Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-4151/2025 13.03.2026 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Ağamirzəyev Fərid Fəxrəddin oğlunun katibliyi ilə İddiaçı Xırdalan Aİİ MMC-nin Cavabdeh qarşı – pul tələbi barədə iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Xırdalan Aİİ MMC Cavabdeh qarşı – 36.918,83 manat məbləğində pulun, 201 manat dövlət rüsumunun, 1.000 hüquqi xidmət haqqının tutularaq iddiaçının xeyrinə ödənilməsi; 63 ədəd komplekt böyük pivə aparatı, 3 ədəd komplekt balaca pivə aparatı, 50 litrlik 275 ədəd, 30 litrlik 38 ədəd, 20 litrlik bir ədəd paslanmayan pivə çəlləklərinin cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında pivə satışına dair əməkdaşlıq olmuşdur. Tərəflər arasında olmuş əməkdaşlıq müddətində cavabdeh tərəfindən iddiaçıya məxsus müəssisədən 63 ədəd komplekt böyük pivə aparatı, 3 ədəd komplekt balaca pivə aparatı, paslanmayan pivə çəlləkləri: 50 litrlik 275 ədəd, 30 litrlik 38 ədəd, 20 litrlik bir ədəd götürülmüş, lakin geri qaytarılmamışdır. Cavabdeh tərəfindən alınmış pivə məhsuluna görə ona göndərilmiş elektron qaimələrdən göründüyü kimi 36.918, 83 manat borcu mövcuddur. İddiaçının nümayəndəsi Vəkil xx.xx.2026-cı il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edərək, iddianı müdafiə etmiş, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2026-cı, xx.xx.2026-cı və xx.xx.2026-cı il tarixə təyin edilmiş məhkəmə iclaslarında iddia tələbinə etiraz edərək, bildirmişdir ki, əllərində sənəd yoxdur. İddiaçı ilə 2012-ci ildən işləməyə başlamışdır. Aralarında 2013-cü ildə müqavilə bağlanmış, lakin sonradan həmin müqavilə ləğv edilmişdir. Belə ki, qarşı tərəflə aralarında olan söz-söhbətlərə görə işləməmiş, itən çəlləklərin əvəzinə yenisini alıb qaytarmışdır. Pandemiya dövründə itən və yanan çəlləklərlə birlikdə 300 ədəd çəlləyi İslam müəllimə qaytarmışdır. İslam müəllim köhnə pivə zavodun direktoru olmuşdur. O, Elmana demişdir ki, çəlləkləri onlara İslam müəllim verəcəkdir. Çəlləkləri ona qaiməsiz vermişdilər, buna görə də, çəlləkləri geri qaytarmaya da bilərdi. Aparatların ona qalmasını qarşı tərəf audio səs yazısında öz səsi ilə də təsdiq etmişdir. İddiaçının nümayəndəsinin məhkəməyə təqdim etdiyi diskdə olan səs yazısı ona məxsusdur. Belə ki, həmin səs yazısı 2 il əvvəl olan danışıqlardır. Xırdalan Aİİ MMC-nin Arif Hüseynov yaşlı adamdır. O, X1 danışmışdır. Elmanla olan bütün danışıqlar məhkəməyə təqdim etdiyi flaşkartdadır. Əslində iddiaçının ona 18.000 manat borcu vardır. Həmçinin, ona 35.000 manat dəyərində ziyan vurmuşdurlar. O, pulları "xxxx" QSC vasitəsi ilə ödəmişdir. Bununla bağlı sübutları vardır. Belə ki, borcu 3-5 il bundan əvvəl ödəmişdir. 10-20 ton pivəni ona pay verirdilər. Bunu Elman flaşkartda olan səs yazısında özü də etiraf etmişdir. Onlar ona nəyi necə verdiklərini sübut etməlidirlər. İddiaçı sənədləri sonradan özü düzəltmişdir. Həmin sənədlərdə onun imzası yoxdur. Onunla iddiaçı arasında 2015-ci il də hər hansı bir müqavilə bağlanmamışdır. Sonuncu dəfə il yarım bundan əvvəl iddiaçıdan pivə almışdır. İddiaçının nümayəndəsinin və özünün məhkəməyə təqdim etdiyi səs yazılarında borcunun olduğunu bildirmişdir, ancaq həmin borcu ödəmiş və müqavilə sonradan ləğv olunmuşdur. İddianın “63 ədəd komplekt böyük pivə aparatı, 3 ədəd komplekt balaca pivə aparatı, 50 litrlik 275 ədəd, 30 litrlik 38 ədəd, 20 litrlik bir ədəd paslanmayan pivə çəlləkləri”nə aid hissəsinə gəldikdə isə, bildirir ki, ona 63 ədəd deyil, cəmi 47 ədəd komplekt böyük pivə aparatı verilmişdir, 3 ədəd komplekt balaca pivə aparatı olmamışdır. 38 ədəd 30 litrlik, 1 ədəd 20 litrlik paslanmayan pivə çəlləkləri olmuşdur. Bunlar itən çəlləklərdir. 300 ədəd çəlləyi isə İslam müəllimə qaytarmışdır. Məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı Xırdalan Aİİ MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilənin surətindən görünür ki, müqavilənin predmetini satıcının pivə məhsulunun, alıcının isə pivə alınmasını təşkil edir. Müqavilədən həmçinin aydın olur ki, həmin müqavilə nə iddiaçı, nə də cavabdeh tərəfindən imzalanmamışdır. İş materiallarında olan üzləşmə aktının sürətindən görünür ki, Cavabdeh xx.xx.2019cu il tarixə 248 ədəd 50L çəllək, 38 ədəd 30L çəllək, 1 ədəd 20L çəllək, 63 ədəd soyuducu kamera borcu vardır. Aktdan həmçinin aydın olur ki, həmin akt cavabdeh tərəfindən imzalanmamışdır. İş materiallarında olan sənədlərdən (qaimə fakturaların (cavabdeh tərəfindən imzalanmamışdır), elektron qaimə-fakturaların, ödəniş tapşırıqlarının surətlərindən) görünür ki, Xırdalan Aİİ MMC tərəfindən Cavabdeh pivə göndərilmişdir. Cavabdehin 36.918,83 manat məbləğində borcu qalmışdır. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, Xırdalan Aİİ MMC-yə məxsus 63 ədəd komplekt böyük pivə aparatı, 3 ədəd komplekt balaca pivə aparatı, 50 litrlik 275 ədəd, 30 litrlik 38 ədəd, 20 litrlik bir ədəd paslanmayan pivə çəlləklərinin qaytarılması və 36.918,83 manat məbləğində borcun ödənilməsi barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə olunan və məhkəmə iclasında dinlənilən iddiaçının nümayəndəsinin diskdə təqdim etdiyi və cavabdehin flaşkartda təqdim etdiyi “whats app” vasitəsi ilə aparılan audio səs yazışmalarından görünür ki, tərəflər arasında qeyd edilən borcla bağlı danışıqlar aparılmışdır və cavabdeh iddiaçının tələbində göstərdiyi halları qismən etiraf etmişdir. Beləliklə, işin həqiqi halları, iddiaçının nümayəndəsinin və cavabdehin izahatları, elektron qaimə-fakturalar, ödəniş tapşırıqları, iddiaçının nümayəndəsinin və cavabdehin məhkəməyə təqdim etdikləri disk və flaşkartda olan “whats app” vasitəsi ilə aparılan audio səs yazışmalarından məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilə Cavabdeh tərəfindən imzalanmasa da, tərəflər arasında pivə məhsulunun alqı-satqısı ilə bağlı münasibətlər 2012-ci ildən olmuşdur. Bundan başqa, cavabdeh iddiaçıya borcunun olmasını, lakin borcunu tam şəkildə ödəməsini, bundan sonra aralarında pivə məhsulunun alqı-satqısı ilə bağlı 2013-cü ildə bağlanmış müqavilənin ləğv olunmasını, 300 ədəd pivə çəlləklərinin iddiaçıya deyil, İslam adlı şəxsə qaytarmasını bildirmişdir. Bu hallar, cavabdehin məhkəmə iclasında verdiyi izahatı və hər iki tərəfin məhkəməyə təqdim etdiyi audio səs yazısı ilə təsdiq edilir. Bununla da, məhkəmə araşdırması zamanı cavabdehin iddiaçıya 36.918,83 manat məbləğində borcunun qalması, həmçinin 47 ədəd komplekt böyük pivə aparatı, 275 ədəd 50 litrlik, 38 ədəd 30 litrlik, 1 ədəd 20 litrlik paslanmayan pivə çəlləklərinin cavabdeh tərəfindən iddiaçıya qaytarılmaması müəyyən olunmuşdur. Göründüyü kimi, qeyd edilən müqavilə Cavabdeh tərəfindən imzalanmasa da, onlar arasında müqavilə faktiki olaraq bağlanmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.1-ci maddəsinə əsasən, müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Həmin Məcəllənin 409.4-cü maddəsinə əsasən, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya ofertada ayrı qayda göstərilməyibsə, oferta almış şəxsin onun aksepti üçün müəyyənləşdirilmiş müddətdə ofertada göstərilən müqavilə şərtlərini yerinə yetirmək (malları yola salmaq, xidmətlər göstərmək, işlər görmək, müvafiq məbləği ödəmək və s.) üçün hərəkətlər etməsi aksept sayılır. Məhkəmə hesab edir ki, tərəflər arasında müqavilə imzalanmasa da, müqavilənin şərtləri cavabdeh tərəfindən qismən, iddiaçı tərəfindən isə tam yerinə yetirildiyindən, tərəflər arasında müqavilə bağlanmış sayılır. Belə ki, cavabdeh iddiaya etirazını onunla iddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilənin onun tərəfindən imzalanmaması, lakin pivə məhsulunun satışı ilə bağlı aralarında 2013-cü il tarixdə müqavilə bağlanması, sonradan həmin müqavilənin ləğv olunması, onun iddiaçıya borcunun qalmaması, borcunu tam şəkildə ödəməsi, pivə çəlləklərinin onun tərəfindən geri qaytarılması, böyük pivə aparatının bir qisminin olması, balaca pivə aparatının olmaması, sonuncu dəfə il yarım bundan əvvəl iddiaçıdan pivə alması ilə əsaslandırmışdır. Digər tərəfdən, qeyd edilən müqavilə cavabdeh tərəfindən imzalanmış olmasa belə, müqavilə caavbdehin qabaqcadan razılığı əsasında bağlandığından və cavabdeh tərəfindən sonradan bəyənildiyindən etibarlı sayılır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 355-ci maddəsinə əsasən, əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur. Həmin Məcəllənin 356-cı maddəsinə əsasən, əqdin bağlanmasına verilmiş icazə (qabaqcadan verilmiş icazə), əgər tərəflər ayrı qayda haqqında razılığa gəlməyiblərsə, əqd bağlananadək ləğv edilə bilər. İcazənin (qabaqcadan verilmiş razılığın) ləğv edilməsi barədə hər iki tərəfə məlumat verilməlidir. Qeyd edilən Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Göstərilən Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı müqavilə öhdəliyini icra etmiş, bununla da iddiaçı tərəfindən müqavilənin qanunla müəyyən olunmuş şərtlərinə riayət olunmuşdur. Buna görə də, məhkəmə hesab edir ki, tərəflər arasında qeyd edilən müqavilə bağlanmış sayılır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, müqavilə, üzləşmə aktı və qaimə fakturalar cavabdeh tərəfindən imzalanmasa da, pivə məhsulunun alqı-satqısı ilə bağlı tərəflər arasında müqavilə baş tutmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Qeyd edilən Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Məhkəmə hesab edir ki, bu cür müqavilənin bağlanması üçün ayrıca şəkildə mütləq qaydada yazılı müqavilənin bağlanmasına zərurət yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Qeyd edilən Məcəllənin 329.4-cü maddəsinə əsasən, susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. Məhkəmə, müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla hesab edir ki, iş materiallarına əlavə edilən müqavilə, üzləşmə aktı və qaimə fakturalar cavabdeh tərəfindən imzalanmasa da, pivə məhsulunun alqı-satqısı ilə bağlı tərəflər arasında müqavilə baş tutmuşdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı aralarında bağlanmış müqavilə üzrə əsas borcu tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan pivə məhsulları almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin məhsullarının dəyərini ödəmək, həmçinin pivə aparatlarının və çəlləklərin iddiaçıya geri qaytarmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. İddiaçı isə müqavilə əsasında pivə məhsullarını almasına dair hüququndan istifadə etmiş, lakin müqavilə üzrə vəzifələrini tam şəkildə yerinə yetirməmişdir. Odur ki, iddiaçı göstərilən borcun ödənilməsini, həmçinin pivə aparatlarının və çəlləklərin ona geri qaytarmasına tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Lakin, məhkəmə hesab edir ki, “63 ədəd komplekt böyük pivə aparatı və 3 ədəd komplekt balaca pivə aparatı” hissəsində iddia tələbi xarakterinə, qaytarılma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Belə ki, cavabdehin məhkəmə iclasında verdiyi izahatından aydın olmuşdur ki, iddiaçı tərəfindən ona 63 ədəd deyil, cəmi 47 ədəd komplekt böyük pivə aparatı verilmiş, 3 ədəd komplekt balaca pivə aparatı isə verilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia qeyd edilən hissədə qismən təmin edilərək, 47 ədəd komplekt böyük pivə aparatı, 275 ədəd 50 litrlik, 38 ədəd 30 litrlik, 1 ədəd 20 litrlik paslanmayan pivə çəlləkləri cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Məhkəmə eyni zamanda iddia tələbinin “1.000 manat hüquqi yardımla bağlı çəkilmiş xərcin cavabdehdən tutulması”na dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.5 və 115.0.6-cı maddələrinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Göstərilən Məcəllənin 121.1.-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğ müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunduğundan, göstərilən məbləğ ağlabatan məbləğdə, yəni 600 manat məbləğində cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdeh(lər)dən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, məhkəmə xərcinə daxil olan 201 manat dövlət rüsumunun 200,76 manatı (yəni, 36.918,83 manata münasibətdə) cavabdeh(lər)dən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 36.918,83 manat məbləğində pul vəsaiti, 600 manat məbləğində hüquqi yardımla bağlı çəkilmiş xərc və 200,76 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq Xırdalan Aİİ MMC-yə ödənilsin. 47 ədəd komplekt böyük pivə aparatı, 275 ədəd 50 litrlik, 38 ədəd 30 litrlik, 1 ədəd 20 litrlik paslanmayan pivə çəlləkləri Cavabdeh alınaraq Xırdalan Aİİ MMC-yə qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-4151/2025
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-4151/2025
13.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver