərtlərinə, malların təhvil verilməsinə dair aktlara, elektron qaimə-fakturalara, “üzləşmə aktı”na borcun ödənilməsi ilə bağlı cavabdehə qarşı məhkəməyə qədər pretenziya qaydasında tələblə çıxış etməsinə istinad edir.

23. Məhkəmə qeyd edir ki, iddia ərizəsində tələb olunan borc məbləğinin iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsinin sübutetmə yükünün bölüşdürülməsi prinsipinə görə cavabdehin üzərinə düşməsinə baxmayaraq, cavabdeh iddia ərizəsinə qarşı etiraz və ya iddia tələbinin tam və ya qismən əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir.

24. Belə olan halda məhkəmə, tərəflərin iradə ifadəsini əks etdirən müqaviləni, malların təhvil verilməsinə dair aktları elektron qaimə-fakturaları və işin müəyyən edilmiş digər hallarını nəzərə alaraq hesab edir ki, iddia edildiyi kimi cavabdeh tərəfindən alınan malların qiymətini təşkil edən 3699,29 manat məbləğində pulun şərtləşdirilmiş müddətdə ödənilməməsi öz təsdiqini tapır.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 57 manat dövlət rüsumu cavabdehə aid edilməli və cavabdehdən tutularaq iddiaçıya verilməlidir.

Nəticə:

26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. Cavabdeh 3699,29 (üç min altı yüz doxsan doqquz manat, iyirmi doqquz qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 57 (əlli yedi) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar