Məhkəmə qərarları › İş №e-2-2(121)-395/2023

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-395/2023

28.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-395/2023 28.02.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddiaya dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında sadələşdirilmiş qaydada baxaraq müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı - 9990 manat əsas borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh (Alıcı) ilə aralarında 10005267 nömrəli, xx.xx.2022-ci il tarixində alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilə Cavabdeh AR-İİ№468063 nömrəli xx.xx.2021-ci il tarixli etibarnamə əsasında nümayəndəsi X1 tərəfindən imzalanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh İddiaçı MMC-dən (Satıcı) ərzaq və qeyri-ərzaq malları almağı və əvəzində həmin malların satış dəyərini elektron qaimələrə əsasən hər ayın 15-nə kimi ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin, 808510 nömrəli, xx.xx.2022-ci il tarixli, 808572 nömrəli, xx.xx.2022-ci il tarixli, 808633 nömrəli, xx.xx.2022-ci il tarixli, 808574 nömrəli, xx.xx.2022-ci il tarixli təhvil-təslim aktlarına əsasən qəbul olunmasına baxmayaraq, qeyd olunan aktlar üzrə heç bir ödəniş həyata keçirilməmişdir. Daha sonra 942569 nömrəli, xx.xx.2022-ci il tarixli, 942570 nömrəli, xx.xx.2022-ci il tarixli, 942571 nömrəli, xx.xx.2022-ci il tarixli, 942572 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimələrə əsasən bu müqavilə üzrə cavabdehin İddiaçı MMC-yə 10027,42 manat borcunun olduğu müəyyən edilmişdir. Əldə olunmuş MŞC/1/00401 nömrəli, xx.xx.2022-ci il tarixli mediasiya arayışından da görünür ki, 05 oktyabr tarixində ilkin mediasiya sessiyası keçirilmişdir. Belə ki, ilkin mediasiya zamanı mübahisənin qarşılıqlı razılaşması ilə həllinin mümkünsüzlüyü qənaətinə gəlindiyi üçün hazırda məhkəməyə müraciət olunması zərurəti vardır. Cavabdehin Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İşin materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, işə əlavə olunan sənədlərdən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında 10005267 saylı, xx.xx.2022-ci il tarixli alqı-satqısı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən “Satıcı” 2-ci maddədə göstərilən ərzaq və qeyri ərzaq mallarını “Alıcı”nın mülkiyyətinə verməyi, “Alıcı” isə həmin malları qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 808510 nömrəli xx.xx.2022-ci il tarixli, 808572 nömrəli xx.xx.2022-ci il tarixli, 808633 nömrəli xx.xx.2022-ci il tarixli və 808574 nömrəli xx.xx.2022-ci il tarixli təhvil-qəbul aktlarının surətlərindən görünür ki, (Alıcı) Cavabdeh 10027,42 manat dəyərində malları (Satıcı) İddiaçı MMC-dən təhvil götürmüşdür. İş materiallarına əlavə olunan elektron qaimələrin surətlərindən görünür ki, iddiaçı tərəfindən 942569 nömrəli xx.xx.2022-ci il tarixli, 942570 nömrəli xx.xx.2022-ci il tarixli, 942571 nömrəli xx.xx.2022-ci il tarixli və 942572 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimı ilə 10027,42 manatlıq mal(lar) cavabdehə göndərilmişdir. İşdən görünür ki, iddiaçı cavabdehə borcun ödənilməsi ilə bağlı pretenziya (xəbərdarlıq) məktubu göndərmişdir. Beləliklə, işin materialları ilə müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı cavabdehə malların satılmasını öz üzərinə götürmüş, cavabdeh isə dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Lakin iddiaçı tərəfindən tərəflər arasında olan müqaviləyə əsasən öhdəliklər yerinə yetirilsə də, cavabdeh tərəfindən götürülmüş öhdəlik yerinə yetirilməmişdir. Göründüyü kimi tərəflər arasında alqı-satqı müqavilə(lər)si bağlanmış, cavabdeh isə müqavilə(lər) üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə(lər) əsasında iddiaçıdan mal(lar)ı almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə(lər) əsasında mal(lar)ı almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən məbləği tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də iddia əsaslıdır. Odur ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, iddia təmin edilməli olduğundan, iddiaçı isə dövlət rüsumunu ödəməkdən azad olunduğundan, məhkəmə xərcinə daxil olan 119,9 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 284- 6-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 9990 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı MMC-yə ödənilsin. 119,9 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar