Məhkəmə qərarları › İş №e-2-2(121)-4199/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-4199/2025

16.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-4199/2025 16.01.2026 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh X4 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 nisyə alqı-satqısı nəticəsində vurduğu maddi ziyanın əvəzi olaraq 5849 manat pulun və hazırki iddia ərizəsi üçün ödənilmiş dövlət rüsumuna görə 80 manat məbləğində dövlət rüsumunun alınıb İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı İmişli rayonunun Qaraqaşlı kəndində qeydiyyatda olsa da, hazırda İmişli şəhəri, P.Həsənov küçəsi ev-65-də yaşayır. Fərdi sahibkarlıqla məşğul olur və vergi ödəyicisidir. Rusiya Federasiyasından əmisi oğlunun göndərdiyi toxumluq kartofun alqı-satqısını həyata keçirmək üçün Cəlilabad rayonunun Maşlıq kəndinə getmişdir. Cəlilabad rayonunun Maşlıq kəndində yaşayan X5 2024-cü ilin yanvar ayının əvvəllərində Cəlilabad şəhərində yerləşən “Babək” restoranında tanımışdır. Həmin restoranda Yalçın Əkbərovla nahar edərkən aralarında yaranan söhbət zamanı toxumluq kartofun alqı-satqısını həyata keçirmək üçün Cəlilabada gəldiyini söyləmişdir. Yalçın Əkbərov kartof toxumunun satışında ona köməklik edəcəyini təklif etdi və həmin təkliflə razılaşdı. 19 yanvar 2024-cü il tarixdə Yalçın Əkbərovla şifahi razılaşmalarına əsasən onun yaşadığı Cəlilabad rayonunun Maşlıq kəndinə 11 349 manat dəyərində olan 20 ton 240 kiloqram çəkidə “Arizona” növlü kartof toxumunu satmaq üçün gətirib ona təhvil verdi. Yalçın Əkbərov təhvil aldığı kartof toxumunun satışını etməklə ona kart vasitəsi ilə ayrı-ayrı vaxtlarda 5 500 manat pul göndərmiş və o, həmin pulu almışdır. X11 təhvil verdiyi toxumluq kartofa görə ona 5 849 manat borclu qalmışdır. Yalçın Əkbərovdan ona borclu olduğu toxumluq kartofa görə qalan 5 849 manat pulu dəfələrlə tələb etsə də, hər dəfə borcu qaytaracağınıza söz versə də, hazırkı vaxta kimi həmin pulu qaytarmamışdır. Buna görə o, 22 fevral 2024-cü il tarixdə mobil telefon vasitəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 Xidməti Zəng Mərkəzinə Yalçın Əkbərovun satmaq üçün verdiyi toxumluq kartofa görə 5849 manat pulunu mənimsəyərək verməməsi barədə məlumat verdi. O, bu barədə Cəlilabad rayon Polis şöbəsinin X10 ərizə ilə də müraciət etdi. Müraciəti əsasında aparılmış araşdırma zamanı Yalçın Əkbərov izahatında 20 ton 840 kiloqram toxumluq kartofu ondan aldığını etiraf etsə də, yalan məlumat veribdir. Belə ki, onun bacısı oğlu Elçinə verdiyi 2 ton 380 kiloqram toxumluq kartof məhsulundan əlavə onda onun 1000 manat deyil, 5 849 manat pulum qalmışdır. O, Yalçının bacısı oğluna verdiyi kartof məhsulundan başqa heç bir şəxsə nə kartof vermişdir, nə də kimdəsə onun pulu qalmamışdır ki, yığsın. Yalçının bacısı oğlu Elçinə verdiyi kartof məhsulunun pulu onun hesabında qalan 5849 manat pula daxil deyildir. Bu səbəbdən izahatında Yalçın özünü müdafiə edərək yalan məlumat göstərmişdir. Cəlilabad rayon Polis şöbəsinin X8 təhqiqatçısının xx.xx.2024-cü il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işi başlanılması rədd edilmiş, mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olduğu ona izah edilmişdir. Sonradan o, dəfələrlə Yalçın Əkbərovdan pulunu tələb etmişdir. Lakin Yalçın hər dəfə müxtəlif bəhanələrlə ona borclu qaldığı 5 849 manat pulu ödəməkdən boyun qaçırır. Etdiyi telefon zənglərinə də cavab vermir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mülki iş Şirvan Kommersiya Məhkəməsində icraata qəbul edildikdən sonra xx.xx.2025-cil tarixli, e-2-2(121)- 3525/2025 nömrəli qərardadla cavabdeh X4 qarşı pul tələbinə dair iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə əməl olunmasından ötrü geri qaytarılmışdır. Həmin qərardadla qeyd edilən nöqsanlar aradan qaldırılmış, iddia ərizəsinə idia tələbini təsdiq edən sənədlər əlavə edilmiş, yenidən cavabdehə pretenziya və iddia ərizəsinin surəti göndərilmişdir. Cavabdeh X2 ona borclu qaldığı 5849 manat pulu tələb etmişdir, lakin sonuncu onun telefon zənglərinə cavab vermir, bir sözlə ona borclu qaldığı 5849 manat pulu ödəməkdən boyun qaçırır. Bu səbəbdən yenidən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Eyni zamanda iddia ərizəsinin verilməsinə görə ödənilmiş 80 manat pulun cavabdehdən alınıb ona verilməsini tələb edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə baxış iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ********** Dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə xx.xx.2009-cu il tarixdə vergi ödəyicilərinin dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, X6 ********** Dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə xx.xx.2016-cı il tarixdə vergi ödəyicilərinin dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəlilabad Rayon Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-13-711/2- 808/2024 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası DİN-in XZM-nə və Cəlilabad RPŞ-nin Göytəpə PB-nə müraciətə əsasən toplanmış HK-1-112 nömrəli materialda cinayət tərkibi olmadığına görə materia üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan 08 mart 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarla İmişli rayonu Qaraqaşlı kənd sakini İddiaçı Azərbaycan Respublikası DİN-in 102 XZM-nə və Cəlilabad RPŞ-nin Göytəpə PB-nə müraciətlərinə əsasən toplanmış HK-1-112 nömrəli materialda cinayət tərkibi olmadığına görə material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Cəlilabad rayonu Maşlıq kənd sakini X3 əməlində Azərbaycan Respublikası CM-nin 178-ci (dələduzluq) maddəsində nəzərdə tutulmuş cinayət tərkibi olmadığı üçün həmin maddə ilə barəsində cinayət işinin başlanmasının rədd edilməsi, aralarında yaranan mülki münasibətlərdən irəli gələn məsələlərin tənzimlənməsi baxımından mülki qaydada iddia ərzəsi ilə cavabdehin rəsmi qeydə alındığı yer üzrə məhkəməyə müraciət etmək hüququnun İddiaçı izah olunması qərara alınmışdır. X6 ifadəsində göstərmişdir ki, Cəlilabad rayonu Maşlıq kəndində yaşayır, kənddə əkinçiliklə məşqul olur, bu işlə əlaqədar İddiaçı ilə 2024-cü ilin yanvar ayının əvvəllərində Cəlilabad şəhərində yerləşən "Babək" restoranında tanış olmuşdur. Söhbət zamanı İddiaçı bildirmişdir ki, toxumluq kartof alqı-satqısı ilə məşqul olur, kartof toxumunu Rusiyanın Tula şəhərindən əmisi oğlu ona göndərir ki, o da kartof toxumunu burada satır, bu zaman Əfrayıla təklif etmişdir ki, satmaq üçün ona da kartof toxumunu versin. Yanvar 2024-cü il tarixdə İddiaçı ilə yaşadığı Cəlilabad rayonu Maşlıq kəndində görüşmüş, sonuncu satmaq üçün ona 11349 manat dəyərində olan 20 ton 240 kiloqram çəkidə "Arizona" növlü kartof toxumunu vermişdir ki, kartofun 400 kq "otxoda" çıxmışdır. Həmin kartof toxumunu satıb onun pulundan İddiaçı kart vasitəsi ilə 5500 manatını hissəvi şəkildə göndərməklə ödəmiş, qalan 5849 manatlıq kartof toxumluq məhsulun hamısını satmaq üçün ona vermədiyi üçün hələ də bu günədək Əfrayılın borcu tam ödənilmədiyi, eyni zamanda həmin kartofun bir qismini əkdiyi və məhsul hələki çıxmadığı üçün qalan borcu verməkdə çətinlik çəkir. İddiaçı bundan narazı qaldığı üçün xx.xx.2024-cü il tarixdə onun 5849 manat borclu qalması barədə DİN-in 102 xidmətinə zəng edib şikayət etmişdir. İddiaçı 5849 manat qalıq borcdan onun payına düşən 1000 manat borc pul qalıb ki, həmin borcu bu ilin may ayında, kartof məhsulu yetişən vaxtı qaytacağdır. Əfrayıl satmaq üçün ona verdiyi toxumluq kartofun 2 ton 380 kiloqramını onun həyətində olan anbardan bacısı oğlu X7, qalan hissələrini isə onun iştirakı ilə ayrı-ayrı şəxslərə nisiyə olaraq satıb ki, həmin şəxsləri Əfrayıl özü yaxşı tanıyır, lakin pulları yığa bilmədiyi üçün borcun tam ödənilməsini ondan tələb edir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı pretenziya məktubunun surətindən görünür ki, borcun tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə X4 xəbərdarlıq edilmişdir. Məhkəmə, iş materiallarında olan sənədlərə və digər dəlillərə əsasən müəyyən edir ki, tərəflər arasında yaranmış mübahisənin predmetini, onların daxil olduqları müqavilə münasibətləri üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində iddiaçının subyektiv hüququnun pozulmasını iddia edərək həmin hüquqlarının bərpa edilməsinə dair tələbi təşkil edir. Məhkəmə qeyd edir ki, mübahisə tərəflərinin hər ikisinin sahibkarlıq subyekti olmaları, mübahisənin predmetinin tərəflər arasında şifahi qaydada bağlanmış mülki hüquqi əqd (alğı-satqı müqaviləsi) üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində pozulmuş hüququnun bərpa edilməsinə dair iddiaçının tələbinin təşkil etməsi və tərəflərin daxil olduqları hüquq münasibətlərinin xarakterinin onların həm birgə, həm də ayrı-ayrı həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə bağlı olması hazırki mübahisənin kommersiya xarakterdə olmasını şərtləndirir. İşin məhkəmə araşdırması nəticəsində müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı tədarük etdiyi məhsulu cavabdehin sifarişi ilə razılaşdırılmış miqdarda cavabdehə təqdim etməklə onun mülkiyyətinə verməyə, cavabdeh isə təhvil aldığı məhsulun qiymətini təşkil edən pul vəsaitini şərtləşdirilən müddətdə iddiaçıya ödəməklə bağlı razılığa gəlmişlər. İddiaçı öz üzərinə düşən öhdəliyi yerinə yetirərək cavabdehə ümumi dəyəri 11349 manat təşkil edən kartof məhsulunu təhvil verdiyini, lakin cavabdeh tərəfindən ona cəmi 5500 manat pul ödənildiyini, cavabdehin qalan məbləği ödəməkdən müxtəlif bəhanələrlə yayındığını, nəticədə cavabdehin 5849 manat məbləğində borcunu qaldığını iddia edir. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir və iddiaya qarşı münasibətini bildirməmişdir. Məhkəmə ilk növbədə tərəflər arasında yaranmış münasibətin xarakterinə hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, tərəflər arasında satılan əşyanın qiymətinin müəyyən müddət sonra ödənilməsi şərti ilə şifahi alqı-satqı müqaviləsi bağlanılmışdır və işin müəyyən edilmiş faktiki halları Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulan alqı-satqı müqaviləsinə dair müvafiq normaların dispozisiya şərtlərinə uyğun gəldiyinə görə iddia tələbinin maddi hüquqi əsasını həmin normalar təşkil edir. Məhkəmə qeyd edir ki, mübahisəni tətbiq ediləcək maddi hüquq normalarına əsasən həll etməzdən əvvəl ilk olaraq işin mübahisəsiz və mübahisəli halları müəyyən edilməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsi qaydalarına uyğun olaraq tərəflərin öz tələb və etirazlarının əsası kimi gətirdikləri dəlillərə hüquqi qiymət verilməlidir. Məhkəmə, işdə olan sənədlərə, iddiaçının izahatına, cavabdehin polis orqanında verdiyi ifadəsinə və digər sübut əhəmiyyətli materiallara əsasən bu qənaətə gəlir ki, tərəflər arasında malların nisyə satışını nəzərdə tutan şifahi alğı-satqı müqaviləsinin bağlandığı, iddiaçı tərəfindən dəyəri 11349 manat olan malın cavabdehə verilməsi, cavabdeh tərəfindən 5500 manat məbləğində pul vəsaitinin iddiaçıya ödənilməsi işin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə hesab edir ki, işin mübahisəli halını cavabdeh tərəfindən təhvil alınmış malların dəyərinin tam şəkildə ödənilməməsi barədə iddiaçının tələbi təşkil edir. Belə ki, iddiaçı cavabdehin təhvil aldığı mallara görə ödənilməmiş 5849 manat məbləğində borcunun qaldığını iddia edir. Məhkəmə qeyd edir ki, göründüyü kimi mübahisənin predmetini satılan malın dəyərinin tam və ya qismən ödənilməsinin müəyyən və sübut edilməsi təşkil edir. Buna görə də məhkəmə hesab edir ki, mübahisə tərəflərinin dəlilləri sübutetmə ilə əlaqədardır və baxılan iş üzrə mübahisə sübutların mümkünlüyü, yetərliliyi və mötəbərliliyi əsasında sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsi prinsipinə uyğun həll edilməlidir. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı cavabdehə ümumi dəyəri 11349 manat dəyərində kartof məhsulunun verilməsi və bunun qarşılığında cavabdehin 5500 manat məbləğində ödəniş etdiyi barədə iddiaçının tələbi öz təsdiqini tapmışdır. Belə ki, cavabdeh, iddiaçının şikayəti əsasında polisdə aparılmış təhqiqat zamanı verdiyi izahatında iddiaçıdan 11349 manat dəyərində kartof məhsulu aldığını və iddiaçıya 5500 manat məbləğində pul verdiyini etiraf etmişdir. Buna görə də, həmin faktlar sübuta yetirilmiş hesab edildiyi üçün işin mübahisəsiz halları kimi müəyyən edilməlidir. Cavabdeh məhkəmə iclaslarında iştirak etməyərək iddiaya münasibətini bildirməsə də, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda onun mövqeyi belə olmuşdur ki, iddiaçıdan nisyə olaraq 11349 manat dəyərində toxumluq kartof alıb, aldığı məhsulun dəyərindən 5500 manat hissəsini iddiaçıya ödəsə də, qalan məhsulu nisyə qaydada iddiaçının qohumuna və digər şəxslərə satmışdır, lakin satılmış məhsulun dəyəri ödənilməmişdir. Bu barədə iddiaçının da məlumatı vardır və iddiaçı həmin şəxslərdən pulu tələb etmək əvəzinə əsassız olaraq ondan tələb edir. Məhkəmə belə qənaətə gəlir ki, cavabdehin yuxarıda qeyd olunan mövqeyi əsaslı hesab edilə bilməz. Belə ki, əvvəla cavabdeh iddiaçıdan ümumi dəyəri 11349 manat olan kartof məhsulunu satın aldığını bildirərək, tərəflər arasında alqı-satqı müqaviləsinin bağlandığını və iddiaçının həmin müqavilə üzrə üzərinə düşən öhdəliyi icra edərək alqısatqının obyekti olan malları ona təhvil verdiyini etiraf etmişdir. Digər tərəfdən, cavabdehin iddiaçıdan aldığı malın bir hissəsini digər şəxslərə nisyə verməsinə dair alğı-satqı müqavilələri cavabdehlə başqa şəxslər arasında bağlanmışdır və iddiaçı həmin müqavilələrin tərəfi olmamışdır. Buna görə də, həmin malların dəyərinin digər şəxslər tərəfindən cavabdehə ödənilməməsi, onu iddiaçı qarşısında aldığı malların dəyərini tam şəkildə ödəmək vəzifəsindən azad etmir. Məhkəmə, şərh olunanları yekunlaşdıraraq bu nəticəyə gəlir ki, iddiaçı verdiyi malın dəyərinin cavabdeh tərəfindən tam ödənilməməsi ilə bağlı öz tələbinin əsası kimi istinad etdiyi halları tam sübut edə bilmişdir. Buna görə də məhkəmə hesab edir ki, borc tələbinə dair hissədə iddia əsaslıdır və təmin edilməlidir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki halları belədir ki, iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək alqı-satqı obyekti olan malları cavabdehin mülkiyyətinə vermişdir, lakin cavabdeh malları təhvil alsa da, dəyərini tam ödəməmişdir. Buna görə də, iddiaçının pul tələbinə dair iddiası qanuni və əsaslıdır. Məhkəmə, gəldiyi nəticənin maddi hüquqi əsaslandırılması ilə bağlı qeyd edir ki, baxılan işdə iddiaçının cavabdehə qarşı pul tələbinin təmin edilməsi üçün hüquqi əsas, öhdəlik hüququnun ümumi tələbləri və tərəflər arasında mövcud olmuş alqı-satqı müqaviləsi üzrə alıcının vəzifə və məsuliyyətini müəyyən edən Mülki Məcəllənin müvafiq normaları təşkil edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2 və 329.3-cü maddələrinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 597.1-ci maddəsinə əsasən, alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin olunduğuna görə iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməli, müqavilə üzrə yaranmış borc məbləği, həmçinin məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş xərclər cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdeh X2 5849 manat pul vəsaiti və ödənilmiş 80 manat dövlət rüsumu olmaqla, cəmi 5929 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar