Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-433/2022 19.04.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil oğlunun, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08 iyul 2021-ci il tarixli 1293/S-2021 nömrəli müqaviləyə əsasən 28.288.72 (iyirmi səkkiz min iki yüz səksən səkkiz manat yetmiş iki qəpik) borcun və bu məbləğin gecikdirilmiş 122 gün üçün 0,1%-ni təşkil edən 3.875,55 (üç min səkkiz yüz yetmiş beş manat əlli beş) qəpiyini təşkil edən cərimə məbləğinin, ümumilikdə 32.164.27 (otuz iki min yüz altmış dörd manat iyirmi yeddi qəpiyin Cavabdeh tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aralarında bağlanmış 08 iyul 2021-ci il tarixli 1293/S-2021 nömrəli müqaviləyə əsasən alıcı onlardan mal və avadanlıqlar əldə etmişdir. Bununla əlaqədar olaraq cavabdehə 08.07.2021-ci il tarixində 555164 nömrəli elektron-qaimə verilmişdir. Qeyd edilən mallar 08.07.2021-ci il tarixində cavabdehə təhvil verilmişdir. Həmin müqavilənin 2.2.3-cü maddəsinə əsasən cavabdeh göstərilmiş müddət ərzində ödəniş etmədiyinə görə gecikdirilmiş hər gün üçün 0,1 % cərimə ödəmək öhdəliyi daşımaqdadır. Cavabdehə verilmiş mediasiya təklifi qəbul edilsə də, ilkin mediasiya təklifindən sonra prosesin davam etdirilməsindən imtina edilmişdir. Həmçinin cavabdehə pretenziya da verilsədə heç bir ödəniş edilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 izahat verərək iddiaçı tərəfindən göndərilən 28.288,72 manat təşkil edən malların qəbul edildiyini, iddia tələbini əsas borca münasibətdə qəbul etdiyini, lakin cərimə borcu ilə razılaşmadığını bildirərək məhkəmədən qanuna müvafiq qaydada qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 08 iyul 2021-ci il tarixli, 1293/S-2021 saylı alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında malların alqı-satqısı barədə müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, müqavilənin predmeti satıcının anbarından alıcı tərəfindən mal və avadanlıqların alınmasıdır. Həmin müqavilənin 2.2.2-ci bəndinə əsasən, bu müqavilənin mövzusunda bəhs edilən razılaşmalar üzrə alğı-satqısı həyata keçiriləcək malların haqqı satıcı tərəfindən təqdim ediləcək ödəniş sənədləri və təhvil-qəbul sənədi əsasında 15 təqvim günü ərzində alıcı tərəfindən köçürmə yolu il satıcının bank hesabına ödənilir. Həmin müqavilənin 2.2.3-cü bəndinə əsasən əgər Alıcı göstərilmiş müddət ərzində ödəniş etməzsə və ya satıcı malı göstərilən müddətdə təhvil verməzsə, gecikdirilmiş hər gün üçün malların dəyərinin 0,1 % həcmində cərimə ödəməlidir. İş materiallarında olan 08.07.2021-ci il tarixli555164 saylı EBBE seriyalı 555164 saylı elektron qaimədən görünür ki, ümumilikdə 28.288,72 manat məbləğində mallar (tikinti materialları) Cavabdeh təhvil verilmişdir. Cavabdeh elektron qaiməni imzalayaraq malları qəbul etdiyini təsdiq etmişdir. İş materiallarınd aolan 08.07.2021-ci il tarixli, 01 nömrəli mal və materialların təviltəslim aktından görünür ki, "xxxx" MMC tərəfindən X2 1293/S-2021 nömrəli müqavilə əsasında ümimilikdə 28.288,72 manat məbləğində mallar (tikinti materialları) təhvil verilmiş, Cavabdeh həmin malları (tikinti materiallarını) təhvil alaraq öz imzası ilə aktın doğruluğunu təsdiq etmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubundan görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış alğı-satqı müqaviləsi üzrə yaranmış borcun 5 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh məlumatlandırılmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında tikinti materiallarına dair alqı-satqı müqaviləsi bağlanılmış, iddiaçı tərəfindən cavabdehə mallar verilmişdir. İddiaçı tərəfindən təhvil verilən mallar cavabdeh tərəfindən təhvil alsa da cavabdeh malların dəyərini ödəməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.11-6-cı maddəsinə əsasən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 71-1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı təqdim (tərtib) etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli, 26 saylı qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 1.2-ci bəndinə əsasən Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən elektron qaiməfaktura yalnız vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş şəxslər tərəfindən hazırlanır və təqdim edilir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin portalında (bundan sonra – Portal) yaradılmış elektron qaimə-faktura sistemində Azərbaycan dilində hazırlanır. Vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə Portala daxil olaraq elektron qaimə-fakturanı hazırlayır, təsdiq edir və göndərir. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən elektron qaimə-fakturanın hazırlanaraq qeydə alındığı (göndərildiyi) tarix həmin elektron qaiməfakturanın verilmə tarixi sayılır. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən elektron qaiməfaktura vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, mallar Azərbaycan Respublikası Vergi Məcəlləsi və Nazirlər Kabinetinin 02.02.2021-ci il tarixli, 26 saylı Qərarı ilə müəyyən olunmuş qaydalara uyğun təhvil verilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatla, elektron qaimə-faktura və təhvil-təslim aktı ilə təqdim olunmuş mallar üzrə cavabdehin iddiaçıya ümumilikdə 28.288,72 manat borcunun olması öz təsdiqini tapdığından, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən, iddia əsas borca münasibətdə təmin edilməlidir. Məhkəmə iddianın 3.875,55 manat cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır. Məhkəmə işin hallarını və iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini qeyd edərək bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə 387 manat məbləğində penya (dəbbə pulu) tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 28.288,72 manat məbləğində əsas borc və 387 manat məbləğində cərimə məbləği, ümumilikdə 28.675,72 (iyirmi səkkiz min altı yüz yetmiş beş manat, yetmiş iki qəpik) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-433/2022
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-433/2022
19.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver