Məhkəmə qərarları › İş №e-2-2(121)-4542/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-4542/2025

24.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-4542/2025 24.02.2026 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “pul tələbi”nə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Tələb:

1. İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, "xxxx" ASC (sonradan "xxxx") ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-cı il tarixli “765-GL/15” nömrəli və xx.xx.2017-ci il tarixli “517- GL/17” nömrəli müqavilənin ləğv edilməsi, Cavabdeh iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə xx.xx.2015-cı il tarixli “765- GL/15” nömrəli müqavilə üzrə 4 300 manat qalıq borc, 6 222,80 manat cərimə borcu olmaqla, cəmi 10 522,80 manat borcun və xx.xx.2017-ci il tarixli “517-GL/17” nömrəli müqavilə üzrə 12 052 manat qalıq borc, 9 187,17 manat cərimə borcu olmaqla, cəmi 21 239,17 manat borcun və hüquqi yardım üçün ödənilmiş 576,28 manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi “iddianın dəqiqləşdirilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh və "xxxx" ASC arasında bağlanmış xx.xx.2015-cı il tarixli “765-GL/15” nömrəli müqavilə üzrə 4 000 manat qalıq borc, o cümlədən 6 222,80 manat cərimə borcu və xx.xx.2017-ci il tarixli “517-GL/17” nömrəli müqavilə üzrə 11 552 manat qalıq borc, o cümlədən 9 187,17 manat cərimə borcunun və hüquqi yardım üçün ödənilmiş 576,28 manat pul vəsaitinin Cavabdeh iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC (sonradan "xxxx") ilə Cavabdeh arasında xx.xx.2015-cı il tarixli “765-GL/15” nömrəli və xx.xx.2017-ci il tarixli “517-GL/17” nömrəli kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə müqavilələr bağlanmışdır. Müqavilələrə əsasən lizinq verən "xxxx" ASC tərəfindən kənd təsərrüfatı texnikaları Lizinq alan Cavabdeh lizinqə vermişdir. Müqavilə şərtlərinə əsasən Lizinq alan ödəniş qrafiki üzrə lizinq məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Lakin lizinq alan hazırkı cavabdeh müqavilə üzrə öhdəliyini pozaraq ödəniş qrafiki üzrə ödənişləri icra etməmişdir. Nəticədə Cavabdeh xx.xx.2015-cı il tarixli “765- GL/15” nömrəli müqavilə üzrə xx.xx.2025-ci il tarixinə 4300 manat qalıq borc, 6 222,80 manat cərimə borcu olmaqla, cəmi 10 522,80 manat və xx.xx.2017-ci il tarixli “517-GL/17” nömrəli müqavilə üzrə xx.xx.2025-ci il tarixinə 12052 manat qalıq borc, 9 187,17 manat cərimə borcu olmaqla, cəmi 21 239,17 manat borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir.

4. xx.xx.2026-cı il tarixdə verilmiş “iddianın dəqiqləşməsi barədə” ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı xx.xx.2015-cı il tarixli “765- GL/15” nömrəli və xx.xx.2017-ci il tarixli “517-GL/17” nömrəli müqavilələrin ləğv edilməsi, xx.xx.2015-cı il tarixli “765-GL/15” nömrəli və xx.xx.2017-ci il tarixli “517-GL/17” nömrəli müqavilələr üzrə borcun ödənilməsi barədə iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət etmişdir. Hazırda Cavabdeh xx.xx.2015-cı il tarixli “765-GL/15” nömrəli və xx.xx.2017-ci il tarixli “517-GL/17” nömrəli müqavilələr üzrə qalıq borcunun bir hissəsini ödəməsini nəzərə alaraq, iddia tələbinin dəqiqləşdirilərək aşağıdakı həcmdə təmin olunmasını, Cavabdeh və "xxxx" ASC arasında bağlanmış xx.xx.2015-cı il tarixli “765-GL/15” nömrəli müqavilə üzrə 4 000 (dörd min manat 00 qəpik) manat qalıq borc, o cümlədən 6 222,80 (altı min iki yüz iyirmi iki manat 80 qəpik) manat cərimə borcu və xx.xx.2017-ci il tarixli “517-GL/17” nömrəli müqavilə üzrə 11 552 (on bir min beş yüz əlli iki manat 00 qəpik) manat qalıq borc, o cümlədən 9 187,17 (doqquz min bir yüz səksən yeddi manat 17 qəpik) manat cərimə borcunun və hüquqi yardım üçün ödənilmiş 576,28 (beş yüz yetmiş altı manat 28 qəpik) manat pul vəsaitinin Cavabdeh iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

Tərəflərin izahatları:

5. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi Vəkil iddia ərizəsinin və iddianın dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Cavabdeh tərəfindən 800 manat ödəniş edilmiş, həmin ödənişlər nəzərə alınaraq iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edilmişdir. də qeyd olunmuşdur. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.

6. Məhkəmə iclasında verdiyi izahatında Cavabdeh iddianı qismən qəbul edərək izahatında bildirdi ki, iddia tələbi üzrə əsas borcdan 800 manat ödəniş etdiyini, qalan əsas borcu qəbul etdiyini, hazırda cərimə borcunu ödəməyə maddi imkanı olmadığını bildirdi. Qeyd etdiklərini nəzərə alaraq, o, cərimənin azaldılaraq, iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.

İddia ərizəsinə etiraz:

7. Cavabdeh tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.

Əsaslandırıcı hissə:

a) İş materialları və sübutların tədqiqi:

8. İş materillarında olan "xxxx" ASC (Lizinq verən) ilə Cavabdeh (lizinq alan) arasında 765-GL/15 nömrəli, xx.xx.2015-ci il tarixli "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilənin: - 1.1-ci bəndindən görünür ki, Lizinq verən ümumi məbləği 15150,00 manat olan və Spesifikasiyasında (Əlavə № 1) göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir; - 1.2-ci bəndindən görünür ki, Lizin alan texnikaların dəyərini ödəniş qrafikinə (Əlavə № 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür.

9. İş materillarında olan xx.xx.2015-ci il tarixli aktdan və 765-GL/15 nömrəli, xx.xx.2015-ci il tarixli müqavilənin Spesifikasiyasından (Əlavə № 1-dən) görünür ki, "xxxx" ASC tərəfindən kənd təsərrüfatı texnikaları – 1 ədəd Traktor Belarus “1221” markalı və 1 ədəd Kotan 5 gövdəli “AG-14-5” markalı mülkiyyət hüququnun istifadəçiyə keçməsi şərti ilə cavabdehin istifadəsinə verilmişdir.

10. İş materillarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 765-GL/15 nömrəli, xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən Cavabdeh həmin müqavilə üzrə 4300 manat gecikdirilmiş əsas borc və 6222,80 manat cərimə borcu vardır.

11. İş materillarında olan "xxxx" ASC (Lizinq verən) ilə Cavabdeh (lizinq alan) arasında 517-GL/17 nömrəli, xx.xx.2017-ci il tarixli "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilənin: - 1.1-ci bəndindən görünür ki, Lizinq verən ümumi məbləği 28400,00 manat olan və Spesifikasiyasında (Əlavə № 2) göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir; - 1.2-ci bəndindən görünür ki, Lizin alan texnikaların dəyərini ödəniş qrafikinə (Əlavə № 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür.

12. İş materillarında olan xx.xx.2017-ci il tarixli aktdan və 517-GL/17 nömrəli, xx.xx.2017-ci il tarixli müqavilənin Spesifikasiyasından (Əlavə № 2-dən) görünür ki, "xxxx" ASC tərəfindən kənd təsərrüfatı texnikaları – 1 ədəd Kombayn taxılyığan Niva Effekt SK- 5ME-1 markalı mülkiyyət hüququnun istifadəçiyə keçməsi şərti ilə cavabdehin istifadəsinə verilmişdir.

13. İş materillarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 517-GL/17 nömrəli, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən Cavabdeh həmin müqavilə üzrə 12052 manat gecikdirilmiş əsas borc və 91887,17 manat cərimə borcu vardır.

14. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı pretenziya məktubunun surətindən görünür ki, "xxxx" ASC ilə bağlanmış müqavilələrə əsasən borc yaranmışdır. Həmin vəsaitin qısa zaman ərzində ödənilməsi xahiş edilmişdir. Əks halda lizinq müqaviləsi üzrə əmələ gəlmiş borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir.

15. İş materiallarından görünür ki, Bakı şəhəri 22 saylı vəkil bürosu ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi və “Turan Legal and Tax Services" MMC arasında “hüquq yardımın göstərilməsi haqqında” 2236 saylı, xx.xx.2025-ci il tarixli müqavilə bağlanmışdır. Hüquqi yardımın məbləği 300 manat təşkil edir.

16. İş materiallarında olan ödəniş tapşırəğndan görünür ki, və “Turan Legal and Tax Services" MMC tərəfindən Bakı şəhəri 22 saylı vəkil bürosunun hesabına ümumilikdə 4500 manat vəsait köçürülmüşdür.

17. İş materiallarına əlavə edilmiş Cavabdeh xx.xx.2026-cı il tarixli ərizəsindən görünür ki o, iddianı əsas borca aid hissədə qəbul edir və maddi imkanının aşağı olmasını nəzərə alaraq, cərimənin azaldılmasını məhkəmədən xahiş edir. c) Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. - 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. - 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarı:

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.5-ci və 115.0.6-cı maddələrinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. -121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

21. Məhkəmə baxışının hədləri:

- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi:

22. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir.

23. İş materialları və sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, tətəflər arasında lizinq müqaviləsindən irəli gələn münasibətlər mövcud olduğundan, hazırki mübahisə mülki qanunvericiliyin liziq münasibətlərini tənzimləyən normalarının müddəaları əsasında həll edilməlidir. Belə ki, "xxxx" ASC ("xxxx" ASC) ilə cavabdeh arasında etibarlı şəkildə bağlanılmış 765-GL/15 nömrəli, xx.xx.2015-ci il tarixli və 517-GL/17 nömrəli, xx.xx.2017-ci il tarixli müqavilələrə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə kənd təsərrüfatı texnikaları lizinqə götürmüşdür.

24. Hazırda iddiaçı cavabdehdən xx.xx.2015-cı il tarixli “765-GL/15” nömrəli müqavilə üzrə 4 000 manat qalıq borc, 6 222,80 manat cərimə və xx.xx.2017-ci il tarixli “517-GL/17” nömrəli müqavilə üzrə 11 552 manat qalıq borc və 9 187,17 manat cərimə tutulmasını xahiş edir.

25. Məhkəmə, həmçinin qeyd edir ki, iddianın əsasını, müqavilə üzrə öhdəliklərin lazımınca yerinə yetirilməməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə, tələb olunan borc qalığının iddiaçıya ödənilməsini sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, idddiaçı öz tələbinin əsasını qanuna uyğun dəlillərlə sübut etmiş, iddianın əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmiş, əksinə işin məhkəmə icraatı dövründə ərizə ilə məhkəməyə müraciət edərək iddianı hər iki lizinq müqaviləsi üzrə əsas borca aid hissədə qəbul etdiyini bildirmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh 765-GL/15 nömrəli, xx.xx.2015-ci il tarixli və 517-GL/17 nömrəli, 03.0.2017-ci il tarixli lizinq müqaviləsi əsasında lizinq obyektini almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə ilə müəyyən edilmiş pul məbləğini ödəməli olmasına dair öhdəliyi yerinə yetirməli olduğundan, lakin cavabdeh pul məbləğini ödəməli olmasına dair öhdəliyini yerinə yetirmədiyindən, iddiaçı bağlanmış lizinq müqavilələri üzrə hazırki iddianı qaldırmaqda haqlı olmuşdur.

26. Məhkəmə qeyd olunanları nəzərə alaraq iddianı xx.xx.2015-cı il tarixli “765- GL/15” nömrəli müqavilə üzrə 4 000 manat əsas borc və xx.xx.2017-ci il tarixli “517-GL/17” nömrəli müqavilə üzrə 11 552 manat əsas borca aid hissələrdə əsaslı hesab edir.

27. Məhkəmə, iddianın 765-GL/15 nömrəli, xx.xx.2015-ci il tarixli müqavilə üzrə hesablanmış 6 222,80 manat cərimə və xx.xx.2017-ci il tarixli “517-GL/17” nömrəli müqavilə üzrə 9187,17 manat cərimə tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər və iddiaçının qeyd olunan tələbləri tərəflər arasında bağlanılmış müvafiq lizinq müqavilələrindən irəli gəlir. Yəni, həmin müqavilələrin 4.2-ci bəndlərinə əsasən cavabdeh ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, iddiaçı cavabdehdən gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə ödəməyi tələb edə bilər. Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Ona görə də, məhkəmə tərəflərin əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq hesab edir ki, qeyd olunan müqavilələr üzrə iddiaçı tərəfindən hesablanmış 6 222,80 manat və 9187,17 manat cərimə tənasübsüz yüksək olduğundan azaldılaraq 765-GL/15 nömrəli, xx.xx.2015-ci il tarixli müqavilə üzrə 150 manat, xx.xx.2017-ci il tarixli “517-GL/17” nömrəli müqavilə üzrə 200 manat müəyyən edilməlidir.

28. Məhkəmə, həmçinin AR Konstiyisiya Məhkəməsinin yuxarıda qeyd olunan mövqeyinə əsaslanıb iddianın "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış 765-GL/15 nömrəli, xx.xx.2015-ci il tarixli və xx.xx.2017-ci il tarixli “517-GL/17” nömrəli lizinq müqaviləsinin ləğv edilməsinə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı tərəfindən iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Hazırki iş üzrə iddiaçı cavabdehə xəbərdarlıq (Pretenziya) məktubu göndərməklə müqavilənin ləğvinə dair iradəsini ifadə etməklə sözügedən müqaviləni ləğv etmiş hesab olunur. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının tələbi üzrə eyni bir müqavilənin məhkəmə qaydasında ləğvi artıq hüquqi əhəmiyyətini itirdiyinə görə lüzumsuz olduğundan, iddia qeyd olunan hissədə təmin edilməməlidir.

Məhkəmə xərcləri:

29. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddiaçı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən dövlət rüsumu ödəməkdən azad edildiyindən, ödənilməli olan dövlət rüsumuna görə 137,70 manat cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

30. Məhkəmə, eyni zamanda iddia tələbinin “hüquqi yardımla bağlı ödənilmiş 576,28 manat xərcin cavabdehdən tutulması”na dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır. Belə ki, iş materiallarında olan hüquqi yardım göstərilməsi barədə müqavilədən görünür ki, hazır ki iş üzrə hüquqi yardıma görə müqavilədə 300 manat ödənilməsi nəzərdə tutulmuşdur. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, hüquqi yardıma görə cavabdehdən 300 manat xərc tutularaq, iddiaçıya ödənilmlidir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

Nəticə:

31. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

q ə t e t d i:

İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2015-ci il tarixli, "765-GL/15" nömrəli müqavilə üzrə 4000 manat əsas borc, 150 (bir yüz) manat cərimə, cəmi 4150 manat məbləğində borc və xx.xx.2017ci il tarixli, "517-GL/17" nömrəli müqavilə üzrə 11552 manat əsas borc, 200 (iki yüz) manat cərimə, cəmi 11752 (on bir min yeddi yüz əlli iki) manat məbləğində borc olmaqla, ümumilikdə cəmi 15902 (on beş min doqquz yüz iki) manat məbləğində borc və hüquqi yardım görə çəkilən 300 (üç yüz) manat xərc tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 137,70 (yüz otuz yeddi manat, yetmiş qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar