Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-394/2025 04.03.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh Təhran oğluna qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh Təhran oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Təhran oğlundan 1850 mana pul məbləğinin, məhkəmə və məhkəmə üçün ödənilən digər xərclər və rüsumların tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü ildə cavabdehlə 43 saylı Notariat ofisində “nəqliyyat (moped) vasitəsinin ilkin alqı-satqısı müqaviləsi” imzalanmışdır. Müqavilənin şərtlərinə əsasən 1650 (bir min altı yüz əlli) manat mopedin ümumi qiymətidir, mopedə görə cavabdeh ödənişi xx.xx.2024- cü il tarixə qədər hər ay aylıq 330 (üç yüz otuz) manat ödəməyi öz öhdəsinə götürmüşdür, lakin müqavilədən 7-8 gün sonra iddiaçıya ödənişləri edə bilməyəcəyini söyləmişdir və mopedi mənə geri qaytarmışdır. 2024-cü ilin aprel aylarında cavabdeh iddiaçı ilə əlaqə saxlayaraq ona ilkin öncə verdiyi mopedi istəyərək ona yeni mexaniki moped verəcəyini və əlavə olaraq da 400 ( dörd yüz) manat alacağını söylədi. Atasının qazi olduğunu deyərək iddiaçının etibarından istifadə edərək ondan mopedi almışdır və iddiaçı onun kart hesabına 200 (iki yüz) manat pul göndərmişdir. Bir müddət sonra cavabdeh iddiaçıya vəd etdiyi mexaniki mopedi verməmişdir. Beləliklə Cavabdeh tərəfindən iddiaçıya vurulan ziyan ilkin müqaviləyə görə 1650 ( bir min altı yüz) manatdır və əlavə olaraq 200 (iki yüz) manat ödədiyi məbləğdir. Cavabdehin həmin müddətdə aktiv olan VÖEN-i **********-də vardı və özü çatdırılma ilə məşğuldur, lakin iddiaçının pulunu ödəməkdən imtina etmişdir. Cavabdehə borcun ödənilməsi barədə bildiriş göndərilsə də, o iddiaçı ilə əlaqə saxlamamış və bildirişə yazılı bir cavab belə verməmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə elektron ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Təhran oğluna qarşı pul tələbinə dair iddia ərizəsində Cavabdeh oğlu tərəfindən ona dəymiş 1850 manat ziyanın ödənilməsini məhkəmədən xahiş etdiyini, eyni zamanda məhkəmə və məhkəmə üçün ödənilən digər xərclər və rüsumların cavabdehdən tutulub ona verilməsini xahiş etsə də, məhkəmə üçün ödənilən digər xərclərin və rüsumların dəyərini göstərmədiyni, bu səbəbdən 100 manat hüquqi xidmətə görə, 38.40 manat məhkəmə üçün dövlət rüsumu və cavabdehin təqsirli hərəkətlərinin nəticəsində dəymiş mənəvi zərərə görə 1000 manat, cəmi 2988.40 manat pulun cavabdehdən tutulub ona ödənilməli olduğunu bildirmişdir və Cavabdeh Tehrən oğlundan maddi zərərə görə 1850 manat, məhkəmə üçün xərclərə görə 148.50 manat və mənəvi zərərə görə 1000 manat olmaqla, cəmi 2998.50 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh Təhran oğlu məhkəmə iclasına gəlməmiş, həmçinin gəlməməsi səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh Təhran oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, iş materiallarında olan sənədlərə, məhkəmə iclasında tədqiq edilən digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı sahibkarlıq subyekti kimi xx.xx.2020-ci il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********) verilmişdir və o, halhazırda ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarından görünür ki, Cavabdeh Təhran oğluna sahibkarlıq subyekti kimi xx.xx.2019-cu il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********) verilmişdir və o, hal-hazırda ünvan 2i ünvanında qeydiyyatdadır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh Təhran oğlu arasında bağlanmış xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinin ilkin alqı-satqı müqaviləsinin: 1.1-ci bəndinə əsasən, İddiaçı xx.xx.2022-ci il tarixli 2022/ÖM/14258 nömrəli müqaviləyə əsasən ona məxsus olan 2022-ci il buraxılışlı Moped mühərrikin tipi 49cc soyutma sistemi hava, maksimum surət 60 km/h yanacaq istehlakı 2 0 L/100 km, yanacaq çəni tutumu 5L olan X ROAD Sunshine markalı Mopedin 1650 manata satılması barəsində Cavabdeh Təhran oğlu ilə razılığa gəlirlər. Həmin məbləği 5 ay müddətinə kimi, hər ay 330 manat ödənilməklə tam şəkildə ödənildikdən sonra isə həmin Mopedi müvafiq QİŞ-də Cavabdeh Təhran oğlunun adına nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi əsasında keçirməyi qanun qarşısında öz öhdələrinə götürürlər. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “aktı”n surətindən görünür ki, həmin aktla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X1 Mərkəzi Mühasibatlıq və Təyinat Filialının əməkdaşı X2 və özünəməşğulluğa cəlb olunmuş İddiaçı bu 1ədəd X ROAD Sunshine markalı Moped, 1 ədəd konteyner çanta, 1 ədəd dəbilqənin İddiaçı təhvil-təslim edildiyini imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan “ödəniş qəbzi”nin surətindən görünür ki, İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə **********226415 nömrəli bank kartına 200 manat məbləğində pul mədaxil etmişdir. İş materiallarında olan “kassa mədaxil orderi”nin surətindən görünür ki, İddiaçı tərəfindən "xxxx" MMC-nə hüquqi xidmət göstərilməsi üçün 100 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, İddiaçı Cavabdeh Təhran oğlu ilə aralarında olan mübahisəli moped alqı-satqısı ilə əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən yaranmış 1850 manat məbləğində borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh Təhran oğluna xəbərdarlıq edilmişdir. Məhkəmə, iş materiallarında olan sənədlərə və digər dəlillərə əsasən müəyyən edir ki, tərəflər arasında yaranmış mübahisənin predmetini, onların daxil olduqları müqavilə münasibətləri üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində iddiaçının subyektiv hüququnun pozulmasını iddia edərək həmin hüquqlarının bərpa edilməsinə dair tələbi təşkil edir. Məhkəmə qeyd edir ki, mübahisə tərəflərinin hər ikisinin sahibkarlıq subyekti olmaları, mübahisənin predmetinin tərəflər arasında bağlanmış mülki hüquqi əqd (dəyişdirmə və alğı-satqı müqaviləsinin ünsürlərini ehtiva edən qarışıq müqavilə) üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində pozulmuş hüququnun bərpa edilməsinə dair iddiaçının tələbinin təşkil etməsi və tərəflərin daxil olduqları hüquq münasibətlərinin xarakterinin onların həm birgə, həm də ayrı-ayrı həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə bağlı olması hazırki mübahisənin kommersiya xarakterdə olmasını şərtləndirir. İşin məhkəmə araşdırması nəticəsində müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı ona məxsus olan nəqliyyat vasitəsini cavabdehin mülkiyyətinə vermək və əlavə olaraq müəyyən məbləğdə pul ödəmək qarşılığında cavabdehin digər nəqliyyat vasitəsini iddiaçıya satmaqla bağlı razılığa gəlmişlər. İddiaçı razılaşma üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirərək ona məxsus olan mopedi cavabdehə verdiyini, əlavə olaraq cavabdehin bank kartına 200 manat məbləğində pul ödədiyini, cavabdehin isə öhdəliyini icra etməyərək vəd etdiyi mopedi ona təhvil vermədiyini iddia edir. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, iddia tələbinin maddi hüquqi əsasını alğı-satqı və dəyişdirmə müqavilələrinə dair münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 29-cu fəslinin 1-cı paraqrafında və 31-ci fəslində yer alan normalar təşkil edir. Belə ki, işin müəyyən edilmiş faktiki halları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin alğı-satqı və dəyişdirmə müqavilələrinə dair münasibətləri tənzimləyən normalarda nəzərdə tutulan dispozisiya şərtləri uyğun gəlir. Buna görə məhkəmə hesab edir ki, hazırki mübahisə qeyd edilən maddi hüquq normaları tətbiq edilməklə həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.4-cü maddəsinə əsasən, tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 567-ci maddəsinə əsasən, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 662.1-ci maddəsinə əsasən, dəyişdirmə müqaviləsinə görə tərəflərdən hər biri başqa tərəfin mülkiyyətinə bir əşyanın müqabilində digər əşyanı verməyi öhdəsinə götürür. 662.2-ci maddəsinə əsasən, dəyişdirmə müqaviləsinə alğı-satqı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Məhkəmə qeyd edir ki, mübahisəni tətbiq ediləcək maddi hüquq normalarına əsasən həll etməzdən əvvəl ilk olaraq işin mübahisəsiz və mübahisəli halları müəyyən edilməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsi qaydalarına uyğun olaraq tərəflərin öz tələb və etirazlarının əsası kimi gətirdikləri dəlillərə hüquqi qiymət verilməlidir. Məhkəmə, işdə olan sənədlərə və digər sübut əhəmiyyətli materiallara əsasən bu qənaətə gəlir ki, tərəflər arasında alğı-satqı və dəyişdirmə müqavilələrinin ünsürlərini əhatə edən qarışıq müqavilə bağlandığı, iddiaçı tərəfindən müqavilənin obyekti olan mopedi və 200 manat pul vəsaitini cavabdehə verilməsi işin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə hesab edir ki, işin mübahisəli halını cavabdeh tərəfindən təhvil alınmış moped və pulun müqabilində iddiaçıya vəd etdiyi mopedin verilməməsi və ya aldıqlarının geri qaytarılmaması barədə iddiaçının tələbi təşkil edir. İddiaçı, cavabdehin razılaşma üzrə öhdəliyini icra etməyərək vəd etdiyi mopedi təhvil verməməsi haqqında tələbinin faktiki əsası kimi ödəniş qəbzinə, ilkin alqı-satql müqaviləsinə, tərəflər arasında telefon danışıqlarının yazısına və borcun ödənilməsi ilə bağlı cavabdehə qarşı məhkəməyə qədər pretenziya qaydasında tələblə çıxış etməsinə istinad edir. Məhkəmə qeyd edir ki, mülki prosesdə sübutetmə yükününün bölüşdürülməsi prinsipinə əsasən iddia ərizəsində qeyd olunan mopedin iddiaçıya təhvil verilməsini və ya aldıqlarını geri qaytarmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iddia ərizəsinə qarşı etiraz verməmiş, iddia tələbinin əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, Cavabdeh Təhran oğlu müqavilə üzrə öz üzərinə düşən öhdəliyini yerinə yetirməmişdir. Cavabdehin üzərinə düşən öhdəliyini yerinə yetirməməsi məhkəmə araşdırması zamanı tam təsdiq olunmuşdur. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh Təhran oğluna qarşı pul tələbinə dair iddiası qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.5-ci maddəsinə əsasən, borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 664-cü maddəsinə əsasən, dəyişdirmə müqaviləsinə uyğun olaraq dəyişdirilən malların verilməsi müddətləri üst-üstə düşmədikdə digər tərəf malı verdikdən sonra malı verməli olan tərəfin malı vermək öhdəliyinin icrasına öhdəliklərin qarşılıqlı icrası haqqında qaydalar tətbiq edilir. Mülki Məcəllənin 441.1-ci və 441.4-cü maddələrinə əsasən, tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir. Məhkəmə, hüquqi yardıma görə çəkilmiş xərcin cavabdehdən tutulması hissəsində iddia tələbinin əsaslı olduğu qənaətinə gələrək hesab edir ki, iddiaçı tərəfindən hüquqi yardım üçün ödənilmiş 100 manat vəsait cavabdehdən alınıb iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğuna görə iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddia tələbinin “1000 manat mənəvi ziyanın ödənilməsi”nə dair hissəsinə münasibətdə qeyd edir ki, iddia həmin hissədə əsassız olduğundan rədd edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarında şərh olunan hüquqi mövqeyinə görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 nömrəli qərarı ilə müəyyən edilmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən fiziki və mənəvi sarsıntıların keçirilməsinə, cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi ilə iddiaçının iddia etdiyi mənəvi ziyan arasında səbəbli əlaqənin olmasına dair hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən, həmçinin iddiaçı ona cavabdehin təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində mənəvi zərər vurulmasını məhkəmədə sübut etmədiyindən, habelə onun “mənəvi ziyan dəyməsinə dair” tələbi məhkəmədə işin hər hansı halı və sübutu ilə sübuta yetirilmədiyindən, mənəvi ziyanın ödənilməsinə dair iddia tələbi əsassızdır. Buna görə də, iddiaçının iddia tələbi bu hissədə rədd edilməlidir. Beləliklə məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməli, yaranmış borc məbləği, həmçinin məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş xərclər cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 121 və 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh Təhran oğlundan 1850 manat məbləğində əsas borc, hüquqi yardımla bağlı ödənilmiş 100 manat və ödənilmiş 39 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 1989 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-394/2025
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-394/2025
04.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver