Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-393/2020 08.07.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Pərviz Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 21.900 manat əsas borcun, 7.545 manat dəbbə borcunun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan cavabdeh arasında xx xxxx 2014-cü il tarixli DLM166-02 nömrəli daxili maliyyə lizinqi müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı MMC 1 (bir) ədəd Dongfeng DFL3310A13 markalı özüboşaldanı cavabdehin müvəqqəti sahibliyinə və istifadəsinə vermişdir. Bunun müqabilində cavabdeh həmin yük avtomobilindən istifadə etdiyinə görə, lizinq müqaviləsinin ödəniş qrafikinə uyğun olaraq 43.500 manat (o cümlədən 42.100 manat əsas, 1.400 manat faiz) məbləği 28 ay lizinq müddətinə İddiaçı MMC-yə ödəməyi öhdəliyinə götürmüşdür. Lakin, cаvаbdеh üzərinə götürdüyü öhdəlikləri lаzımıncа icrа еtməmişdir. Belə ki, Lizinq müqaviləsi üzrə İddiaçı MMC-nin maliyyə arayışına əsasən, xx xxxxxx 2016-cı il tarixədək 51.045 manat, o cümlədən 42.100 manat əsas, 1.400 manat faiz və 7.545 manat dəbbə pulu ödənilməli idi. Lakin, cəmi 11.100 manat (o cümlədən 10.750 manat əsas borc və 850 manat faiz) ödənilmişdir. Bunun nəticəsində cavabdehin iddiaçı qarşısında cəmi 39.445 manat, o cümlədən 31.350 manat əsas borc, 550 manat faiz və 7.545 manat dəbbə pulunun qаytаrılmаsı qаlmışdır. Qeyd edilən lizinq müqaviləsinin 5.3-cü bəndinə əsasən, “lizinq alan hər ayın 30-u tarixində hesablaşma qaydasını əks etdirən lizinq ödənişlərinin qrafikinə müvafiq olaraq lizinq ödənişlərini həyata keçirir”. Həmin müqavilənin 5.6-cı bəndinə əsasən, “lizinq alan müqavilə ilə müəyyən edilmiş müddətdə ödənişləri həyata keçirtmədikdə, Lizinq verən ödənişin gecikdirildiyi hər gün üçün Lizinq obyektinin cari dəyərinin 0,1% məbləğində dəbbə pulunun ödənilməsini tələb edir, Lizinq alan isə onu ödəməyi öhdəsinə götürür”, 5.9-cu bəndinə əsasən isə, “lizinq alan müqavilə ilə müəyyən edilmiş bütün ödənişləri ödədikdən sonra onun bu müqavilə üzrə öhdəlikləri icra edilmiş sayılır”. xx xxxx 2017-ci il tarixdə İddiaçı MMC-nin əməkdaşları tərəfindən tərtib edilmiş monitorinq aktına və yerində aparilmış fotoçəkilişlərə əsasən, lizinq obyekti tam yararsız halda aşkar olunub geri götürülmüşdür. xx xxxxx 2017-ci il tarixdə lizinq alana borcun ödənilməsi barədə xəbərdarliq göndərilmiş, lakin yenə də cavabdeh götürdüyü öhdəlikləri icrа еtməkdən yayınmışdır. Lizinq predmetinə xx xxxxx 2017-ci il tarixində “xxxx” MMC qiymətləndirmə şirkəti tərəfindən bazar dəyərinin hesablanması hesabatı hazırlanmiş, likvid dəyəri 10.000 manat olması müəyyən olmuşdur. Lizinq predmetinin təkrar yerləşdirilməsindən əldə olunan gəlir – 10.000 manat cavabdehin borcundan çıxılmış və nəticədə cavabdehin 21.900 manat əsas məbləğ və 7.545 manat dəbbə pulu bоrcun qаytаrılmаsı qаlmışdır. Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, onlar Cavabdeh ilə barışıq sazişi bağlamağa cəhd göstərmişlər. Rəhbərlik demişdir ki, Cavabdeh qrafikdə göstərilən 29.445 manat borcdan 21.000 manat ödəniş etsə mübahisə bitmiş olar. Cavabdeh ona vaxt verilməsini xahiş etmiş, sonra cavabdeh onlarla imkanı olmadığından 21.000 manatı ödəyə bilməyəcəyini bildirmişdir. Cavabdehin borcunu ödəmək fikri yoxdu. İddiaçı tərəfindən nə qədər cəhd göstərilsə də, cavabdeh tərəfindən heç bir addım atılmamışdır. Qeyd olunanlara əsasən iddianı müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli DLM166-02 saylı daxili maliyyə lizinq müqaviləsindən görünür ki, dəyəri 44.600 manat olan 1 ədəd Dongfeng DFL3310A13 markalı özüboşaldana dair İddiaçı MMC ilə Cavabdeh arasında lizinq müqaviləsi bağlanmışdır. İş materiallarında olan təhvil-təslim aktından görünür ki, 1 ədəd Dongfeng DFL3310A13 markalı özüboşaldan Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2014cü il tarixli DLM166-02 nömrəli daxili lizinq müqaviləsi üzrə maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ilə bağlanmış xx.xx.2014-cü il tarixli DLM166-02 saylı müqaviləyə əsasən lizinqə götürdüyü texnika üçün cəmiyyətin hesabına qrafik üzrə 11.600 manat ödəniş etmiş, onun gecikdirilmiş borcu 21.900 manat və hesablanmış cərimə 7.545 manat, cəmi 29.445 manat borc təşkil edir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli lizinqə verilmiş əmlakın vəziyyətinin və istifadə şərtlərinin yoxlanılması barədə aktda qeyd edilmişdir ki, İmişli rayonunda yolun girəcəyində sahibsiz yük avtomaşınını aşkar etdik. Yoxlama zamanı texnikanın nasaz olması aşkar olundu. Uzun müddət lizinq ödənişlərinin aparılmamasını nəzərə alaraq, yük avtomobilinin Qaradağdakı saxlanc yerinə aparılması qərara alındı. Lizinq alan Cavabdeh və atası Tağıyev Ağaqasımla əlaqə saxlamaq telefon vasitəsilə də mümkün olmadı. İş materiallarında olan İddiaçı Cavabdeh ünvanladığı xx.xx.2017-ci il tarixli, 101 saylı pretenziya məktubundan görünür ki, İddiaçı tərəfindən 3 gün ərzində lizinq obtektinin alınmasında üstünlük və lizinq obtektinin alıcısını göstərmək hüququndan istifadə edilməsi cavabdehə təklif edilmişdir. Bu müddət bitdikdən sonra, lizinq obyekti müqavilənin şərtlərinə uyğun olaraq İddiaçı MMC tərəfindən ağlabatan qiymətə satılacağı və lizinq predmetinin satış dəyəri ilə qalıq dəyəri (41.630 manat) arasında yaranacaq fərqin məhkəmə qaydasında ondan tələb olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan hesabdan çıxarışların və qəbzlərin surətlərindən görünür ki, xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək, Cavabdeh tərəfindən İddiaçı MMC-yə cəmi 11.600 manat pul ödənilmişdir. İş materiallarında olan “xxxx” MMC-nin xx.xx.2017-ci il tarixli rəyindən görünür ki, Dongfeng DFL3310A13 markalı özüboşaldanın xx.xx.2017-ci il tarixə bazar dəyəri 11.100 manat, likvid dəyəri isə 10.000 manat təşkil edir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli DLM166-03 saylı daxili maliyyə lizinq müqaviləsindən və eyni tarixli təhvil-təslim aktından görünür ki, dəyəri 10.000 manat olan 1 ədəd Dongfeng DFL3310A13 markalı özüboşaldana dair İddiaçı MMC ilə X2 arasında lizinq müqaviləsi bağlanmış, lizinq predmeti X1 təhvil verilmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırki iddia tələbi üzrə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanmış lizinq müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq lizinq müqaviləsinə əsasən lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur (maddə 747.1). Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır (maddə 748-1.8). Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır (maddə 748- 1.12.4). Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcmdə keçir. Lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir (maddə 748-2.1, 748-2.1). Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir (maddə 748-10.1). Lizinq barəsində əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747-ci, 750-ci maddələrinə zidd olmayan qaydaları tətbiq edilir (maddə 751). Mülki qanunvericiliyin lizinq münasibətlərini tənzimləyən normalarının məzmunundan göründüyü kimi lizinq müqaviləsi əmlak kirayəsi (icarəsi) müqaviləsinin xüsusi növü kimi çıxış edir. Bununla yanaşı, lizinq müqaviləsini kirayə hüquq münasibətindən fərqləndirən əsas cəhətlərdən biri lizinq alanın müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək imkanının olmasıdır. Mülki Məcəlləyə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Mülki Məcəllənin öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə müəyyən etdi ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixli DLM166-02 saylı lizinq müqaviləsi bağlanılmış və tərəflərin müqavilə üzrə hüquq və vəzifələri müəyyən olunmuşdur. Cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş, müqaviləyə əsasən lizinqə götürdüyü 1 ədəd Dongfeng DFL3310A13 markalı özüboşaldan üçün İddiaçıMMC-nin hesabına cəmi 43.500 manat (42.100 manat əsas məbləğ və 1.400 manat mükafat) ödəməli olduğu halda, 11.600 manat ödəniş etmiş, bundan sonra cavabdehə məktub göndərilərək, 3 gün ərzində lizinq obtektinin alınmasında üstünlük və lizinq obtektinin alıcısını göstərmək hüququndan istifadə edilməsi cavabdehə təklif edilmiş, bu müddət bitdikdən sonra, lizinq obyektinin İddiaçı MMC tərəfindən ağlabatan qiymətə satılacağı və lizinq predmetinin satış dəyəri ilə qalıq dəyəri arasında yaranacaq fərqin məhkəmə qaydasında ondan tələb olunacağı barədə cavabdehə xəbərdarlıq edilmiş, lakin cavabdeh bu hüquqdan istifadə etmədiyindən, lizinq predmetinin likvid dəyəri 10.000 manat qiymətləndirilmiş və həmin məbləğə başqa şəxsə - X1 lizinqə verilmişdir. Daha sonra 10.000 manat pul məbləği cavabdehin borcundan çıxılmaqla, cavabdehə müqavilə üzrə 21.900 manat əsas borc və lizinq müqaviləsinin 5.6-cı bəndinə əsasən qrafik üzrə borcun ödənilməsinin gecikdirilməsinə görə 7.545 manat cərimə hesablanmışdır. Tərəflər arasında bağlanılmış lizinq müqaviləsinin 9.4-cü bəndinə əsasən, lizinq obyektinin lizinq alanın sahiblik və istifadəsindən geri alınması lizinq alanın müqavilə üzrə ödəniş öhdəliklərinin ləğvinə səbəb olmur. Həmin müqavilənin 9.5-ci bəndinə əsasən, lizinq verən lizinq alana yazılı məlumat verməklə müqavilənin 10.1-ci bəndində nəzərdə tutulmuş hallarda müqaviləni birtərəfli qaydada ləğv edə və lizinq obyektini ağlabatan qiymətə sata bilər. Müqavilə ləğv olunduğu andan 3 təqvim günü ərzində lizinq alan lizinq obyektinin alınmasında üstünlük hüququna və lizinq obyektinin alıcısını göstərmək hüququna malikdir. Həmin müqavilənin 9.6-cı maddəsinə əsasən, lizinq obyektinin satışından əldə edilmiş pul məbləği müqavilənin ləğvi məbləğinin ödənilməsinə yönəldilir. Həmin məbləğə lizinq obyektinin cari dəyəri, lizinq ödənişləri qrafikinə əsasən vaxtı çatmış lakin ödənilməmiş lizinq ödənişləri, müqavilənin ləğv edilməsi gününə lizinq alan tərəfindən ödənilməli olan cərimə və/və ya dəbbə pulu, lizinq obyektinin geri alınması və satışı, müqavilənin icrası nəticəsində lizinq verənin üçüncü şəxslər qarşısında yaranmış mümkün öhdəliklərin ödənilməsi ilə bağlı lizinq verənin zərər və itkilərinin ödənilməsi üçün lazım olan məbləğ daxildir. Lizinq obyektinin satışından əldə edilmiş pul məbləği müqavilənin ləğvi məbləğindən azdırsa, lizinq verən lizinq alandan bu fərqin ödənilməsini tələb edə bilər. Göründüyü kimi, cavabdeh iddiaçı qarşısında öhdəliklərini tam yerinə yetirməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, əsas borc, yəni 21.900 manat (43.500 manat ümumi ödənilməli məbləğ – 11.600 manat ödənilmiş məbləğ – 10.000 manat lizinq predmetinin likvid dəyəri = 21.900 manat) hissəsində iddia təmin edilməlidir. İddianın cərimə borcu hissəsinə münasibətdə məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilənin 5.6-cı bəndinə əsasən, iddiaçı 7.545 manat cərimənin tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Hazırki iş üzrə tələb olunan cərimə borcunun tənasübsüz surətdə yüksək olduğundan məhkəmə hesab edir ki, iddiaçının tələbi cərimə borcu hissəsində qismən təmin edilməli, cavabdehdən 100 manat dəbbə pulu tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 8 manat dövlət rüsumu iddiaçının özünə aid edilməli, 22 manat dövlət rüsumu isə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli DLM166-02 saylı müqavilə üzrə yaranmış 21.900 manat əsas borc, 100 manat dəbbə pulu (cərimə borcu) və ödənilmiş dövlət rüsumuna görə 22 manat olmaqla, cəmi 22.022 manat Cavabdeh tutularaq İddiaçınə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-cı, 220-ci, 227-ci, 233-cü və 357-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 21.900 manat əsas borc, 100 manat dəbbə pulu (cərimə borcu) və ödənilmiş dövlət rüsumuna görə 22 manat olmaqla, cəmi 22.022 (iyirmi iki min iyirmi iki manat) manat tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2-2(121)-393/2020
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-393/2020
08.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver