Məhkəmə qərarları › İş №e-2-2(121)-3833/2025

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-3833/2025

16.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-3833/2025 16.02.2026 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı lizinq müqaviləsi üzrə mübahisələrə dair iddia ərizəsinə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Bank "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı lizinq müqaviləsi üzrə mübahisələrə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 20 dekabr 2024-cü il tarixli, LM-528-3/24 nömrəli “Öhdəliyin icrası ilə bağlı saziş”dən irəli gələn xx.xx.2025-ci il tarixə hesablanmış 2287.71 manat əsas borc, 1120.71 manat faiz borcu, 67.92 manat dəbbə borcu olmaqla, ümumilikdə 3476.34 manat məbləğindəki borcun, 0.40 manat bank xidmət haqqının və ödənilmiş 55 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq Bank "xxxx" ASC-nin xeyrinə tutulmasına barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X4 arasında bağlanmış 12 dekabr 2023-cü il tarixli 528/23 saylı “Daxili maliyyə lizinq müqaviləsi”nə əsasən X1 ilə "xxxx" ASC-nin mülkiyyətində olan 2013-cü il buraxılışlı, “BMW M6 MİNİK” markalı, “WBS6C9103EDV73228” ban nömrəli, qara rəngli, **-YD-*** dövlət qeydiyyat nişanlı avtomobil sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. "xxxx" ASC və X5 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, LM-528-1/24 nömrəli “Öhdəliyin icrası ilə bağlı saziş”ə əsasən 12 dekabr 2023-cü il tarixli 528/23 saylı “Daxili maliyyə lizinq müqaviləsi” üzrə müəyyən edilmiş öhdəliklər X3 ötürülmüşdür. Bank "xxxx" ASC ilə "xxxx" ASC arasında bağlanmış 08 iyun 2022-ci il tarixli, THAS-B001/22 saylı “Tələb hüquqlarının güzəşti haqqında” müqaviləyə və 3 sentyabr 2024-cü il tarixli, 01 saylı “Əlavə Saziş”-ə əsasən yuxarıdakı müqavilə üzrə tələb hüquqları "xxxx" ASC tərəfindən Bank "xxxx" ASCyə ötürülmüşdür. Bank "xxxx" ASC və Ayxan Mahal arasında bağlanmış xx.xx.2024-cü il tarixli, LM-528-2/24 nömrəli “Öhdəliyin icrası ilə bağlı saziş”ə əsasən 12 dekabr 2023-cü il tarixli 528/23 saylı “Daxili maliyyə lizinq müqaviləsi” üzrə müəyyən edilmiş öhdəliklər Ayxan Mahala ötürülmüşdür. Bank "xxxx" ASC və Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, LM-528-3/24 nömrəli “Öhdəliyin icrası ilə bağlı saziş”ə əsasən 12 dekabr 2023-cü il tarixli 528/23 saylı “Daxili maliyyə lizinq müqaviləsi” üzrə müəyyən edilmiş öhdəliklər Cavabdeh1 ötürülmüşdür. 20 dekabr 2024-cü il tarixli, LM-528-3/24 nömrəli “Daxili maliyyə lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh1 illik 23 % hesablanmaqla 34 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 2559.04 manat, ümumilikdə isə 87007.11 manat məbləğində pulu Bank "xxxx" ASC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa, Bank "xxxx" ASC, Cavabdeh1 və Cavabdeh2 arasında 20 dekabr 2024-cü il tarixli, 528-3/24 saylı “Zaminlik müqaviləsi” bağlanmış və zamin lizinq verən Bank "xxxx" ASC qarşısında lizinq alanın 20 dekabr 2024-cü il tarixli, LM528-3/24 saylı “Öhdəliyin icrası ilə bağlı saziş”ə əsasən öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Bank "xxxx" ASC ilə lizinq alan Cavabdeh1 arasında bağlanmış 20 dekabr 2024-cü il tarixli, “Təhvil-təslim akt”na əsasən, təhvil verilən lizinq predmeti- 2013-cü il buraxılışlı, “BMW M6 MİNİK” markalı, “WBS6C9103EDV73228” ban nömrəli, qara rəngli, 77-YD106 dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 tərəfindən təhvil alınmışdır. Cavabdehlər lizinq verən qarşısında götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən cavabdehlərin xx.xx.2025-ci il tarixə hesablanmış və ödənilməmiş 2287.71 manat əsas borc, 1120.71 manat faiz borcu, 67.92 manat dəbbə borcu vardır. Beləliklə cavabdehlərin xx.xx.2025-ci il tarixə ümumi borcu 3476.34 manat təşkil edir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər lizinq obyekti olan avtomobili şəxsi istehlak məqsədi ilə lizinqə götürdüklərini bildirmişlər. Məhkəmə işdə olan sənədləri araşdıraraq hesab edir ki, hazırki iş üzrə mübahisəyə, tərəflərin birgə və (və ya) ayrı-ayrılıqda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisə kimi kommersiya məhkəmələrində baxılması, məhkəmə aidiyyətinə dair qüvvədə olan qanunvericilik normalarının tələblərinə görə mümkün deyildir. Belə ki, işdə olan “daxili maliyyə lizinqi müqaviləsi”ndə və ondan sonrakı müqavilələrdə lizinq obyektinin sahibkarlıq məqsədi ilə lizinqə verilməsi (götürülməsi) qeyd olunmamışdır. Həmçinin, işdə olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən və lizinq müqaviləsindən lizinq obyekti olan avtomobilin minik avtomobili olması, daha çox şəxsi istehlaka uyğun olması müəyyən edilir. Eləcə də, iş üzrə cavabdehlər lizinq obyektini şəxsi istifadələri üçün lizinqə götürdüklərini, həmin nəqliyyat vasitəsi ilə hər hansı bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq niyyətlərinin olmadığını bildirmişlər. Məhkəmə, yuxarıda göstərilənləri nəzərə alaraq bu qənaətə gəlir ki, işin hallarından lizinq obyektinin şəxsi istifadə məqsədi ilə lizinqə götürüldüyü, buna görə də lizinq müqaviləsi üzrə tərəflər arasında yaranmış münasibətin xarakterinin tərəflərin birgə və ya ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə əlaqəli olmadığı müəyyən olunur. Məhkəmə cavabdehlərlə iddiaçı Bank "xxxx" ASC arasında mövcud olan hüquq münasibətlərinin xarakterini nəzərə alaraq hesab edir ki, həmin münasibətləri tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gələn münasibətlər kimi xarakterizə etmək olmaz. Tərəflərin hər ikisinin sahibkarlıq subyekti olması faktını nəzərə alaraq, mübahisənin adi mülki və ya kommersiya xarakterli olmasını müəyyən edən mühüm və başlıca meyar olan tərəflərin daxil olduqları hüquq münasibətlərinin xarakterinin müəyyən edilməsini məhkəmə vacib hesab edir. İşdən görünür ki, tərəflər arasında lizinq müqaviləsindən yaranan öhdəlik hüquq münasibətləri mövcuddur. İşin müəyyən edilmiş hallarından müəyyən edilir ki, cavabdehlər lizinq obyekti avtomobili şəxsi istifadə məqsədi ilə lizinqə götürmüşdür. Məhkəmə hesab edir ki, tərəflər arasında hüquq münasibətlərinin xarakterinin müəyyən edilməsində bu amil əsas və başlıca rol oynayır. Bununla müəyyən edilir ki, cavabdehlər lizinq obyekti olan minik avtomobilini sahibkarlıq məqsədi, biznes fəaliyyəti ilə bağlı deyil, şəxsi istehlak məqsədi ilə lizinqə götürmüş, tərəflər arasında lizinq müqaviləsi lizinq obyektinin adi istehlak edilməsi məqsədi ilə bağlanmışdır. Buna görə də məhkəmə bu qənaətə gəlir ki, həmin lizinq müqaviləsindən yaranan mübahisəyə sahibkarlıq fəaliyyəti ilə bağlı münasibətləri tənzimləyən xüsusi normaların tətbiq edilməsinə və mübahisəyə ixtisaslaşmış məhkəmədə baxılmasına hüquqi əsas yoxdur. Məhkəmənin gəldiyi bu nəticə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx.xx.2020-ci il tarixli, 10 nömrəli Qərarında şərh olunan mövqeyinə də uyğundur. Adı çəkilən Qərarın 11-ci bəndində qeyd olunmuşdur ki, “O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.” Məhkəmə vurğulayır ki, Plenumun qeyd olunan mövqeyindən də göründüyü kimi, hətta mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olması halında belə, kreditin (baxılan işdə lizinq obyektinin) sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 10 nömrəli qərarının 11-ci bəndində qeyd olunmuşdur ki, “O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır.” Beləliklə məhkəmə müəyyən edir ki, tərəflərin subyekt tərkibi uyğun olsa belə, hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla hazırki işə kommersiya mübahisələrindən irəli gələn iş kimi baxıla bilməz. Məhkəmə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 140.1-ci maddəsində nəzərdə tutulmuş maliyyə lizinqi müqaviləsi üzrə lizinq alan qismində yalnız hüquqi şəxslər və fərdi sahibkarların çıxış edə bilmələrinə dair müddəaya münasibət bildirməyi zəruri hesab edir. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.3cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunan anlayışlar və qaydalar vergitutma məqsədi ilə müəyyən edilir və müstəsna olaraq bu Məcəllə və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktlar ilə tənzimlənən vergitutma və vergi nəzarəti ilə bağlı münasibətlər hüdudlarında tətbiq olunur. Normanın məzmunundan göründüyü kimi, Vergi Məcəlləsinin müddəaları müəyyən münasibətlər çərçivəsində tətbiq olunur. Bu, Vergi Məcəlləsinin sahəvi qanun olması, vergi məsələləri ilə bağlı xüsusi münasibətləri tənzimləməsi ilə əlaqədardır. Lizinq münasibətləri mahiyyət etibarı ilə gəlir əldə edilməsi məqsədinə bağlı olduğuna görə, vergitutma mənbəyi kimi vergi qanunvericiliyinin əhatə dairəsinə düşür. Lakin, lizinq münasibətlərini yalnız vergi hüququ çərçivəsində qiymətləndirmək tamamilə yalnış yanaşma olardı və məhz buna görə lizinq münasibətləri öhdəlik hüququnun tənzimləmə dairəsinə daxil olan mülki-hüquqi əqd kimi həm də mülki qanunvericilikdə özünə yer tapmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 38-ci fəsli “Lizinq” adlanır və həmin fəsildə yer alan 747-751-ci maddələr lizinq müqaviləsi üzrə münasibətləri tənzimləyir. Lizinq müqaviləsinin subyektlərinin dairəsini və hüquqi statusunu müəyyən edən Mülki Məcəllənin 747-1.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin subyektləri lizinq verən, lizinq alan və satıcıdır (mal verəndir); 747-1.2-ci maddəsinə əsasən, lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir; 747-1.3-cü maddəsinə əsasən, lizinq alan lizinq müqaviləsinə uyğun olaraq lizinq obyektini müəyyən haqla, müəyyən müddətə və şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə qəbul edən hüquqi və ya fiziki şəxsdir; 747-1.4-cü maddəsinə əsasən, satıcı (mal verən) alqı-satqı müqaviləsinə əsasən lizinq obyektini lizinq verənə satan hüquqi və ya fiziki şəxsdir. Göründüyü kimi, mülki qanunvericilikdə lizinq alanın xüsusi subyekt olması ilə bağlı tələb nəzərdə tutulmamışdır və mülki dövriyyənin istənilən fəaliyyət qabiliyyətli iştirakçısı lizinq müqaviləsi üzrə lizinq alan qismində müqavilə tərəfi ola bilər. Məhkəmə bir xüsusatı da qeyd etməyi zəruri hesab edir ki, lizinq müqaviləsi mülki hüquq nəzəriyyəsində sahibkarlıq müqavilələri adlandırılan (göndərmə, faktorinq, ticarət nümayəndəsi, kommersiya konsessiyası, komissiya və s.) müqavilələr kateqoriyasına aid edilməmişdir. Bu xüsusat da lizinq müqaviləsinin həm kommersiya, həm də adi mülki münasibətlər çərçivəsində bağlana biləcəyini şərtləndirən hallardandır. Məhkəmə qeyd edir ki, lizinq müqaviləsi işitrakçılarının hüquqi statusu ilə bağlı normativ tənzimləmələrdən biri də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2021-ci il 28 iyul tarixli Qərarıdır. Adı çəkilən Qərarda Konstitusiya Məhkəməsinin sərgilədiyi hüquqi mövqe belə olmuşdur ki, “Lizinq müqaviləsinin subyektləri lizinq verən, lizinq alan və satıcıdır (mal verəndir). Lizinq alan lizinq müqaviləsinə uyğun olaraq lizinq obyektini müəyyən haqla, müəyyən müddətə və şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə qəbul edən hüquqi və ya fiziki şəxsdir. Bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada və hallarda Azərbaycan Respublikasının istənilən rezidenti və qeyri-rezidenti lizinq müqaviləsinin subyekti ola bilər (Mülki Məcəllənin 747-1.1, 747-1.3 və 747-1.5-ci maddələri). Göründüyü kimi, istənilən hüquqi və ya fiziki şəxs lizinq alan qismində əşyanı müvəqqəti sahibliyə və istifadəyə qəbul edə bilər. Mülki Məcəllənin sadalanan maddələrində lizinq alanın sahibkarlıq fəaliyyəti ilə məşğul olması barədə hər hansı tələb irəli sürülməmişdir. Eyniliklə lizinq müqaviləsinin mühüm şərtlərini müəyyən edən Mülki Məcəllənin 748-ci maddəsində lizinq alan tərəfindən lizinq obyektinin yalnız sahibkarlıq məqsədi ilə lizinqə götürülməsi, həmin obyektdən məhz gəlir götürmək məqsədi ilə istifadə edilməsinə dair şərt göstərilməmişdir. Mülki qanunvericilikdən fərqli olaraq Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra – Vergi Məcəlləsi) 140.1-ci maddəsinin 2018-ci il 30 noyabr tarixindən qüvvədə olan yeni redaksiyasına görə, müqavilə üzrə lizinq alan qismində yalnız hüquqi şəxslər və fərdi sahibkarlar çıxış edə bilərlər. Konstitusiya Məhkəməsi Plenumunun bununla bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, mövcud məsələ mülki xarakterli olmaqla Mülki Məcəllə ilə tənzimlənir. Vergi Məcəlləsinin 1.3-cü maddəsinə əsasən, həmin Məcəllə ilə müəyyən olunan anlayışlar və qaydalar vergitutma məqsədi ilə müəyyən edilir və müstəsna olaraq bu Məcəllə və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktlar ilə tənzimlənən vergitutma və vergi nəzarəti ilə bağlı münasibətlər hüdudlarında tətbiq olunur. Buna görə də Vergi Məcəlləsinin 140.1-ci maddəsində müəyyən olunmuş tələblərə müstəsna olaraq vergi münasibətləri çərçivəsində baxılmalıdır (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2020-ci il 28 dekabr tarixli Qərar).” Sadalanan maddi hüquq normalarının tələblərindən və Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqedən çıxış edərək məhkəmə qeyd edir ki, lizinq müqaviləsi üzrə lizinq alanın yalnız hüquqi şəxs və ya sahibkarlıq subyekti olan fiziki şəxs olması barədə fikir öz hüquqi həllini tapmadığına görə əsassız hesab edilməlidir. Beləliklə, sadalananlara əsasən məhkəmə, tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakterinin tərəflərin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmadığı qənaətinə gəlir. İşin məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi baxımından mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin həlledici meyar təşkil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki mübahisəyə ümumi məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1-ci maddəsinin qeyd hissəsində göstərilir ki, bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının və qanunverciliyin yuxarıda qeyd olunan normaların tələbləri baxımından, məhkəmə hesab edir ki, hazırki mübahisəyə cavabdehin rəsmi qeydiyyat yeri üzrə ümumi məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.7-ci maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Ərizəyə əlavə edilən sənədlərə və portaldan çıxarışa əsasən iş üzrə cavabdeh (lizinq müqaviləsi üzrə əsas borclu) Cavabdeh1 İmişli şəhəri, Məşədi Əzizbəyov küçəsi, D2, ev 26 ünvanında qeydiyyatda olduğu müəyyən edildiyinə görə Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iş aidiyyəti üzrə baxılması üçün İmişli Rayon Məhkəməsinə göndərilməlidir. Eyni zamanda tərəflərə izah edilir ki, Azərbaycan Respublikası MPM-nin 403-1.3-cü maddəsinə əsasən, məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 24-26, 31, 32, 263, 264, 267-269 və 403-1.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı lizinq müqaviləsi üzrə mübahisələrə dair iddia ərizəsi baxılması üçün məhkəmə aidiyyəti üzrə İmişli Rayon Məhkəməsinə göndərilsin. Tərəflərə izah olunsun ki, məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar