Məhkəmə qərarları › İş №e-2-2(121)-390/2023

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-390/2023

30.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № e-2-2(121)-390/2023 30.01.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abdullayev Elşən Uğur oğlu, İddiaçı MMCnin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Şirvan şəhərində, məhkəmənin inzibati binasında nəzərdən keçirərək müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 02 fevral 2022-ci il tarixli, 61-İ/22 saylı alqı-satqı müqaviləsinə əsasən yaranmış 4944.33 (dörd min doqquz yüz qırx dörd manat otuz üç qəpik) borc, 250 manat dəbbə pulu, mediasiya sessiyasına ödənilmiş 60 manat, cəmi 5254.33 (beş min iki yüz əlli dörd manat otuz üç qəpik) pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan pretenziya məktubundan görünür ki, iddiaçı 4.944,33 manat məbləğində pulun 10 gün ərzində müəssisəyə ödənilməsi, əks halda tələb olunan məbləğin və əlavə xərclərin cavabdehdən məcburi qaydada alınaraq iddiaçıya ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan sənədlərdən 4.944,33 manat məbləğində pulun qaytarılması barədə xəbərdarlığın göndərildiyi müəyyən olunsa da, iddia ərizəsində qeyd edilən iddia tələbi üzrə pretenziya qaydasına əməl edilməsi müəyyən edilmir. Halbuki, hazırki iş üzrə iddia tələbi 5.194,33 manat təşkil edir. Məhkəmə qeyd edir ki, kommersiya mübahisələri üzrə pretenziya qaydasına riayət edilməsi barədə qanunvericiliyin tələbləri formal xarakter daşımır. Burada qanunvericiliyin əsas məqsədi qarşı tərəfin ona qarşı qaldırılmış iddiadan əvvəlcədən məlumatlı olması və müdafiəsini təşkil etməsinə imkan yaradılmasıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə, göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət etmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmə, eyni zamanda qeyd edir ki, 01 iyul 2021-ci il tarixdən qüvvəyə minmiş “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən mediasiya – mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı bu Qanunla müəyyən olunan prosesdir. Həmin Qanunun 3.2-ci maddədinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırki iş üzrə iddia ərizəsinə əlavə edilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MT-028/0005K saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, hazırki iş üzrə iddia tələbi 5.194,33 manat məbləğində olmasına baxmayaraq, mediasiya sessiyasında 4.944,33 manat məbləğində pulun alınmasına dair mübahisə üzrə mediasiya prosesi keçirilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki işi üzrə iddiaçı tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq mediasiya prosesi keçirilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi geri qaytarılmalıdır. Məhkəmə, eyni zamanda qeyd edir ki, iddia ərizəsindən və iddia ərizəsinə əlavə edilmiş sənədlərdən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd müəyyən edilmir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi, iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi, iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə qeyd edir ki, iddiaçı 60 manat məbləğində mediasiya xərcini ödəməsinə baxmayaraq hazırki iddia tələbi üzrə ödənilməli olan dövlət rüsumunun məbləği çəkilmiş xərcdən, yəni 60 manatdan çoxdur. Belə olduğu təqdirdə iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş dövlət rüsumunun 60 manatdan çox olan hissəsini də ödəməlidir. Lakin, iş materiallarından dövlət rüsumunun ödənilməsi müəyyən olunmur. Məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia ərizəsi üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəmədiyindən və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi iddia ərizəsinə əlavə etmədiyindən, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq qəraraaldı: İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar