Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-447/2024 17.01.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abbasov Zaur Vahid oğlu, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 35661.36 manat əsas borcun, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli qərarına əsasən əldən çıxmış fayda olaraq əsas borc məbləğinin 5%-i olan 1783 manatın, 3000 manat əldən çıxmış faydanın, 200 manat mediasiya, 12 manat dövlət rüsumunun və 500 manat vəkilə ödənilmiş haqqın, ümumilikdə 41156.36 (qırx bir min yüz əlli altı manat otuz altı qəpik) manat pulun Cavabdehndən tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki:
1. Cavabdehnə xx.xx.2023-cü il tarixli sadə yazılı xəbərdarlıq məktubu İddiaçı MMCnin vəkili nümayəndəsi Nümayəndə tərəfindən imzalanmışdır;
2. Cavabdeh elektron kabinetinə elektron xəbərdarlıq məktubu və mediasiya təklifi xx.xx.2023-cü il tarixdə Nümayəndə tərəfindən göndərilmişdir;
3. Mediasiya xidməti ödənişi xx.xx.2023-cü il tarixdə Nümayəndə tərəfindən həyata keçirilmişdir;
4. xx.xx.2023-cü il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında İddiaçı MMC-nin nümayəndəsi qismində Nümayəndə iştirak etmişdir. İddia ərizəsinə əlavə edilmiş materiallara əsasən Nümayəndə İddiaçı MMC-nin adından səlahiyyətli şəxs kimi çıxış etməsinə əsas verən sənədlər bunlardır:
1. Fiziki şəxs X1 tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüvəkil Nümayəndə verilmiş xx.xx.2023-cü il tarixli notarial təsdiqli etibarnamə;
2. İddiaçı tərəfindən vəkil Nümayəndə verilmiş xx.xx.2023-cü il tarixli etibarnamə;
3. İddiaçı ilə fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 02 nömrəli hüquqi xidmət göstərilməsi haqqında (məhkəmədə iddianın tərtibi və təmsilçiliklə bağlı tapşırığın icrası məqsədi ilə) müqaviləyə əsasən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, 365422 nömrəli order. Məhkəmə qeyd edir ki, vəkilin mülki prosesdə nümayəndə qismində iştirakının hüquqi əsasları belədir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69-cu maddəsinə görə, hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər (69.1), hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir (69.2). Nümayəndənin səlahiyyətinin rəsmiləşdirilməsi qaydasını müəyyən edən MPM-nin 73-cü maddəsi ilə nümayəndənin səlahiyyətinin qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməli olması (73.1), vəkilin səlahiyyətinin qanunla müəyyən olunmuş qaydada təsdiq edilməli olması (73.5) nəzərdə tutulmuşdur. Göründüyü kimi, MPM-nin 73.5-ci maddəsi göndərici normadır və vəkilin nümayəndə qismində səlahiyyətinin rəsmiləşdirilməsi qaydasının başqa (sahəvi) qanunla müəyyən edildiyini nəzərdə tutur. Vəkillərin fəaliyyətini tənzimləyən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun vəkillik fəaliyyətinin həyata keçirilməsinin ümumi qaydalarını müəyyən edən 5-ci maddəsinin İİ və İİİ hissələrinə əsasən, vəkillik fəaliyyəti hüquqi yardım üçün müraciət etmiş şəxslərin hüquqlarının və mənafelərinin müdafiəsinin və ya təmsil edilməsinin vəkilə həvalə edilməsi əsasında və onların tapşırıqlarına müvafiq olaraq həyata keçirilir, vəkilin ədalət mühakiməsində iştirakı yalnız hüquqi yardım üçün müraciət edən şəxslə fərdi qaydada fəaliyyət göstərən vəkil və ya bu maddənin V hissəsində göstərilən vəkilin daxil olduğu qurum arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Sadalanan qanun normalarına əsasən müəyyən edilir ki, vəkilin ədalət mühakiməsində iştirakı, həmçinin mübahisə tərəfinə müxtəlif növ məktubların, sorğuların, pretenziyaların, mediasiyaya dəvətin və s. göndərilməsi, mediasiya sessiyasında iştirakı, müxtəlif növ ödənişlərin (mediasiya ödənişinin, dövlət rüsumlarının ödənişinin) həyata keçirilməsi və bu kimi digər səlahiyyətləri yalnız hüquqi yardım üçün müraciət edən şəxslə bağlanmış müqavilə əsasında həyata keçirilə bilər. Yalnız qeyd olunan müqavilə imzalandıqdan sonra vəkil səlahiyyətli şəxs kimi mülki prosesdə iştirak edə bilər. Həmin müqavilənin bağlanması və müqaviləyə əsasən vəkilin səlahiyyəti isə orderlə təsdiq olunur. Buna görə də vəkilin ədalət mühakiməsində istər yalnız vəkil, istərsə də həm vəkil, həm də nümayəndə qismində tam səlahiyyətli şəxs kimi iştirak etməsi üçün order təqdim etməsi zəruridir. Məhkəmə, yuxarıda şərh olunanları ümumiləşdirərək bu nəticəyə gəlir ki, hazırki işdə məhkəməyəqədərki proseslər, yəni, pretenziya qaydasına əməl edilməsi, müvafiq rüsum və xidmət haqları ödənişlərinin edilməsi, mediasiya prosesinin həyata keçirilməsi, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin cavabdehə göndərilməsi səlahiyyətsiz şəxs tərəfindən (hüquqi yardım haqqında müqavilə bağlamayan, orderi olmayan vəkil tərəfindən) icra edilmişdir. Buna görə də həmin hərəkətlərin heç bir hüquqi nəticəsi yoxdur. Belə olan halda iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2, 149.2.4 və 149.2.4-1-ci maddələrinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat ərizədə göstərilməlidir. Həmin Məcəllənin 150.1, 150.1.4, 150.1.6 və 150.1.7-ci maddələrinə əsasən, bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir), “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. Azərbaycan Respublikası MPM-nin 152.1, 152.1.1, 152.1.4, 152.1.6 və 152.1.6-1-ci maddələrinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə yuxarıda göstərilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyinə görə iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Buna görə də iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 149-152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə
qəraraaldı:
İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər.
Hakim: Zaur Abbasov