Məhkəmə qərarları › İş №e-2-2(121)-446/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-446/2024

01.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-446/2024 01.05.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Astanov Amid Gülbala oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci tarixli MSD01 nömrəli alqı-satqı müqaviləsi üzrə yaranmış 8.701 manat məbləğində əsas borc, 1.294,1 manat məbləğində əldən çıxmış fayda, həmçinin 105 manat məbləğində mediasiya xərci, 200 manat məbləğində vəkil xərci olmaqla, ümumilikdə 10.300,1 manat məbləğində pulun və 16 manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2021-ci tarixində malların alqı-satqısına dair MSD01 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən alıcı sifariş etdiyi 2250 AZN limit çərçivəsində Malın dəyərinin 100%-ni müvafiq Mal partiyasının Satıcının anbarına daxil olduğu tarixdən etibarən gün ərzində satıcının hesabına ödəməlidir. Əgər alıcı bu müqavilə üzrə ödənişləri vaxtında ödəməzsə, Satıcı müvafiq Malların alıcıya göndərilməsini dayandırmaqla yanaşı, əldən çıxmış faydanı da alcıdan tələb edə bilməsi qeyd edilmişdir. Tərəflər arasında bağlanılmış xx.xx.2021-ci tarixli müqaviləyə uyğun olaraq Alıcıya malları təhvil verilsə də Cavabdeh tərəfindən müvafiq olaraq malların dəyəri ödənilməmişdir. Alıcıya malların təhvil verilməsinə dair xx.xx.2021-ci il tarixli, ********** nömrəli invoys üzrə 3216 manat məbləğində (sözügedən invoysda qeyd edilmişdir ki, bu invoysa imza atmaqla Alıcı həmçinin təsdiq edir ki, onun borcu 18.136 AZN təşkil edir. İnvoys Alıcı Cavabdeh tərəfindən öz imzası ilə təsdiq edilmişdir.) "xxxx" MMC tərəfindən Alıcı Cavabdeh mallar təhvil-təslim edilməsinə baxmayaraq alıcı tərəfindən 9101 manat məbləğində malın dəyəri ödənilməmişdir. Bu səbəblə, Alıcı Cavabdeh xx.xx.2021-ci tarixli müqavilə üzrə təhvil verilmiş mallar üçün yaranmış borcunun təsdiqlənməsi məqsədilə xx.xx.2022-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında malların alqı-satqına dair MSD02 nömrəli müqavilə bağlanmışdır. Bu müqavilənin bağlanmasında əsas məqsəd Alıcı tərəfindən ödənilməli olan borcun təsdiqlənməsi olmuşdur. Belə ki, xx.xx.2022-ci il tarixli müqavilə bağlanıldıqdan sonra Alıcıya mal verilməmiş, yəni əsas borc xx.xx.2021-ci tarixli birinci alqı-satqı müqaviləsi üzrə yaranmışdır. Cavabdeh ikinci müqaviləni, yəni xx.xx.2022-ci il tarixli MSD02 saylı müqaviləni borcu təsdiq etmək məqsədilə imzalamış və o, öz imzası ilə təsdiq etmişdir ki, 9.101 (doqquz min yüz bir) AZN məbləğində Malın dəyərinin 100%-ni satıcının hesabına ödəyəcəkdir (müqavilənin 2.1-ci maddəsi). xx.xx.2022-ci il tarixli müqavilə bağlanıldıqdan sonra isə Alıcı Cavabdeh tərəfindən 9.101 (doqquz min yüz bir) AZN məbləğində borcdan ümumilikdə 400 (dörd yüz) manat məbləğində ödəniş edilmişdir. Qalıq 8701 manat məbləğ isə bu günə qədər ödənilməmişdir. Hal-hazırda Cavabdeh "xxxx" MMC-ə olan borcu aşağıda qeyd edilən məbləğdədir: 8.701 (səkkiz min yeddi yüz bir) manat məbləğində əsas borc; xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək olan 1294,1 manat məbləğində əldən çıxmış fayda. Əldən çıxmış fayda üçün faizlərin miqdarı isə bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.2.ci maddəsinə əsasən, bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Əldən çıxmış faydanın hesablanıldığı gün üçün, yəni hal-hazırda Mərkəzi Bankın müəyyənləşdirdiyi bank uçot dərəcəsi isə 8.5 %-dir. Odur ki, xx.xx.2022-ci il tarixli müqavilənin bağlandığı gündən 30 gün keçdikdən sonra, yəni xx.xx.2022-ci il tarixindən etibarən hesablanılmaqla əldən çıxmış faydanın hesablanma qaydası aşağıdakı kimidir: 8701 (əsas borc) x 8,5% (uçot faiz dərəcəsi) = 739,5 (bir il üçün) 739,5 (bir il üçün) x 1 xx.xx.2022-ci il tarixindən xx.xx.2023 tarixinədək olan illərin sayı) = 739,5 (bir il üçün olan əldən çıxmış fayda məbləği) 739,5 (bir il üçün) x 9/12 (xx.xx.2023 tarixindən xx.xx.2023 tarixinədək olan ayların sayı)=554,6 (doqquz ay üçün olan əldən çıxmış fayda məbləği) 739,5 (bir il üçün olan əldən çıxmış fayda məbləği) +554,6 (doqquz ay üçün olan əldən çıxmış fayda məbləği)= 1294,1 (ümumi əldən çıxmış fayda məbləği) Mülki Məcəllənin zərərin əvəzinin ödənilməsi adlı 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Odur ki, hal-hazırda Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə olan borcu, 8.701 manat məbləğində əsas borc, 1.294,1 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə 9.995,1 (doqquz min doqquz yüz doxsan beş) manat məbləğindədir. Yuxarıda qeyd edilən xx.xx.2021-ci tarixli MSD01 nömrəli alqı-satqı müqaviləsi üzrə mallar alıcıya təhvil təslim edilməsinə baxmayaraq alıcı tərəfindən 8701 (səkkiz min yeddi yüz bir) manat məbləğində malın dəyəri bu günə qədər ödənilməmişdir. Cavabdeh tərəflə əlaqə saxlanılaraq dəfələrlə ödənilməli olan məbləğ tələb edilsə də, Cavabdeh tərəfindən malın dəyəri ödənilməmişdir. Cavabdeh ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış xx.xx.2021-ci tarixli malların alqı-satqısına dair müqaviləyə uyğun olaraq Satıcı tərəfindən verilmiş mallar və Alıcı tərəfindən həyata keçirilən ödəmələrlə bağlı hesabdan çıxarış iddia ərizəsinə qoşmaya əlavə edilir. Belə ki, Cavabdeh xx/xx/2019-cu ildən başlanılmaqla xx/xx/2021-ci il tarixindədək müxtəlif vaxtlarda müqavilələr üzrə mallar təhvil verilmişdir. Ümumilikdə 71.419,00 manat məbləğində mallar Alıcıya təhvil verilmişdir. Cavabdeh tərəfindən isə 62.718,00 manat məbləğində ödəniş edilmişdir. 8.701,00 manat məbləğində borc isə bu günə qədər ödənilməmişdir. xx.xx.2022-ci il tarixində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə olan borcun 10 iş günü müddətində ödənilməsi tələbi ilə Cavabdeh pretenziya qaydasında xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh tərəfindən heç bir məbləğ ödənilməmişdir. Odur ki, 8701 (səkkiz yeddi yüz bir) manat əsas borc, əldən çıxmış fayda, mediasiya xərcləri, vəkil xərci, poçt xərcləri, iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumu və digər xərclərin Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə Şirvan Kommersiya Məhkəməsinə müraciət etmək zərurəti yaranmışdır. Bu səbəblə, qarşı tərəfə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə əsasən kommersiya mübahisəsinin həlli üçün mediatorun yanında mediasiya sessiyasında iştirak etmək haqqında xx.xx.2022-ci il tarixində X1 barədə təklif göndərilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə əsasən, X2 iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli, MŞL-01659 nömrəli arayış alınmışdır. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, həmçinin gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan fiziki şəxs sahibkarlıq subyekti haqqında məlumatdan görünür ki, Cavabdeh sahibkarlıq subyekti kimi xx.xx.2017-ci il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********) verilmişdir və o, hal-hazırda Cəlilabad şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan İddiaçı MMC-nin ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli MSD01 nömrəli alqı-satqı müqaviləsinin: 1.1-ci yarımbəndinə əsasən, Alıcı Satıcının təqdim etdiyi müxtəlif çeşiddə və adda məhsulları vaxtaşırı Satıcıdan sifariş edəcək, Satıcı malları Alıcının sifarişinə uyğun olaraq razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə Alıcıya təhvil verəcək, Alıcı sifarişə uyğun malları təhvil alacaq və malların dəyərini Satıcıya müqavilədə göstərilən qaydada ödəyəcəkdir. 2.1-ci yarımbəndinə əsasən, Alıcı sifariş etdiyi 2250 AZN limit çərçivəsində malın dəyərinin 100%-ni müvafiq mal partiyasının Satıcının anbarına daxil olduğu tarixdən etibarən müəyyənləşdirilmiş gün ərzində Satıcının hesabına ödəməlidir. Əgər Alıcı bu müqavilə üzrə ödənişləri vaxtında ödəməzsə, Satıcı müvafiq malların Alıcıya göndərilməsini dayandırmaqla yanaşı, əldən çıxmış faydanı da Alıcıdan tələb edə bilər. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MSD02 nömrəli alqı-satqı müqaviləsinin 2.1-ci yarımbəndinə əsasən, Alıcı sifariş etdiyi 9101 AZN limit çərçivəsində malın dəyərinin 100%-ni müvafiq mal partiyasının Satıcının anbarına daxil olduğu tarixdən etibarən 30 gün ərzində Satıcının hesabına ödəməlidir. Əgər Alıcı bu müqavilə üzrə ödənişləri vaxtında ödəməzsə, Satıcı müvafiq malların Alıcıya göndərilməsini dayandırmaqla yanaşı, əldən çıxmış faydanı da Alıcıdan tələb edə bilər. İş materiallarında olan malların təhvil verilməsinə dair xx.xx.2021-ci il tarixli, ********** nömrəli invoysun surətindən görünür ki, ümumilkdə 3216 manat məbləğində mal "xxxx" MMC tərəfindən Cavabdeh (Sərraf Bazar akkumlyator) təhvil verilmişdir və invoysda qeyd edilmişdir ki, bu invoysa imza atmaqla Alıcı həmçinin təsdiq edir ki, onun borcu 18.136 AZN təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Maliyyə arayışı”nın surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-nə olan borcu 8701 manat məbləğində əsas borc, 1294,1 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 9995,1 manat məbləğindədir. İş materiallarında olan “Hesabdan çıxarış”ın surətindən görünür ki, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli alqı-satqı müqavilələri üzrə Cavabdeh tərəfindən İddiaçı MMC-nə ümumilikdə 62718 manat ödəniş edilmişdir, qalıq borc məbləği 8701 manat təşkil etmişdir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 8701 manat borcun 3 gün müddətində ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan “X2 iştirak edilməməsi barədə arayış”ın surətindən görünür ki, İddiaçı MMC-nin ərizəsinə əsasən xx.xx.2023-cü il tarixinə təyin edilən mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. İş materiallarında olan “ödəniş tapşırığı”nın surətindən görünür ki, İddiaçı MMC tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi üçün Lənkəran 1 saylı Mediasiya Təşkilatının hesabına 105 manat vəsait ödənilmişdir. İş materiallarında olan qəbzin surətindən görünür ki, İddiaçı MMC tərəfindən Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına 201 manat məbləğində vəsait köçürülmüşdür. Məhkəmə, iş materiallarında olan sənədlərə və digər dəlillərə əsasən müəyyən edir ki, tərəflər arasında yaranmış mübahisənin predmetini, onların daxil olduqları müqavilə münasibətləri üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində iddiaçının subyektiv hüququnun pozulmasını iddia etməsi və həmin hüquqlarının bərpa edilməsinə dair tələbi təşkil edir. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisə tərəflərinin hər ikisinin sahibkarlıq subyekti olması, mübahisənin predmetinin tərəflər arasında bağlanmış mülki hüquqi əqdlər (alğı-satqı müqavilələri) üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində pozulmuş hüququnun bərpa edilməsinə dair iddiaçının tələbinin təşkil etməsi və tərəflərin daxil olduqları hüquq münasibətlərinin xarakterinin onların həm birgə, həm də ayrı-ayrı həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə bağlı olması hazırki mübahisənin kommersiya xarakterdə olmasını mübahisəsiz şəkildə şərtləndirir. İşin məhkəmə araşdırması nəticəsində müəyyən edilmiş faktiki hallarından görünür ki, tərəflər arasında iki müqavilə bağlanmışdır və iddiaçının tələbi də həmin müqavilələrə əsasən yaranmışdır. Müxtəlif tarixlərdə bağlanmış müqavilələrin birinə görə iddiaçı satıcı qismində iştirak etdiyi əqd üzrə ümumi dəyəri 2250 manat olan müxtəlif adda məhsulları, digərinə görə isə ümumi dəyəri 9101 manat olan malları cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə həmin malların dəyərini təşkil edən pul vəsaitini şərtləşdirilmiş müddətdə iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. Məhkəmə, iddia tələbinin maddi hüquqi əsasının əşyaların nisyə satışının nəzərdə tutulduğu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 29-cu fəslində yer alan alğı-satqı müqaviləsinə dair normaların təşkil etdiyi nəticəsinə gəlir. Belə ki, işin müəyyən edilmiş faktiki halları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci və 599-cu maddələrində nəzərdə tutulan dispozisiya şərtləri uyğun gəlir. Buna görə məhkəmə hesab edir ki, hazırki mübahisə qeyd edilən maddi hüquq normaları tətbiq edilməklə həll edilməlidir. Məhkəmə qeyd edir ki, mübahisəni tətbiq ediləcək maddi hüquq normalarına əsasən həll etməzdən əvvəl ilk olaraq işin mübahisəsiz və mübahisəli halları müəyyən edilməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsi qaydalarına uyğun olaraq tərəflərin öz tələb və etirazlarının əsası kimi gətirdikləri dəlillərə hüquqi qiymət verilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilərək müxtəlif adda malın cavabdehə təhvil verilməsi, cavabdeh tərəfindən isə təhvil alınmış malların dəyərinin bir hissəsini təşkil edən 62718 manat vəsaitin iddiaçıya ödənilməsi işin mübahisəsiz hallarını təşkil edir. Belə ki, qeyd olunan birinci hal işdə olan malların təhviltəsliminə dair sənəd (invoys) ilə və ikinci hal isə iddiaçı tərəfindən tərtib olunmuş maliyyə arayışı və hesabdan çıxarışla öz təsdiqini tapır. Məhkəmə hesab edir ki, işin mübahisəli halını cavabdeh tərəfindən təhvil alınmış malların dəyərinin tam şəkildə ödənilməməsi barədə iddiaçının tələbi təşkil edir. Belə ki, iddiaçı cavabdehin təhvil aldığı mallara görə ödənilməmiş 8701 manat borcunun qaldığını iddia edir. İddiaçı, cavabdehin müqavilə üzrə öhdəliyini icra etməyərək aldığı malların qiymətini tam ödəməməsi haqqında tələbininin faktiki əsası kimi tərəflər arasında bağlanmış müqavilə şərtlərinə, malların təhvil verilməsinə dair invoysda cavabdehin borcun etirafına dair qeydinə, həmçinin borcun ödənilməsi ilə bağlı cavabdehə qarşı məhkəməyə qədər həm pretenziya qaydasında, həm də mediasiya prosesində tələblə çıxış etməsinə istinad edir. Məhkəmə qeyd edir ki, iddia ərizəsində tələb olunan borc məbləğinin iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsinin sübutetmə yükünün bölüşdürülməsi prinsipinə görə cavabdehin üzərinə düşməsinə baxmayaraq, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da cavabdeh iddia ərizəsinə qarşı etiraz və ya iddia tələbinin tam və ya qismən əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Lakin işdə olan xx.xx.2021-ci il tarixli, ********** nömrəli invoysun surətindən görünür ki, həmin invoysa imza atmaqla cavabdeh invoys tərtib edilən tarixə iddiaçıya 18.136 manat məbləğində borcunun olduğunu etiraf etmişdir. Belə olan halda məhkəmə, tərəflərin iradə ifadəsini əks etdirən müqavilələri, xx.xx.2021-ci il tarixli, ********** nömrəli invoysu, hesabdan çıxarış məlumatlarını və işin müəyyən edilmiş digər hallarını nəzərə alaraq hesab edir ki, iddia edildiyi kimi cavabdeh tərəfindən alınan malların qiymətini təşkil edən 8701 manat məbləğində pulun şərtləşdirilmiş müddətdə ödənilməməsi öz təsdiqini tapır. Tələb olunan 8701 manat məbləğində borc qalığının iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin qeyd olunduğu kimi cavabdeh iddiaya qarşı etiraz verməmiş və ya iddia tələbinin əsassızlığına dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Bu halda məhkəmə əsas borc qalığı kimi tələb olunan 8701 manat məbləğində pulun cavabdeh tərəfindən iddiaçıya ödənilməməsinin tam sübut olunduğu qənaətinə gəlir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş və işin araşdırılması nəticəsində sübuta yetirilmiş faktiki halları belədir ki, iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək alğısatqı obyekti olan malları cavabdehin mülkiyyətinə vermişdir, lakin cavabdeh malları təhvil alsa da, dəyərini tam ödəməmişdir. Buna görə də, iddiaçının pul tələbinə dair iddiası qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 597.1-ci maddəsinə əsasən, alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə, iddianın 105 manat mediasiya xərcinin cavabdehdən tutulmasına dair hissəsini də əsaslı hesab edir. Belə ki, Cavabdeh öhdəlik hüquq münasibətlərindən irəli gələn vəzifələrini lazımınca icra etmədiyinə görə iddiaçının məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə iddiaçıya əlavə zərər vurmuşdur. Buna görə də, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “X1 barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin X2 tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “X1 barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin X2 üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə, vəkilin göstərdiyi yardıma görə çəkilmiş xərcin cavabdehdən tutulması hissəsində iddia tələbinin qismən əsaslı olduğu qənaətinə gələrək hesab edir ki, iddiaçı tərəfindən hüquqi yardım üçün ödənilmiş 201 manat vəsaitin 100 manat hissəsi cavabdehdən alınıb iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğuna görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu məbləği cavabdehdən alınaraq iddiaçıya, iddia ərizəsinin verilməsinə görə nəzərdə tutulmuş dövlət rüsumu qalığı isə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, hazırki iş üzrə iddia ərizəsinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddiaçı 107,01 manat rüsum ödəməli olduğuna, lakin həmin Qanunun 9.1-1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunduğuna, həmçinin iddiaçmı tərəfindən 16 manat məbləğində dövlət rüsumu ödənildiyindən iddia tələbi qismən təmin olunduğuna görə 91,01 manat məbləğində dövlət rüsumu qalığı cavabdehdən tutulmalıdır. Məhkəmə iddianın 1.294,1 manat məbləğində əldən çıxmış faydanın cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə iddia əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən, Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Məhkəmə həmçinin, qeyd edir ki, vəsaitdən qanunsuz istifadə nəticəsində kreditora zərər vurulubsa, o, Mülki Məcəllənin 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmaına dair” 09 iyul 2009-cu il tarixli plenumunun qərarında qeyd edilmişdir ki, Azərbaycan Resoublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Beləliklə, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün iddiaçı cavabdehin onun pul vəsaitini qanunsuz saxlamasını, onu qaytarmaqdan boyun qaçırmasını, onun ödənilməsini digər şəkildə gecikdirməsini və ya pul vəsaitini əsassız əldə etməsini və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyr əldə etməsini sübut etməlidir. İddiaçı isə qeyd olunan halların təsdiqi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçının pul vəsaitindən faydalanması, gəlirin, artım, bəhər və ya sair maddi xeyir qazanması iş materialları ilə sübuta yetirilmədiyindən, iddia göstərilən hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli MSD01 nömrəli alqı-satqı müqaviləsi üzrə 8701 manat əsas borc, 105 manat mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş məbləğ, 100 manat məbləğində vəkil xərci və ödənilmiş 16 manat dövlət rüsumu olmaqla, cəmi 8922 manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə nəzərdə tutulan 91,01 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilsin və Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar