Məhkəmə qərarları › İş №e-2-2(121)-431/2020

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-431/2020

05.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-431/2020 05.06.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsi Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Pərviz Taleh oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh “xxxx” MMC-yə qarşı borcun tutulması tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 194.495,18 manat məbləğində borcun, həmin vəsaitin qanunsuz saxlanılmasına görə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi faiz uçot dərəcəsinə uyğun olaraq 7.25 faiz üzrə 14.100 manat, hüquqi yardıma görə ödənilmiş 3.500 manat, ümumilikdə 212.095,18 manat və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı MMC -yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı (“Satıcı”) ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (“Alıcı”) arasında xx xxxxxx 2017-ci il tarixdə Süd Təchizatına dair Müqavilə imzalanmışdır. Həmin müqavilənin predmetini “Satıcı” tərəfindən südün “Alıcı” ya satılması və “Alıcı” tərəfindən isə südün qəbul edilərək əvəzində onun qiymətinin “Satıcı”ya ödənilməsi təşkil edir. İddiaçı müqavilə üzrə öz öhdəliklərini yerinə yetirərək südün göndərilməsini təmin etmiş, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti isə təhvil alınmış südə görə ödənişi həyata keçirməyərək müqavilə üzrə götürdüyü öhdəlikləri pozmuşdur. Belə ki, xx.xx.2018-ci il tarixdə İddiaçı və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən birgə tərtib olunmuş qarşılıqlı üzləşmə aktına əsasən, “Alıcı”nın “Satıcı”ya borcu 259.736,83 AZN (iki yüz əlli doqquz min yeddi yüz otuz altı manat səksən üç qəpik) təşkil etmişdir. “Satıcı” tərəfindən müqavilə üzrə öhdəliklərin həyata keçirilməsi üçün “Alıcı”ya dəfələrlə şifahi xəbərdarlıq edilməsinə, həmçinin xx.xx.2020-ci il tarixdə pretenziya məktubunun göndərilməsinə baxmayaraq, “Alıcı” bu günə qədər sözügedən müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. “Alıcı” müxtəlif dövrlərdə müəyyən ödənişlər etmişdir və hal-hazırda “Alıcı”nın “Satıcı”ya olan borcu 194 495,18 AZN (yüz doxsan dörd min dörd yüz doxsan beş manat on səkkiz qəpik) təşkiledir.Tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmış və İddiaçı müqavilə üzrə öhdəliklərini icra edərək müqavilədə nəzərdə tutulan malı “Alıcı”ya vermişdir. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti isə müqavilə üzrə öhdəliklərini yerinə yetirməyərək təchiz olunmuş südün dəyərini ödəmədiyinə görə, İddiaçı 194.495,18 AZN (yüz doxsan dörd min dörd yüz doxsan beş manat on səkkiz qəpik) məbləğində pul borcunun və pul öhdəliyinin icra edilməsini gecikdirməklə yaranmış olan faiz məbləğinin alınaraq ona ödənilməsini tələb etməkdə haqlıdır. Bu səbəbdən iddiaçı hazırda məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb, iddiaçının nümayəndəsi və vəkilini dinləyib, hesab edir ki, iddia tələbi qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan süd təchizatına dair xx xxxxxx 2017-ci il tarixli müqavilənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı MMC (Satıcı) ilə “xxxx” MMC (Alıcı) arasında süd təchizatına dair müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, “Satıcı” bu müqavilədə göstərilən spesifikasiyalara uyğun, razılaşdırılmış vaxt əsasında südü “Alıcı”ya satmağı “Alıcı” isə həmin həcmdə südü qəbul edib dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx xxxxxx 2017-ci il tarixli müqaviləyə 1 saylı əlavə olan, satış üçün nəzərdə tutulan hazır məhsulun qiymətlərinin razılaşdırma protokolunun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı MMC (Satıcı) ilə “xxxx” MMC (Alıcı) arasında satış üçün nəzərdə tutulan hazır məhsulun qiymətlərinin razılaşdırma protokolu tərtib olunmuşdur. Razılaşdırma protokoluna əsasən 1 litr inək südünün qiyməti 0,68 manat müəyyən edilmişdir. İş materiallarında olan xx xxxxxx 2018-ci il tarixli üzləşmə aktının surətindən görünür ki, “xxxx” MMC-nin xx.xx.2018-ci il tarixə İddiaçı MMC-yə olan borcunun miqdarı 269.736,83 manat təşkil edir. Üzləşmə aktı “xxxx” MMC tərəfindən imzalanmış və möhürlə təsdiq olunmuşdur. İş materiallarında olan qarşılıqlı borcların üzləşdirilməsi barədə aktın təsdiq edilmiş surətindən görünür ki, “xxxx” MMC ilə İddiaçı MMC arasında 2018-ci ilin əvvəlindən xx xxxxxx 2018-ci il tarixinə borclar barədə qarşılıqlı üzləşmə aparılmışdır və nəticədə “xxxx” MMC-nin İddiaçı MMC-yə olan borcunun miqdarı 259.736,83 manat təşkil etmişdir. Üzləşmə aktı “xxxx” MMC və İddiaçı MMC tərəfindən imzalanaraq, möhürlərlə təsdiq olunmuşdur. İş materiallarında olan qaimə fakturaların təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2019-cu il tarixli, AA000458 saylı qaimə əsasında 20.086 litr, xx.xx.2019-cu il tarixli, AA000462 saylı qaimə əsasında 20.158 litr və xx.xx.2019-cu il tarixli, AA000498 saylı qaimə əsasında 20.000 litr, ümumilikdə 60.244 litr süd İddiaçı MMC tərəfindən “xxxx” MMC-yə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, EAAP seriyalı, 791900 saylı elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən “xxxx” MMC-yə təhvil verilmiş 60.244 litr südün dəyəri olan 39.158,60 manat pulun ödənilməsi “xxxx” MMC-dən tələb olunmuş, “xxxx” MMC elektron qaiməni elektron qaydada qəbul edərək təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, AB000292 saylı qaimə fakturanın təsdiq edilmiş surətindən görünür ki, həmin qaimə əsasında 20.135 litr süd İddiaçı MMC tərəfindən “xxxx” MMC-yə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, EAAR seriyalı, 361686 saylı elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən “xxxx” MMC-yə təhvil verilmiş 20.135 litr südün dəyəri olan 13.087,75 manat pulun ödənilməsi “xxxx” MMC-dən tələb olunmuş, “xxxx” MMC elektron qaiməni elektron qaydada qəbul edərək təsdiq etmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən “xxxx” MMC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, süd təchizatına dair xx xxxxxx 2017-ci il tarixli müqavilə əsasında aldığı süd məhsuluna görə 194.495,18 manat ödənişi gecikdirilmiş borc olması barədə xəbərdar edilmişdir. Xəbərdarlıqlara baxmayaraq bugünə qədər borc məbləğini ödəmədiyi, qanunun tələblərinə uyğun olaraq ondan 194.495,18 manat borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə qeyd olunan borc ödənilmədiyi halda qanunvericiliyin tələblərinə əsasən borcun və ödəniləcək dövlət rüsumunun, o cümlədən iddia ilə bağlı çəkiləcək digər xərclərin ondan tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə “xxxx” MMC məlumatlandırılmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli vəkil orderindən və xx.xx.2020-ci il tarixli, 03 saylı hesab-fakturadan və xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC ilə Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Vəkil arasında hüquqi yardımın göstərilməsi haqqında müqavilə bağlanılmış, İddiaçı MMC tərəfindən 16 saylı Vəkil Bürosunun hesabına həmin müqavilə üzrə 3.500 manat pul köçürülmüşdür. İş materiallarından görünür ki, İddiaçı MMC 30,40 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir Həmin Məcəllənin 567-ci maddəsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Məhdud MMC ilə “xxxx” MMC arasında süd təchizatına dair xx xxxxxx 2017-ci il tarixli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, “Satıcı” bu müqavilədə göstərilən spesifikasiyalara uyğun, razılaşdırılmış vaxt əsasında südü “Alıcı”ya satmağı “Alıcı” isə həmin həcmdə südü qəbul edib dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliyə əməl etməmişdir. İddiaçı xx.xx.2020-ci il tarixli, 03/10-06 saylı pretenziya ilə cavabdehə borcun qaytarılması ilə bağlı xəbərdarlıq göndərərək, borcun qaytarılmasını tələb etsə də, cavabdeh həmin müddət ərzində borcun ödənilməsini təmin etməmişdir. Borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi tərəflər arasında yaranan hüquq münasibətləri süd təchizatına dair xx xxxxxx 2017-ci il tarixli müqavilədən irəli gəlir. İddiaçı qarşılıqlı borcların üzləşdirilməsi barədə akta əsasən xx xxxxxx 2018-ci il il tarixli akta əsasən, cavabdehin həmin tarixə 259.736,83 manat borcu olduğuna, lakin sonradan ödənişlər edilərək, hazırda 194.495,18 manat borcunun qaldığını bildirir. Beləliklə, cavabdehin süd təchizatına dair xx xxxxxx 2017-ci il tarixli müqaviləyə əsasən, iddiaçıya borclu olması iş materialları ilə tam təsdiq olunduğundan, o cümlədən cavabdeh tərəfindən həmin borcun olmamasına və ya daha az olmasına dair hər-hansı sübut təqdim edilmədiyindən, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin olunmalıdır. İddiaçı tərəfindən cavabdehdən ödənilməli əsas borcla birlikdə 7,25% bank uçot faiz dərəcəsi ilə 14.100 manat faiz borcunun ödənilməsini də tələb edilmişdir. Həmin borcun tutulmasını iddiaçı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin plenumunun xx xxxx 2009-cu il tarixli qərarınnda göstərilmişdir ki, mülki qanunvericilik öhdəliklərin icra edilməməsinə görə məsuliyyət müəyyən edir. Belə ki, MM-in 449.1-ci maddəsi nəzərdə tutur ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank üçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: - qanunsuz saxlama; - qaytarmaqdan boyun qaçırma; - ödənilməsini digər şəkildə gecikdirmə; - başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, Mülki Məcəllənin bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, Mülki Məcəllənin “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Məhkəmə hesab edir ki, iddiaçı ona məxsus pul vəsaitinin cavabdehdə qanunsuz saxlanılması nəticəsində ondan faydalanmasını (gəlir, artım, bəhər əldə etdiyini) məhkəmə araşdırması zamanı sübuta yetirə bilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu, həmçinin hüquqi yardım üçün 3.500 manat məbləğində pul ödənilmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını və işin hallarını nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 5 manatı iddiaçıya aid edilməli, 25 manatı isə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin məhkəmə, hüquqi yardıma görə ödənilmiş 3.500 manat pulun 2.000 manat hissəsinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını ağlabatan hesab edir və qalıq 1.500 manatın iddiaçıya aid edilməli olduğu qənaətinə gəlir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-cı, 220-ci, 227-ci, 358-ci, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən 194.495,18 manat borc, hüquqi yardıma görə ödənilmiş 2.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat olmaqla, cəmi 196.520,18 (bir yüz doxsan altı min beş yüz iyirmi manat, 18 qəpik) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar