Məhkəmə qərarları › İş №e-2-2(121)-3992/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-3992/2025

24.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-3992/2025 24.02.2026 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı “Az X2” MMC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı “Az X2” MMC-nin cavabdeh X6 qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təsviri hissə: İddiaçı “AZ X2” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh X6 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli, S284/23 saylı Alqı- Satqı Müqaviləsi əsasında 1865,42 manat əsas, 186,54 manat dəbbə pulu və 40,50 manat ödənilən dövlət rüsumu olmaqla cəmi, 2092,46 manat pulun cavabdeh tərəfindən “AzX2” MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə “Az X2” MMC ilə cavabdeh arasında S284/23 saylı “Alqı-Satqı” müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən “Az X2” MMC, yəni Satıcı bu müqavilədə nəzərdə tutulmuş mallarıalıcıya sataraq onun mülkiyyətinə verməyi,Alıcı isə həmin malları qəbuledərək, müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini Təchizatçıya ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilənin “hesablaşma qaydaları” başlıqlı 4-cü maddəsinə əsasən Bu “Müqavilə”nin 2.4-cü bəndinə uyğun olaraq “Mal”ların “Satıcı” qüvvələr tərəfindən çatdırılması hallarda, təhvil verilmiş “Mal”ın ödənişi onun satıldığı tarixdən etibarən 30 (otuz) təqvim günü müddətində “Satıcı”nın ödəniş hesabına vəsait köçürülməklə, qaimə və (və ya) qaiməfakturalarda göstərilən qiymətlərlə həyata keçirilir. “Mal”ların müvafiq partiyasının bir hissəsinin realizasiyası zamanı, “Alıcı” satılan “Mal”ın bir hissəsini bu bənddə müəyyən edilmiş müddətdə ödəməlidir. Lakin istənilən halda, təhvil verilmiş hər bir mal partiyası üçün ümumi ödəniş müddəti hesab-fakturada göstərilən çatdırılma tarixindən 90 (doxsan) təqvim günündən gec olmamalıdır. “Mal”ların qablaşdırılması və etiketləşdirilməsi dəyəri bu “Müqavilə”yə əsasən onun dəyərinə daxildir. “Satıcı”nın ödəniş hesabına vəsait daxil olduğu andan təhvil verilmiş “Mal”lar ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının mövcud qanunvericiliyin tələblərinə uyğun nağd ödənişlərin həyata keçirilməsini tənzimləyən qaydalara əsasən, çatdırılmış “Mal”ların nağd şəkildə ödənişi mümkündür. Lakin həmin müqavilə əsasında baş tutmuş alqı-satqı proseslərini təsdiq edən müştəri sifarişləri və iddia ərizəsinə əlavə edilən elektron-qaimə fakturaları əsasında mallar təchizatçı tərəfindən alıcının mülkiyyətinə verilməsinə baxmayaraq,alıcı elektron-qaimələrə əsasən ƏDV daxil olmaqla 1865.42 manat malın dəyərini, tərəflərin müqavilə üzrə razılaşdırdıqları, eləcə də, alıcının üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq təchizatçıya, yəni “Az X2” MMC-yə ödəməmişdir. Mübahisələrin həlli ilə bağlı müddəaları nəzərdə tutan 6-cı maddəsinin tələbinə görə “tərəflər” arasında bütün mübahisələr Azərbaycan Respublikasının mövcud qanunvericiliyi ilə məhkəma qaydasında həll olunur. Müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı alıcıya pretenziya məktubu gödəndilmiş, lakin borcun ödənilməsi ilə bağlı heç bir tədbir görülməmişdir. İddiaçı “Az X2” MMC-nin nümayəndəsi X7 məhkəmə baxış iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh X8 məhkəmə iclasına gəlməmiş, həmçinin gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh X5 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq edilən digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, “AZ X2” Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə (VÖEN) kommersiya hüquqi şəxsi sahibkarlıq subyekti kimi qeydiyyata alınmışdır. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, X1 subyekti kimi xx.xx.2021-ci il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********) verilmişdir və o, hal-hazırda ünvan 1i ünvanı üzrə qeydiyyatdadır. İş materiallarında olan “AZ X2” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X8 arasında bağlanmış xx.xx.2023-cü il tarixli S284/23 saylı “Təchizat” müqaviləsinin: 1.1-ci bəndinə əsasən, bu müqaviləyə əsasən “Təchizatçı” “Alıcı”ya “Mal” satır. “Alıcı” isə həmin “Mal”ı qəbul edir və “Müqavilə” ilə razılaşdırılmış qaydada “Mal”ın dəyərini “Təchizatçı”ya ödəyir. Bu “Müqavilə” çərçivəsində “Mal” termini dedikdə spirtli məhsullar nəzərdə tutulur; 1.2-ci bəndinə əsasən, “Mal”ların miqdarı, çeşidi, qiyməti və dəyəri, ƏDV daxil, aksizlər, eləcə də bütün digər məcburi ödənişlər “Mal”lara əlavə edilən qaimələrlə və hesab fakturalarla “Tərəf”lərin razılaşdığı və hazırki “Müqavilə”nin ayrılmaz hissəsi sayılan “Əlavə”lərdə əks olunur; 2.1-ci bəndinə əsasən, “Mal”ların satışı bu “Müqavilə”nin bütün müddəti ərzində bu “Müqavilə”yə “Əlavə”lər və onun ayrılmaz hissəsi olan “Spesifikasiya”lar əsasında ayrı-ayrı partiyalarda hissə-hissə həyata keçirilir; 2.4-cü bəndinə əsasən, “Mal”lar “Təchizatçı” və ya onun cəlb etdiyi daşıyıcı tərəfindən “Alıcı”nın müvafiq lisenziyaya malik olduğu bilavasitə “Alıcı”nın anbarına (mağazaya, digər binalara) çatdırılır. “Mal”ların “Alıcı”ya faktiki təhvil verildiyi və “Mal”lar üçün əlavə hesab fakturaların imzalandığı andan çatdırılma öhdəliyi yerinə yetirilmiş hesab olunur, həmin andan etibarən “Mal”lara qulluq yükü və “Mal”ların təsadüfən itirilməsi riski “Alıcı”nın üzərinə düşür; 2.5-ci bəndinə əsasən, "Mal"lara mülkiyyət hüququ "Tərəflər”in səlahiyyətli nümayəndələri tərəfindən "Mal"lar üzrə qaimə sənədlərinin imzaladığı andan "Təchizatçı"dan "Alıcı"ya keçir; 4.1-ci bəndinə əsasən, bu müqavilənin 2.4-cü bəndinə uyğun olaraq “Mal”ların “Təchizatçı” tərəfindən çatdırılması hallarında, təhvil verilmiş “Mal”ın ödənişi onun satıldığı tarixdən etibarən 30 (otuz) təqvim günü müddətində “Təchizatçı”nın ödəniş hesabına vəsait köçürməklə, qaimə və (və ya) qaimə-fakturalarda göstərilən qiymətlərlə həyata keçirilir. “Mal”ların müvafiq partiyasının bir hissəsinin realizasiyası zamanı “Alıcı” satılan “Mal”ın bir hissəsini bu bənddə müəyyən edilmiş müddətdə ödəməlidir. Lakin istənilən halda, təhvil verilmiş hər bir mal partiyası üçün ümumi ödəniş müddəti hesab-fakturada göstərilən çatdırılma tarixindən 90 (doxsan) təqvim günündən gec olmamalıdır. “Mal”ların qablaşdırılması və etiketləşdirilməsi dəyəri bu “Müqavilə”yə əsasən onun dəyərinə daxildir. “Təchizatçı”nın ödəniş hesabına vəsait daxil olduğu andan təhvil verilmiş “Mal”lar ödənilmiş hesab olunur. 4.7-ci bəndinə əsasən, “Tərəflər” hər üç təqvim ayından bir Qarşılıqlı hesablaşmaların uyğunluq Aktlarını cari ayın 1-də imzalamağı, eləcə də cari ilin yekunlarına əsasən Qarşılıqlı hesablaşmaların uyğunluq Aktlarını növbəti ilin 15 yanvarınadək imzalamağı öhdəsinə götürür. İş materiallarında olan elektron qaimələrə əsasən “AZ X2” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən X6 göndərilmiş malların ümumi dəyəri 2842,99 manat təşkil etmişdir. İş materiallarında olan malların təhvil qəbul aktlarından görünür ki, X8 tərəfindən “AZ X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə ümumi dəyəri 727,57 manat olan mal geri qaytarılmışdır. İş materiallarında olan 13 may 2024-cü il tarixli, 07 nömrəli tərəflərin imzaları ilə təsdiq etdikləri satış üçün təqdim olunan malların geri qaytarılması aktından görünür ki, X8 tərəfindən “AZ X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə mal geri qaytarılmışdır İş materiallarında olan “AZ X2” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X8 arasında imzalanmış xx.xx.2023-cü il tarixli “Qarşılıqlı üzləşmə aktı”ndan görünür ki, X5 xx.xx.2023cü il tarixinə “AZ X2” MMC-nə 2642,99 manat məbləğində borcunun qaldığı müəyyən edilmişdir. İş materiallarında olan kassa mədaxil orderindən görünür ki, X8 tərəfindən “AZ X2” MMC-nə ümumilikdə 250 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixli S284/23 saylı “Təchizat” müqaviləsi üzrə X6 yazılan e-qaimələrin ümumi məbləği 2842,99 manat, ödənilmiş e-qaimələrin ümumi məbləği 250 manat, geri qaytarılan malların ümumi dəyəri 727,57 manat olmuş, ödənilməmiş e-qaimələr üzrə qalıq borcun məbləği 1865,42 manat, hesablanmış dəbbə pulunun məbləği 186,54 manat təşkil etmişdir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, həmin məktubda “AZ X2” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh X8 arasında bağlanmış xx.xx.2023-cü il tarixli S284/23 nömrəli “Təchizat” müqaviləsi üzrə 1865,42 manat borcun ödənilməsi tələb olunmuş, əks halda həmin borcun və cərimələrin ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə X6 xəbərdarlıq edilmişdir. Məhkəmə, iş materiallarında olan sənədlərə və digər dəlillərə əsasən müəyyən edir ki, tərəflər arasında yaranmış mübahisənin predmetini, onların daxil olduqları müqavilə münasibətləri üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində iddiaçının subyektiv hüququnun pozulmasını iddia edərək həmin hüquqlarının bərpa edilməsinə dair tələbi təşkil edir. Məhkəmə qeyd edir ki, mübahisə tərəflərinin hər ikisinin sahibkarlıq subyekti olmaları, mübahisənin predmetinin tərəflər arasında bağlanmış mülki hüquqi əqd (alğısatqı müqaviləsi) üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində pozulmuş hüququnun bərpa edilməsinə dair iddiaçının tələbinin təşkil etməsi və tərəflərin daxil olduqları hüquq münasibətlərinin xarakterinin onların həm birgə, həm də ayrı-ayrı həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə bağlı olması hazırki mübahisənin kommersiya xarakterdə olmasını şərtləndirir. İşin məhkəmə araşdırması nəticəsində müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı tədarük etdiyi malları cavabdehin sifarişi ilə razılaşdırılmış miqdarda cavabdehə təqdim etməklə onun mülkiyyətinə verməyə, cavabdeh isə təhvil aldığı malların qiymətini təşkil edən pul vəsaitini şərtləşdirilən müddətdə iddiaçıya ödəməklə bağlı razılığa gələrək bu barədə müqavilə bağlamışlar. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliklərinə yerinə yetirərək sifariş olunan malları cavabdehə təhvil verdiyini, cavabdehin isə təhvil aldığı malların dəyərini ödəmək öhdəliyini lazımınca yerinə yetirmədiyini iddia edir. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, iddia tələbinin maddi hüquqi əsasını alğı-satqı müqaviləsinə dair münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 29-cu fəslinin 1-cı paraqrafında yer alan normalar təşkil edir. Belə ki, işin müəyyən edilmiş faktiki halları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567 və 600-cü maddələrində nəzərdə tutulan dispozisiya şərtləri uyğun gəlir. Buna görə məhkəmə hesab edir ki, hazırki mübahisə qeyd edilən maddi hüquq normaları tətbiq edilməklə həll edilməlidir. Məhkəmə qeyd edir ki, mübahisəni tətbiq ediləcək maddi hüquq normalarına əsasən həll etməzdən əvvəl ilk olaraq işin mübahisəsiz və mübahisəli halları müəyyən edilməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsi qaydalarına uyğun olaraq tərəflərin öz tələb və etirazlarının əsası kimi gətirdikləri dəlillərə hüquqi qiymət verilməlidir. Məhkəmə, işdə olan sənədlərə və digər sübut əhəmiyyətli materiallara əsasən bu qənaətə gəlir ki, tərəflər arasında malların nisyə satışını nəzərdə tutan alğı-satqı müqaviləsinin bağlandığı, həmin müqavilənin etibarsızlığına dəlalət edən halların olmadığı, iddiaçı tərəfindən müqavilənin obyekti olan malların cavabdehə təhvil verilməsi (təhviltəslim qaimələrinə əsasən), təhvil verilmiş malların ümumi dəyərinin 2842,99 manat təşkil etməsi (təhvil-təslim qaimələrinə və elektron qaimələrə əsasən), cavabdeh X5 xx.xx.2023cü il tarixinə iddiaçı “AZ X2” MMC-nə 2642,99 manat məbləğində borcunun qaldığı (üzləşmə aktına əsasən) işin mübahisəsiz hallarını (faktlarını) təşkil edir. Məhkəmə hesab edir ki, işin mübahisəli halını cavabdeh tərəfindən təhvil alınmış malların dəyərinin tam şəkildə ödənilməməsi barədə iddiaçının tələbi təşkil edir. Belə ki, iddiaçı cavabdehin təhvil aldığı mallara görə ödənilməmiş 1865,42 manat borcunun qaldığını iddia edir. İddiaçı, cavabdehin müqavilə üzrə öhdəliyini icra etməyərək aldığı malların qiymətini tam ödəməməsi haqqında tələbininin faktiki əsası kimi tərəflər arasında bağlanmış müqavilə şərtlərinə, malların təhvil verilməsinə dair qaimələrə, cavabdehə göndərilmiş elektron qaimələrə, üzləşmə aktına və borcun ödənilməsi ilə bağlı cavabdehə qarşı məhkəməyə qədər pretenziya qaydasında tələblə çıxış etməsinə istinad edir. Məhkəmə qeyd edir ki, iddia ərizəsində tələb olunan borc məbləğinin iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsinin sübutetmə yükünün bölüşdürülməsi prinsipinə görə cavabdehin üzərinə düşməsinə baxmayaraq, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir, həmçinin iddia ərizəsinə qarşı etiraz və ya iddia tələbinin tam və ya qismən əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə, tərəflərin iradə ifadəsini əks etdirən müqaviləni, malların təhvil verilməsinə dair aktları, elektron qaimələri, üzləşmə aktını və işin müəyyən edilmiş digər hallarını nəzərə alaraq hesab edir ki, iddia edildiyi kimi cavabdeh tərəfindən alınan malların qiymətini təşkil edən 1865,42 manat məbləğində pulun şərtləşdirilmiş müddətdə ödənilməməsi öz təsdiqini tapır. Tələb olunan 1865,42 manat məbləğində borc qalığının iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin qeyd olunduğu kimi cavabdeh iddiaya qarşı etiraz verməmiş və ya iddia tələbinin əsassızlığına dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Bu halda məhkəmə əsas borc qalığı kimi tələb olunan 1865,42 manat məbləğində pulun cavabdeh tərəfindən iddiaçıya ödənilməməsinin tam sübut olunduğu qənaətinə gəlir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş və işin araşdırılması nəticəsində sübuta yetirilmiş faktiki halları belədir ki, iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək alğı-satqı obyekti olan malları cavabdehin mülkiyyətinə vermişdir, lakin cavabdeh malları təhvil alsa da, dəyərini tam ödəməmişdir. Buna görə də, iddiaçının pul tələbinə dair iddiası qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 597.1-ci maddəsinə əsasən, alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə, iddia tələbini cərimənin tutulması hissəsində qismən əsaslı hesab edərək qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə, müqavilə üzrə nəzərdə tutulmuş malın dəyərini qarşılıqlı razılaşdırılmış müddətdə ödəməzsə cərimə ödəmək öhdəliyini cavabdeh X8 öz üzərinə götürmüşdür. İşin halları ilə cavabdeh X8 tərəfindən alınmış malların dəyərinin ödənilməsini gecikdirdiyi müəyyən olunduğuna görə, onun iddiaçıya cərimə ödəmək öhdəliyi yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd edilən maddi hüquq normalarının tələblərinə görə borclu müqavilə üzrə öhdəliyini pozduqda və ya lazımınca icra etmədikdə kreditorun əsas borcun qaytarılmasını tələb etməklə yanaşı, gecikmə nəticəsində cavabdehin vurduğu zərərin də ödənilməsini tələb etmək hüququ vardır. Mülki qanunvercilik belə vəziyyətlərdə müqavilə şərtlərindən asılı olaraq kreditora dəymiş zərərin əvəzi olaraq borcun məbləğindən faiz tələb etmək və ya dəbbə (cərimə, penya) tələb etmək kimi alternativ tələb imkanları tanımışdır. Hazırki işdə tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsi üzrə gecikdirmə nəticəsində dəyən ziyanı qarşılamaq üçün cərimənin ödənilməsi nəzərdə tutulmuşdur, yəni Mülki Məcəllənin 466.2.1-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə zərərin deyil, yalnız dəbbə pulunun tutulması barədə tərəflər razılaşmışlar. Buna görə də iddiaçının cərimə tələbi mahiyyət etibarı ilə əsaslıdır. Lakin məhkəmə, cərimənin məbləğinin əsas borca nisbətini, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini nəzərə alaraq hesab edir ki, iddia tələbi cavabdehdən 186,54 manat məbləğində cərimənin tutulması hissəsində əsaslı və mütənasib deyildir. Buna görə də məhkəmə bu nəticəyə gəlir ki, cavabdehdən tutulacaq cərimə məbləğinin azaldılaraq 10 manat məbləğində müəyyən edilməsi işin hallarına mütənasib və ədalətli olar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğuna görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu məbləği cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, iddiaçı “Az X2” MMC-nin cavabdeh X6 qarşı pul tələbi qismən əsaslıdır və buna görə də iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 114, 119, 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh X4 xx.xx.2023-cü il tarixli, S284/23 nömrəli müqavilə üzrə 1865,42 manat məbləğində əsas borc, 10 manat məbləğində cərimə borcu və ödənilmiş 40,50 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 2092,46 manat məbləğində pul tutularaq iddiaçı “Az X2” MMC-nə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar