Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-391/2025 25.02.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı “X2 Komlepksi” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı “X2 Komlepksi” MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı “X2 Komlepksi” MMC–nin xeyrinə xx.xx.2021-ci il tarixli müqaviləyə görə ödənilmiş 3000 (üç min) manat və dövlət rüsumuna görə ödənilmiş 50 manat, ümumilikdə 3050 (üç min əlli) manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə “X2 Komlepksi” MMC arasında olan xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən cavabdeh 3000 (üç min) manat dəyərində avadanlıqları “X2 Komlepksi” MMC-yə 10 iş günü müddətində təhvil verməli idi. Müqavilədə nəzərdə tutulmuş pulun ödənilməsinə baxmayaraq bu günki tarixə qədər hələ də nə avadanlıqlar təhvil verilmiş, nə də ödənilmiş 3000 (üç min) manat geri qaytarılmışdır. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlinmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul etmədiyini, xx.xx.2025-ci il tarixdə məhkəmə təqdim etdiyi etiraz ərizəsində göstərilənləri müdafiə etdiyini, iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra edərək 3000 manat dəyərində olan avadanlılqları iddiaçıya təhvil verdiyini, göndərdiyi elektron qaiməyə əsasən iddiaçı tərəfindən avadanlıqların dəyərinin tam ödənildiyini bildirdi və iddianın rədd edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarını nəzərə alaraq, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh (Satıcı) ilə “X2 Komlepksi” MMC-nin direktoru vəzifəsini icra edən Natiq Talıbov (Alıcı) arasında olan bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, “Alıcı” müqaviləyə əlavədə göstərilən mal-materialı “Satıcı”ya sifariş verir və sifarişləri “Satıcı”dan qəbul edir, razılaşdırılmış müddətdə mal-materialların dəyərini ödəməyi öz öhdəsinə götürür, “Satıcı” isə müqaviləyə əlavədə göstərilmiş malmaterialların “Alıcı”ya təqdim edilməsini öz öhdəsinə götürür. İş materiallarında olan Cavabdeh ilə X1 tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli “Malların təhvil-qəbul aktı”nın surətindən görünür ki, Cavabdeh tərəfindən “X2 Komlepksi” MMC-nə ümumi dəyəri 3000 manat təşkil edən malları təhvil verilmişdir. İş materiallarında olan Cavabdeh ilə X1 tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli, 084491 nömrəli elektron qaimənin surətindən görünür ki, Cavabdeh tərəfindən “X2 Komlepksi” MMC-nə təhvil verilmiş malların ümumi dəyəri 3000 manat təşkil etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “Ödəniş tapşırığı”nın surətindən görünür ki, “X2 Komlepksi” MMC tərəfindən 084491 nömrəli qaimə üzrə Cavabdeh hesabına 3000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 570.1 və 570.1.1-ci maddələrinə əsasən, müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda satıcının əşyanı alıcıya vermək vəzifəsi icra edilmiş sayılır. Alqı-satqı müqaviləsinə verilən leqal tərifdən, həmçinin alqı-satqı müqaviləsi üzrə satıcının vəzifələrini müəyyən edən normaların tələblərindən göründüyü kimi qeyd edilən müqavilənin iştirakçılarının əsas öhdəlikləri satıcıya münasibətdə müqavilənin obyekti olan əşyanı alıcının mülkiyyətinə verməkdən, alıcıya münasibətdə isə həmin əşyanın dəyərini ödəməkdən ibarətdir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericilikdə sübutetmə yükünün bölüşdürülməsi prinsipinin tələblərinə görə alqı-satqı müqaviləsinin iştirakçıları arasında mübahisə yarandığı təqdirdə müqavilənin obyekti olan əşyanın qarşı tərəfin mülkiyyətinə verilməsini (əşyanın təhvil verilməsini) sübut etmək vəzifəsi satıcının üzərinə düşür. Məhkəmə qeyd edir ki, Cavabdeh iddiaçı “X2 Komlepksi” MMC ilə bağladığı alqısatqı müqaviləsi üzrə üzərinə düşən öhdəliyi icra edərək alqı-satqı obyekti olan malları iddiaçıya təhvil verməsi faktını sübut edə bilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin olunmamalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin olunmadığına görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia ərizəsi təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-391/2025
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-391/2025
25.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver