Məhkəmə qərarları › İş №e-2-2(121)-4356/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-4356/2025

21.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-4356/2025 21.01.2026 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Nəbiyev Rəmzi Sultan oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi” barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə müəyyən etdi: Tələb:

1. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, İddiaçı MMC tərfindən Cavabdeh verilmiş mallara görə ödənilməmiş 3368.77 manat borcun, 96 manat faiz məbləğinin, 58 manat dövlət rüsumunun və 300 manat vəkil xidmətinə görə ödənilmiş məbləğin, cəmi 3822.77 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq iddiaçı Fostanpak MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdehilə İddiaçı arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən tərəfimizdən cavabdehə bizim müəssisəmiz tərəfindən istehsal olunan və xaricdən idxal olunmuş malların satılması və dəyərinin ödənilməsi razılaşdırılmışdır. Müqavilə şərtlərinə əsasən İddiaçı tərəfindən verilmiş malların dəyərinin 10 (on) iş günü müddətində cavabdeh tərəfindən ödənilməsimüəyyən edilmişdir. FST-25-964 nömrəli və xx.xx.2025 ci il tarixli Müqavilə əsasında, cavabdehə göndərilmiş və qəbul etdilmiş malların elektron qaiməsi təqdim olunmuşdur. Belə ki, xx.xx.2025-ci il tarixli MT2503 11842315 saylıelektron qaimədə 2415 (iki min dörd yüz on beş) manat əsas məbləğ və 434,70 (dörd yüz otuz dörd manat yetmiş qəpik) manat ƏDV məbləğindən, qismən 1500 (bir min beş yüz) manat hissəsi ödənilmişdir. xx.xx.2025-ci il tarixli MT2503 11960613 saylı elektron qaimədə 966 (doqquz yüz altmış altı) manat əsas məbləğ və 173,88 (yüz yetmiş üç manat səksən səkkiz qəpik) manat ƏDV məbləğinin ödənişi isə bu günə qədər tam şəkildə həyata keçirilməmişdir. xx.xx.2025-ci il tarixli MT2504 10647670 saylıelektron qaimədə isə 2847,42 (iki min səkkiz yüz qırx yeddi manat qırx iki qəpik) manat əsas məbləğ və 512,54 (beş yüz on iki manat əlli dörd qəpik) manat ƏDV məbləğindən isə malların 2480,77 (iki min dörd yüz səksən manat yetmiş yeddi qəpik) manatlıq hissəsi geri qaytarılmışdır. Yuxarıda qeyd etdiyim müqavilə əsasında ödənilməyən borc 3368,77 (üç min üç yüzaltmış səkkiz manat yetmiş yeddi qəpik) manat məbləğindədir. Cavabdeh ilə İddiaçıarasında xx.xx.2025-ci il tarixli qarşılıqlı üzləşmə aktı tərtib edilmiş və 6228.42 manat əsas borcun,1121.12 ƏDV məbləği ödənilməli olduğu təsdiq edilmişdir. Bu borcdan qaytarılmış malların dəyəri çıxıldıqdan sonra 3368.77 manat ödənilməmiş borc qalmışdır. Cavabdeh tərəfindən alınmış malların dəyərinin ödənilməsi ilə əlaqədar pretenziya göndərilmiş, lakin qalan borc məbləğinin ödənilməsi təmin olunmamışdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada İddiaçı MMC tərfindən 58 manatmiqdarında dövlət rüsumu ödənilmişdir. Eynizamanda İddiaçı MMC tərfindən 300 manat miqdarında vəkil xidmətinə görə muzd ödənilmişdir

İddia ərizəsinə etiraz:

3. İddia ərizəsinin icraata götürülməsinə dair qərardad və Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinin tələblərinin qeyd olunduğu məhkəmə bildirişi (iddia ərizəsinin surəti və prosessual hüquq və vəzifələrin izahı barədə bildiriş əlavə olunmaqla) X1 “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilməklə təqdim olunmuş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz, iddia tələbinin əsassızlığına dair sübut məhkəməyə təqdim edilməmişdir.

Məhkəmə baxışının hədləri:

4. Mülki Prosessual Məcəllənin: - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

5. Məhkəmə, xx.xx.2025-ci il tarixli, e-2-2(121)-4356/2025 nömrəli qərardadla iddia ərizəsinin kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmə icraatını mümkün hesab etmişdir.

Əsaslandırıcı hissə:

a) İş materialları və sübutların tədqiqi:

6. İş materiallarında olan İddiaçı MMC (Satıcı) ilə Cavabdeh (Alıcı) arasında bağlanmış xx.xx.2025-ci il tarixli, FST-25-964 nömrəli Alqı-Satqı Müqaviləsinin: -1.1-ci bəndinə əsasən, Müqaviləyə əsasən “Satıcı" “Alıcfı”ya “e-qaimə faktura” vasitəsilə (bundan sonra "Mal") satır, “Alıcı" isə həmin Malı qəbul edir və Müqavilə ilə razılaşdırılmış şərtlərlə Malın dəyərini “Satıcf’ya bu müqavilədə nəzərdə tutulmuş müddətdə ödəyir. 4.1-ci bəndinə əsasən, "Satıcı" Müqaviləyə uyğun olaraq “Ahcı” tərəfindən malmaterialların alınmasına dair razılaşmalar başa çatdıqdan sonra mal-materialları “Alıcf’ya təhvil verməyi öhdəsinə götürür. 4.2-ci bəndinə əsasən, Mal-materialların təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski “Satıcf'nın mal-materialları “Alıcı”’ya təqdim etdiyi andan etibarən “Alıcı”ya keçir. Malın “Alıcı”’ya təqdim edilməsi anı, həmin qaimədə göstərilən malın alınmasına dair sənədə “Alıcı” və ya onun nümayəndəsi tərəfindən imza atıldığı vaxt hesab olunur. 4.3-cü bəndinə əsasən, "Satıcı" tərəfindən e-qaimə təqdim edildikdən sonra beş gün müddətində mallardan imtina edilmədiyi halda həmin malların dəyərini şərtsiz olaraq tam ödəməyi öhdəsinə götürür. 4.4-cü bəndinə əsasən, Hüquqi və ya rəsmi qeydə alınmış ünvanda dəyişiklik edən tərəf digər tərəfi bu barədə dərhal xəbərdar etməlidir. Əks təqdirdə, son məlum ünvana göndərilmiş müraciətlər həmin tərəfə çatdırılmış hesab olunacaq. 5.1-ci bəndinə əsasən, “Alıcı” Azərbaycan Respublikasının Vergilər Nazirliyinə ticarət fəaliyyətinin dayandırılması ilə bağlı müraciət etdikdə, bu barədə “Satıcı”nı dərhal xəbərdar etməlidir. Əks təqdirdə, məlum ünvana göndərilmiş mallar “Alıcf’ya çatdırılmış hesab olunacaq. 5.2-ci bəndinə əsasən, Tərəflər Müqavilə ilə bağlı meydana gələn bütün mübahisə və fikir ayrılıqlarını mümkün olduğu təqdirdə danışıqlar yolu ilə həll etməyi öhdələrinə götürürlər. 5.3-cü bəndinə əsasən, Tərəflər Müqavilə ilə bağlı meydana gələn mübahisələri danışıqlar yolu ilə həll edə bilmədikdə, mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən müvafiq məhkəmələrdə həll edilir.

7. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 10647670 saylı MT2504 seriyalı və xx.xx.2025-ci il tarixli, MT2503 seriyalı, 11842315 saylı, xx.xx.2025-ci il tarixli, MT2503 seriyalı, 11960613 saylı elektron qaimələrdən görünür ki, ümumilikdə 7349,53 manat məbləğində mallar (tikinti materialları) Cavabdeh təhvil verilmişdir.

8. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında imzalanmış xx.xx.2025-ci il tarixli “Borc üzrə öhdəlik Aktı”na əsasən Cavabdeh xx.xx.2025-ci il tarixinədək iddiaçıya 7349,54 manat məbləğində ödəniş etməyi tam ödəməyi öz öhdəsinə götürmüşdür.

9. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında imzalanmış xx.xx.2025-ci il tarixli “Qarşılıqlı borcların üzləşdirilməsi Aktı”ndan görünür ki, Cavabdeh 7349,54 manat məbləğində borcu olduğunu qəbul etmiş və həmin borcu xx.xx.2025-ci il tarixinədək tam ödəməyi öz öhdəsinə götürmüşdür.

10. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli, pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış alqı-satqı müqaviləsi üzrə yaranmış 3368,77 manat borcun 10 iş gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh məlumatlandırılmışdır.

11. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 13160646 saylı ödəniş tapşırığının surətindən görünür ki, iddiaçı tərəfindən ona göstərilən hüquqi yardıma görə vəkil X3 oglunun hesabına 300 manat pul vəsaiti vödənilmişdir.

12. İş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 58 manat dövlət rüsumu ödənilmişdir.

b) Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 567-ci maddəsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

- 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

c) Məhkəmənin mövqeyi:

15. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə uyğun olaraq işə, təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir.

16. Məhkəmə ilkin olaraq qeyd edir ki, tərəflər arasında faktiki alqı-satqı münasibətləri mövcuddur. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin görünür ki, “Satıcı" (iddiaçı) “Alıcı”ya (cavabdeh) “e-qaimə faktura” vasitəsilə (bundan sonra "Mal") satır, “Alıcı" isə həmin Malı qəbul edir və Müqavilə ilə razılaşdırılmış şərtlərlə Malın dəyərini “Satıcı”ya bu müqavilədə nəzərdə tutulmuş müddətdə ödəyir.

17. Ona görə də, məhkəmə hesab edir ki, hazırki mübahisəyə mülki qanunvericiliyin alqı-satqı müqaviləsinə dair müddəaları tətbiq edilməlidir.

18. Məhkəmə, həmçinin alqı-satqı müqaviləsinin hüquqi qüvvəsi ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin alqı-satqı müqaviləsi ilə əlaqədar qeyd olunan maddələrinin tələbindən göründüyü kimi alqı-satqı müqaviləsi üüçün məcburi forma şərti nəzərdə tutulmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, tərəflər arasında etibarlı alqı-satqı münsibətləri mövcuddur.

19. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən hesab edir ki, iddiaçı alqı-satqı müqaviləsinin predmeti olan əşyaları cavabdehin mülkiyyətinə verdiyini, cavabdeh isə qəbul etdiyi əşyaların qəbul əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödədiyini sübut etməlidir.

20. Bu baxımdan, məhkəmə qeyd edir ki, iddiaçı alqı-satqı müqaviəsinə müvafiq olaraq öhdəliklərini yerinə yetirməsini sübut etmişdir. Lakin cavabdeh aldığı malın dəyərini nağd və ya köçürmə yolu ilə iddiaçıya tam olaraq ödədiyini sübut etməli olduğu halda, iddia ərizəsinə qarşı etiraz verməmiş, iddia tələbinin əsassızlığına dair dəlilləri məhkəməyə təqdim etməmişdir. Əksinə iş materiallarında olan qarşılıqlı üzləşdirmə aktı və digər sənədlərdən cavabdehin iddiaçıya 7349,54 manat məbləğində borcunun olması, lakin öhdəliyini qismən icra etməklə qalıq borcunun 3368,77 manat təşkil etməsi tam sübuta yetirilir.

21. Məhkəmə cavabdehin əsas öhdəliyini gecikdirməsini nəzərə alaraq, hesab edir ki, iddia tələbi 96 manat gecikdirmə faizinə aid hissədə də əsaslıdır.

Məhkəmə xərcləri:

22. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən hesab edir ki, iddia təmin olunduğundan iş üzrə ödənilmiş 58 manat dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq iddiaçıya ödənilməlidir.

23. Məhkəmə, iddiaçıya hüquqi yardımla bağlı ödənilmiş 300 manat xərci ağlabatan hesab edərək qeyd edir ki, həmin pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Nəticə:

24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

q ə t e t d i:

İddia təmin edilsin. Cavabdeh 3368,77 manat əsas borc, 96 manat gecikdirmə faizi, 300 manat hüquqi yardımla bağlı vəkil xərci və ödənilmiş dövlət rüsumuna görə 58 manat olmaqla, cəmi 3822,77 (üç min səkkiz yüz iyirmi iki manat, yetmiş yeddi qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar