Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-419/2023 04.05.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənli Pərviz Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 28 sentyabr 2021-ci il tarixli müqavilə üzrə yaranmış 15.712,50 manat borcun və mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş 200 manat haqqın Cavabdeh tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 28 sentyabr 2021ci il tarixində 124 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən, iddiaçı sifariş edilmiş malları cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə həmin malları qəbul edib dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış müqavilənin 3.1.1.-ci bəndinə əsasən, “Satıcı” tərəfindən təhvil verilmiş malı qəbul etmək və malın dəyərini 2.2-ci maddədə nəzərdə tutulmuş qaydada ödəmək “Alıcı”nın vəzifəsidir. Lakin cavabdeh öhdəliyini vaxtında və lazımi qaydada icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Maliyyə arayışına əsasən, Cavabdeh İddiaçı MMC-yə15.712,50 manat borcu qalmışdır. Cavabdeh tərəfindən ödənilməmiş borc öhdəliyinin icra edilməsi barədə ona dəfələrlə şifahi və xx.xx.2022-ci il tarixində APC-68/2022 nömrəli bildirişlə isə yazılı müraciət edilmişdir. xx.xx.2022-ci il tarixində mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi üçün mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. Lakin buna baxmayaraq, cavabdeh öhdəliyin icrasından qərəzli olaraq yayınaraq iddiaçının hüquqlarını və qanunla qorunan mənafelərini kobud surətdə pozmağa davam etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixində keçirilmiş ilkin mediasiya sessiyasında da iştirak etməmişdir. Ona görə də, cavabdeh tərəfindən borc öhdəliyinin icra edilməsi barədə məhkəməyə müraciət edilməsinə zərurət yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, həmçinin gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə və digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 28 sentyabr 2021-ci il tarixli müqavilənin surətindən görünür ki, həmin müqavilənin: 1.1-ci bəndinə əsasən, “Satıcı” bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan 1 saylı Əlavə ilə müəyyən edilən malları “Alıcı”nın mülkiyyətinə verməyi, “Alıcı” isə malları mülkiyyətinə qəbul etməyi və haqqını ödəməyi öhdəsinə götürür; 1.2-ci bəndinə əsasən, malların təsviri, çəkisi, dəyəri və digər vacib şərtləri Əlavə 1də öz əksini tapır; 2.1-ci bəndinə əsasən, bu müqavilənin predmetinə uyğun olaraq alınan malların dəyəri və ödəniş qaydası bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavə ilə müəyyənləşdirilir; 3.1.1-ci bəndinə sasən, “Satıcı” tərəfindən təhvil verilmiş malı qəbul etmək və malın dəyərini 2.2-ci bənddə nəzərdə tutulmuş qaydada ödəmək “Alıcı”nın vəzifələrinə aiddir; 3.2.1-ci bəndinə əsasən, “Alıcı”ya müəyyən edilmiş vaxtda keyfiyyətli və üçüncü şəxslərin mülkiyyətində olmayan malları təhvil vermək, 3.2.2-ci bəndinə əsasən, malları Tərəflərin razılaşdırdıqları ünvana öz hesabına və öz nəqliyyat vasitələri ilə çatdırmaq, “Satıcı”nın vəzifələrinə aiddir; 5.1-ci bəndinə əsasən, müqavilə imzalandığı tarixdə qüvvəyə minir və xx.xx.2021-ci il tarixinə qədər qüvvədədir, “Alıcı” tərəfindən ödəniş öhdəlikləri isə tam icra edildiyi tarixədək qüvvədə qalır; 5.3-cü bəndinə əsasən, müqavilənin qüvvədə olma müddətinin bitməsi və ya ona qabaqcadan xitam verilməsi “Alıcı”nın müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olmur. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında imzalanmış 1 saylı Əlavəyə əsasən, 1 kq “sümük unu”nun qiyməti 0,30 manat, 2 saylı Əlavəyə əsasən isə, 1 kq “2-ci növ sümük unu”nun qiyməti 0,20 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 423613 nömrəli “malların təhvil-qəbul aktı”ndan görünür ki, dəyəri 1.161 manat olan 7.740 kq “ət sümük unu”, xx.xx.2022-ci il tarixli 423616 nömrəli “malların təhvil-qəbul aktı”ndan görünür ki, dəyəri 1.841 manat olan 5.260 kq “ət sümük unu”, xx.xx.2022-ci il tarixli 423617 nömrəli “malların təhvil-qəbul aktı”ndan görünür ki, dəyəri 1.038 manat olan 6.920 kq “ət sümük unu”, xx.xx.2022-ci il tarixli 423620 nömrəli “malların təhvil-qəbul aktı”ndan görünür ki, dəyəri 1.386 manat olan 3.960 kq “ət sümük unu”, xx.xx.2022-ci il tarixli 423621 nömrəli “malların təhvil-qəbul aktı”ndan görünür ki, dəyəri 1.284 manat olan 8.560 kq “ət sümük unu”, xx.xx.2022-ci il tarixli 423624 nömrəli “malların təhvil-qəbul aktı”ndan görünür ki, dəyəri 3.871 manat olan 11.060 kq “ət sümük unu”, xx.xx.2022-ci il tarixli 423630 nömrəli “malların təhvil-qəbul aktı”ndan görünür ki, 1.134 manat olan 3.240 kq “ət sümük unu”, xx.xx.2022-ci il tarixli 423631 nömrəli “malların təhvil-qəbul aktı”ndan görünür ki, dəyəri 876 manat olan 5.840 kq “ət sümük unu”, xx.xx.2022-ci il tarixli 423635 nömrəli “malların təhvil-qəbul aktı”ndan görünür ki, dəyəri 558 manat olan 3.720 kq “ət sümük unu”, xx.xx.2022-ci il tarixli 423449 nömrəli “malların təhvil-qəbul aktı”ndan görünür ki, dəyəri 2.856 manat olan 8.160 kq “ət sümük unu” “Təhvil verən” (iddiaçının nümayəndəsi) tərəfindən “Təhvil alan”a (cavabdehin nümayəndəsinə) təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 531616 nömrəli elektron qaiməyə əsasən 1.161 manat; xx.xx.2022-ci il tarixli 730709 nömrəli elektron qaiməyə əsasən 1.038 manat; xx.xx.2022-ci il tarixli 730710 nömrəli elektron qaiməyə əsasən 1.841 manat; xx.xx.2022-ci il tarixli 098346 nömrəli elektron qaiməyə əsasən 1.284 manat; xx.xx.2022-ci il tarixli 098349 nömrəli elektron qaiməyə əsasən 1.386 manat; xx.xx.2022-ci il tarixli 235427 nömrəli elektron qaiməyə əsasən 3.871 manat; xx.xx.2022-ci il tarixli 537251 nömrəli elektron qaiməyə əsasən 1.134 manat; xx.xx.2022-ci il tarixli 537249 nömrəli elektron qaiməyə əsasən 876 manat; xx.xx.2022-ci il tarixli 622708 nömrəli elektron qaiməyə əsasən 558 manat; xx.xx.2022-ci il tarixli 926042 nömrəli elektron qaiməyə əsasən 2.856 manat məbləğində mal İddiaçı tərəfindən Cavabdeh təqdim edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Maliyyə arayışı”nın surətindən görünür ki, Cavabdeh borcu 15.712,50 manat təşkil edir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2022-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən yaranmış 20.712,50 manat məbləğində borcun xx.xx.2022-ci il tarixinədək tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq İddiaçı MMC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ın surətindən görünür ki, İddiaçı ərizəsinə əsasən xx.xx.2022-ci il tarixinə təyin edilən ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. İş materiallarında olan “Ödəniş tapşırığı”nın surətindən görünür ki, İddiaçı MMC ilkin mediasiya sessiyasının keçirilməsi üçün Bakı 9 saylı Mediasiya Təşkilatının hesabına 200 manat vəsait ödəmişdir. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, iddia tələbinin maddi hüquqi əsasını alqı-satqı müqaviləsinin xüsusi növü olan malların göndərilməsi müqaviləsinə dair münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 29-cu fəslinin 6-cı paraqrafında yer alan normalar təşkil edir. Belə ki, işin faktiki hallarına Mülki Məcəllənin 627.1-ci maddəsində nəzərdə tutulan malların göndərilməsi müqaviləsinin dispozisiya şərtləri uyğun gəlir. İşin faktiki halları belədir ki, iddiaçı istehsal və ya əldə etdiyi malı cavabdehin sifarişi ilə razılaşdırılmış miqdarda və məbləğdə ayrı-ayrı partiyalarla öz nəqliyyat vasitələri və öz hesabına cavabdehə çatdırmaq, cavabdeh isə təhvil aldığı malların qiymətini təşkil edən pul məbləğini iddiaçıya ödəməklə bağlı razılığa gələrək bu barədə müqavilə bağlamışlar. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliklərinə yerinə yetirərək sifariş olunan malı cavabdehə təhvil verdiyini, cavabdehin isə təhvil aldığı malların dəyərini ödəmək öhdəliyini lazımınca yerinə yetirmədiyini iddia edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 627.1-ci maddəsinə əsasən, göndərmə müqaviləsinə görə mal göndərən - sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. Beləliklə məhkəmə müəyyən edir ki, tərəflər arasında etibarlı şəkildə bağlanılmış alqı-satqı müqaviləsinin xüsusi növü olan malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqavilə üzrə öhdəliklərini tam icra etdiyini, cavabdehin isə öhdəliyini lazımınca icra etmədiyini iddia edir. Məhkəmə qeyd edir ki, tərəflər arasında malların göndərilməsi müqaviləsinin bağlandığı, həmin müqavilənin etibarsızlığına dəlalət edən halların olmadığı, iddiaçının müqavilənin obyekti olan malları bir neçə partiyalarla cavabdehə təhvil verməsi işin mübahisəsiz hallarını təşkil edir. İddiaçı, cavabdehin müqavilə üzrə öhdəliyini lazımınca icra etməyərək aldığı malların qiymətini tam ödəməməsi haqqında tələbininin faktiki əsası kimi tərəflər arasında bağlanmış müqaviləyə, malların təhvil-qəbul aktlarına, cavabdehə göndərilmiş elektron qaimələrə, maliyyə arayışına, borcun ödənilməsi ilə bağlı cavabdehə qarşı məhkəməyə qədər həm pretenziya qaydasında, həm də mediasiya prosesində tələblə çıxış etməsinə istinad edir. Lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh tərəfindən iddiaçının qeyd olunan tələbinə etiraz, tələbin tam və ya qismən əsassızlığına dair sübut məhkəməyə təqdim olunmamışdır. Belə olan halda məhkəmə, tərəflərin iradə ifadəsini əks etdirən müqaviləni, təhvil-təslim aktlarını, elektron qaimələri və işin müəyyən edilmiş digər hallarını nəzərə alaraq hesab edir ki, iddia edildiyi kimi cavabdeh tərəfindən alınan malların qiymətini təşkil edən 15.712,50 manat məbləğində pulun şərtləşdirilmiş müddətdə ödənilməməsi öz təsdiqini tapır. Tələb olunan 15.712,50 manat məbləğində borc qalığının iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin qeyd olunduğu kimi cavabdeh iddiaya qarşı etiraz verməmiş və ya iddia tələbinin əsassızlığına dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Bu halda məhkəmə əsas borc qalığı kimi tələb olunan 15.712,50 manat məbləğində pulun cavabdeh tərəfindən iddiaçıya ödənilməməsinin tam sübut olunduğu qənaətinə gəlir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki halları belədir ki, iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək alqı-satqı obyekti olan malları cavabdehin mülkiyyətinə vermişdir, lakin cavabdeh malları təhvil alsa da, dəyərini tam ödəməmişdir. Buna görə də, iddiaçının pul tələbinə dair iddiası haqlı və qanunidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 597.1-ci maddəsinə əsasən, alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 598.1, 598.2 və 598.3-cü maddələrinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsin 637.1-ci maddəsinə əsasən, alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. Məhkəmə həmçinin iddianın 200 manat mediasiya xərcinin cavabdehdən alınmasına dair hissəsini də əsaslı hesab edir. Belə ki, cavabdeh imzaladığı müqavilədən irəli gələn vəzifələrini icra etmədiyinə görə iddiaçının məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə iddiaçıya əlavə zərər vurmuşdur. Buna görə də, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, hazırki iş üzrə iddia ərizəsinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddiaçı 137,14 manat rüsum ödəməli olduğuna, lakin həmin Qanunun 9.1-1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunduğuna, həmçinin iddia tələbi təmin olunduğuna görə qeyd edilən dövlət rüsumu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəflər arasında bağlanmış 28 sentyabr 2021-ci il tarixli müqavilə üzrə yaranmış 15.712,50 manat borc və mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş 200 manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia ərizəsinin verilməsinə görə nəzərdə tutulan 137,14 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilsin və cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-419/2023
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-419/2023
04.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver