Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-44/2023 06.04.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2, Cavabdeh nümayəndəsi Nümayəndə1 və vəkili Vəkil iştirakları ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbi barədə iddiasında dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli, 05/208 nöməli alqısatqı müqaviləsinə əsasən yaranmış 145095.73 manat qalıq borcun, mediasiya üçün ödənilmiş 400 manat iş üzrə dövlət rüsumuna, ödənilmiş 235 manat, cəmi 145730.73 pul vəsaitinin tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" QSC-nin Baş direktorunun əməliyyat məsələləri üzrə müavini X1 şəxsində Cavabdeh MMC-nin direktoru X2 şəxsində xx.xx.2020ci il tarixdə 05/208 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin ümumi məbləği (ƏDV ilə birlikdə) 21 381 000 (iyirmi bir milyon üç yüzsəksən bir min) manat təşkil etmişdir. Müqavilənin 5.1-ci bəndinə əsasən müqavilə öhdəliklərinin yerinə yetirilməməsinə və lazımınca yerinə yetirilməməsinə görə tərəflərin məsuliyyəti Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyənləşdirilir. Cavabdeh MMC müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam olaraq yerinə yetirmədiyindən 145095.73 manat (yüz qırx beş min doxsan beş manat 73 qəpik) qalıq borcu yaranmışdır. Müqavilənin 7.1-ci bəndinə əsasən tərəflər mübahisəli məsələləri qarşılıqlı razılıqla həll edir. Yaranmış mübahisəli məsələ barədə tərəflər ümumi razılığa gəlməzsə, mübahisəyə Azərbaycan Respublikasının müvafiq məhkəmələrində baxılır. Bununla bağlı tərəflər arasında yaranmış mübahisənin danışıqlar yolu ilə həll olunmasına təşəbbüs göstərilsə də qarşı tərəf bu təşəbbüsü düzgün dəyərləndirməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 izahat verərək bildirmişdir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin baş icraçı direktorunun əməliyyat məslələri üzrə müavini X1 şəxsində Cavabdeh MMC-nin direktoru X2 şəxsində xx.xx.2020-ci il tarixdə 05/208 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh MMC xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə olan dövr ərzində ƏDV daxil olmaqla 5.939.632,13 manat məbləğində (Avto benzin Aİ-92, Dizel yanacağı, Yaö AK-15, Yağ S-11) neft məhsullarını almış, lakin alınan məhsullara görə ƏDV daxil 5.794,533 manat pul mədaxil edilmişdir. Göründüyü kimi 145.099,13 manat pul vəsaiti bu günədək ödənilməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli etibarnamə ilə Cavabdeh MMC-nin sabiq direktoru X5 "xxxx" QSC-nin neft terminalından neft məhsullarını almağı səlahiyyətli nümayəndəsinə həvalə etmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh MMC-nin rəhbəri və mühasibinin imzaları və möhürlə ayrı-ayrı vaxtlarda malların alınması üçün 6 ədəd vəkalətnaməyə əsasən səlahiyyət verilmişdir. Həmin neft məhsullarının Cavabdeh MMC-yə verilməsini təsdiq edən elektron qaimə və qaimə fakturaya əlavələr elektron kabinetə yerləşdirilmişdir. Beləliklə də mübahisəsiz haldır ki, tərəflər arasında müqavilə əsasında yaranmış öhdəliklərə əsasən cavabdehə neft məhsulları verilmiş lakin onun dəyəri tam olaraq ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə1 və vəkili Vəkil izahat verərək xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək iddiaçı tərəfindən 145.095,73 manat məbləğində neft məhsullarının təhvil verilmədiyini bildirərək iddianın rədd olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 01 yanvar 2020-ci il tarixli, 05/208 saylı alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında malların alqı-satqısı barədə müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, satıcı bu müqaviləyə əlavə edilmiş təsnifatda göstərilən miqdarda və keyfiyyətdə neft məhsullarını alıcıya satmağı, alıcı isə həmin neft məhsullarını keyfiyyətinə, kəmiyyətinə uyğun olaraq, təsnifatda göstərilən miqdarda, qiymətə və müddətə qəbul edib, malın dəyərini əvvəlcədən satıcıya ödəməiyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, müqavilənin ümumi məbləği təsnifata müvafiq olara (ƏDV ilə birlikdə) 21.381.000 (iyirmi bir milyon üç yüz səksən bir min) manat təşkil edir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən, alıcı məhsulun dəyərini, satıcının təqdim etdiyi hesab-fakturaya əsasən əvvəlcədən köçürmə yolu ilə satıcıya ödəyir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən “Alıcı” müəyyən olunmuş miqdarda neft məhsullarını “Satıcı”nın Azərbaycan Respublikasının ərazisində yerləşən hər hansı bir X6 öz nəqliyyat vasitələri və vəsaitləri hesabına daşıyır. İşdə olan 01 yanvar 2020-ci il tarixli, 05/28 saylı müqavilənin təsnifatından görünür ki, tərəflər 2020-ci il üçün ümumi dəyəri 21.381.000 manat neft məhsullarının satışı barədə razılığa gəlmişlər. İş materiallarında olan xx.xx.2020 – xx.xx.2020-ci il tarix aralığını əks etdirən “Müştərinin cari hesabı haqqında hesabat”dan görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə 16 mart 2020-ci il tarixə qədər ƏDV daxil olmaqla, ümumilikdə 5.939.632,13 manat məbləğində mallar təhvil verilmiş, Cavabdeh tərəfindən isə 01 yanvar 2020-ci il tarixdən 29 mart 2020-ci il tarixə qədər ƏDV daxil olmaqla, ümumilikdə 5.794.533 manat ödənilmişdir. Cavabdeh tərəfindən sonuncu ödəniş 29 mart 2020-ci il tarixində 601.070 manat məbləğində olmuşdur. İş materiallarında olan ƏZY seriyalı, 014728 nömrəli, 01 yanvar 2020-ci il tarixli “Malların alınması üçün vəkalətnamə”nin surətindən görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" QSC-də olan malları (Aİ-92, dizel) təhvil alması üçün X3 31 yanvar 2020-ci ilədək vəkalətnamə verilmişdir. İş materiallarında olan ƏZY seriyalı, 014727 nömrəli, 02 yanvar 2020-ci il tarixli “Malların alınması üçün vəkalətnamə”nin surətindən görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" QSC-də olan malları (Aİ-92, dizel, premium) təhvil alması üçün X4 31 yanvar 2020-ci ilədək vəkalətnamə verilmişdir. İş materiallarında olan ƏZY seriyalı, 014730 nömrəli, 01 fevral 2020-ci il tarixli “Malların alınması üçün vəkalətnamə”nin surətindən görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" QSC-də olan malları (Aİ-92, dizel) təhvil alması üçün X3 29 fevral 2020-ci ilədək vəkalətnamə verilmişdir. İş materiallarında olan ƏZY seriyalı, 014729 nömrəli, 01 fevral 2020-ci il tarixli “Malların alınması üçün vəkalətnamə”nin surətindən görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" QSC-də olan malları (Aİ-92, dizel) təhvil alması üçün X4 29 fevral 2020-ci ilədək vəkalətnamə verilmişdir. İş materiallarında olan ƏZY seriyalı, 016641 nömrəli, 02 mart 2020-ci il tarixli “Malların alınması üçün vəkalətnamə”nin surətindən görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" QSC-də olan malları (Aİ-92, dizel) təhvil alması üçün X3 31 mart 2020-ci ilədək vəkalətnamə verilmişdir. İş materiallarında olan ƏZY seriyalı, 016642 nömrəli, 02 mart 2020-ci il tarixli “Malların alınması üçün vəkalətnamə”nin surətindən görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" QSC-də olan malları (Aİ-92, dizel) təhvil alması üçün X4 31 mart 2020-ci ilədək vəkalətnamə verilmişdir. İş materiallarında olan "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə təqdim edilmiş elektron qaimələrdən və qaimə-fakturaya əlavələrdən görünür ki, "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2020-ci il tarixdən 16 mart 2020-ci il tarixədək ümumilikdə 5.939.632,13 manat məbləğində neft məhsulları təqdim edilmişdir. İş materiallarında olan “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” 07 sentyabr 2022-ci il tarixli arayışın surətindən görünür ki, "xxxx" QSC tərəfindən 400 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında neft məhsullarına dair alqı-satqı müqaviləsi bağlanılmış, iddiaçı tərəfindən cavabdehə 5.939.632,13 manat məbləğində neft məhsulları satılmışdır. İddiaçı tərəfindən həm qaimə fakturalara, həm də elektron qaimələrə əsasən təhvil verilən mallar cavabdeh tərəfindən təhvil alınsa da cavabdeh ƏDV daxil olmaqla 5.794.533 manat məbləğində ödəniş etmiş, nəticədə malların dəyərini tam ödəməmişdir. Sonuncu dəfə cavabdeh tərəfindən 29 mart 2020-ci il tarixində 601.070 manat məbləğində ödəniş həyata keçirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.11-6-cı maddəsinə əsasən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 71-1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı təqdim (tərtib) etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli, 26 saylı qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 1.2-ci bəndinə əsasən Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən elektron qaimə-faktura yalnız vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş şəxslər tərəfindən hazırlanır və təqdim edilir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin portalında (bundan sonra – Portal) yaradılmış elektron qaimə-faktura sistemində Azərbaycan dilində hazırlanır. Vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə Portala daxil olaraq elektron qaimə-fakturanı hazırlayır, təsdiq edir və göndərir. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən elektron qaimə-fakturanın hazırlanaraq qeydə alındığı (göndərildiyi) tarix həmin elektron qaimə-fakturanın verilmə tarixi sayılır. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, mallar eyni zamanda Azərbaycan Respublikası Vergi Məcəlləsi və Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 26 saylı Qərarı ilə müəyyən olunmuş qaydalara uyğun təhvil verilmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə neft məhsulları göndərməsəydi, cavabdeh iddiaçı tərəfindən göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin hazırki işdə bu hal mövcud deyildir. Bu hal isə cavabdeh tərəfindən iddiaçının göndərdiyi malların qəbul edilməsi və həmin malların dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, elektron qaimə-fakturalar və qaimə fakturaya əlavələr ilə təqdim olunmuş mallar üzrə cavabdehin iddiaçıya ümumilikdə 145.095,73 manat borcunun olması öz təsdiqini tapdığından, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən, iddia əsas borca münasibətdə təmin edilməlidir. Bundan başqa, məhkəmənin 01 mart 2023-cü il tarixində keçirilən iclasında cavabdehin nümayəndəsi izahatında iddiaçıya 145.095,73 manat məbləğində ödəniş edildiyini, lakin həmin ödənişləri təsdiq edən bank hesabından çıxarışların məhkəməyə təqdim edilməsinə vaxt verilməsi üçün məhkəmə iclasının təxirə salınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin 01 mart 2023-cü il tarixli qərardadı ilə əlavə sübutların təqdim edilməsinə vaxt verilməsi üçün məhkəmə iclasının keçirilməsi başqa vaxta təxirə salınmışdır. Növbəti məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəfindən 145.095,73 manat məbləğində ödənişin edildiyini təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, cavabdehin nümayəndəsi iddiaçı tərəfindən neft məhsullarının şirkətə təhvil verilmədiyini qeyd etməklə bir-birindən ziddiyətli fikirlər bildirmişdir. Məhkəmə, cavabdehin nümayəndəsinin və vəkilinin məhkəmə iclasında iddiaçı tərəfindən neft məhsullarının ona təhvil verilmədiyinə dair izahatına münasibət bildirərək qeyd edir ki, cavabdeh ona müqavilə üzrə neft məhsullarının təhvil verilmədiyini qeyd etsə də həmin halları sübut edən mötəbər sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qeyd etdiyi hüquqi mövqeyə görə mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Həmin Qərarda qeyd edilən digər hüquqi mövqeyə görə sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Məhkəmə, iddianın 400 manat mediasiya xərcinin cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş və məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iş üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 435 manat olduğundan, iddiaçı tərəfindən 400 manat mediasiya xərci ödənildiyindən, bununla da iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan, iddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 235 manatın 35 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 145.095,73 manat, mediasiya xərci olaraq ödənilmiş 400 manat və dövlət rüsumuna görə 35 manat olmaqla, ümumilikdə 145.530,73 (bir yüz qırx beş min, beş yüz otuz manat, yetmiş üç qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-44/2023
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-44/2023
06.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver