Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-40/2021 30.06.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi ilə İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı – pul tələbi barədə iddiasına dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC (və ya “xxxx” ASC) Cavabdeh qarşı – 4910 manat məbləğində əsas borc, 1065,53 manat məbləğində cərimə və 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.03.2005-ci il tarixli 58 nömrəli qərarı ilə təsdiq olunmuş İddiaçı ASC-yə məxsus kənd təsərrüfatı texnikasının hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydaları”na müvafiq olaraq iddiaçı ilə cavabdeh arasında bağlanmış 208-GL/17 saylı 17.01.2017-ci il tarixli, 707-GL/17 saylı 04.04.2017-ci il tarixli və 528- GL/18 saylı 14.03.2018-ci il tarixli müqavilələrə əsasən lizinq predmeti(lər)ni lizinqə götürmüşdür. Cavabdeh üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmişdir. Müqavilə üzrə 4910 manat məbləğində, lizinq müqaviləsinə əsasən hesablanmış cərimə üzrə isə 1065,53 manat məbləğində borcu qalmışdır. Cavabdehə öhdəliyin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq ödənişlər yerinə yetirilməmişdir. Şirvan Kommersiya Məhkəməsinin 24.06.2020-ci il tarixli qərardadı ilə kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında materiala iddia icraatı qaydasında baxılması qərar alınmışdır. İddiaçı iddia tələbinin dəqiqləşməsi barədə 28.07.2020-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, 1266 manat məbləğində əsas borc və 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 18.08.2020-ci il tarixdə iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 6176 manat məbləğində əsas borc, 1065,53 manat məbləğində cərimə və 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan 14.06.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 707-GL/17 saylı 04.04.2017-ci il tarixli müqavilə üzrə 1940 manat məbləğində əsas borc, 477,66 manat məbləğində cərimə, 528-GL/18 saylı 14.03.2018-ci il tarixli müqavilə üzrə 1770 manat məbləğində əsas borc, 459,60 manat məbləğində cərimə və 30 manat məbləğində dövlət rüsumunun, cəmi 4677,26 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı yenidən 30.06.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 707-GL/17 saylı 04.04.2017-ci il tarixli müqavilə üzrə 1940 manat məbləğində əsas borc, 477,66 manat məbləğində cərimə, 528-GL/18 saylı 25.07.2018-ci il tarixli müqavilə üzrə 1770 manat məbləğində əsas borc, 459,60 manat məbləğində cərimə və 30 manat məbləğində dövlət rüsumunun, cəmi 4677,26 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, işə iştirakları olmadan baxılaraq, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Mirzəbek oğlu 18.08.2020-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edərək, iddiaya etiraz etmiş və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında 707-GL/17 saylı 04.04.2017-ci il tarixli İddiaçı ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı tərəfindən kənd təsərrüfatı texnikas(lar)ının ilkin dəyərinin güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra cavabdehin mülkiyyətinə verilməsi şərti ilə lizinqə verilmişdir. İş materiallarında olan 1599/ü saylı, 14.04.2017-ci il tarixli əmrin surətindən görünür ki, Cavabdeh ilə bağlanılmış 707-GL/17 saylı 04.04.2017-ci il tarixli lizinq müqaviləsi üzrə kənd təsərrüfatı texnikas(lar)ının (Traktor Belarus-892) Cavabdeh lizinqə verilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında 528-GL/18 saylı 25.07.2018-ci il tarixli İddiaçı ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı tərəfindən kənd təsərrüfatı texnikas(lar)ının ilkin dəyərinin güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra cavabdehin mülkiyyətinə verilməsi şərti ilə lizinqə verilmişdir. İş materiallarında olan 3607/ü saylı, 25.07.2018-ci il tarixli əmrin surətindən görünür ki, Cavabdeh ilə bağlanılmış 528-GL/18 saylı 25.07.2018-ci il tarixli lizinq müqaviləsi üzrə kənd təsərrüfatı texnikas(lar)ının (Kotan 4 gövdəli asma(təkərli)-AK4-35 və Kotan 4 gövdəli asma(təkərli)-AK4-35) Cavabdeh lizinqə verilməsi qərara alınmışdır. İşdə olan 09.06.2021-ci il tarixli maliyyə arayışlarının surətlərindən görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 528-GL/18 nömrəli müqaviləyə əsasən gecikdirilmiş borcu 1770 manat və hesablanmış cərimə 459,60 manat, 707-GL/17 nömrəli müqaviləyə əsasən gecikdirilmiş borcu 1940 manat və hesablanmış cərimə 477,66 manat təşkil etmişdir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı 29.03.2020-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı ASC ilə bağlanmış müqaviləyə əsasən ödəniş qrafiki üzrə borc yaranmışdır. Bağlanmış müqavilənin 4.2-ci maddəsinə görə ödəniş qrafiki üzrə bir dəfədən artıq ödənişləri gecikdirdiyinə görə gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə ödənilməlidir. Əks halda lizinq müqaviləsi üzrə əmələ gəlmiş əsas borcun, hesablanmış cərimənin və məhkəmə xərclərinin məcburi qaydada alınaraq İddiaçı ASC-yə ödənilməsi və müqavilənin ləğv edilərək lizinq obyekti olan texnikaların saz vəziyyətdə geri qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İşə əlavə olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/3729 saylı, 30.04.2021-ci il tarixli rəyindən görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 707-GL/17 saylı 04.04.2017-ci il tarixli və 528-GL/18 saylı 25.07.2018-ci il tarixli daxili lizinq müqavilələri üzrə lizinqalanın İddiaçı ASC-yə olan maliyyə borcu 1266 manat təşkil edir. İş materialları ilə göstərilmiş lizinq müqavilələri üzrə lizinqalan Cavabdeh İddiaçı ASC-yə aparılmış ödəniş əməliyyatlarını özündə əks etdirən hesabdan çıxarış təqdim edilməmişdir. Bu səbəbdən hazırki ekspertiza tədqiqatı ilə Cavabdeh İddiaçı ASC-yə olan borcunun hesablanmasını aparmaq mümkün olmamışdır. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış lizinq müqavilələri ilə iddiaçı tərəfindən kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra cavabdehin mülkiyyətinə verilməsi şərti ilə lizinqə verilmişdir. Müqavilələr əsasında cavabdeh lizinq məbləğlərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirmədiyindən, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bundan başqa, araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC-nin adı dəyişdirilərək “xxxx” ASC adlandırılmışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” 17.08.2020-ci il tarixli, 1137 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki İddiaçı Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “xxxx” Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı lizinq məbləğ(lər)ini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh lizinq müqavilə(lər)si əsasında lizinq obyekt(lər)ini almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə(lər) ilə müəyyən edilmiş pul məbləğini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olduğundan, lakin cavabdeh pul məbləğini ödəməli olmasına dair vəzifəsini yerinə yetirmədiyindən, iddiaçı lizinq məbləğ(lər)inin ödənilməsi tələb etməkdə haqlıdır. Buna görə də, iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə həmçinin iddianın cərimə(lər)nin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iş üzrə tələb olunan cərimə(lər) borcu tənasübsüz surətdə yüksək olduğundan, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə(lər) əsassız və şişirdilmiş məbləğ(lər)dir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia ərizəsində göstərilən cərimə(lər)nin həmin məbləğ(lər)də deyil, 707-GL/17 saylı müqavilə üzrə 47 manat məbləğində; 528- GL/18 saylı müqavilə üzrə 45 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq sayır. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilə(lər)dən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, lizinq borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddia isə qismən təmin edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumunun 25 manata cavabdehə, 5 manatı isə iddiaçıya aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 25 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, ekspertiza xərci tərəflərdən tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində pul vəsaitinin 5 manatı iddiaçıdan, 45 manatı isə cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 707-GL/17 saylı 04.04.2017-ci il tarixli müqavilə üzrə 1940 manat məbləğində əsas borc, 47 manat məbləğində cərimə, cəmi 1987 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq “xxxx” ASC-yə ödənilsin. 528-GL/18 saylı 25.07.2018-ci il tarixli müqavilə üzrə 1770 manat məbləğində əsas borc, 45 manat məbləğində cərimə, cəmi 1815 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq “xxxx” ASC-yə ödənilsin. 25 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq “xxxx” ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində pul vəsaitinin 45 manatı Cavabdeh, 5 manatı isə “xxxx” ASC-dən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin kommersiya kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-40/2021
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-40/2021
30.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver