Məhkəmə qərarları › İş №e-2-2(121)-382/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-382/2024

02.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-382/2024 02.05.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Astanov Amid Gülbala oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (VÖEN-**********) əsas borca görə 5939 manat, gecikdirilmiş günlərə görə 1217 manat, mediasiya üçün ödənilmiş 105 manat, hüquqi yardım üçün vəkilə ödənilmiş 300 manat olmaqla,cəmi 7561 manatın pulun cavabdehdən tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Cavabdeh (VÖEN-**********) ilə "xxxx" MMC arasında 02 mart 2023-cü il tarixli 128 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə görə “Mal göndərən” bu müqavilə qüvvədə olan müddət ərzində “Alıçı”ya onun şifahi və ya yazılı sifarişi əsasında, vaxtlı-vaxtında dəyirman məhsulları (sonralar mal adlandırılacaq) göndərməyi, “Alıcı” isə öz növbəsində həmin malı müəyyən edilmiş vaxtda qəbul etməyi və pulunu ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 5.1-ci bəndinə əsasən malın dəyəri əvvəlcədən “alıcı” tərəfindən “Mal göndərən”in bank hesabına köçürmə yolu ilə və ya nağd qaydada firmanın xəzinəsinə ödənilir. 5.2-ci bəndində isə qeyd edilmişdir ki, “Alıcı” malın ümumi dəyərini tam ödəməzsə, malı aldıqdan sonra yerdə qalan məbləği 3 iş günü içərisində “Mal göndərən”nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2023-cü il tarixli, EBDA 979953 saylı elektron-qaiməyə əsasən 2944 (iki min doqquz yüz qırx dörd) manat, xx.xx.2023-cü il tarixli, EBDA 320261 saylı elektron-qaiməyə əsasən 11845 (on bir min səkkiz yüz qırx beş) manat olmaqla, ümumilikdə 14789 manat dəyərində mal (un məhsulu) götürmüşdür. Götürdüyü məhsulun dəyəri olaraq 2023-cü ilin aprel ayında 3850 manat, may ayında 3800 manat və iyun ayında 1200 manat (cəmi 8850 manat) pulu mədaxil orderi əsasında kassaya ödəmişdir. Lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməyərək aldığı məhsulların pulunu tam ödəməmiş, dəfələrlə tələb edilməsinə baxmayaraq qalan 5939 (beş min doqquz yüz otuz doqquz) manat vəsaiti ödəməkdən yayınır. Eyni zamanda həmin müqaviənin 6.1-ci bəndinə əsasən “Alıcı” malı qəbul etdikdən sonra malın tam dəyərini 3 iş günü ərzində ödəməzsə, hər gecikdirilən gün üçün malın dəyərinin 0,1 faizi cərimə ödəməlidir.Yəni, 09 iyun 2023-cü ildən sonra gecikdirilmiş 205 günə (31 dekabr 2023-cü ilə qədər) görə 0,1% olmaqla cavabdeh 1217 manat (5939 man. x 0,1% x 205 gün = 1217 man.) cərimə ödəməlidir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində iddia ərizəsində göstərilən tələbi 5939 manat hissəsində qismən qəbul etdiyini, hesablanmış cərimənin, mediasiya xərcinin və hüquqi yardımla bağlı ödənilmiş məbləğin tutulması hissəsində iddianı qəbul etmədiyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddia tələbini qismən, əsas borca aid hissədə qəbul etdiyini, qalan hissədə iddianı qəbul etmədiyini bildirmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəmə baxış iclasında işitrak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə, tərəflərin məhkəmə iclaslarında verdikləri izahatlarına və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ********** Dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə xx.xx.2016-cı il tarixdə kommersiya hüquqi şəxslərinin dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, Cavabdeh sahibkarlıq subyekti kimi xx.xx.2008-ci il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********) verilmişdir və o, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan İddiaçı (“Mal göndərən”) ilə Cavabdeh (“Alıcı”) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 128 nömrəli alğı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqavilənin: 1.1-ci bəndinə əsasən, “Mal göndərən" bu müqavilə qüvvədə olan müddət ərzində "Alicı"-ya onun şifahi və ya yazılı sifarişi əsasında ,vaxtı vaxtında dəyirman məhsulları (sonralar mal adlandırılacaq) göndərməyi, "Alıcı" isə öz növbəsində həmin malı müəyyən edilmiş vaxtda qəbul etməyi və malın pulunu ödəməyi öz öhdəsinə götürür. 2.1-ci bəndinə əsasən, "Mal göndərən" tərəfindən "Alıcı"ya malın buraxılışı vaxtı və miqdarı "Alıcı"nın gündəlik sifarişi əsasında həyata keçirilir. 3.1-ci bəndinə əsasən, Malın bir tonunun qiyməti qaimə-faktura əsasında müəyyən ediləcəkdir. 4.1-ci bəndinə əsasən, Müqavilənin məbləği 300 (üç yüz) ton dəyirman məhsulunun satış gününə olan qiyməti ilə müəyyənləşdiriləcək. 5.1-ci bəndinə əsasən, Malın dəyəri əvvəlcədən "Alıcı" tərəfindən "Mal göndərənin” bank hesabına köçürmə yolu ilə və ya nəğd qaydada firmanın xəzinəsinə ödənilir. 6.1-ci bəndinə əsasən, "Alıcı" malı qəbul etdikdən sonra malın tam dəyərini 3 iş günü içərisində ödəməzsə, hər gecikdirilən gün üçün malın dəyərinin 0,1% cərimə ödəyir. 8.1-ci bəndinə əsasən, Müqavilənin müddəti 31 dekabr 2024-cü il tarixinədək müəyyənləşdirilir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli 979953 saylı, xx.xx.2023-cü il tarixli 320261 saylı elektron qaimələrin surətindən görünür ki, İddiaçı tərəfindən ümumi dəyəri 14789 manat olan mallar Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan kassa mədaxil orderlərinin surətlərindən görünür ki, Cavabdeh tərəfindən İddiaçınə xx.xx.2023-cü il tarixdə 3850 manat, xx.xx.2023-cü il tarixdə 3800 manat, xx.xx.2023-cü il tarixdə 1200 manat olmaqla, cəmi 8850 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 128 nömrəli alğı-satqı müqaviləsinə əsasən yaranmış 5939 manat məbləğində borcun tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdehnə xəbərdarlıq edilmişdir. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışın surətindən görünür ki, İddiaçı ərizəsinə əsasən xx.xx.2023-cü il tarixinə təyin edilən ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. İş materiallarında olan “Ödəniş tapşırığı”nın surətindən görünür ki, iddiaçı "xxxx" MMC mediasiya sessiyasının keçirilməsi üçün Masallı 1 saylı Mediasiya Təşkilatının hesabına 105 manat vəsait ödəmişdir. Məhkəmə, iş materiallarında olan sənədlərə və digər dəlillərə əsasən müəyyən edir ki, tərəflər arasında yaranmış mübahisənin predmetini, onların daxil olduqları müqavilə münasibətləri üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində müqavilədən irəli gələn subyektiv hüququnun pozulmasını iddia edərək hüquqlarının bərpa edilməsinə dair iddiaçının tələbi təşkil edir. Məhkəmə qeyd edir ki, mübahisə tərəflərinin hər ikisinin sahibkarlıq subyekti olmaları, mübahisənin predmetinin tərəflər arasında bağlanmış mülki hüquqi əqd (alğı-satqı müqaviləsi) üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində pozulmuş hüququnun bərpa edilməsinə dair iddiaçının tələbinin təşkil etməsi və tərəflərin daxil olduqları hüquq münasibətlərinin xarakterinin onların həm birgə, həm də ayrı-ayrı həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə bağlı olması hazırki mübahisənin kommersiya xarakterdə olmasını mübahisəsiz şəkildə şərtləndirir. İşin məhkəmə araşdırması nəticəsində müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı dəyirman məhsullarını (bundan sonra “malları”) cavabdehin sifarişi ilə razılaşdırılmış miqdarda cavabdehə təqdim etməklə onun mülkiyyətinə verməyə, cavabdeh isə təhvil aldığı malların qiymətini təşkil edən pul vəsaitini şərtləşdirilən müddətdə iddiaçıya ödəməklə bağlı razılığa gələrək bu barədə müqavilə bağlamışlar. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliklərinə yerinə yetirərək sifariş olunan malları cavabdehə təhvil verdiyini, cavabdehin isə təhvil aldığı malların dəyərini ödəmək öhdəliyini lazımınca yerinə yetirmədiyini iddia edir. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, iddia tələbinin maddi hüquqi əsasını alğı-satqı müqaviləsinə dair münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 29-cu fəslinin 1-cı paraqrafında yer alan normalar təşkil edir. Belə ki, işin müəyyən edilmiş faktiki halları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567 və 600-cü maddələrində nəzərdə tutulan dispozisiya şərtləri uyğun gəlir. Buna görə məhkəmə hesab edir ki, hazırki mübahisə qeyd edilən maddi hüquq normaları tətbiq edilməklə həll edilməlidir. Məhkəmə qeyd edir ki, mübahisəni tətbiq ediləcək maddi hüquq normalarına əsasən həll etməzdən əvvəl ilk olaraq işin mübahisəsiz və mübahisəli halları müəyyən edilməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsi qaydalarına uyğun olaraq tərəflərin öz tələb və etirazlarının əsası kimi gətirdikləri dəlillərə hüquqi qiymət verilməlidir. Məhkəmə, işdə olan sənədlərə və digər sübut əhəmiyyətli materiallara əsasən bu qənaətə gəlir ki, tərəflər arasında malların nisyə satışını nəzərdə tutan alğı-satqı müqaviləsinin bağlandığı, həmin müqavilənin etibarsızlığına dəlalət edən halların olmadığı, iddiaçı tərəfindən müqavilənin obyekti olan ümumi dəyəri 14789 manat olan malların cavabdehə təhvil verilməsi (hər iki tərəfin təsdiq etdiyi qaimə-fakturalara əsasən), cavabdeh tərəfindən təhvil alınmış mallara görə 8850 manat ödənil edilməsi işin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə hesab edir ki, işin mübahisəli halını cavabdeh tərəfindən təhvil alınmış malların dəyərinin tam ödənilməməsi barədə iddiaçının tələbi təşkil edir. Belə ki, iddiaçı cavabdehin təhvil aldığı mallara görə ödənilməmiş 5939 manat borcunun qaldığını iddia edir. İddiaçı, cavabdehin müqavilə üzrə öhdəliyini icra etməyərək aldığı malların qiymətini ödəməməsi haqqında tələbininin faktiki əsası kimi tərəflər arasında bağlanmış müqavilə şərtlərinə, malların təhvil verilməsinə dair qaimələrə, borcun ödənilməsi ilə bağlı cavabdehə qarşı məhkəməyə qədər həm pretenziya qaydasında, həm də mediasiya prosesində tələblə çıxış etməsinə istinad edir. Məhkəmə qeyd edir ki, iddia ərizəsində tələb olunan borc məbləğinin iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi sübutetmə yükünün bölüşdürülməsi prinsipinə görə cavabdehin üzərinə düşür. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində və xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında verdiyi izahatında iddianı qismən etiraf edərək iddia ərizəsində göstərilən tələbi 5939 manat hissəsində qəbul etdiyini, hesablanmış cərimənin, mediasiya xərcinin və hüquqi yardımla bağlı ödənilmiş məbləğin tutulması hissəsində iddianı qəbul etmədiyini bildirmişdir. Belə olan halda məhkəmə, tərəflərin iradə ifadəsini əks etdirən müqaviləni, malların təhvil verilməsinə dair elektron qaimələri, kassa mədaxil orderlərini, cavabdehin etirafını və işin müəyyən edilmiş digər hallarını nəzərə alaraq hesab edir ki, iddia edildiyi kimi cavabdeh tərəfindən təhvil alınan mallara görə 5939 manat məbləğində pulun şərtləşdirilmiş müddətdə ödənilməməsi öz təsdiqini tapır. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş və işin araşdırılması nəticəsində sübuta yetirilmiş faktiki halları belədir ki, iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək alğısatqı obyekti olan malları cavabdehin mülkiyyətinə vermişdir, lakin cavabdeh malları təhvil alsa da, onların dəyərini tam ödəməmişdir. Buna görə də, iddiaçının pul tələbinə dair iddiası qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 597.1-ci maddəsinə əsasən, alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə, iddia tələbini cərimənin tutulması hissəsində qismən əsaslı hesab edərək qeyd edir ki, tərəflər arasında bağlanmış 6.1-ci bəndinə əsasən, "Alıcı" malı qəbul etdikdən sonra malın tam dəyərini 3 iş günü içərisində ödəməzsə, hər gecikdirilən gün üçün malın dəyərinin 0,1% cərimə ödəyir. İşin halları ilə cavabdehin müqavilə üzrə ödənişini gecikdirdiyi müəyyən olunduğuna görə, onun iddiaçıya cərimə ödəmək öhdəliyi yaranmışdır. Məhkəmə, cərimə tələbinin əsaslılığı ilə bağlı məsələyə qiymət verərkən tərəflər arasında razılaşdırılmış cərimənin hüquqi təbiətinə aydınlıq gətirilməsini də vacib hesab edir. Mülki qanunvericilikdə dəbbə (cərimə, penya) həm öhdəliyi icra etməməyə görə mülki məsuliyyət sanksiyası, həm də öhdəliyin lazımınca icra edilməsinin təminatı üsulu kimi nəzərdə tutulmuşdur. Birinci halda, yəni mülki məsuliyyət tədbiri kimi nəzərdə tutulan dəbbə pulu (cərimə, penya) öhdəlik münasibətinin bir tərəfinə öz üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyinə görə digər tərəfin məruz qaldığı zərərin kompensasiya edilməsi məqsədi ilə tətbiq edilən mülki hüquq sanksiyası funksiyasını, təminat üsulu kimi nəzərdə tutulan digər halda isə dəbbə pulu (cərimə, penya) öhdəliyin lazımınca icra edilməsinə borclunun kreditor qarşısında əlavə öhdəliyi funksiyasını yerinə yetirir. Mülki hüquq sanksiyası olaraq nəzərdə tutulan dəbbə pulunun tətbiq edilməsinin başlıca şərtləri, öhdəliyin lazımınca icra edilməməsi nəticəsində tələb hüququ yaranan tərəfə zərər vurulması (1-ci şərt) və öhdəliyi lazımınca icra etməyən tərəfin təqsirinin müəyyən edilməsidir (2-ci şərt). Bu iki şərtin mövcud olduğu təqdirdə mülki məsuliyyət tədbiri qismində dəbbənin (cərimə, penya) tətbiq edilməsi üçün əsas yaranır. Öhdəliyin təmin üsulu kimi nəzərdə tutulan dəbbə pulunun tətbiq edilməsi üçün isə tələb hüququ yaranan tərəfin zərərə məruz qalması mühüm şərt deyildir. Burada əsas olan borclunun öhdəliyini icra etmədiyi, lazımınca icra etmədiyi və ya icranı gecikdirməsi faktının və dəbbə pulu ödənilməsi barədə müqavilə şərtinin olmasının kreditor tərəfindən sübut edilməsidir. Dəbbə pulunun anlayışını verən Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Dəbbə puluna verilən leqal tərifdən müəyyən olunur ki, dəbbə pulunun ödənilməsi tələbi borclu tərəfindən öhdəliyin pozulması ilə yaranır. Bunun üçün əlavə olaraq kreditora zərər vurulması faktının baş verməsi tələb olunmur. Qeyd olunanları hazırki işin faktiki hallarına tətbiq etdikdə müəyyən olunur ki, tərəflər arasında bağlanmış müqavilədə qeyd olunan cərimə öhdəliyi, cavabdehin üzərinə götürdüyü öhdəliyin lazımınca icra olunmasının təmin edilməsi üsulu kimi nəzərdə tutulmuşdur. Buna görə də, cərimə ödənilməsi üçün iddiaçının öhdəliyin pozulması nəticəsində zərərə məruz qalmasını sübut etmək vəzifəsi yaranmır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd edilən maddi hüquq normalarının tələblərinə görə borclu pul vəsaitinin qaytarılmasına dair öhdəliyini pozduqda və ya lazımınca icra etmədikdə kreditorun əsas borcun qaytarılmasını tələb etməklə yanaşı, gecikmə nəticəsində cavabdehin vurduğu zərərin də ödənilməsini tələb etmək hüququ vardır. Mülki qanunvercilik belə vəziyyətlərdə müqavilə şərtlərindən asılı olaraq kreditora dəymiş zərərin əvəzi olaraq borcun məbləğindən faiz tələb etmək və ya dəbbə (cərimə, penya) tələb etmək kimi alternativ tələb imkanları tanımışdır. Hazırki işdə tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsi üzrə gecikdirmə nəticəsində dəyən ziyanı qarşılamaq üçün cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Buna görə də iddiaçının cərimə tələbi mahiyyət etibarı ilə əsaslıdır. Lakin məhkəmə, cərimənin məbləğinin əsas borca nisbətini, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun iddiaçının əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini nəzərə alaraq hesab edir ki, iddia tələbi cavabdehdən 1217 manat məbləğində cərimənin tutulması hissəsində əsaslı və mütənasib deyildir. Buna görə də məhkəmə bu nəticəyə gəlir ki, cavabdehdən tutulacaq cərimə məbləğinin azaldılaraq 100 manat məbləğində müəyyən edilməsi işin hallarına mütənasib və ədalətli olar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 iyul 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir.” Məhkəmə həmçinin iddianın 105 manat mediasiya xərcinin cavabdehdən alınmasına dair hissəsini də əsaslı hesab edir. Belə ki, cavabdeh imzaladığı müqavilədən irəli gələn vəzifələrini icra etmədiyinə görə iddiaçının məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə iddiaçıya əlavə zərər vurmuşdur. Buna görə də, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə, vəkilin göstərdiyi yardıma görə çəkilmiş xərcin cavabdehdən tutulması hissəsində iddia tələbinin qismən əsaslı olduğu qənaətinə gələrək hesab edir ki, iddiaçı tərəfindən hüquqi yardım üçün ödənilmiş vəsaitin 150 manat hissəsi cavabdehdən alınıb iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, hazırki iş üzrə iddia ərizəsinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddiaçı 80,39 manat rüsum ödəməli olduğuna, lakin həmin Qanunun 9.1-1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunduğuna, həmçinin iddia tələbi qismən təmin olunduğuna görə qeyd edilən dövlət rüsumu cavabdehdən tutulmalıdır. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbi qismən əsaslıdır və buna görə də iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 121, 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli 128 nömrəli alğı-satqı müqaviləsi üzrə 5939 manat məbləğində əsas borc, 100 manat məbləğində cərimə borcu, 105 manat məbləğində mediasiya xərci və hüquqi yardım üçün ödənilmiş 150 manat pul vəsaiti olmaqla, cəmi 6294 manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə nəzərdə tutulan 80,39 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilsin və Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar