Məhkəmə qərarları › İş №e-2-2(121)-449/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-449/2025

14.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-449/2025 14.03.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pul tələbi” barəsində iddiasına dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Tələb:

1. İddiaçı MMC cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən xx.xx.2021-ci il tarixli, 24/21 saylı Müqavilə üzrə əsas borc 104589 manat, ƏDV borcu – 18826 manat, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 1550,15 manat pulun, 413280 manat məbləğində dəymiş ziyanın və 911,07 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixli “Yükdaşıma, anbar və sair xidmətlərinin göstərilməsi haqqında” 24/21 №li müqavilə bağlanmışdır. Müqavilənin tələblərinə əsasən İcraçı Sifarişçinin sifarişi əsasında ona məxsus yükləri daşımaqla yükdaşıma xidməti göstərməyi, Sifarişçiyə məxsus mallar üzrə saxlanc və anbar xidmətlərini və digər xidmətləri icra etməyi, Sifarişçi isə bunun müqabilində müqavilə ilə müəyyən edilmiş məbləğdə, müddətdə və qaydada xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. Habelə, Sifarişçiyə göstərilən xidmətlər daxilinə fəhlə xidməti, usta xidməti, təmizlik xidməti, dezinfeksiya xidmətləri daxildir. Eyni zamanda müqavilənin gələcək icrası ilə əlaqədar tərəflər arası əlavə olaraq nəqliyyat vasitələrinin alqı-satqısı və qeyri-yaşayış sahəsinin icarəsinə dair Müqavilələr də bağlanılmışdır. Lakin İddiaçı MMC müqavilə üzrə öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirib müvafiq xidmətləri göstərsə də, "xxxx" MMC üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək xidmət müqabilində verilməli olan xidmət haqqını ödəməkdən boyun qaçırır. Cavabdehə bu barədə dəfələrlə xəbərdarlıq edilsə də, bu günə kimi cavabdeh tərəfindən heç bir hərəkət edilməmişdir. Belə ki, xx.xx.2021-ci il tarixli Müqavilə üzrə ümumilikdə 123415 manat (əsas borc-104589 manat, ƏDV borcu – 18826 manat olmaqla) cavabdeh tərəfindən ödənilməmişdir. Belə ki, borc məbləği iddia ərizəsinə əlavə edilmiş, tərəflər arasında tərtib edilmiş Təhvil-təslim aktlar ilə və "xxxx" MMC-nin cavab məktubu ilə də təsdiq edilir. Habelə, göründüyü kimi, İddiaçı MMC ilə "xxxx" MMC arasındakı işgüzar münasibətlər böyük bir layihəyə dayandığından, İddiaçı MMC işə başlamamışdan öncə bu layihə üçün olduqca böyük məbləğlərdə xərclərlə üzləşmişdir. İlkin olaraq bildirilir ki, “Yükdaşıma, anbar və sair xidmətlərinin göstərilməsi haqqında” Müqavilə əvvəla İddiaçı MMC ilə "xxxx" ASC arasında xx.xx.2021-ci il tarixində, 23/21 saylı bağlanmış və həmin müqaviləyə uyğun olaraq da eyni tipli İddiaçı MMC ilə "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixli “Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında” 24/21 №li Müqavilə bağlanmışdır. İddiaçı MMC ilə "xxxx" ASC arasında bağlanmış Müqavilənin 7.6-cı maddəsində təsbit edilmişdir ki, “hazırkı Müqaviləyə hər hansı səbəbdən xitam verildiyi təqdirdə bu Müqavilə ilə paralel "xxxx" MMC ilə bağlanılmış eynitipli müqaviləyə də xitam verilir (tərəflərin müqaviləyə vaxtından əvvəl xitam vermək üçün gəldiyi nəticələr nəzərə alınmaqla)”. Odur ki, cavabdeh tərəfindən "xxxx" ASC ilə Müqaviləyə xitam verilməsi niyyəti formalaşdığından etibarən də "xxxx" MMC üzrə də sifarişlər dayandırılmışdır. Həmçinin bu əsasla, İddiaçı MMC ilə "xxxx" MMC arasında Müqavilənin 7.3-cü bəndində təsbit edilmişdir ki, Sifarişçi tərəflər arasında bağlanılmış Müqaviləyə xitam vermək niyyətində olduğu təqdirdə İcraçıya 1 il öncədən (xitam tarixi xx.xx.2025-ci ilədək olduğu halda) xəbərdarlıq etməli, habelə, Müqavilənin 5.1-ci maddəsinə əsasən Sifarişçi İcraçıya aylıq vergi və digər ödənişlər daxil olmaqla ƏDV xaric 34440 manat minimal xidmət haqqı ödəməlidir. Həmin tarixdən etibarən tərəflər arasında qalıq əsas borcun və xitam şərtlərinə əməl edilmədiyi üçün Müqavilədə nəzərdə tutulmuş dəymiş ziyanın ödənilməsi barədə danışıqlar aparılmış, lakin cavabdeh dəymiş ziyanın ödənilməsindən imtina etmişdir. Müvafiq xitam müddətinə əməl edilmədiyi üçün Müqavilənin 7.3-cü bəndinə əsasən 12 ay x 34440 manat=413280 manat dəymiş ziyan hesablanmışdır. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixində 3 iş günü müddətində qalıq əsas borc məbləğinin və 413280 manat məbləğində dəymiş ziyan məbləği tələb edilməsi barədə pretenziya məktubu göndərilməsinə baxmayaraq, bu günədək qeyd edilən borc məbləğləri şirkətə ödənilməmiş, cavabdeh öhdəliyini icra etməkdən boyun qaçırmışdır. Beləliklə, göründüyü kimi cavabdeh ödənişdən yayındığı üçün hazırkı mübahisə məhz məhkəmə vasitəsilə həll edilməlidir.

Tərəflərin izahatları:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsini müdafiə edərək iddia ərizəsi ilə eyni məzmunda izahat verib iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi və əlavə olaraq məhkəmənin suallarına cavab olaraq bildirdi ki, cavabdeh "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli, 24/21 №li “Yükdaşıma, anbar və sair xidmətlərinin göstərilməsi haqqında” müqavilənin ləğvinə dair hər hansı bir bildiriş göndərilməmişdir. İddiaçı MMC ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 23/21 saylı “Yükdaşıma, anbar və sair xidmətlərinin göstərilməsi haqqında” müqavilənin 7.6-cı maddəsində təsbit edilmişdir ki, “hazırkı Müqaviləyə hər hansı səbəbdən xitam verildiyi təqdirdə bu Müqavilə ilə paralel "xxxx" MMC ilə bağlanılmış eynitipli müqaviləyə də xitam verilir. Cavabdeh "xxxx" MMC İddiaçı MMC ilə "xxxx" ASC arasında bağlanmış müqavilənin tərəfi olmamışdır. “Səba" ASC ilə "xxxx" MMC ayrı ayrı hüquqi şəxslər olsalar da, hər ikisi eyni şəxs tərəfindən idarə olunur, hətda "xxxx" MMC-nin ünvanladığı məktuba diqqət yetirildikdə “Səba" ASC-nin blankından istifadə etdiyi aydın görünür. Bütün bunlara görə də, hesab edir ki, İddiaçı MMC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış müqaviləyə cavabdeh tərəfindən vaxtından əvvəl xitam verilmişdir. Müvafiq xitam müddətinə əməl edilmədiyi üçün də müqavilənin 7.3-cü bəndinə əsasən 12 ay x 34440 manat = 413280 manat dəymiş ziyan hesablanmışdır. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, həmçinin, gəlməməsinin səbəbinin üzrlü olmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.

6. Məhkəmə, həmçinin Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

İddia ərizəsinə etiraz:

7. Cavabdeh tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.

Əsaslandırıcı hissə:

a) İş materialları və sübutların tədqiqi:

8. "xxxx" MMC (bundan sonra “Sifariçi”) ilə İddiaçı MMC (bundan sonra –“İcraçı”) cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 24/21 nömrəli “Yükdaşıma, anbar və sair xidmətlərin göstərilməsi haqqında Müqavilə”nin: - 2.1-ci bəndinə əsasən, icraçı sifarişçinin sifarişi əsasında ona məxsus yükləri daşımaqla yükdaşıma xidmətləri göstərməyi, daşınan yüklərlə bağlı bütün sənədləşməni həyata keçirməyi, (kağız və ya proqram təminatı vasitəsilə) həmçinin, Sifarişçiyə məxsus mallar üzrə anbar və saxlanc xidmətlərini və əlavə olaraq bu müqavilənin 2.2-ci bəndində göstərilən xidmətləri icra etməyi (bundan sonra «xidmət» adlandırılacaq). Sifarişçi isə bunun müqabilində İcraçıya bu Müqavilənin 5-ci bəndində müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyi öhdəsinə götürür. “İcraçı”nın hüquqları: - 4.1.1-ci yarımbəndinə əsasən, şərtləşdirilmiş keyfiyyətdə və zamanda icra edilmiş işə görə razılaşdırılmış xidmət haqqının ödənilməsini Sifarişçidən tələb etmək; - 4.1.2-ci yarımbəndinə əsasən, sifarişçi tərəfindən xidmət haqqı müqavilə ilə müəyyən edilən tarixdə həyata keçirilmədiyi təqdirdə, ödənişlər tam icra edilənədək müqavilə üzrə göstəriləxidmətləri mail vasitəsilə xəbərdarlıq etməklə ödənişlər tam şəkildə həyata keçənədək dayandırmaq; - 4.1.3-cü yarımbəndinə əsasən, sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə xidmətlərin göstərilməsini tələb edərsə, işə başlamazdan əvvəl müvafiq xidmətin dəyəri barəsində Sifarişçiyə verilmiş məlumat və müqaviləyə edilən Əlavə üzrə həmin işləri yerinə yetirməyə görə əlavə xidmət haqqı almaq. “İcraçı”nın vəzifələri: -4.2.1- ci bəndinə əsasən, göstərdiyi xidmətləri müqavilədə nəzərdə tutulmuş formada və müddətdə yerinə yetirmək və onların lazımi səviyyədə və keyfiyyətdə olmasını təmin etmək icraçının vəzifəsidir. “Sifarişçi”nin hüquqları: - 4.3.1-ci bəndinə əsasən, İcraçıdan xidmətləri nəzərdə tutulmuş formada və müddətdə, lazımi keyfiyyətdə təmin edilməsini tələb elmək: - 4.3.2-ci bəndinə əsasən, İcraçının əvəzinə Sifarişçi tərəfindən çəkilən və Müqavilənin icrası ilə birbaşa bağlı olan xərcləri İcraçıdan tələb elmək: - 4.3.3-cü bəndinə əsasən,Sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlərə görə xidmət haqqı ödəməmək; - 4.3.4-cü bəndinə əsasən, İcraçının qəsd və ya ehtiyatsızlığı nəticəsində yaranmış zərərin əvəzinin ödənilməsini tələb elmək: - 4.3.5-ci bəndinə əsasən, Saxlanc anbarında apardan inventarlaşma zamanı müəyyən edilən fərqlərə görə yaranan məbləği İcraçıdan tələb etmək və ya xidmət haqqını yaranmış fərq məbləğində azaltmaq; -4.3.6-cı bəndinə əsasən, Anbar saxlancı və yükdaşıma xidməti ilə bağlı uçotu aparılan malların fiziki hərəkətini əks etdirən bütün əməliyyatların proqram təminatında gündəlik əks edilməsini İcraçıdan tələb etmək və növbəti ayın ilk iş günü keçən ayın bütün anbar və satış sənədlərinin proqram təminatında tamamlanmış olmasım tələb elmək. “Sifarişçi”nin vəzifələri: -4.4.1-ci bəndinə əsasən, icraçı tərəfindən göstərilmiş xidmətlərin dəyərinin gecikdirmədən hazırkı Müqavilədə nəzərdə tutulmuş qaydada ona ödənilməsini təmin etmək Sifarişçinin vəzifəsidir. “Təhvil-Təslim və Hesablaşma Qaydası -5.1-ci bəndinə əsasən, bu müqavilə üzrə göstərilən xidmətlərin aylıq dəyəri Sifarişçi tərəfindən ay ərzində daşıma vasitəsilə satılmış məhsulların ümumi məbləğinin ƏDV xaric 3.5 faizi miqdarında qiymətləndirilir. Sifarişçi İcraçıya aylıq vergi və digər ödənişlər daxili olmaqla ƏDV xaric 34.440 (otuz dörd min dörd yüz qırx) manat minimal xidmət haqqı ödəyir. “Tərəflərin Məsuliyyəti və X5 Hallar”: -6.1-ci bəndinə əsasən, Tərəflər Müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiklərinə və ya lazımınca yerinə yetirmədiklərinə görə mülkihüquqi məsuliyyət daşıyırlar və bunun nəticəsində digər Tərəfə dəymiş zərərin əvəzini ödəməlidirlər. “Müqavilənin müddəti və X4”: -7.1-ci bəndinə əsasən, bu müqavilə hər iki tərəfin onu imzaladığı gündən qüvvəyə minir və xx.xx.2026-cı il tarixədək qüvvədədir. Müqavilənin müddətinin bitməsinə ən azı 1 (bir) ay qalmış Tərəflər müqaviləyə xitam vermək niyyətlərində olmadığı təqdirdə Müqavilə əlavə olaraq 1 (bir) il müddətinə uzadılır. -7.2-ci bəndinə əsasən, Bu müqaviləyə tərəflərin qarşılıqlı razılığı ilə müqavilə müddətinin istənilən dövründə vaxtından əvvəl xitam verilə bilər. -7.3-cü bəndinə əsasən, Sifarişçi tərəflər arası bağlanılmış müqaviləyə xitam vermək niyyətində olduğu təqdirdə, İcraçıya aşağıdakı müddətlərdə məlumat verməli və xidmət haqqı üzrə borclu olduğu məbləği tam şəkildə ödəməlidir: Müqaviləyə xx.xx.2023-ci il tarixədək xitam verildiyi təqdirdə 2 (iki) il öncədən; müqaviləyə xx.xx.2024-ci il tarixədək xitam verildiyi təqdirdə 1 (bir) il öncədən; müqaviləyə xx.xx.2025-ci il tarixədək xitam verildiyi təqdirdə 1 (bir) il öncədən; müqaviləyə xx.xx.2026-ci il tarixədək xitam verildiyi təqdirdə 6 (altı) ay öncədən. -7.4-cü bəndinə əsasən, icraçı sifarişçiyə 6 (altı) ay əvvəlcədən məlumat verməklə müqaviləyə birtərəfli qaydada xitam verə bilər.

9. İş materiallarında olan Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-1796/2024 cü il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbi barədə ilkin iddiasının qismən təmin edilməsi, cavabdeh "xxxx" ASC-nin 1.336884 manat məbləğində pul vəsaiti və 1459 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1.338343 manat məbləğində pul vəsaitinin İddiaçı MMCnin xeyrinə tutulması, ilkin iddia ərizəsi qalan hissədə təmin edilməməsi, cavabdeh "xxxx" ASC-nin İddiaçı MMC-yə qarşı müqavilənin etibarsız sayılaraq xitam verilməsi” tələbi barədə qarşılıqlı iddiasının təmin edilməməsi və qarşılıqlı iddia ərizəsi üzrə məhkəmə xərclərinin cavabdeh "xxxx" ASC-yə aid edilməsi qət edilmişdir.

10. İş materiallarında olan 04 iyun 2024-cü il tarixli tərəflər arasında olan “mail” yazışmalarından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Səba toyuq məhsullarının daşınmasına 01 avqust 2024-cü ildə xitam verilməsi nəzərdə tutulduğu, həmin tarixdə müqaviləyə xitam verilməsinin planlanması və icrası zamanı görüləsi işləri ayrıca müzakirə edilə biləcəyi, Biləsuvar Aqro məhsullarının daşınması müqaviləsi üzrə fəaliyyət davam etdiriləcəyi, həmin prosesin planlanması üçün detalları ayrıca görüşüb müzakirə edilə biləcəyini İddiaçınə bildirilmişdir.

11. İş materiallarında olan "xxxx" MMC tərəfindən pretenziya məktubuna cavab olaraq İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun mahiyyətindən görünür ki, həmin məktubda "xxxx" MMC fəaliyyətlərini dayandırmadıqlarını, İddiaçı MMC ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli, 24/21 nömrəli müqaviləyə xitam verilməsi barədə tərəflərindən İddiaçı MMC-yə hər hansı bir bildirişin təqdim edilmədiyini bildirmiş və belə olan halda 413,280 manat cərimə ödənilməsi tələbini əsassız hesab edirlər. Son dövrlərdə Maliyyə çətinlikləri yaranmışdır. Belə ki, bildirilir ki, xam süd çatışmazlığı səbəbindən məhsulların maya dəyəri artmış, satışlar zəifləmiş, gəlirlər azalmış, Quru süd məhsullarının bazar dəyəri aşağı düşmüş, bu da əsas gəlir mənbəyinə mənfi təsir göstərmişdir. "xxxx" bildirir ki, bütün bu çətinliklərə baxmayaraq, vəziyyətin düzələcəyinə ümid edir və fəaliyyətini davam etdirir. Şirkət borcun hissə-hissə ödənilməsi üçün çalışdığını da qeyd edir. Məktubun sonunda qarşı tərəfdən anlayış göstərməsi və əsas borcları olan 104165,4 manat üzrə ödənişlərin başlanılması üçün xx.xx.2024-cü il tarixinədək möhlət verilməsi xahiş olunur.

12. İş materiallarında olan xx.xx.2024-cü il tarixli İddiaçı MMC tərərfindən "xxxx" MMCyə ünvanlanmış cavab məktubundan görünür ki, 24 sentyabr 2024-cü il tarixində "xxxx" MMC tərəfindən təqdim olunan məktubda əsas borc hissəsində 15 oktyabrdan etibarən borc bağlanacaqdır. Lakin 413,280 manat məbləğində olan cərimə tələbinə qarşı çıxılaraq onun əsassız olduğu qeyd edilmişdir. İddiaçı MMC ilə "xxxx" ASC və "xxxx" MMC arasında eyni tarixli və oxşar məzmunlu müqavilələr bağlanmışdır."xxxx" ASC ilə bağlanmış müqavilənin 7.6-cı maddəsinə əsasən, bir tərəfin müqaviləyə xitam verməsi digəri üçün də müqavilənin ləğvi üçün əsas ola bilər. Bildirilir ki, "xxxx" ASC tərəfindən müqaviləyə xitam verildikdən sonra artıq "xxxx" ilə iş birliyinin davam etdirilməsi məqsədli sayılmamış və sifarişlər dayandırılmışdır. Müqavilənin 5.1-ci bəndinə əsasən, sifarişçi ("xxxx") icraçıya aylıq vergi və ödənişlər daxil olmaqla ƏDV xaric 34,440 manat minimal xidmət haqqı ödəməlidir. Bu, sifarişlərin olub-olmamasından asılı olmayaraq ödənilməlidir. İddiaçı MMC bildirir ki, bu öhdəlik yerinə yetirilməyib, fəaliyyətin dayandırılması barədə öncədən xəbərdarlıq edilmədiyi üçün müqavilənin 7.4-cü bəndinə əsasən 1 illik cərimə – 413,280 manat tələbi irəli sürülmüşdür. Sonunucu xidmətlər üzrə təqdim edilmiş qaimə də nəzərə alınmaqla ƏDV xaric "xxxx"-nun 104.598 manat əsas borcu qalmışdır.

13. İş materiallarında olan İddiaçınə tərəfindən cavabdeh "xxxx" MMC-yə təqdim edilmiş aktlardan müəyyən edilir ki, ümumi dəyəri 154.725,83 manat ƏDV xaric, 182.576,47 ƏDV daxil quru süd məhsulları iddiaçı tərəfindən cavabdehə təqdim edilmişdir.

14. İş materiallarında olan EBDY 312519 nömrəli xx.xx.2024-cü il tarixli (48.683,72 manat), EBEB 532840 nömrəli xx.xx.2024-cü il tarixli (45.846,62 manat), EBEE 058630 nömrəli, xx.xx.2024-cü il tarixli (45.531,42 manat), EBEA 338008 nömrəli xx.xx.2024-cü il tarixli (43.582,84 manat), MT2405 10227683 nömrəli xx.xx.2024-cü il tarixli (44.130,21 manat) malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaiməfakturalardan görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə ƏDV xaric 348.660,53 manat, ƏDV daxil 411.419,41 manat məbləği ekvivalentində yükdaşıma xidmətləri göstərilmişdir.

15. İş materiallarında olan EBEA 338008 təyinatlı xx.xx.2024-cü il tarixli (2786,42 manat), EBEA 338008 təyinatlı xx.xx.2024-cü il tarixli (2288,14 manat), EBDY 312519 təyinatlı xx.xx.2024-cü il tarixli (4680 manat), EBDY 312519 təyinatlı xx.xx.2024-cü il tarixli (2160 manat), EBEE 058630 təyinatlı xx.xx.2024-cü il tarixli (2369,20 manat), EBEB 532840-MART 2024 MT2405 10227683 təyinatlı xx.xx.2024-cü il tarixli (2160 manat), EBEB 532840-MART 2024 təyinatlı xx.xx.2024-cü il tarixli (900 manat), EBEB 532840 təyinatlı xx.xx.2024-cü il tarixli (1800 manat), EBEB 532840 təyinatlı xx.xx.2024-cü il tarixli (1800 manat), EBEB 532840 təyinatlı xx.xx.2024-cü il tarixli (1800 manat), EBDY 312519 təyinatlı xx.xx.2024-cü il tarixli (2160 manat) ödəniş tapşırıqlarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya 56.856,72 manat məbləğində vəsait ödənilmişdir.

16. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, "xxxx" MMC-nin İddiaçı MMC-yə xx.xx.2021-ci il tarixli 24/21 nömrəli müqavilə üzrə əsas borc 104.589 manat, ƏDV borcu 18.826 manat, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində hesablanmaqla 1550,15 manat və müvafiq xitam müddətinə əməl edilmədiyi üçün müqavilənin 7.3-cü bəndinə əsasən, 413.280 manat (yəni, 12 ay x 34.440 manat) dəymiş ziyan məbləğində borcu vardır.

17. İş materiallarında olan İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə ünvanlanmış pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanılmış yükdaşıma, anbar və sair xidmətlərin göstərilməsi haqqında müqaviləsi üzrə yaranmış borcun 03 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə "xxxx" MMC məlumatlandırılmışdır.

18. ********** nömrəli qəbzdən görünür ki iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 829 manat dövlət rüsumu ödənilmişdir.

b) Tətbiq edilən hüquq:

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 87.1. Bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. - 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. - 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. - 852.1-ci maddəsinə əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. - 852.4-cü maddəsinə əsasən ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır. - 827-ci maddəsinə əsasən Anbar sahibi sənətkarlıq şəklində saxlama ilə məşğul olan və saxlama üzrə öz xidmətlərini açıq təklif edən saxlayıcıdır. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarında ayrı şərt qoyulmayıbsa, anbar sahibinin xidmətlərinə saxlama haqqında göstərişlər tətbiq edilir. - 830.1. Əgər müəyyən muzd (saxlama haqqı) şərtləşdirilməyibsə, anbar sahibinin anbarda saxlama üçün adi haqq almaq hüququ vardır. Əgər tapşıran malı tamamilə və ya qismən geri qəbul edərsə, saxlama haqqını hər bir halda ödəməlidir. Əgər saxlama müddəti üç aydan çoxdursa, anbarda saxlama haqqı müvafiq olaraq hər üç ayın sonunda ödənilir. - 830.2. Anbar sahibi saxlama haqqından başqa, saxlamanın özü ilə bağlı olmayan bütün xərclərin əvəzinin, məsələn, fraxtın, gömrük rüsumlarının, təmir xərclərinin ödənilməsi hüququna malikdir. Müvafiq olaraq anbar sahibinin tələbi ilə tapşıran xərclərin əvəzini dərhal ödəməlidir.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

- 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

21. Məhkəmə baxışının hədləri:

- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi:

22. Məhkəmə iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir.

23. Məhkəmə ilkin olaraq qeyd edir ki, tərəflər arasında qarışıq müqavilədən irəli gələn münasibətləri mövcuddur. Belə ki, tərəflər arasında etibarlı şəkildə bağlanmış xx.xx.2021ci il tarixli, 24/21 saylı “Yükdaşıma, anbar və sair xidmətlərin göstərilməsi haqqında Müqavilə”nin tələblərinə əsasən İcraçı Sifarişçinin sifarişi əsasında ona məxsus yükləri daşımaqla yükdaşıma xidməti göstərməyi, Sifarişçiyə məxsus mallar üzrə saxlanc və anbar xidmətlərini və digər xidmətləri icra etməyi, Sifarişçi isə bunun müqabilində müqavilə ilə müəyyən edilmiş məbləğdə, müddətdə və qaydada xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür.

24. Hazırda İddiaçı MMC cavabdeh "xxxx" MMC-dən xx.xx.2021-ci il tarixli, 24/21 saylı Müqavilə üzrə əsas borc 104589 manat, ƏDV borcu – 18826 manat, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 1550,15 manat pulun, 413280 manat məbləğində dəymiş ziyanın ödənilməsini tələb etdiyindən, məhkəmə hesab edir ki, “Yükdaşıma, anbar və sair xidmətlərin göstərilməsi haqqında Müqavilə” irəli gələn xidmətlərin icra edildiyini, həmçinin cavabdeh tərəfindən xəbərdarlıq müddətini gözləmədən həmin müqaviləyə xitam verildiyini sübut etmək vəzifəsi iddiaçının üzərinə, müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyi sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür.

25. Məhkəmə iş materiallarına əsasən hesab edir ki, iddiaçı 104589 manat əsas borca münasibətdə iddiasını mötəbər dəlillərlə sübut edə bilmişdir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş sənədlər həmin borc məbləğinin mövcudluğunu təsdiq edir. Eyni zamanda cavabdeh "xxxx" MMC tərəfindən pretenziya məktubuna cavab olaraq İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda əsas borcları olan 104165,4 manat üzrə ödənişlərin başlanılması üçün xx.xx.2024-cü il tarixinədək möhlət verilməsini xahiş etməklə əsas borca münasibətdə öhdəlikləri qismən etiraf edən hərəkətlər etmişdir.

26. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas borca münasibətdə əsaslıdır. Məhkəmə bu qənaətə gələrkən 104589 manat əsas borcun 104165,4 manat məbləğinin cavabdeh tərəfindən etiraf edilməsi ilə yanaşı, cavabdeh tərəfindən onun etiraf etdiyi məbləğin xaricində qalan 423,6 manatın iddiaçıya ödənilməsini və ya həmin məbləğə dair hissədə iddianın əsassızlığına dair sübutu məhkəməyə təqdim edilməməsini də nəzərə alır.

27. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5 faiz hesablanmaqla 1550,15 manat məbləğində faiz borcunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

28. Məhkəmə hesab edir ki, işin araşdırılan hallarından cavabdehin öz öhdəliklərini vaxtında icra etmədiyi müəyyən edildiyindən iddiaçının tələbi həmin hissədə də əsaslıdır və təmin edilməlidir.

29. Məhkəmə 18826 manat ƏDV borcunun ödənilməsinə aid hissədə hesab edir ki, iddia həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 5.1-ci bəndinə əsasən, bu müqavilə üzrə göstərilən xidmətlərin aylıq dəyəri Sifarişçi tərəfindən ay ərzində daşıma vasitəsilə satılmış məhsulların ümumi məbləğinin ƏDV xaric 3.5 faizi miqdarında qiymətləndirilir. Sifarişçi İcraçıya aylıq vergi və digər ödənişlər daxili olmaqla ƏDV xaric 34.440 (otuz dörd min dörd yüz qırx) manat minimal xidmət haqqı ödəyir. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilədə, İddiaçı MMC ilə "xxxx" ASC arasında bağlanmış Müqavilədən fərqli olaraq ƏDV borcuna görə cavabdehin öhdəliyi nəzərdə tutulmamışdır.

30. Məhkəmə, həmçinin 413280 manat dəymiş ziyanın ödənilməsi tələbinə aid hissədə də iddianı əsassız hesab edir. Ona görə ki, qeyd olunan hissədə iddianın faktiki hüquqi əsası ondan ibarətdir ki, İddiaçı MMC ilə "xxxx" ASC arasında bağlanmış Müqavilənin 7.6-cı maddəsində təsbit edilmişdir ki, “hazırkı Müqaviləyə hər hansı səbəbdən xitam verildiyi təqdirdə bu Müqavilə ilə paralel "xxxx" MMC ilə bağlanılmış eynitipli müqaviləyə də xitam verilir (tərəflərin müqaviləyə vaxtından əvvəl xitam vermək üçün gəldiyi nəticələr nəzərə alınmaqla)”. Ona görə də iddiaçı tərəfindən hesab olunur ki, cavabdeh ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli, 24/21 nömrəli “Yükdaşıma, anbar və sair xidmətlərin göstərilməsi haqqında Müqavilə”yə cavabdeh tərəfindən xəbərdarlıq müddətini gözləmədən xitam verildiyindən, iddiaçıya Müqavilənin 7.3-cü bəndinə əsasən hesablanmış (12 ay x 34440 manat=413280 manat) ziyan dəymişdir. Məhkəmə iddiaçının dəlilləri ilə razılaşmır, çünki iddiaçı tərəfindən məhkəməyə müqavilənin cavabdeh tərəfindən ləğv edilməsi barədə hər-hansı bir mötəbər sübut təqdim edilməmişdir. Eyni zamanda iş materiallarından göründüyü kimi cavabdeh iddiaçı ilə aralarındaki müqaviləyə xitam vermədiklərini bildirmiş, məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 da təsdiq etmişdir ki, cavabdeh tərəfindən müqavilənin ləğv edilməsinə dair iddiaçıya hər hansı yazılı və ya şifahi bildiriş daxil olmamışdır.

31. Məhkəmə qeyd olunan mövqeyini əsaslandırarkən iddiaçının "xxxx" ASC ilə arasında bağlanmış Müqavilənin 7.6-cı maddəsinə istinad etməklə irəli sürdüyü dəlilə (hazırkı Müqaviləyə hər hansı səbəbdən xitam verildiyi təqdirdə bu Müqavilə ilə paralel "xxxx" MMC ilə bağlanılmış eynitipli müqaviləyə də xitam verilir) hüquqi qiymət verərək qeyd edir ki, "xxxx" MMC iddiaçının "xxxx" ASC ilə bağladığı müqavilənin tərəfi olmadığından və müqavilənin müdəaları müqavilənin tərəfləri üçün məcburi olduğundan, iddiaçı ilə "xxxx" ASC arasındakı müqavilə "xxxx" MMC üçün müvafiq hüquqi nəticə yarada bilməz, onun üçün hüquq və vəzifələr müəyyən edə bilməz.

32. Məhkəmə, həmçinin iddiaçı tərəfin cavabdehin "xxxx" ASC ilə eyni blank formasından istifadə etməsi, onların rəhbərlərinin eyni olması və cavabdeh tərəfindən sifarişlərin verilməməsi barədə dəlillərinə də hüquqi qiymət verərək qeyd edir ki, fərqli hüquqi şəxslərin oxşar və ya eyni blank formalarından istifadə etməsi öhdəliyin yaranması üçün əsas deyil. "xxxx" MMC ilə "xxxx" ASC-nin rəhbərlərinin eyni şəxs olması, onlardan birinin bağladığı müqavilənin digəri üçün də hüquqi nəticə yaratmasına səbəb olmur, çünki qanunda belə bir əsas yoxdur, əksinə mülki qanunvericiliyin tələbinə əsasən cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır.

33. Cavabdeh tərəfindən sifarişlərin dayandırılması məsələsinə gəlikdə isə məhkəmə qeyd edir ki, müqaviləyə xitam verilməsi kimi qiymətləndirilə bilməz. Ona görə ki, tərəflər arasında müqavilənin şərtlərində bu hal xitam əsası kimi nəzərdə tutulmamışdır. Cavabdeh də iddiaçıya ünvanladığı məktubda müqaviləyə xitam vermək barədə bildiriş təqdim etmədiklərini ifadə etmişdir.

34. Beləliklə məhkmə bu qənaətə gəlirki iddia qismən təmin edilməli, cavadehdən 104589 manat əsas borc və illik 5 faiz hesablanmaqla 1550,15 manat pul vəsaiti tutularaq iddiaçıya ödənilməli, idddia qalan hissədə rədd edilməlidir.

Məhkəmə xərcləri:

35. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli və iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumuna görə 396,14 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş qalan 432,86 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.

Nəticə:

36. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

q ə t e t d i:

İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 104589 manat məbləğində əsas borc və illik 5 faiz hesablanmaqla 1550,15 manat faiz borcu olmaqla, cəmi 106.139,15 (bir yüz altı min yüz otuz doqquz manat, on beş qəpik) manat borc və ödənilmiş dövlət rüsumuna görə 396,14 (üç yüz doxsan altı manat, on altı qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş qalan 432,86 (dörd yüz otuz iki manat, səksən altı qəpik) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar